Main » Files » Qadın » İslamda qadınlar |
Qadın və şeytanın onu aldatması
2012-10-25, 6:43 AM | |
Qadın və şeytanın onu aldatması Bu məzmunlu hədislər azdır. Bu növ hədislərdə ilk növbədə Həvva şeytanın aldatmasına uyub və günaha mürtəkib olduğu və daha sonra Adəmin ona aldanıb günah etməsi qeyd olunur. Başqa ifadə ilə desək, şeytan müstəqil şəkildə Adəmi günaha sürükləyə bilmədiyindən ilk növbədə Həvvaya vəsvəsə etmiş və onun əli ilə qadağan olunmuş meyvəni Adəmə yedirtmişdir. Burhan təfsirində bu hədis qeyd olunmuşdur. «Allah İblisi Adəmə səcdə etməkdən imtina etdiyinə görə lənətlədikdə Adəm və Həvvaya Cənnətə daxil olmalarını tapşırıq verdi. Onlara belə buyurdu: Ey Adəm sən və sənin yoldaşın bu Cənnətdə yaşayın və onun istənilən yerindən hər nə qədər istəsəniz bəhrələnin. Yalnız bu ağaca yaxınlaşmayın. Bu ağac həmin ağacdır ki, onun meyvəsindən yeyən hər kəs elm oxuyub öyrənmədən bütün elmlərə nail olar. Şeytan aldatmaq məqsədilə ilk növbədə Adəmə yaxınlaşdı. Amma Adəm onun azdırmasına uymadı. İblis Adəmdən məyus olduqda eyni şəkildə Həvvaya yaxınlaşdı, amma onu aldada bildi. Qadın o ağacın meyvəsindən yedi, sonra isə Adəmin yanına gəlib dedi: Bu ağacın bizə halal olmasını bilmirsənmi? Mən onun meyvəsindən yedim və heç kəs mənə maneçilik törətmədi. Bu zaman Adəm aldanıb xətaya düçar oldu və o meyvədən yedi». (Buhrani, «Əl-burhan», cild 1, səh 79-80) Araşdırma və tənqid İlk növbədə bu hədisin sənədi zəifdir. Bu hədis imam Həsən Əskərinin (ə) təfsirindən nəql olunduğuna görə zəif hesab olunur. Çünki bu təfsirin İmama (ə) nisbət verilməyinin düzgün olmasına dair əlimizdə heç bir açıq-aydın dəlil yoxdur. Digər tərəfdən çoxlu sübutlara əsasən, bu hədisin yəhudilərə aid olduğu məlum olur. Çünki bu hədisin məzmunu tam şəkildə Tövrat kitabında Adəm və Həvvanın hekayəsində deyilən ifadə ilə uyğun gəlir, lakin Qurani-Kərimdə deyilən ayələrlə düzgün gəlmir. Quranda deyilən ayələr yuxarıda deyilən hədisin məzmununa – birinci Həvva yedi, sonra isə Adəmi bu işə sürüklədi – dəlalət etməməsindən əlavə onu açıq-aydın şəkildə inkar edir. Qurani-Kərim Adəm və Həvva hekayəsində şeytanın aldatmasından, vəsvəsəsindən bəhs edərkən hər yerdə şəxs əvəzliyini ikilik olaraq qeyd etmişdir. Yəni, onların hər ikisinin eyni ölçüdə təqsirkar olduqlarını bildirir. Biz Adəmə dedik: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ «Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin, yoxsa özünüzə zülm edənlərdən olarsınız». («Bəqərə» surəsi, ayə 35) Lakin şeytan onları azdırıb nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Həmçinin, bu hədis digər hədislərlə də uyğun gəlmir. İmam Sadiqdən (ə) belə nəql olunub: «İblis Adəmin yanına gəlib belə dedi: Əgər siz bu ağacın meyvəsindən yesəniz, iki mələk olub əbədi Cənnətdə qalacaqsınız. Əgər belə etməsəniz, sizi Cənnətdən çıxaracaqlar. O, dediyi sözün doğru olduğuna dair and içdi. Adəm onun dediyi sözü qəbul etdi. Nəticədə hər ikisi bu meyvədən yedilər. (Buhrani, «Əl-burhan», cild 1, səh 80; Huveyzi, cild 1, səh 59-61) | |
Views: 804 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |