Bazar günü, 2024-12-22, 11:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Digər dinlərdə qadının məqamı
2012-10-25, 6:38 AM
Digər dinlərdə qadının məqamı


Bütün zaman və dövrlərdə qadınların hüquqlarında ifrat və təfritlərə yol verilmişdir. Qadınların hüquqlarında ifrata yol verilməsinə dair sosioloqlar belə deyirlər:
Tarixin bəzi dövrlərində qadının ictimai, iqtisadi və siyasi sahələrdə ələ gətirdiyi müvəffəqiyyətlər bəşər həyatında dəyişikliklər yaradırdı. Bu dövrlər «qadın əsri», «qadınların hakimiyyət dövrü» adı altında məşhurdur. Bu dövrlərdə kişilər, qadınların əksinə olaraq, heç bir hüquqa malik deyildilər. Belə ki, kişi qadının evində yaşayar və qadının ona meyli olmadıqda (onu görmək istəmədikdə), bir nöqsan tutaraq onu evdən çölə atardı.
Lakin həyatın çətin və müxtəlif mərhələlərində müəyyən səbəblərə görə qadınların hakimiyyətinə son qoyuldu və kişilər qadınların yolunu tutaraq hakimiyyəti ələ aldılar. Bundan sonra kişilər həyatın bütün sahələrində (ictimai, siyasi və iqtisadi) qadınların yerini tutdu və beləliklə, «kişilər əsri» başlandı. O zamandan etibarən qadınların hüquqlarında təfrit və diqqətsizliyə yol verildi. Qadınlar bazarlarda kəniz və qul kimi satılaraq insaniyyətin ən aşağı səviyyəsinə endirilmişdilər.
Amerikalı alim Vill Dorant deyir: İbtidai insanlarda kişi özünü sahib bilirdi, qadına isə öz malı kimi baxırdı. (Hal-hazırda da bəzi bölgələrdə ər və sahib kəlməsi eyni mənada işlədilir). Hətta bir sıra qəbilələrdə qadın öz həyat yoldaşı tərəfindən gələn qonaqlara təqdim olunurdu. Qadın bu işə etiraz etsəydi, öldürülürdü. (Qadının öldürülməsi hər qəbilədə müxtəlif şəkillərdə yerinə yetirilirdi).
Belə dəhşətli hadisələrin baş verdiyi bir zamanda İslam adlı bir günəş doğdu və Peyğəmbər (s) insan cəmiyyəti üçün asimani xəbərləri gətirdi. O Həzrət (s) əsasən ifrat və təfrit məsələlərini batil edib, aqillər və alimlər tərəfindən bəyənilən ədaləti bərqərar etdi.

Yunanıstanda qadın

Fransalı alim Qustavo Lubon deyir: «Yunanlar qadınları ən pis mövcud sayıb, onların sadəcə nəsil artırmaq və ev işləri görmək üçün lazımlığını deyirdilər. Qadın naqis övlad dünyaya gətirsəydi, öldürülərdi».
Müsyö Truplong deyir: «Əgər qadın müharibə üçün qüvvətli və layiqli övlad dünyaya gətirməsəydi, o qadını öldürürdülər».
Həmçinin yazır: «Çoxlu uşaq dünyaya gətirmək qabiliyyətinə malik olduğu təqdirdə, o qadını başqa kişilər (onlar üçün də övlad dünyaya gətirməsi üçün) ərindən ariyə götürürdülər. Yunanlıların mədəniyyət dövründə yalnız bir sıra əxlaqsız qadınlar azadlığa sahib idilər. Qədim dövrün bütün hakimləri bu ədəbsiz hərəkətləri di qadınlara da nisbət verirdilər». («İslam və ərəb mədəniyyəti tarixi», səh. 507)
«Yunan qadınları özlərinə sahib olmadıqlarından (onları idarə etmək üçün) həmişə bir kişiyə ehtiyacları var idi. Həmçinin, kişi öz qadınını istədiyi dostuna təqdim də bilərdi və qadın da bunu çarəsizlikdən qəbul edirdi. Qadının qiyməti 50 peymanə (ölçü vahidi) arpadan artıq deyildi». («Tumare-iffət», Ayətullah hacı Şeyx Yusif Nəcəfi Gilani, səh. 21) Yunan hakimləri qadını «aləmin bəlası» adlandırırdılar.

