Main » Files » Qadın » İslamda qadınlar |
Kişi və qadın ünsiyyəti İslam baxımından
2012-10-25, 6:41 AM | |
Ümumiyyətlə, kişi və qadın ünsiyyəti barədə üç müxtəlif baxış mövcuddur: 1) İfratçı baxış: Bu ifratçı baxışda qız və oğlan, yaxud qadın və kişi arasında hər növ ünsiyyətin yaranması tamamilə qadağandır. Yalnız çarəsiz və zəruri hallarda, o da müxtəsər bir şəkildə, ünsiyyət yaratmağa icazə verilir. Bu baxışa əsasən, qadınla kişinin və ya qızla oğlanın ünsiyyəti, odla pambığın ünsiyyətinə bənzəyir və ağlın hökmünə görə, onlar mümkün qədər bir-birindən ayrı saxlanılmalıdır. Çünki bu iki əks cins arasında yaranan hər növ ünsiyyət, qığılcım törədib, şöləsaçan bir alova bais ola bilər. Bundan əlavə inkarolunmaz bir həqiqətdir ki, naməhrəmin səsini eşitmək və onunla söhbət etmək insanın ruhunda bir sıra mənfi təsirlər qoyur. Bu baxışın tərəfdarları öz nəzərlərinin doğruluğunu sübuta yetirmək üçün bir sıra hədisləri məqsədlərinə uyğun tərzdə izah və şərh ediblər. Məsələn, Həzrət Fatimədən (ə.s) bu hədisi nəql ediblər: «Qadın üçün ən yaxşısı budur ki, o, heç bir kişini görməsin və heç bir kişi də onu görməsin» (Hürr Amuli, «Vəsailuş-şiə», 14-cü cild, «Əbvabun müqəddəmatin-nikah» fəsli, 129-cü bölüm). Bu baxışda aşağıdakı səhv cəhətlər mövcuddur: a) Əksər şəriət alimlərinin nəzərincə, İslam şəriətinin təyin etdiyi çərçivə daxilində qadınla kişinin ünsiyyəti, məsələn, salamlaşıb, hal-əhval tutmaq, qadağan deyildir. Qadın və kişi aşağıdakı şərtlərlə bir-birinin səsini də eşidə bilər. Birincisi: qadın, səsini incələşdirib, gözəlləşdirməməli adi bir tərzdə söhbət etməlidir. İkincisi: qadınla kişi bir-birindən ləzzət almaq məqsədilə söhbət etməməlidirlər. Şəhid Mütəhhərinin nəzərincə, dini qaynaqlardakı zahirən qadının cəmiyyətdən təcrid olunmasını yetirən hədislər bir növ əxlaqi tövsiyələrdir. O öz fikrini belə izah edir: «Bu hədislərdə bildirilir ki, qadınlar və kişilər qarşılıqlı münasibətlərində mövcud olan bir sıra xətərlərdən agah olmalıdır». Daha sonra Şəhid Mütəhhəri deyir: «Burada belə bir sual ortaya çıxır ki, bəs nə üçün şəriət alimləri kişi və qadın ünsiyyətini yasaq edən mövcud hədislərə əsaslanıb, bu barədə fətva (qəti qərar) verməyiblər? Cavabı budur: çünki Quran ayələri, yüzlərcə hədislər və hətta, məsumların həyat tərzi, bu ifratçı baxışı təsdiq etmir. Başqa sözlə desək, bu məzmunlu hədislər, əxlaqi tövsiyələr kimi qəbul olunur və şəriət hökmü verməyə əsas götürülmür» (Şəhid Mütəhhəri, «Hicab məsələsi», 548-ci səh, «Sədra» nəşriyyatı, Qum şəhəri, 1379-cu hicri-şəmsi ili). Bu məzmunlu hədislərin düzgün izahı, kişi və qadın arasında sağlam ünsiyyəti yasaq etmir, əksinə onun yaranmasını təmin edir. b) Əlbəttə, qız və oğlan, qadın və kişi arasında qeyri-sağlam münasibətlərdən yarana bilən fəsadları heç kim inkar etmir. Lakin bu o demək deyildir ki, bu iki əks cins arasında hər növ sağlam ünsiyyət qadağandır. Hətta, bəzi hallarda sağlam ünsiyyət sayəsində əldə olunan ümumi xeyiri də nəzərə almaq lazımdır. 