Cümə axşamı, 2024-11-21, 8:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab
2012-10-27, 7:05 AM
Hicab


Əgər ata-ana körpəlikdən düzgün təlim-tərbiyə yolunu tapa bilməsə, həmin uşaq bir vaxt valideynlərlə üzbəüz dayanıb ağzına gələni deyə bilər, təhqir edər. Belə bir vəziyyətdə ata-ana nə edə bilər? Heç nə! Bacardığını et, polisə get! Bununla məsələ həll olurmu? Bəs, həll yolu nədir?

İslam peyğəmbəri (s) İslamı, dini hökmləri, dini inancları öz 23 illik peyğəmbərliyinin birinci ilində yox, tədricən açıqladı. Əvvəlcə tövhid, Allahın birliyi bəyan olundu. Düz üç il "La lahə illəllah” ("Allahdan başqa məbud yoxdur”) kəlmələrinə heç nə əlavə olunmadı. Namaz, oruc, həcc, zəkat, məhdudiyyətlər barədə hələ ki, heç nə deyilmirdi. Demək, həmin üç il ərzində İslama iman gətirənlərdən dünyasını dəyişən olubsa, onlar namaz və orucdan xəbərsiz olublar.
Hər şeydən öncə yeni əqidə və dünyagörüşü formalaşmalı idi. Bu fikir beyinlərdə kök saldıqdan sonra növbəti addımı atmaq olardı. Hətta ardıcıllar özləri yeni vəzifə, məsliyyət tələb edirdilər. Artıq namaz hökmünü elan etmək olardı. Elan olundu. Amma neçə rəkət? Əvvəllər iki rəkət namaz vacib buyuruldu. Müsəlmanlarda əqidə möhkəmləndikcə, rəkətlərin sayı artdı.
Hicrətə bir neçə ay qalmış cihad hökmü açıqlandı. Hansı şəkildə? Diqqət edin, kafirləri öldürmək şəklində yox, sadəcə bildirdi ki, zülm görən şəxs fəryad çəkə bilər! Yalnız hicrətin ikinci ilində, yəni Peyğəmbərin risalətinin 15-ci ilin də əsl cihad hökmü verildi. Artıq müsəlmanlarda elə bir iman gerçəkləşdi ki, onlar din yolunda canlarından keçməyə hazır oldular. Daha sonra xüms hökmü açıqlandı. Demək, müsəlmanlar mallarından da keçməyə hazır idilər.
Bəli, hicrətin 7-ci, 8-ci ilində hicab məsələsi açıqlanır. Yəni 20 il formalaşmadan sonra! Şərab məsələsi isə üç mərhələdə bəyan olunur. Bəli, peyğəmbər xalqı sıxıntıya salmadan, tədricən şərab kimi fəsadın kökünü kəsdi.
Bu gün musiqidən zərrəcə başı çıxmayanlar "Musiqi haramdır, ğina haramdır!” deyirlər. Bu İslamın, peyğəmbərin metodu deyil. Əvvəla, həmin sözləri təkidlə əmr edənlərin musiqi haqqında anlayışı yoxdur. Musiqinin min bir növü var. Min bir təsirə malik musiqilər var. Həm deyən, həm eşidən şəxs musiqinin növlərindən xəbərsizdirsə, bu söhbətin nə faydası var?
İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: "Şərabı, qumarı... tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!
Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən "Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta "Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!
Siz uşağınıza "hicab ört” deməyin, onun düşüncə tərzini elə dəyişin ki, özü hicab bağlasın.
Bilirsinizmi, Peyğəmbər (s) dövründə hicab necə ortaya çıxdı? Deyilmədi ki, ey qadınlar, özünüzü naməhrəmdən qoruyun. Qadına anladıldı ki, onun öz şəxsiyyəti var, onun əqidəsi, ideoloji yolu var, o, kimlərinsə oyuncağı deyil, o, yoldan keçənlərin gözünün yemi deyil!
Tarixə nəzər salın: Peyğəmbər (s) zamanı bir müsəlman qadın yəhudilərə məxsus bazardan cəvahir almağa gedir. Yəhudilər bu qadına sataşmaq məqsədi ilə onun çadrasını sancaqlayırlar. Qadın durduğu yerdən tərpənəndə çadrası düşür. Şəxsiyyətinə toxunulduğunu görən qadın, "Ey müsəlman qardaşlar!” - deyə haray çəkir. Yoldan ötən müsəlman işə qarışır. Bu ixtilaf genişlənib, müsəlman-yəhudi qarşıdurmasına gətirib çıxarır.
Bəli, hicabın mahiyyətini anlayan qadın cihada qalxır. Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səid Xətbi deyir: "Allah Mədinə qadınlarını xoşbəxt etsin! Hicab göstərişi gələn kimi hamısı çəkinmədən, qaranquş tək Mədinə küçələrinə çıxdılar”.


Əli Şəriəti
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 784 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]