Fransada qadın

Əgər keçmiş əsrlərdə yaşamış qadınların danışmağa qüdrətləri olsaydı, sizə əlacsızlıq və çarəsizlikdən hansı mərhələləri keçdiklərini, o zülmət dövrlərdə hansı əziyyətlərlə qarşılaşdıqlarını söyləyərdilər. Cəhalət dövründə qadın evin bir əşyası hesab olunurdu və kişilər istədikləri zaman onları tullamaq, satmaq və bağışlamaq hüququna malik idilər. Zaman keçdikcə (müəyyən inkişaf mərhələsindən sonra), qadın anlamaZ bir uşaq həddinə yetişdi və öz sahibinin vaxtını xoş keçirtmək üçün bir oyuncağa çevrildi. O, əsirliyin qızılı paltarlarını geymiş iradəsiz bir cisim kimi, ömrünü qəflət yuxusunda keçirirdi. («Tumare-iffət», səh. 22)

Çində qadın

Hal-hazırkı dövrdə də, Çində qadınlara heç bir ləyaqət və dəyər verilmir. Qadın hamilə olduğu vaxt, ailənin bütün üzvləri hədsiz nigarançılıqla övladın dünyaya gəlməsini gözləyirlər. Övladın qız olduğunu gördükləri zaman isə nifrətlə insan cəmiyyətinə əlavə bir yükün artdığını söyləyir, qohumlar o uşağın atasına təsliyyət ərz edirdilər. Çinlilər müxtəlif vasitələrlə yeni doğulmuş qız övladlarını özlərindən uzaq saxlayır: onu ya səhraya atır, ya da insan alveri ilə məşğul olan tacirlərə satırlar.
Çində ailələr məhəbbət əsasında qurulmur. Bəy və gəlin heç vaxt bir-birini görmür. Həmçinin, kişi istədiyi zaman ailəsini qəbul və ya rədd etmə hüququna malikdir. («Tumare-iffət», səh. 25)

Hindistanda qadın

Cehiz aparma məsələsinə görə, hindlilər qız uşaqlarının doğulmasını zərər və bəla sayır, bu səbəbdən də polisin nəzarəti altında qızları öldürürdülər.
Ərli qadınlar bu məmləkətdə qul və kəniz kimi yaşayır, ərsiz qadınların işi isə daha çətin və pis olurdu.
Bəli, cahiliyyət əsri və vəhşilik zamanında atalar öz qızlarını ticari mal hesab edərək, satışa çıxardır, onlarla kəniz və heyvan kimi rəftar edirdilər.
Qız uşağı dünyaya gəldikdə, kişi, böyük günah iş görürmüş kimi, həya və xəcalətdən adam arasına çıxa bilmirdi. («Tumare-iffət», səh. 24)
Gilan vilayətinin mücahid və müdrik alimlərindən sayılan mərhum Ayətullah Hacı Şeyx Yusif Gilani «Tumare-iffət» adlı kitabında yazır: «Hindistanın bəzi kəndlərində qızları diri-diri basdırırlar (halbuki, bu rüsvayçılığa cahiliyyət ərəbləri İslamın zühurundan əvvəl tutulmuşdular). Bir müddət bundan əvvələ qədər «Kali»nin (hindlilərin Allahından birinin adı) onlardan razı qalması üçün hamilə qadını başı kəsilmiş halda öz məbudlarının hüzuruna gətirərək, qanını qurbangaha çiləyirdilər».
Hindlilərin qanununda deyilir: Qadın məcburi qəza-qədər, tufan, ölüm, cəhənnəm, öldürücü zəhər, əfi və sancan ilan, yandıran atəşdən pisdir. («İslam və ərəb mədəniyyəti tarixi», səh. 507)
Çin, Rusiya, İtaliya və s. kimi ölkələrdə qadını təhqir edən məsəllərə rast gəlmək olar: Çinlilər deyir: «Qadının sözünü eşit, lakin heç vaxt inanma». («İslam və ərəb mədəniyyəti tarixi», səh. 507-509)
İtaliyalılar deyir: «İtaət edən və üsyankar at üçün mahmız və qamçı, yaxşı və pis qadın üçün isə çubuq lazımdır». («İslam və ərəb mədəniyyəti tarixi», səh. 507-509)
İspaniyalılar deyir: «Pis qadından çəkin və yaxşısına da inanma». («İslam və ərəb mədəniyyəti tarixi», səh. 507-509)
Müasir dünyamızda mədəniyyətin inkişaf etməsinə baxmayaraq, Avropa və dünyanın müxtəlif ölkələrinin alimlərinin qadınları alçaldaraq, onların haqqında söylədikləri nəzəriyyələri diqqətinizə çatdırırıq. (Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, onların bəziləri bir qədər insafla fikir irəli sürmüşlər):
– Yaxşı olar ki, qadının adını kitab deyil, təqvim qoyaq. Çünki o, hər il əvəz olunmalıdır. (Franklin)
– İki qadın heç vaxt bir-biri ilə dostluq etməzlər, əgər üçüncü bir şəxsin əleyhinə çıxmaq olmazsa. (Alfons Kar)
– Qadın gözəl, lakin rəhmsiz varlıqdır, yəni qadının rəhm və atifəsi yoxdur. (Toni Kortis)
– Qadın kamil şeytandır. (Viktor Hüqo)
– Qadınlar yalnız iki gün bizi xoşbəxt edirlər, toy günü və öldükləri gün. (Bernard Şam)
– Qadının arxasınca getdiyin zaman, şallaq götürməyi unutma. (Noçe)
– Bəşər övladı hər şeydə kamalı axtarır, lakin qadında gərək naqis kamalı axtaraq. (Almaniyalı bir şair)
– Qadının kişinin təbii düşməni və kişinin iradəsini məhv edəndir. (Şopen Haver)
– Qadının saçı uzun, ağlı isə qısadır. (Rus məsəli)
– Kişi sifətli qadınları sevmirəm, həmçinin qadın sifətli qadınlardan da bezaram. Dünyada hər kəs öz rolunu ifadə etməlidir. (Napaleon)
– Pəncərə və küçə qapısında duran qadın, evinin qadını deyildir və heç bir işə yaramır. (Fransa atalar sözü)
– Kişi ov, qadın isə ovçudur. Lakin qadın ov arxasınca getmir. Sadəcə hörümçək kimi torunu qurur və bir kişinin milçək kimi ora düşəcəyini gözləyir. (Bernard Şav)
– Qadınına onun üzərində hakimlik etməsinə icazə verən kişi, axmaqdır. (Napaleon)
– Mən heç bir zaman qadının əhd-peymanına və dostluğuna inana bilmirəm. (Hanri Hapne)