2) Təfritçi baxış: Bu təfritçi baxışa əsasən, qadınlarla kişilərin ünsiyyətini məhdudlaşdırmaq və qadağalar qoymaq, onları bir-birinə daha da həssas və meyilli edir. «Əl-insanu hərisun əla ma mənəə». Yəni, insan qadağa qoyulan şeyə qarşı daha da həris olur. Buna görə də yaxşı olar ki, qadınların bir-birilə ünsiyyəti azad olduğu kimi, kişi və qadın ünsiyyəti də azad olsun və onlara heç bir qadağa qoyulmasın. Bundan əlavə, müasir dünyada insan cəmiyyətlərinə hakim olan vəziyyət, kişi-qadın ünsiyyətini məhdudlaşdırmağı qeyri-mümkün edib. Müasir dövr, müxtəlif mədəniyyətlər, dinlər və məzhəblər arasında əlaqələrin genişlənməsi dövrü olduğundan, bu dövrdə insan ünsiyyət, cinsiyyət, irq, rəng, din və məzhəb hüdudlarından azad olmalıdır. Bu baxışın isə yanlış cəhətləri aşağıdakılardır: a) Əvvəla, bu baxış, bir çox Quran ayələri, hədislər və şəriət alimlərinin fətvaları ilə uyğun gəlmir. İffəti qorumaq, o cümlədən qadının naməhrəm kişi ilə xəlvət bir yerdə tək qalmaması, evdən xaricdə bəzənib, özünü nümayiş etdirməməsi və s. barədə bir çox Quran ayələri və hədislər mövcuddur. Deməli, İslam baxımından qadın və kişi ünsiyyətində məhdudiyyətlər mövcuddur. İslam dini subay qız və oğlanlara evlənməyi təkidlə tövsiyə edir və evliliyi, dini qorumaq üçün lazım olan amillərdən biri olaraq tanıtdırır. Bu onu bildirir ki, subay qız və oğlan ciddi təhlükələr ilə üzbəüzdürlər. Doğrudur ki, İslam dinində qadın və kişiyə müəyyən çərçivə daxilndə ünsiyyət yaratmağa icazə verilir, lakin sərbəstliyə əsla yol verilmir. Hədislərin birində nəql olunur ki, Allahın Rəsulu (s.ə.v) «Peyğəmbər məscidin»də qadınların giriş-çıxış qapısını ayırdı və buyurdu: «Yaxşı olar ki, bu qapını qadınlara məxsus təyin edək» (Sicistani, «Əbu Davudun Sünəni», 1-ci cild, 19-cu səh). Həmçinin, Həzrət Peyğəmbər (s.ə.v), qadınlarla kişilər arasında qarışıqlıq yaranmasın deyə, göstəriş verdi ki, kişilər yolun ortası ilə, qadınlar isə yolun kənarı ilə hərəkət etsinlər (Kuleyni, «Usuli-Kafi», 5-ci cild, 51-ci səh). b) Bu baxışda bildirilir ki, kişi və qadın ünsiyyətinə müəyyən qadağalar qoymaq, onlarda qarşılıqlı marağın daha da artmasına səbəb olduğundan, cinsi ehtirasları cilovlamaq və intim maraqları azaltmaq üçün kişi və qadın ünsiyyəti azad buraxılmalıdır. Lakin bu iddia, nə əldə olunan təcrübə və həqiqətlərlə, nə də insan psixologiyası ilə uyğun gəlmir. Görəsən, qərb dünyasında qadın və kişi ünsiyyətinə azadlıq verildikdən sonra orada cinsi təcavüzlər, qeyri-qanuni cinsi əlaqələr və əxlaqsızlıqlar azaldı?! Yoxsa əxlaqa zidd şəkillər və kinolentlər rövnəqdən düşdü?! Yoxsa uşaqsalma və ya qeyri-qanuni yolla dünyaya gələn uşaqların sayı azaldı? Sizcə bu azadlıqdan sonra orada qeyri-qanuni cinsi əlaqələr və həmcinsbazlıqlar artmadımı? Şəhid Mütəhhəri bu barədə deyir: «Fedrid və onun kimi düşünənlərin səhvi bundadır ki, onların nəzərincə, intim hissləri və cinsi ehtirasları cilovlamağın tək yolu, onları qane etməkdir... Onlar mövzuya birtərəfli yanaşıblar və diqqət yetirməyiblər ki, məhdudluq və qadağa, cinsi ehtirası çılğın və həris etdiyi kimi, onu azad buraxmaq, onun istəklərinə tabe olmaq və bu hissləri oyadan amilləri icad etmək də bu hisslərin həddinin aşmasına səbəb olur. Bizim nəzərimizcə cinsi ehtirası ram etmək üçün iki amilə ehtiyac var: onlardan biri, bu hissləri özünün təbii həddində qane etmək, digəri isə onu təhrikedici amillərdən qorumaqdır. Şübhəsiz ki, insanın bir sıra təbii ehtiyacları vardır və bunlar özünün təbii həddində təmin olunmalıdır. Əks təqdirdə onu bir neft quyusuna bənzətmək olar. Yəni, yeraltı qazlar bir yerə cəm olub, sıxılaraq partlayışa səbəb olduğu kimi, insanın da təbii ehtiyacları təmin olunmadığı vaxt təhlükələr yarada bilər». «Əl-insanu hərisun əla ma mənəə» (yəni, insan, qadağa qoyulanlara qarşı həris olur) ifadəsi barədə qeyd etmək lazımdır ki, insan həm qadağa qoyulanlara qarşı, həm də təhrik olunanlara qarşı həris olur. Başqa sözlə desək, insanda müəyyən bir istəyi oyatdıqdan sonra bu istəyə yetişməyi ona qadağan etmək, sizcə nə deməkdir?... (Şəhid Mütəhhəri, «Hicab məsələsi», səh.260-261) q) «Bizim dövrümüz, beynəlxalq əlaqələrin genişləndiyi bir dövrdür və hal-hazırki dövrdə qadın-kişi münasibətləri və s. bu kimi məsələlər artıq öz həllini tapıb» - deyənlər isə insanları çaşdırırlar. Çünki, birincisi: Beynəlxalq əlaqələrin genişlənməsi ilə şəriət hökmlərinin aradan qalxması arasında heç bir tənasüb yoxdur. Görəsən, müasirlik bəhanəsi ilə bəşəri və əxlaqi dəyərləri, ədəb-ərkan qaydalarını tapdalamaq olarmı? Yaxud beynəlxalq əlaqələrin genişlənməsi və sərhədlərin açılmasını bəhanə edərək, evin içində baş verənləri hamıya nümayiş etdirmək olarmı? Bu əsasla pəncərənin pərdələrini və ya otaqların divarlarını qaldırmaq olarmı? İkincisi, kim iddia edə bilər ki, bu kimi məsələlər hal-hazırkı dövrdə öz həllini tapmışdır? Sizcə, bu qədər əxlaq pozuntuları, qeyri-qanuni cinsi əlaqələr və zorakılıqlar, əxlaqa zidd məzmunlu jurnallar, əxlaqsızlığı kütləvi şəkildə yayan bəzi televizor verilişləri və internet səhifələri və s. zəmanəmizin əxlaqsızlıq bataqlığında çapaladığını nümayiş etdirmirmi? 