Cümə axşamı, 2024-11-21, 9:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

«Nəhcül-bəlağə»də qadın
2012-10-25, 6:32 AM
«Nəhcül-bəlağə»də qadın

Həmin dövrdə baş vermiş tarixi hadisələr

Həmin dövrdə baş vermiş tarixi hadisələr Əlinin (ə) sözlərinin açarıdır. Belə ki, həmin hadisələri araşdırmadan İmamın (ə) sözlərindəki məqsədi başa düşmək olmaz.
«Nəhcül-bəlağə»də qadının şəxsiyyəti və məqamı barədə deyilənlər, mötəbər tarixi sənədlərə əsasən, «Cəməl» müharibəsindən sonra buyurulmuşdur.
Belə ki, bu sözlər Misir Əmir ibn Asın tərəfindən işğal olunduğu vaxt, Muhəmməd ibn Əbu Bəkrin şəhadətindən sonra Misir əhalisi üçün yazdığı uzun məktubun yalnız bir hissəsidir. Bu geniş məktubda İmam (ə) Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələri şərh edir və «Cəməl» müharibəsinə çatdıqda, qadınlar barəsində bu ifadələri işlədir: «...Pis qadınlarından uzaq durun, yaxşılarından isə çəkinin! Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar».
Həqiqətdə, Əli (ə) bu sözlər vasitəsi ilə fitnənin səbəblərini göstərib və məqsədi bu cür fitnəni kökündən qoparmaq olub.
Əli (ə) insanları agah edir ki, bir daha İslam cəmiyyətində belə hallar təkrarlanmasın, şər qüvvələr qadınlardan öz məqsədləri üçün istifadə etməsinlər.

Xütbənin mətninin elmi-məntiqi təhlili

Məntiqi baxımdan qadının şəxsiyyəti barəsində deyilən qəziyyələr «təbiiyyə», yaxud «həqiqiyyə» deyil, yalnız «xariciyyə» qəziyyələridir. Yəni, «Nəhcül-bəlağə»də qadın barəsində deyilən sözlər ümumiyyətlə qadın adlı varlığa deyil, yalnız həmin dövrdə yaşayan qadınlara (yaxud qadına) aiddir. Bunun «Nəhcül-bəlağə»də başqa nümunələri də vardır.
«Nəhcül-bəlağə»nin bir neçə digər xütbəsində də, müxtəlif zaman və məkanla bağlı səbəblərə görə, bir qrup insanlar, yaxud bir şəhərin əhalisi məzəmmət olunub, qınanıb, bəzən isə həmin tayfa və dəstə başqa bir hadisə ilə əlaqədar mədh olunub. Məsələn, «Nəhcül-bəlağə»də Bəsrədəki qələbədən sonra Əli (ə) Kufəlilər barədə buyurur:

وَجَزاکُم ُﷲ مِن اَهلِ مِصرعَن اَهلِ بَیتِ نَبَیِّکُم اَحسَنَ ما یَجزِی العا مِلینَ بطاعَتِهِ وَالشاّکِرینَ لِنِعمَتِهِ فَقَد سَمِعتُم وَاطعتُم وَفَاجَبتُم.
«Allah, siz Kufə əhlinə Peyğəmbərimizin Əhli-beytinin tərəfindən öz itaətkarlarına və nemətinə şükr edənlərinə verdiyi mükafatın ən gözəlindən versin. Bizim fərmanımızı eşitdiniz və ona tabe oldunuz (dinə yardım etməyə çağırıldınız və siz də bunu qəbul etdiniz)».
Burada Həzrət (ə) Kufə əhlini tərifləməkdən əlavə, onlara dua da edir. Başqa bir yerdə isə Şam əhalisi qarşısında süstlük göstərdiklərinə görə onları danlayır və buyurur:
«Mən nə vaxta qədər sizinlə yola gedim? Nə vaxt Şam qoşunundan bir dəstə sizə yaxınlaşırsa, kişilərinizin hamısı kərtənkələ öz yuvasında gizləndiyi kimi, evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allah üzünüzü qara etsin. Bəhrə və nəsibinizi az etsin! Batili tanıdığınız qədər, haqqı tanımırsınız».
İmam (ə) ağlın naqisiyini, yalnız qadınlara aid etməyib. O, harada bir zülm, üsyan, laqeydlik və məsuliyyətsizlik gördükdə, həmin şəxslərə qarşı çıxıb. Məsələn, Bəsrə əhalisi barədə buyurur: «Sizin şəhərin torpağı suya yaxın, səmadan uzaqdır. Sizin ağlınız çox yüngüldür. Həlimlik və səbrinizi lazım olmayan yerdə istifadə edirsiniz. Buna görə də, ovçular üçün əsl hədəf, yeyənlər üçün yemsiniz».
Aydındır ki, burada Bəsrədə yaşayan hər bir kəs nəzərdə tutulmur, yalnız həmin dövrdə fitnəkarlara tabe olan insanlara işarə vurulur.

Xütbədə Əlinin (ə) istifadə etdiyi üslub

Əli (ə) çox ağır və qarışıq bir dövrdə yaşayırdı. Onun öz sözləri ilə desək, sanki boğazına sümük parçası ilişmişdi, nə uda, nə də çıxara bilirdi. Onun üzərinə çox ağır məsuliyyət düşürdü. Belə ki, həm fitnənin qarşısını almalı, insanları agah etməli, həm də İslam cəmiyyətində daha da artıq qarşıdurma olmasın deyə, bəzi şəxslərin adlarını çəkməməli idi. Məhz buna görə də, «Nəhcül-bəlağə»də «birincisi», «ikincisi», yaxud «filankəs» ifadələri ilə rastlaşırıq.
Qeyd etdiyimiz bu xütbədə də, Əli (ə) elə həmin səbəblərə görə, xütbəni bütün qadınlara ünvanlayır və ad çəkməyi məsləhət bilmir.
Son olaraq qeyd etməliyik ki, bütün tarixçilərin yekdil nəzərinə əsasən, xütbə «Cəməl» müharibəsindən sonra nəql olunub və burada müəyyən şəxs nəzərdə tutulub. Deməli, səbəb müharibə və fitnə olduğu üçün «ağıl naqisliyi» və «iman naqisliyi» bu fitnəni yaradan həm qadınlara, həm də kişilərə şamildir.
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]