Bazar günü, 2024-12-22, 5:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

İslamda hicab
2012-10-28, 9:22 AM
İslamda hicab


Naməhrəm kişilərin qarşısında qadının hicabda olması islam dininin əsas hökmlərindəndir. Bu hökmün islama aid olduğuna heç bir şəkki-şübhə yoxdur. Qurani-Kərim ayələrində, Peyğəmbər (s) və Əhli-beyt imamlarının hədislərində qadının hicabda olması açıq şəkildə bildirilmişdir.

Bütün ilahi dinlərdə qadının hicabda olması vacib olmuşdur. İlahi dinlərin sonuncusu və ən üstünü olan islam dini Allah tərəfindən insanlara göndərilən son din olaraq geyimi insanlara verilən ilahi bir hədiyyə olaraq dəyərləndirmiş, qadına vacib olan örtüyün də qədərini necəliyi ilə bildirmişdir. İslam dinində ziyan gətirəcək başıboşluluq, yersiz zorlamalar və ağır qanunlar yoxdur. Bəzi cahil düşüncəli insanların əksinə, qadının örtükdə olması cəmiyyət içərisində rolunu itirməsi, adi bir kölə halında olması mənasında deyil. Bəlkə hicab qadının naməhrəm kişilərin qarşı-sında saçlarını və bədənini örtərək yadlara cəlbedici görsənməkdən çəkinməsi mənasındadır. İnsandakı şəhvət hissi çox güclü və hərarətli olduğuna görə islam dini hicab və ona oxşar hökmləri ictimaiyyətdə haram və günahın qarşısını almaq üçün buyurmuşdur.

Allah şəhvətli baxışlardan çəkinməyi və naməhrəmə baxma-mağı qadın və kişiyə eyni dərəcədə haram bildirmişdir və bu hökm onların hər ikisinə aiddir. Amma hicabı kişiyə deyil yalnız qadına vacib buyurmasının səbəbi qadınların bəzənməyə və nəzəri cəlb etməyə daha çox maraq göstərmələrindən irəli gəlir. Dünyanın heç bir yerində kişilərdə normal olaraq belə bir xüsusiyyət görülməmişdir. Əksər halda bədəni göstərən incə və zinətli paltar geyinmək, cəlbedici makiyaj və bir çox şey qadınlarda görülmüşdür. Eyni zamanda qadın varlığının zərifliyi və özünə məxsus təhrikedici vücuda sahib olması onun örtülü olmasını zəruri edir. Allah bu səbəbə görə hicabı yalnız qadınlara əmr etmişdir.

İslamdan əvvəl qadınların örtüyü

Tarixə nəzər saldıqda islamdan əvvəlki müxtəlif dinlərdən və xalqlar-da qadınların hicabda olduğunun şahidi oluruq. Bu haqqda Fərid Vəsdi belə söyləyir: «Lauros ensklopedi-yasına görə, ərəblər lap qədimdən də hicaba bağlı millət olublar. Hətta kişilər belə burunlarının üstünə qədər örpək örtərək qadınlarla örtükdə eyni idilər. Amma islamdan əvvəlki son vaxtlarda bəzi qadınlar bəzənərək hicabsız çölə çıxırdılar. Yaranmış belə bir vəziyyət qadın və kişi arasında qarışıqlığa yol açmış və bunun nəticəsində Quranda qadınlara hicab əmrini açıqlayan ayələr endirilmişdir. Qureyş qəbiləsi ilə Həvazin qəbiləsi arasındakı Ficar müharibəsi də bu məsələni açıq şəkildə təsdiqləyir».

İkdul Fərid kitabının müəllifi Ficar hadisəsi haqqında belə söyləmişdi: «İkinci Ficar müharibəsi Qureyş ilə Həvazin qəbilələri arasında başladı. Bu müharibənin başlamasına səbəb bir hadisə olmuşdu: Uqqaz bazarında Qureyş qəbiləsindən bir neçə cavan Bəni Amir qəbiləsinə mənsub olan bir qadının yanında oturmuşdular. Qadının üzü örtükdə idi və o uzun paltar geyinmişdi. Qadının hərəkətləri bu cavanların nəzərlərini cəlb etmişdi və onlar qadından üzündəki örtüyü açmasını istəmişdilər. Amma qadın bunu etiraz etmişdi. Cavanlardan biri arxadan qadının paltarının aşağı hissəsini bir tikanla paltarının yuxarı hissəsinə ilişdirmişdi. Qadının bundan xəbəri olmadığından ayağa qalxdığında paltarın arxa hissəsi qatlandı və qadının beli göründü. Cavanlar onun bu vəziyyətinə gülərək sən bizə üzünü göstərmədin amma biz sənin kürəyini belə gördük dedilər».