3) Mötədil baxış: Mötədil olmaq, yəni hər növ ifrat və təfritdən uzaq olmaq deməkdir. Yəni, qadın və kişi ünsiyyəti elə bir tərzdə bəyan edilməməlidir ki, camaatın nəzərində onlara riayət etmək qeyri-mümkün olsun və bu səbəbdən də məsələyə laqeyd yanaşsınlar. Bu mövzuda əsas meyar və ölçü, şəriətdir və yalnız bu çərçivə daxilində düzgün və sağlam münasibətləri qurmaq mümkündür. Qurani-Kərimdə, qadın-kişi münasibətləri barədə bəhs olunduğu vaxt, əksər hallarda «məruf» (bəyənilən) sözü işlənilib. Ümumiyyətlə, «məruf» sözü Quranda 38 dəfə işlənilib və bunun 19-u yalnız qadın-kişi münasibətlərinə aiddir. Deməli, qadın-kişi münasibətlərində əsas şərt «məruf» olmaqdır. Bu söz, əqlin hidayəti, şəritətin hökmü, əxlaqi məziyyətlər, bəşəri dəyərlər və ədəb-ərkan qaydaları kimi mənaları özündə cəmləşdirir. İslam şəriəti də pak insan fitrətinə və xilqətinə əsaslandığı üçün «məruf» deyildiyi vaxt, insanların müsbət dəyərləndirdikləri əməllər nəzərdə tutulur. Əlbəttə ki, «insanlar» - dedikdə də, pak fitrətindən və vicdanının səsindən uzaq düşməyən insanlar nəzərdə tutulur. Verilən bu şərhə əsasən qadın və kişi münasibətlərində əsas meyar, əqlin, şəriətin və fitrətin hidayətinə tabe olan insanların baxışıdır. Beləliklə, bəzən müəyyən bir şəraitdə, müəyyən bir əməl bəyənilir, lakin başqa bir şəraitdə həmin əməl bəyənilmir. Yaxud bir məkanda bəyənilir, lakin başqa bir məkanda bəyənilmir. Məsələn, qadınla kişinin və ya qızla oğlanın elmi-dini, ictimai, siyasi mövzular ətrafında, hətta ailə qurmaq və gələcək həyatları barədə qərar tutmaq üçün söhbət etmələrinin şəriət baxımından heç bir maneəsi yoxdur. Lakin ləzzət və zövq almaq məqsədilə söhbət etmək, ehtiraslı və mənalı baxışlarla baxmaq, naməhrəm qarşısında şəriət və əxlaq normalarına uyğun olmayan geyimlər geyinmək, mənasız söhbət edib, gülmək və s. bu kimi rəftarlar təbii ki, həm şəriət baxımından, həm də camaat tərəfindən bəyənilmir. İstər qadın, istərsə də kişinin bədən biçimini nümayiş etdirən və onu daha da cazibədar göstərən dar geyimləri geyinməsi, şəriət baxımından düzgün hesab olunmur, eləcə də camaat tərəfindən bəyənilmir. Bəzən elə olur ki, bir qızla oğlan elmi, mədəni, siyasi, hətta dini mövzular ətrafında söhbət edirlər, lakin danışıq və hərəkətlərində şəri ölçülərə və qaydalara riayət etmirlər. Deməli, bu ünsiyyət də həm şəriət baxımından, həm də camaatın nəzərində düzgün hesab olunmur. Xülasə, İslam baxımından qadın və kişi ünsiyyəti əsasən və öz-özlüyündə qadağan deyildir. Cəmiyyətin yarısını qadın cinsi və yarısını kişi cinsi təşkil etdiyi üçün bu iki əks cins arasında müəyyən əlaqələrin yaranması təbii haldır. Başqa sözlə desək, cəmiyyət, qadınlar və kişilərdən təşkil olunur. Onu kişi və qadın cəmiyyətlərinə bölmək qeyri-mümkündür. Beləliklə, cəmiyyətə qədəm qoyan qadın və kişi bir-birinin şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. Yəni, kişi ətrafındakı qadınlara ismət və iffət rəmzi kimi baxmalıdır. Qadın