Şənbə günü, 2024-04-20, 2:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

HİCABA ƏL UZADAN ZİLLƏTƏ SƏSLƏNİRƏM
2012-10-31, 6:11 AM

HİCABA ƏL UZADAN ZİLLƏTƏ SƏSLƏNİRƏM

Sən ey zillət, mənə yadsan. Müsibət səni elə bürüyüb ki, qurtuluşun yoxdur. Elə zülmətə girmisən ki, işığın necəliyini unutmusan. Elə xəstəliyə mübtəla olmusan ki, şəfan yoxdur! Sən ey qəbahət! Yolunu kəsən hicablardan xəbərin var? Mənim hicabima nə deyirsən?

Mən hicabı özümü tanımaq üçün geyindim. Bundan sənə nə?

Sən məni qorxutmaq istədin, incitdin, sarsıtmaq istədin. Sənə boyun əymədim. Səndən qeyrisini axtardım və tapdım. Elə bir səadət tapdım ki, onu itirməməyə şəhadət verdim. Əcaibsən. Yadsan. Sən fanilikdəsən, mən əbədilikdə. Sən zillətdəsən, mən əzəmətdə!

Sənə səni nə zaman tərk etdiyimi deyimmi? Söz ver ki, qəzəbin aşıb-daşmayacaq. Amma unutdum. Sən xəyanətkarsan .Verdiyin sözün üstündə dura bilmirsən.

Təəssüf edirəm. Mən hicab geyinib namaza başladığım gün sən qərib oldun mənə. Zülmətdən nura boylandım. Sən ey yolunu azmış, sən ey qəzəbə batmış! Mən qalıb oldum. Sən məğlub oldun.

Vücudumu rəhmət bürüdü. Sən rəhmətin nə olduğunu bilirsən? Mənə və sənə gərəkli olan, amma gərəkli olduğunu əvvəldən bilmədiyimiz nemət! Sənin çox sevdiyin əziyyətdən və məhrumiyyətdən uzaq olan – Nemət! Elə bir nemət ki, mənə razılıq etməyi öyrətdi. Mənə yerimi göstərdi. Səni mənə tanıtdı. Sevincdən qışqırmaq istədim. Dayandım. Ruhumu bələyən kövrəklikdən səsim titrədi.

O qədər rahat oldum ki... Şükür etmək istədim. Xəfif bir pıçıltı ilə "Bismilləhir-Rahmənir- Rahim” dedim. Yəni, hər kəsə - sənə və mənə - rəhm edən (Rəhman) və ibadət edənə rəhm edən (Rəhimli) Allahın adı ilə başlayıram dedim. Ardınca Ona həmd etdim. "”Əlhəmdu lilləhı Rabbil-aləmin” dedim. "Həmd” - şükür və tərif deməkdir. Yəni, şükür və tərifin Ona aid olduğunu, Ona məxsus olduğunu bəyan etdim. Şükür etdim. Çünki mənə yetirmiş olduğu nemətlərin çoxluğunu dərk etdim. Elə utandım ki... O, mənə nemətlərini təmənnasiz verib. Mən bu nemətləri görmədiyim vaxt belə onları məndən əsirgəməyib. Sənin kimi minnət qoymayıb. Bir var sənin ola, minnət qoyasan. Bir də var sənin olmaya, minnət qoyasan. Heç fərginə varırsan? Sən nə cahilsən?! Bu cahilliyi kimdən öyrənmisən?

Həmd olsun Ona! Nə boyük səxavət! Nə boyük Əzəmət! And olsun Yerə və göyə, xəcalət ölüm mələyi olsaydı, bu an ona təslim olardım. Amma yenə bir nemət! Yaşamaq və görmək! Öyrənmək! Öyrəndim ki, O, şükrümü qəbul edir. Çünki Onun əziz dostu, mənim böyük bələdçim, Peyğəmbərim Muhəmməd (s) məni bu barədə müjdələyir. Deyir, Allah buyurur ki, bəndəm "Fatihə” surəsində "əlhəmdu lilləh” deyəndə ona verilən nemətlərin məndən olduğunu bilir. Mən də bəndəmin yerinə yetirdiyi bu şükrə görə onun dünya nemətlərinə axirət nemətlərini də əlavə edirəm.

Ehsanı böyük Rəbbim! Sənə həmd olsun! Yenə Sənə yönəlmək istədim! Yenə Rəhimli və Mərhəmətli deyə səsləndim. Sənsə rəhmətindən mənim nəsibimi artırdığını dedin. Sənin varlığına şəhadət vermək istədim. Mənə verdiyin nemətlərində, mənə əta etdiklərində tək və şəriksiz olduğunu bildirmək istədim. "İyyəkə nəbudu və iyyəkə nəstəin” dedim. Yəni, yalnız sənə pərəstiş etdiyimi, ibadət etdiyimi söylədim. Yalnız səndən kömək diləyəcəyimi dedim. Demək üçün Sənin mənə verdiyin dildən dilləndim, səsdən səsləndim. Əgər mən də Sənin nemətlər toplunamsa, mən bu nemətlərin Sahibinə deyil, kimə ibadət edim? Ondan deyil, kimdən kömək istəyim? Sənə bənzəmək istədim, Ya Rəbbim! Xeyirli və bərəkətli olmaq istədim. Sənin buyurduqlarına şərtsiz əməl etmək istədim. Sən mənə hicabı vacib etdinsə, mən niyə onu geyinməyim? Sən hicabı mənə 9 yaşımda geyinməyi məsləhət gördünsə, niyə 10 yaşımı gözləyim? Nədir mənim xeyrim? Mənfəətim? Nədir mənim sonum?