Qadınların cahil ərəblər arasındakı vəziyyəti

İslamdan əvvəl istər Avropa, istərsə də ərəblər arasında qadına heç bir dəyər verilmir, hətta onu heyvandan da əskik bilirdilər. Qeyrət və namusları aradan getmiş insanlar, öz qadınlarını bir-birləri ilə bir əşya kimi dəyişirdilər. Kişi öz tərəf müqabilinə deyirdi: Arvadını mənim ixtiyarımda qoy, mən də öz arvadımı sənin ixtiyarımda qoyaram.
Cahil ərəblər arasında qızlarını diri-diri basdırma adət halını aldığı və ümumiyyətlə onların dünyaya gəlməsini özləri üçün rüsvayçılıq saydıqları bir zamanda, İslamın zühuru, onun asimani təlimləri və Peyğəmbərin (s) qadın cəmiyyəti üçün gətirdiyi hüquqlardan aydın olur ki, müqəddəs İslam dini qadına şəxsiyyət verərək, onun məqamını kişilərin məqamı kimi yuxarı tutmuş və qadını kişi ilə bir sırada qərar vermişdir.
Cahil ərəblərdən birinə «qız övladın dünyaya gəlib» deyildiyi zaman, üzü narahatçılıqdan qaralar və əsəbiləşərdi.
«Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar». («Nəhl» surəsi, 58-ci ayə)
Qız uşağı dünyaya gələn şəxs, özünü böyük bir günah işlətmiş insan kimi hiss edərək, pərt olar və özü üçün rüsvayçılıq saydığı bu işə görə öz qəbilə və qövmündən gizlənərdi. Həmin şəxs sonda ya bu rüsvayçılığa dözərək qızını saxlayır, ya da rüsvayçılıqdan qurtarmaq üçün onu diri-diri torpaq altına qoyurdu.
Qurani-Kərim insanlığın ziddinə olan bu mənfur hadisələri bizlərə xatırladaraq, bu işləri hər zaman məhkum etmişdir. Qiyamət günü bu hadisələr İlahinin ədalət məhkəməsində soruşulacaqdır.
«Hansı günaha görə öldürdülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» deyə soruşular). («Təkvir» surəsi, 9-cu ayə)
Cahil ərəblərin ürəkağrıdıcı hadisələrindən olan qız övladlarının günahsız olaraq torpaq altına qoyulmasını tarix heç zaman unutmayacaq.