da öz növbəsində rəftarlarına diqqət yetirməli, qadınlıq hörmətini və dəyərini gözləməlidir. Qadın, yalnız bu yolla, kişinin gözündə ucala bilər. Qadın nə qədər mətanətli, vüqarlı, iffətli olsa və özünü yad kişilərə nümayiş etdirməkdən çəkinsə, onun hörməti bir o qədər də yüksələr. İslam şəriətində, naməhrəm qadın və kişinin bir-birindən cinsi ləzzət almasına, əsla yol verilmir. Çünki intim maraqları ailə çərçivəsindən xaric etmək, ictimai fəaliyyətlərin zəifləməsinə səbəb olur və cavanlar arasında qanuni nigahın azalmasına birbaşa təsir qoyur. Təbii ki, intim maraqlar azad buraxılsa, evlilik və nikah, azad və hədsiz cinsi ləzzətlərin qarşısında maneəçilik törədəcəkdir. Bu halda isə ailə həyatı və evlilik, ağır bir məsuliyyət və məhdudluq kimi anlaşılacaq. Cinsi ləzzətlərdən bəhrələnməyi yalnız ailə çərçivəsində qanuni hesab edən cəmiyyətlə, bu marağın azad buraxıldığı bir cəmiyyəti müqayisə etdikdə görürük ki, nikah, birinci növ cəmiyyətdə intizar və məhrumluğun sonu, ikinci növ cəmiyyətdə isə məhrumluq və məhdudluğun başlanğıcı hesab olunur. Çünki nikah, cavan qız və oğlanların azadlığına son qoyur və onları bir-birinə vəfalı olmağa məcbur edir. Qadın və kişi ünsiyyətinin şəri hökmləri Burada qadın və kişi ünsiyyəti mövzusuna daxil olan mühavirə, geyim, baxmaq və toxunmaq kimi bir sıra məsələlərin şəri hökmlərini izah etməyi lazımlı bilirik. 1) Mühavirə və danışıq Aydındır ki, iki nəfər arasında ünsiyyət ilk növbədə söhbət etmək və danışmaqla yaranır. Şəriət baxımından naməhrəm qadınla kişinin danışmağı, əsasən qadağan deyil. Onlar istər gündəlik və ümumi məsələlər barəsində, istərsə də elmi, siyasi, dini və s. bu kimi məsələlər barəsində söhbət edə bilərlər. İmam Xomeyni (r.ə) buyurur: «Ehtiyat vacib budur ki, əgər zövq almaq məqsədi olmasa, naməhrəm kişi qadını dinləyə bilər. Bəzi alimlər kişiyə naməhrəm qadını dinləməyi, eləcə də naməhrəm kişilərin eşidə biləcəyi tərzdə, qadının uca səslə danışmağını haram hesab edirlər. Lakin bu, zəif nəzərdir. Sözsüz ki, ehtirası oyadan tərzdə naməhrəm kişilərlə söhbət etmək qadına haramdır. Yəni qadın, xəstə qəlbləri tamaha salan bir tərzdə səsini incələşdirib, gözəlləşdirməməlidir». «Urvətul-Vusqa» kitabının müəllifi də İmam Xomeyninin nəzərinə uyğun şəkildə fətva vermişdir (Yəzdi, «Bita», 2-ci cild, 39-cu məsələ). 2) Geyim İctimai məkanlarda, həmçinin, naməhrəm kişilərin qarşısında şəriətin təyin etdiyi ölçüdə geyim geyinmək qadına vacibdir. Nəzərinizə çatdırırıq ki, yad kişilərin önündə qadının örtülü geyinməsi yalnız İslam şəriətinə mənsub deyildir. Əksər dinlərdə qadının örtülü geyinməsinə hökm verilmişdir ki, bu hökm istər keçmiş, istərsə də hazırkı dövrdə qüvvədə qalır. İslam dinində qadınların örtülü geyim geyinməsinə dair hökm, onları