Namusuna edilən bu təhqirə dözməyən qadın qışqırıb haray çəkərək öz qəbiləsi olan Bəni Amiri köməyə çağırdı. Xalq onun ətrafına toplandı və nəticədə bu iki qəbilə arasında tarixi qanlı savaşma meydana gəldi. İslamın gəlişindən təxminən otuz il əvvəl meydana gələn bu hadisə onu göstərir ki, hicab islamdan əvvəl də ərəb qadınları arasında mövcud bir adət idi.

Qurani-Kərimdə hicab

Quranda hicabın vacibliyi və necəliyi haqqında bir çox ayə nazil olmuşdur ki, biz onlardan ikisini gətirməklə kifayətlənirik:

«Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğul-larından, yaxud ərlərinin oğul-larından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmət-çilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)» (Nur surəsi, 31-ci ayə)


Başqa bir ayədə isə buyrulur: «Ey Peyğəmbər! Öz övrətlərinə və qızlarına və möminlərin qadınlarına de ki, örtüklərinə bürünsünlər. Bu daha münasibdir.Və beləliklə, tanınsınlar və əziyyətə düçar olmasınlar. Və Allah bağışlayan və rəhimlidir». (Əhzab surəsi;59)
Ayələrdəndə göründüyü kimi Allah-Taala örtükdə olmanı qadınlara vacib etmişdir.

Örtünmə Hədislərdə

Hədislərdən rəvayət olunur; Bir gün Ayişənin bacısı Əsma, bədəni göstərən incə bir paltarla peyğəmbərin (s) evinə gəldi. Peyğəmbər (s) ona belə buyurdu: «Ey Əsma qadınlar həddi-buluğa çatdığı zaman üz və əlləri xaricində bədənin heç bir yerini göstərməməlidirlər. (sunən-i Əbi Davud.c.2, səh.383).

Başqa bir hədisdə bildirilir ki, Peyğəmbər (s) qadının öz ərindən başqası üçün bəzənməsini qadağan etdi və belə buyurdu: «Əgər qadın ərindən başqası üçün bəzənərsə, Allah onu odda yandırmasını vacib edər. (Bəharul-Ənvar 5 səh.103, 243).

Yenə Həzrət Peyğəmbər (s) belə buyurur: ”Kim (yad) qadınlarla (təklikdə) oturub durarsa sonunda zinaya düçar olar.Və zina edən kimsənin də sonu cəhənnəm odunda yanmaq olar.” (Nasihut-Təvarih səh.2)

Bir hədisdə də Rəsulallah belə buyurur: «Naməhrəm bir qadına əl verən kişini Qiyamət günü zincirlə bağlanmış olaraq gətirərlər və sonra oda atılmaları əmr olunar». (Vəsail uşşia.c14.səh.143)

İmam Məhəmməd Baqir (ə) qadınların özlərini kişilərə bənzətmələri haqqında belə buyurmuşdur: «Qadının özünü kişiyə bənzətməsi caiz deyil. Çünki Allahın Rəsulu özünü qadına bənzədən kişiləri və özünü kişiyə bənzədən qadınları lənətləmişdir.(Bəharul-Ənvar c.103, səh.258)

Və son olaraq qadın ilə kişiyə aid olan bir hökmə nəzər salaq. İmam Cəfər Sadiq (ə) bu haqda belə buyurur: «Naməhrəm qadın və kişinin bir-birinə baxışı şeytanın zəhərli oxlarından bir oxdur».

Hicaba əməl etməyənlərin axirətdə əzabı

Həzrət Əli (ə) belə buyurur: «Bir gün Həzrət Fatimə (s.ə) ilə Həzrət Peyğəmbərin (s) ziyarətinə getdik. Peyğəmbərin (s) şiddətlə ağladığını gördüm. Anam, atam sənə fəda olsun ya Rəsulullah niyə ağlayırsan deyə soruşdum? Peyğəmbər (s) buyurdu: Meraca getdiyim gecə ümmətimdən bəzi qadınların şiddətli əzab çəkdiklərini gördüm, onların şiddətli əzaba düçar olduqları üçün ağlayıram. Həzrət Fatimə (s.ə) buyurdu ki, ey mənim gözlərimin nuru bunların işlətdiyi günah nədir? Rəsulullah (s) buyurdu: «Saçlarından asılan qadınlar, saçını naməhrəmə qarşı örtməyən qadınlardır. Öz bədəninin ətini yeyənlər isə bədənini başqaları üçün bəzəyən kimsələrdir. Amma bədəninin əti qayçı ilə qoparılan qadınlar isə özünü başqalarına satan qadınlardır. Sonra belə buyurdu: Bəxtəvər o qadındır ki, əri ondan razı olsun».(Vəsailuş-şia, c.14, səh.156)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 974 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]