İslam adlı günəşin doğması ilə qadının ictimada parlaması

İslamın zühuru və Quranın nazil olmasından əvvəl dünyanın hər yerini zülm və cinayətlər bürümüşdü. Belə ki, həmin dövrdə ən çox cəmiyyətin zəif təbəqələrinə zülm olunurdu. Cahiliyyət əsrində, məxsusən Ərəbistan yarımadasında törədilən zülm və cinayət ən çox günahsız qızların barəsində yerinə yetirilirdi. Bir sözlə, o zaman dünyanı zəlalət və ədalətsizlik bürümüşdü.
Qadına insan kimi baxılmadığı və onun diri-diri torpağa basdırıldığı bir əsrdə Quran nazil oldu və insani hüquqların ziddinə olan bu əməlləri pisləyərək, bunları törədənlərin ən ağır cəzaya layiq olduqlarını bildirdi. Quran qadın hüquqlarının bərpası üçün böyük addımlar ataraq, qadını dünyaya yüksək məqamlı saleh bir insan kimi tanıtdırdı. Allah-Taala pak və təmiz həyatı yalnız kişilərə məxsus etməmiş, insaniyyət və pak həyatda qadını da kişilərlə şərik bilmişdir. İlahi kitab olan Quran, qadın və kişinin yaradılışında xilqət və fitrət baxımından həmahəngliyin kamil şəkildə qorunduğunu bildirmiş və qadının qaranlıq və qəmli həyatını nur və məhəbbətə qərq etmişdir.
Cahiliyyət fikirlərinin tam aradan getmədiyi, qadının heç bir haqqı olmadığı, məxsusən də qız uşaqlarının ailə üçün bir rüsvayçılıq olduğu bir zamanda Peyğəmbər (s) və Əli (ə) öz xanım və qızları ilə xoş və məhəbbətlə davranmaqla, o günkü cəmiyyətdə böyük təsirlər qoyurdular. Bu böyük şəxsiyyətlər o dövrün insanlarına qızların ata və ana üçün bir rüsvayçılıq olmadığını, əksinə qədəminin mübarək, şadlıq və İlahi bir rəhmət olduğunu öyrədirdilər.

Quranın qadın barəsində sifarişləri

«Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması Onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır». («Rum» surəsi, 21-ci ayə)
«Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin, irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görməkləri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar, onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur». («Nisa» surəsi, 19-cu ayə)
«Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir». («Əhzab» surəsi, 59-cu ayə)
«Vüqarla öz evinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir». («Əhzab» surəsi, 33-cü ayə)
Hicaba aid nazil olmuş Quran ayələrində qadınların kişilərlə münasibətləri haqda buyurulmuşdur ki, qadınlar öz bədənlərini örtməli və özlərinə bəzək-düzək verməməlidirlər. Bu mənalar fəqihlərin də fətvalarından aydın şəkildə başa düşülür.
«Kişi və qadın gərək bir-birlərinə gözlərini zilləməsinlər, şorgözlük etməsinlər, şəhvət dolu nəzərlərlə bir-birlərinə baxmasınlar. Qadınlara məxsus bir müəyyən vəzifə də buyurulmuşdur ki, qadınlar öz bədənini yad kişilərdən örtməli, ictimada cilvələnib naz etməməli, heç bir halda və heç bir bəhanə ilə kişiləri təhrik etməyə səbəb yaratmamalıdırlar». («Hicab», Şəhid Mütəhhəri)
Peyğəmbər (s) özünün («Həccətül-vida» kimi məşhur olan) axırıncı həcc səfərində söylədiyi xütbəsində qadınlar barəsində belə buyurur: «Ey camaat! Mən sizin qadınlarınız barəsində söhbət edəcəyəm. Qadınlarınızın sizin boynunuzda haqqı və sizin də onların boynunda haqqı vardır. Onların vəzifəsi budur ki, sizin yatağınıza (sizin özünüzdən başqa) kimsəni qoymasın və sizin sevmədiyiniz şəxsləri evə buraxmasınlar. Bu vəzifələrə əməl etmədikləri təqdirdə Allah sizə icazə vermişdir ki, onlardan ayrı yatasınız və onlardan uzaq gəzməklə onları tənbeh edəsiniz. Əgər sizə itaət və öz vəzifələrinə əməl etsələr, onlara mehribanlıq göstərib, münasib (yaxşı) yeməklər yedirdin və paltarlar geyindirin. Hər halda siz gərək öz yoldaşlarınızla gözəl rəftar edəsiniz. Çünki onlar sizin evlərinizdə məhbus hökmündədirlər və ixtiyar sahibi deyildirlər. İxtiyarı olmayan bir məhbusla mehribanlıqla rəftar edin.
Sizin qadınlarınız Allah tərəfindən sizə tapşırılan bir əmanətdir və sizə icazə verilmişdir ki, Allah kəlamı ilə onlara yaxınlaşasınız (yəni evlilik mərasimini İslam qanunu ilə qurasınız) və Allahdan qorxun (bütün hallarda Allahı öz rəftarınıza nazir bilin) və öz yoldaşlarınızla gözəl şəkildə rəftar edin». («Həccətül-vida rəsule geramiye İslam»)
Beləliklə, İslam, pis bir fitnə olan qızların öldürülməsi məsələsini dünyadan aradan apardı və qadını ən pis mərhələdən insanlığın ən yüksək qüllə və məqamına yüksəltdi. İslam günəşinin doğması ilə qadın dünyada dəyərləndi.

Əhməd Mohseni Qorkaninin "İslamda ən gözəl örtük nümunəsi” kitabından istifadə olunmuşdur.
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1006 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]