ictimaiyyətdən təcrid etmək məqsədini daşımır. Qadın, sadəcə yad kişilərin önündə, onlarla ünsiyyətdə olduğu vaxt şəriətin təyin etdiyi qaydada geyinməli və özünü naməhrəmlərə nümayiş etdirməməlidir. Hicabın fəlsəfəsi barədə Şəhid Mütəhhərinin bu lətif və məntiqi bəyanına diqqət yetirək: «Hicabın fəlsəfəsi, qadınların ictimaiyyətdə örtülü və ya açıq geyim geyinməsini müzakirə etmək və dəyərləndirmək deyil. Əsas məqsəd budur ki, kişilər yalnız ailə çərçivəsi daxilində və qanuni nikah yolu ilə bir sıra ağır məsuliyyətləri qəbul etdikdən sonra qadından kam ala bilsinlər». Yəni, yad qadınlardan cinsi ləzzət almaq kişilərə qadağandır. Həmçinin, ailədən kənarda yad kişilərin intim maraqlarını, hər hansı bir şəkildə təmin etmək də, qadınlara qadağandır. Bu hökm, cəmiyyətin sağlam qalmasını təmin etməkdən əlavə, ailə təməlinin də möhkəmlənməsinə səbəb olur. Həmçinin, ictimai potensialın kənar və faydasız məqsədlərə yayınmasının qarşısını alır. Beləliklə, qadının dəyəri kişinin nəzərində artır. 3) Baxmaq Baxmaq da qadın və kişi ünsiyyəti mövzusunda sözü açılan məsələlərdən biridir. Yəni, qadın və kişi bir-birinə baxa bilərlərmi? Əgər baxa bilərlərsə, bu məsələdə müəyyən məhdudluqlar mövcuddurmu? Əgər baxmaq haramdırsa, müstəsna hallar mövcuddurmu və onlar hansılardır? İlk öncə bilmək lazımdır ki, geyim ilə baxmaq məsələləri arasında tənasüb yoxdur. Yəni, qadına üz və əlləri örtmək vacib deyil, lakin bəzi hallarda yad kişi bu üzvlərə baxa bilməz. (Və ya qadın örtülü geyinibsə, deməli ona baxmaq olar.) Demək istəyirik ki, baxmağın haram olub-olmadığını müstəqil araşdırmaq lazımdır. «Cəvahirul-kəlam» və «Müstəmsəkul-urvətil-vusqa» kitablarında qeyd olunduğu kimi və ümumiyyətlə, bütün şəriət alimlərinin nəzərincə, naməhrəm qadının üz və əllərindən savayı onun digər bədən üzvlərinə baxmaq kişiyə haramdır. Belə ki, bu hökm, dinin zəruri tələblərindən biri hesab olunur. Lakin üz və əllərə baxmağın haram olub-olmaması barədə alimlər arasında fikir ayrılığı vardır. Bəzi alimlər qadının üz və əllərinə baxmağı haram bilir və bu ayəni sübut üçün gətirirlər: قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُم... «Möminlərə de ki, baxışlarını haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar» («Nur» surəsi, 30-31-ci ayələr). Şəriət alimləri, o cümlədən Mürtəza Mütəhhəri isə, bu ayəni əsas tutaraq baxmağın haram olduğunu hökm verənlərə öz kəskin etirazını bildirir və qeyd edir ki, «ğəzzi-eyn» və «ğəzzi-bəsər» arasında mühüm bir fərq mövcuddur. «Ğəzzi-eyn», «göz yummaq və etina etməmək» mənasını daşıyır. Amma «ğəzzi-bəsər», «baxışları azaltmaq» deməkdir. Odur ki, bu ayədə, adi baxışın deyil, gözləri zilləyib, ehtiraslı baxışın haram olduğu bildirilir. Qadının kişiyə baxmağı Baxmaq barədə yuxarıda