Main » Files » Qadın » İslamda qadınlar |
İslamda qadın
2012-10-27, 7:12 AM | |
İfratçı cahiliyyət və təfritçi iyirminci əsr nəzəriyyələri qarşısında qadının yaranış və hüququna islami baxış da vardır. Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İslami baxışı aydınlaşdırmaq üçün onu bir neçə hissədə xülasə şəklində bəyan edirik. Qeyd etdiyimiz kimi birinci baxış qadını o qədər alçaldır ki, sanki qadın insan deyil. İkinci baxış isə qadın şəxsiyyətinin böyüklüyünü, onun kişi ilə eyni hüquqlu olmasında görür. Birinci baxışın Quran tərəfindən rədd edilməsi aydındır. Bəs ikinci baxış necə? Quran qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Mütləq azadlığı (özbaşnalığı) məhkum edən Quran nəzərincə qadın kişi ilə bərabərdirmi? Yoxsa islamın başqa bir baxışı var? Bu məsələni aydınlaşdırmaq üçün ayrı-ayrılıqda iki fəsildə bəhs etməliyik. Birinci fəsil qadın və kişinin yaranış nizamı və necəliyi, onların insani dəyərləri haqqındadır. İkinci fəsildə fərqlər, məhdudiyyətlər, fərqlərdən yaranan və qadın-kişi şəxsiyyətindən asılı olmayan nəticələr əhatə olunur. Birinci məsələ – yaranışca qadın və kişinin eyni, bərabər olması haqqında belə demək olar ki, Quranın nəzərinə görə onlar nə bərabərdirlər, nə də fərqli. Çünki Quran kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir. Bərabərliyi araşdırmaq və müqayisə etməyin o zaman mənası olardı ki, qadın və kişi iki müxtəlif xilqət olaydı. Beləcə, islamda bərabərlik və ya fərqlilikdən danışmağın mənası qalmır. Demək, söhbət onların fərqlərindən yox, yaranışından gedir. İnsan həqiqəti Qurani-kərimin iddiası budur ki, qadın və kişi xilqət, yaranış nöqteyi-nəzərincə bir həqiqətdəndirlər. İnsan ruh və bədəndən təşkil olsa da, onun həqiqətini təşkil edən, onu kamilliyə və ya tənəzzülə sövq edən «mücərrəd ruh»dur. Yaxşı işlərə görə mükafatı, günahların cəzasını dadan, duyan ruhdur. (Bu sözlər qiyamətdə dirilmənin cisimlə birgə olmasını inkar etmir). O biri dünyada da cəza və mükafatı qazanan ruhdur. İllər ötdükdən sonra bir insanı keçmişdəki əməlinə görə cəzalandırmaq və ya mükafatlandırmaq istəsələr, məruz qalan mücərrəd və sabit ruhdur. Ötən müddət ərzində olsun ki, bədən tamamilə dəyişmişdir. Lakin ruh sabitdir. Ona görə də «insan sabit mövcuddur» deyiblər. Demək, insanın həqiqətini onun ruhu təşkil edir. Yüksəliş, tənəzzül, hər biri ruha aiddir. Yaranış nəzərincə isə ruh mücərrəddir (cisim deyil) və mücərrəd olanlar arasında fərq yoxdur. İstər kişi olsun, istərsə də qadın, ruhun həqiqəti insani və eynidir. Sadəcə iki surətdə – qadın və kişi surətində təcəlli edir. İnsanın kamilləşməsi də ruha aiddir. Qadın və kişi eynidir. İnsani fəzilətlərə çatmaqda qadın da kişi kimi ucala bilər. Demək, yol seçməkdə və mənəvi dərəcələrə çatmaqda qadınla kişi arasında fərq yoxdur. Çünki bu iki vücudun yaranış həqiqəti eynidir. Buna əsasən deyilən iki mətləb - Quran şəhadətləri, şahidləri ilə isbat olunmalıdır: Birincisi, qadın və kişi xilqətinin bir olması; İkincisi, hər iki fərd üçün təkamül yolunun eyniliyi; əlbəttə, birinci mətləb sübut olarsa, ikinci nöqtə də sübuta yetər. Quran və insanın xilqəti Bu barədə Quran buyurur: «Ey insanlar, sizi tək bir şəxsdən, o şəxsdən də zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Allahınızdan qorxun!» [Nisa suresi, aye1] Mübarək ayə insanın yaranış başlanğıcını həqiqətdən bilir və buyurulur: «Sizi və sizin zövcənizi həqiqətdən yaratmış Allahdan qorxun və təqvalı olun.» Bu günkü bəşəriyyətin ilk kişi və qadını olan Adəm və Həvva bir həqiqətdən xəlq edilmişdir. Bu iki nəfər də ayənin məzmununa şamil olur. Qadın və kişinin xilqətində heç bir fərq yoxdur. Adəmə üfürülmüş həmin ruh və həqiqət Həvvaya da üfürülmüşdür. Eyni ruh və həqiqət birində kişi, digərində isə qadın şəklində təcəlli etmişdir. Yenə buyurulur: «Sizi bir nəfərdən xəlq edən və onunla ünsiyyət üçün zövcəni yaradan Odur.» [Eraf suresi,aye 189] Mübarək ayənin məzmunu əvvəlki ayə kimi insan vücudunun həqiqət başlanğıcının bir olduğunu bir daha təsdiq edir. Təkamül yolu İkinci müddəa təkamül yolunun həm kişi, həm də qadın üçün eyni olmasıdır. Hər bir fəzilətin əldə edilməsində kişi və ya qadın olmaq şərt deyil. Çünki kişi və qadının ruhu, həqiqəti eynidir və fəzilətə yetmək, təkamül çatmaq insanın ruhuna, həqiqətinə aiddir. Eləcə də insanın ruhundan kənar fərqlər burada təsirsizdir. İslamda təkamül yolu iman və saleh əməllə adlanır. Kişi və qadın təfavütsüz olaraq vəzifəlidirlər. Quran və insanın təkamülü Qurani-kərim bu barədə buyurur: «Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq.»[Nehl 97] Bəli, fəzilətlərə çatmaqda, xoş həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq yoxdur və onlara əməllərindən üstün mükafat veriləcək. Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə qadın və kişi eynidir. Başqa bir yerdə buyurur: «Mömin olub, saleh əməl edən şəxs istər qadın olsun, istər kişi, behiştə daxil olacaq.» Yenə buyurulur: «Doğrudan da, Allah müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, itaətkar kişi və qadınlar, doğruçu kişi və qadınlar, səbirli kişi və qadınlar, təvazökar kişi və qadınlar, sədəqə verib, oruc tutan kişi və qadınlar, ayıb yerlərini hifz edən kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar üçün bağışlanma və böük mükafat hazırlanmış-dır!» [Ehzab 35] Ayədə kişi və qadının imanı eyni cür vəsf olunur, onların mükafatı da eyni cür göstərilir. Digər bir ayədə insanın üstünlüyü onun təqvasında görülür, kişi və qadına fərq qoyulmadan! «Allah yanında ən hörmətliniz daha çox təqvalı olanlarınızıdır.»[Hucurat 13] Həbibullah Əhmədi | |
Views: 961 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |