Bazar günü, 2024-12-22, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadın və şəxsiyyət
2012-10-28, 9:24 AM
Qadın və şəxsiyyət


Qadın! Bu ad səslənəndə İlahinin xüsusi zəriflik və incəliklə yaratdığı bir məxluq gözlərimiz önünə gəlir. Qadın deyəndə bəşəriyyətə böyük dühalar bəxş etmiş ana adlı bir varlıq önündə baş əyməli oluruq. Ana adı deyəndə damarlarımızda bərkimiş lətif, cənnət qoxulu ana südü yada düşür.

Qadın bəşəriyyətin anası, Tanrı əmanətidir!
Lakin bir tarixin qaranlıq səhifələrini araşdırdıqda, bəşərin ehtiramla yanaşmalı olduğu bu ilahi əmanətin fəryadının şahi-di oluruq. Biz şahid oluruq ki, qadına çox vaxt amansızcasına haqsızlıq olunmuş və hüquqlarını ayaqlar altına atmışlar. Belə ki, heç bir hüquqa malik olmayan qadınlar mənfur niyyətli insanların əyləncə vasitəsinə çevrilmiş, onlardan başqa niyyətlər üçün istifadə etmişlər. Çinlilər yeni dünyaya gələn qız övladlarını qaynar filizdə şikəst edərək, onları bu yolla cəmiyyətdən təcrid edirdilər.Rumlular qadına insan kimi baxmaz, sasanilər isə onu adi əşya sayaraq, satar və yaxud da hədiyyə edərdilər.

Ərəblər isə qız övladlarının doğulmasını ölümdən pis sayar, onu əskiklik, rüsvayçılıq hesab edər, qızlarını diri-diri basdırırdılar. Müqəddəs İslam dininin meydana gəlməsindən sonra qadın şəxsiyyətinin nə qədər uca və dəyərli oldğunu şahidi oluruq. Müqəddəs dinimiz, onun səmavi kitabı Qurani-Kərim ayələrində qadınla kişinin arasında heç bir fərq qoymayıb hüquqlarının bərabər sayır. İslam dinini bilməyənlər və yaxud da bilmək istəməyənlər İslamda qadının heç bir hüquqa malik olmadığını, kişidən tamamilə asılı olduğunu iddia edirlər.

İslama diqqətlə nəzər salsaq dinimizdə qadın hüquqlarını gözəl və yüksək şəkildə qoyulduğunu görərik. İslam dini qadın və kişinin üstün olmasını yalnız təqvada görür. Allah-təala Qurani-Kərimdə buyurur: "Hər kim daha təqvalıdırsa, o da Allahın yanında daha üstündür." (Hucurat, 13) Deməli, Quran insana cinsiyyət baxımından deyil, şəxsiyyət baxımından qiymət verir. Başqa bir ayədə oxuyuruq: "İstər qadın olsun, istər kişi, heç birinizin əməllərinizi zay etmərəm, siz hamınız bir-birinizdənsiniz."(Ali imran, 195)

Qadın və kişinin eyni hüquqlu olmasını aşılayan Qurani-Kərim Nəhl surəsinin 97-ci ayəsində buyurur: "Hər kəs saleh əməl etsə, istər qadın olsun, istər kişi , o şəxs imanlıdır və biz ona pak, təmiz həyat bəxş edərik." İslam Peyğəmbəri (s) qadınlarının hüquqlarının qorunmasını cəmiyyətə tövsiyə edərək buyurur: "Hər kəs qadınlarının hüququnu tapdalayarsa, Allahın lənəti olsun ona!" Bundan başqa o, qız övladlarını sevindirib şad etməyin xüsusi vurlayaraq deyir: "Qız-larınıza xoş sözlər söyləyib onları əzizləyin."

Həzrət Əli (ə) buyurur: "Hər bir halda qadınlarla mülayim davranın və güzəştli olun." Hətta qadın ailə qurmaq, həyat yoldaşı seçməkdə də azaddır. İslam dininə görə kişi qadını ev işlərini görməyə məcbur etməməlidir. İslam qadını ana kimi tanıtmaqla yanaşı onun ictimai fəaliyyətlərinə də məhdudiyyətlər qoymamışdır. Azərbaycan cəmiyyətində də qadının yeri kişilərlə bərabər tutulur. Onlar eyni hüquqlu vətəndaşlardır. Qadın millət vəkilidir, nazirdir, hüquq müdafiəçisidir. Cəmiyyətin bütün təbəqələrində Azərbaycan qadını öndə gedir. Qadın alimlərimiz, mütəxəsislərimiz ölkəmizin inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verirlər. Qadın zəka sahibidir, hər bir ağır işin qulpundan yapışmağı bacarır.

İslan dininə görə də qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəçisidir. Deməli qadın ləyaqəti və mənliyi nə qədər uca olarsa, insan cəmiyyəti də bir o qədər sağlam ruhlu, möhkəm və əzəmətli olar. Qadın mənliyinin və şəxsiyyətinin ucalmasının səbəblərindən biri də hicabdır. Hicab qadınla naməhrəm arasında bir pərdədir ki, özünü naməhrəm qarşısında örtür. Bu barədə Qurani-Kərimin "Nur” surəsində, 31-ci ayədə belə buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin).

Beləliklə, Quran qadınlara iffətli olmağı, əl və üz istisna olmaqla qalan yerlərini naməhrəmdən gizlətməyi vacib bilir. Əgər biz hicabsızlığa diqqət yetirsək, görərik ki, daim hicabsız qadın cürbəcür ədalətsizliklə üzləşir. Çünki hicabsız qadına diqqət etdikdə ən əvvəl onun zahiri gözəlliyi və cazibədarlığı göz önünə gəlir, bu qadın alim, rəhbər və yaxud da adi adam olsun. Həqiqətdə isə qadının əsl dəyəri onun şəxsiyyətindədir.

İlk əvvəl onu qeyd etməliyik ki, hicabsız qadın İlahi qanuna qarşı çıxır və Allah qarşısında günah etmiş olur. Bundan başqa hicabsızlıq, açıq-saçıqlıq gənclərin ruhiyyəsini korlayır. Hicablı qadına diqqət etdikdə ilkin olaraq onun uca şəxsiyyəti, fərdi bacarığı və mənəvi dünyası mühüm səciyyə daşıyaraq, zahiri gözəlliyi ikinci mərhələyə keçir. Qadının hicaba riayət etməsi onun ailəsinin möhkəmliyinə gətirib çıxarır. Beləliklə hicablı qadın ruhi və mənəvi cəhətdən azad olur, heç kimin şəhvətli nəzərlərlə dolu çirkin niyyətinin qarşısında əyilmir.

Ümumiyyətlə, bütün ağıllı insanlar qadın hicabının cəmiyyətə göstərdiyi müsbət təsirlərdən agahdırlar. Daha dəqiq desək, hicab həmişə olduğu kimi bu günümüzün də tələbidir. Qadının zahiri gözəlliyi ötəri, daxili gözəlliyi isə daimidir. Qadın açıq-saçıq gəzərkən deyil, yalnız iffətli, həyalı, hicablı olaraq gözəldir. Çünki, qadın qoynunda vətəni qoruyan qəhrəmanlar böyüyüb boya başa çatır. Qadın hər bir millət üçün anadır.

ihq.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]