nəzərinizə çatdırılanlar kişinin qadına baxmağı barədə idi. Amma görəsən, qadın kişiyə baxa bilərmi? Əksər şəriət alimlərinin hökmünə əsasən kişinin qadına baxmağı haram olduğu kimi, qadının da kişiyə baxmağı haramdır. Yəni, baxmaq, mövzusunda kişi və qadın arasında fərq qoyulmur və kişinin üz və əllərindən başqa, onun digər bədən üzvlərinə baxmaq qadına haramdır. Qadınla kişi arasında mövcud olan fərq isə geyim və örtükdür. Yəni, naməhrəm kişinin qarşısında qadına, üz və əllərindən başqa, bədəni örtmək vacibdir. Habelə, qadına naməhrəm kişinin üz və əllərindən başqa, onun digər bədən üzvlərinə baxmaq haramdır. Bir halda ki, cinsiyyətindən başqa bədəninin digər üzvlərini örtmək kişiyə vacib deyil. «Urvətul-vusqa» kitabında yazılıb: «Zəruri hallardan başqa naməhrəm kişi və qadının bir-birinə baxmağı yasaqdır». İmam Xomeyni də buyurub: «Kişiyə naməhrəm bir qadına baxmağa icazə verilmədiyi kimi, qadına da naməhrəm bir kişiyə baxmağa icazə verilmir. Ehtiyat-vacibə görə üz və əllərə baxmaq haram deyil». Lakin göründüyü kimi, qadının kişiyə baxmağı barədə olan bu şəri hökm, müsəlman cəmiyyətlərində öz əksini tam şəkildə tapmamışdır. Yəni, qadının kişiyə baxmağı ilə kişinin qadına baxmağına eyni dərəcədə əhəmiyyət verilmir. Başqa sözlə desək, kişinin qadına baxmağına ciddi yanaşıldığı kimi, qadının kişiyə baxmağına o qədər də ciddi yanaşılmır. Bəzi şəriət alimləri isə naməhrəm kişi və qadının bir-birinə baxmağı barədəki hökmün oxşar olduğunu qəbul etmirlər. Nümunə olaraq nəzərinizə çatdırırıq ki, Ayətullah Muhəmməd Baqir Sədr, Ayətullah Həkimin təlif etdiyi «Minhacus-salehin» kitabında üçüncü məsələyə yazdığı «Təliqədə» (əlavədə) belə bildirir: «Ehtiyat-vacibə görə «reybə» (ehtiraslı baxışlar) olmadan, adətən kişilərdə açıq qalan baş, boyun və s. bu kimi bədən üzvlərinə baxmaq qadına haram deyil». Bədənə toxunmaq Şəriət baxımından yalnız məhrəm qadın və kişi bir-birinə toxuna bilər. Deməli, naməhrəm qadınla kişinin bir-birinə toxunması haramdır. Belə isə, naməhrəm qadınla kişi əl-ələ görüşə bilməz. İmam Xomeyni (r.ə) belə yazır: «Hər kimə baxmaq haramdırsa, onun bədəninə toxunmaq da haramdır. Odur ki, naməhrəm qadınla kişinin bir-birinə toxunması haramdır. Hətta, şəriət üz və əllərə baxmağa icazə versə də, bu üzvlərə toxunmaq qadağandır. Beləliklə, kişiyə naməhrəm qadınla əl-ələ görüşməyə icazə verilmir. Parça və ya paltarın üstündən əl verib görüşməyin isə eybi yoxdur, amma ehtiyata görə kişi qadının əlini sıxmasın». Qeyd etməliyik ki, şəriət baxımından tibbi müayinə və s. bu kimi zəruri hallarda naməhrəmə baxmağa, hətta onun bədəninə toxunmağa da, icazə verilir. Əbu Bəsirin İmam Sadiqdən (ə.s) nəql etdiyi hədisdə belə buyurulur: «Kişi, naməhrəm qadınla əl-ələ görüşə bilər?» sualının cavabında