Bəs sənin sonun necədir, ey rəzillik? Heç bunu düşündünmü? Sən ümumiyyətlə, düşünə bilirsənmi?

Məndən nə istəyirsən, sən, ey nadanlıq! Mənim hicabımı? Mənim izzətimi? Mən sənə qul olmaq üçün yaradılmadım. Mən haqqın quluyam. Onunla varam. Onsuz yoxam! Sən məndən nəyi istəyirsən? Abrımı? İffətimi? Ya ismətimi? Onlar - məni mən edəndir. Onlar məni ifadə edəndir. Mən mənliyimi sənə təslim etmərəm, ey qaranlıq!

Ey qurtuluş! Şəhadət verirəm ki, qəmgin olaram, qəmimi udaram! Onu parçalayıb yox edərəm, şad olaram! Mənim babalarım parça-parça oldu, mən də şəhid olaram! Zillətə boyun əymərəm! Mən hicabı haqqa qovuşmaq üçün geyindim. Onu haqqa qovuşmadan çıxarmaram! Mən hicabı doğru olduğu üçün seçdim. Onu haqla qoruyaram!

Mən hicabı nənəm geyindiyi üçün geyindim. Sən, ey köləlik! Geyindiyim başqa geyimlər mənə və düşüncəmə dar gəldi. Ha istədim, özümü sərbəst və komplekssiz hiss edim, sənin mənə təqdim etdiytin geyim məni rəzil etdi. Sıxdı. Rüsvay etdi. Mən özümü özüm bilmək üçün başqalarının nənəsinə oxşamaq istəmədim. Öz nənəmə oxşamaq istədim.

Mən hicabı ona ehtiyacım olduğu üçün geyindim. Məni onu geyinməyə kimsə vadar etmədi. Mən onu xoşluqla bəyəndim. Sevdim. O, məni yadların nəzərindən hifz etdi, o məni sənin şərindən qorudu. O məni səndən yad etdi, fərqləndirdi.

Mən hicabı şükrü xatırlamaq, Onu unutmamaq üçün daşıyıram. Daha çox nemət arzusundayam! Elə bir nemət ki, məni əbədi səadətə götürəcək! Məni Peyğəmbərimlə (s) və onun Əhli-beyti (ə) ilə görüşdürəcək! Məni ən böyük eşqimə qovuşduracaq. Sənin bu eşqdən xəbərin var? Ey bədbəxtlik! Sən, ey nəfsini hər kəsdən, hər şeydən uca tutan, yenə özünü tanımadın? Nə demək istədiyimi anlamadın? Çətin anlayasan, sən ey gəflət! Nədir sənin aqibətin? Nədir mənim aqibətim? Utan! Sus! Qəbahətinin böyüklüyünə bax və de: "Ya Allah! Məni etdiyimin şərindən hifz et! Günahlarımı bağışla! Məni cəhənnəm atəşindən qoru! Mənə rəhm et! Məni düşdüyüm zillətdən qurtar! Allah təkdir! Müqəddəsdir! Mən isə zalımlardan oldum!”.

Sən, ey zülm əhli! Bil ki, mənim itirəcəyim tək bir şey var. Sənin itirəcəyin hər şeyin müqabilində. O, mənim canimdır. Qazanacağım da bir şey var sənin qazanmayacağın müqabilində. O da Allahın razılığıdır. Bil ki, zillət zülmətə qardaşdır, yüksəliş nura yoldaş.

Allahın adı ilə de: "Məndən əhd aldın bu dünyaya göndərməzdən əvvəl. Sənə itaət edib ibadət edəcəyimə söz verdim. Əhdimə sadiq qala bilmədim. Nəfsimi özümə hakim etdim. Namaz qılmadım ki, Sənin varlığına, təkliyinə şəhadət verəm. Özümü Sənin köməyinə və qüdrətinə təslim edəm. Oruc tutmadım ki, vücudumu yediyim və içdiyim haramlardan təmizləyəm. Zehnimə pak qan axsın. Düşüncəm paklansın. Gözüm haqqı görsün. Dilim haqqı desin. Müsəlman olmadan İslamdan danışdım. Necə səhv etdim. Gəlbimin gözü kor oldu. Başa düşə bilmədim ki, məni yoxdan var edən, hər an mənə can verən Sənin rəhmətin olmasa, mən doğrunu görə bilmərəm. Mənə bəxş etdiyin nemətləri görmədim, çünki Sənə şükür etmədim. Həyatımı mənasız şeylərə sərf etdim. Xeyirli iş görmədim. Etdiyim müqabilində nə isə umdum. Səninlə dostluğu uca tuta bilmədim! Bacarmadım. Bilmədim ki, iman Səndən gəlir, basqasından yox! Bilmədim ki, həqiqət Səndəndir. Onu mənə Səndən başqası göstərə bilməz. Onu Səndən istəmədim. Yandım! Vay mənim halıma!”.

Ülviyyə Bədəl
"Deyerler.org”un oxucusu
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]