İmam (ə.s) buyurdu: «Xeyr. Amma paltarın üstündən olar». Başqa bir hədisdə də qeyd olunub ki, Səmaət İmam Sadiqdən (ə.s) qadınla kişinin əl-ələ görüşməyi barədə soruşduqda, o Həzrət (ə) belə buyurdu: «Kişiyə məhrəm olmayan qadınla əl-ələ görüşməyə icazə verilmir. Bacı, qız övladı, bibi, bacı qızı və s. bu kimi başqa qadınlar kişiyə məhrəm qadınlardır. Amma kişi, naməhrəm qadınla yalnız paltar və ya parçanın üstündən əl verib, görüşə bilər və (eyni halda) onun əlini sıxmamalıdır». Ayətullah Xoyi (r.ə) buyurur: «Zahirən belə anlaşılır ki, təkcə əl-ələ görüşmək haram deyil, ümumiyyətlə, naməhrəm qadının bədəninə toxunmaq haramdır. Çünki əl-ələ görüşmək qeyri-adi əhəmiyyətə malik deyil və əgər bu barədə hədislərdə söhbət açılıbsa, iki səbəbi vardır: əvvəla, bu əməl, camaat arasında yayılan bir adət-ənənə idi. İkincisi, naməhrəmə toxunmaq mövzusunda ən aydın bir nümunədir». Həmçinin, bu mövzuya dair Allahın Rəsulunun (s) qadınlarla beyətini nümunə gətirmək olar. O Həzrət, qadınlarla beyət etmək üçün boş bir qab istəyir və ona su töküb, sağ əlini suyun içinə salır. Sonra buyurur ki, beyət etmək istəyən qadınlar onun kimi əllərini suya salsınlar. Yəni, Peyğəmbər (s) naməhrəm qadınların əlinə toxunmamaq üçün onlarla bu şəkildə beyət etmişdir. Həmçinin, şeyx Ənsari (r.ə) buyurub: «Əksər şəriət alimlərinin qəti fikri budur ki, hər kimə baxmaq haramdırsa, ona toxunmaq da haramdır» (Xoyi, «Nikah» fəsli, birinci hissə, 104-cü səh). Nəzərinizə çatdırılan məlumatlardan bu nəticəyə gəlmək olar ki, İslam dini nə ifratçılığın, nə də təfritçiliyin tərəfdarıdır. İslam baxımından qadın və kişi ünsiyyətində əsas meyar «məruf olmaq»dır. Belə ki, şəriət çərçivəsində olub, sağlam əqlə əsaslanan, habelə dindar camaat arasında bəyənilən və adi qarşılanan qadın və kişi ünsiyyətinə İslam dini icazə verir. Başqa sözlə desək, İslam, bir çox başqa mövzularda olduğu kimi, burada da bir sıra ümumi qayda-qanunlar təyin etmişdir. Lakin bu qanunların harada və necə icra olunmasını isə dindar camaatın öhdəsinə qoymuşdur. Məsələn, şəriət alimlərinin hökmlərinə əsasən, ehtirası oyadan və ya eyş-işrət məclislərinə uyğun musiqini dinləmək haramdır. Həmçinin, şan-şöhrət gətirən geyim geyinmək də haramdır. Lakin bu hökmü tətbiq etmək, yəni hansı musiqinin və ya hansı geyimin bu növ musiqi və ya geyim olduğunu müəyyənləşdirmək, dindar camaatın öhdəsinə qoyulmuşdur. Və yaxud «Maidə» surəsinin 1-ci ayəsinə əsasən, يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ bütün müqavilələrə vəfalı qalmaq lazımdır (əlbəttə ki, şəriət çərçivəsində olan müqavilələrə). Lakin dindar camaat hansı danışığı müqavilə hesab edirsə, bu ayədə də bu kimi danışıqlar nəzərdə tutulur. | |
Views: 1991 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |