Cümə axşamı, 2024-04-25, 6:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

ACI HADİSƏLƏR MÜQABİLİNDƏ SƏBİR ETMƏK
2012-10-27, 7:10 AM
ACI HADİSƏLƏR MÜQABİLİNDƏ SƏBİR ETMƏK


Qurani-kərimin ayələrindən, rəvayətlərdən və keçmişdəkilərin hekayələrindən əlavə, öz təcrübələrimiz də göstərir ki, dünya xoşagəlməz və acı hadisələr, bəla, giriftarçılıqlar və müsibətlərə bürünüb. Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: "Dünya elə bir evdir ki, bəlalar onu bürümüş, vəfasızlıq və hiylə ilə tanınmışdır. Hadisələri müxtəlif, sakinləri də rahat deyil. Əhvalı dəyişkən, vəziyyəti də ötüb keçəndir. Oradakı həyat məzəmmət olunub, əmniyyət və asayişi də yoxdur. Onun əhalisi həmişə bəla (oxları) hədəfinə çevrilib, daim onlara tərəf atılır və ölümlə onları məhv edir”.
O Həzrət (ə) Şüreyh Qaziyə (səksən dinarlıq ev aldığına görə) buyurdu: "Bu evin qəbzinin bir nüsxəsini yazıram. O nüsxə belədir: Bu, zəlil bəndənin köçməyə hazır olan ölüdən aldığı, fani olanların məhəlləsində, həlak olanların küçəsində, qürur sarayından bir evdir. Onun dörd tərəfi vardır. Bir tərəfi bədbəxtlik və bəlalardan, ikinci tərəfi acı hadisələr və müsibətlərdən, üçüncü tərəfi süstləşdirici istək və meyillərdən, dördüncü tərəfi isə doğru yoldan, azdırıcı şeytana birləşmiş divardan ibarətdir. Bu evin qapısı da dördüncü tərəfə açılır”.

İmam Əlinin (ə) bəyanında dünyanın dörd tərəfində bəlalar və müsibətlər olduğunu görürük. Beləliklə aydın olur ki, dünya rifah və asayiş yeri deyil. Orada insan həmişə bəla və giriftarçılıqla mübarizədədir.


GİRİFTARÇILIQLARIN SƏBƏBİ
İndi isə bu giriftarçılıqların səbəbini araşdıraq.
Qurana nəzər salanda görürük ki, bu giriftarçılıqların səbəbi bizim keçmişdəki xoşagəlməz əməllərimizdir. Məsələn, Şura surəsinin 30-cu ayəsində buyurulur: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır və Allah (günahlardan) çoxlarını əfv edər”.
Bu və buna oxşar ayələrdə müsibətlərin səbəbləri kimi keçmişdə baş vermiş günahlar göstərilir. "Rum” surəsinin 41-ci ayəsində buyurulur: "İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad və giriftarçılıq əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıdalar”.
Bu ayəyə əsasən yerdə və quruda baş vermiş bəlalar həm əməllərin cəzası, həm ibrət almaq və həm də günahkarların tövbə edib Allaha tərəf qayıtmasına görədir. "Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az qorxulu müharibələr, bir az aclıq (qıtlıq), bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver”.
Bu ayəyə əsasən də müxtəlif giriftarçılıq və bəlaların səbəbi insanın imtahan olunmasıdır. "Ənkəbut” surəsinin 2-ci ayəsində buyurulur: "İnsanlar (iman gətirdiklərini) güman edib onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”
"Fitnə” kəlməsi qızılı oda qoyub, onun xalisini qatqısından ayırd etmək mənasını ifadə edir. Daha sonra bu söz hər cür zahiri və batini imtahana da deyilib. Beləliklə, aydın olur ki, insan həmişə fitnə və imtahan arasındadır. Həzrət İmam Əli (ə) giriftarçılıq barəsində buyurub: "Pərvərdigara! Sənə fitnədən (imtahandan) pənah aparıram, deməyin. Çünki imtahan olunmayacaq kəs yoxdur. Lakin hər kəs Allaha pənah aparmaq istəsə, doğru yoldan azdıran fitnələrdən Allaha pənah aparsın. Allah-təala (Quranda "Təğabun” surəsinin 15-ci ayəsində) buyurur: "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir”. Bu cümlənin mənası budur ki, Allah insanları mal-dövlət və oğul-uşaqla imtahan edir ki, verdiyi ruzidən narazı qalan və şükr edib razı olan kəslər tanınsınlar. Hərçənd ki, Allah insanlara onların özlərindən daha agahdır, lakin bu imtahan və sınaq, mükafat və cəzaya layiq olan əməllərin aşkar olunması üçündür”.
Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bəzən imtahan, bəzən əməlin cəzası, bəzən də keçmiş günahların bağışlanması, bəzən isə (Allah övliyalarının bəlaları kimi) mənəvi dərəcənin artması kimi qeyd olunur. Bütün ayə və rəvayətlərdən belə nəticə çıxarırıq ki, bəlaların səbəbləri aşağıdakı beş haldır:
Keçmiş əməllərin cəzası.
Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi.
İmtahan və sınaq. Özünü tanısın ki, imtahanın öhdəsindən necə gələ bilir.
Keçmiş günahların bağışlanması.
Mənəvi məqam və dərəcənin artması.
Beləliklə, biz öz araşdırmalarımızda bəlaların səbəblərini anladıq. Bəla üz verdikdə gərək dözümsüz olmayaq. Əksinə, səbir və müqavimət göstərməklə Allaha xatir özümüzü onların çətinliklərinə öyrəşdirsək və bu yolda polad kimi iradəli olsaq, çox təsiri olacaq. "Bəqərə” surəsi 155-ci ayənin davamında buyurulur: "Səbir edən şəxslərə müjdə ver”.
"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” deyirlər”.

Allahın lütf və mərhəməti bu cür insanlara şamil olacaq və belə insanlar doğru yolda olanlardır.


GİRİFTARÇILIĞIN ƏN MÜHÜM AMİLİ VƏ YAXUD İMTAHAN
Giriftarçılığın səbəbləri arasında hamını əhatə edən və ən mühümü, imtahan və sınaq amilidir. Allah-təala hətta peyğəmbərləri də (onların mənəvi dərəcələrinə görə) imtahan edir. Heç kim bu qanundan istisna olunmur. İmtahanın yolları çoxdur. "Ənbiya” surəsinin 35-ci ayəsində buyurulur: "Biz sizi xeyir və şərlə sınağa çəkərik”.
Beləliklə, insan hər cür xeyir və şərlə imtahan olunur. Bəzi rəvayətlərdə hamıya aid edilən fitnə (imtahan) on hissəyə bölünür:
Doğru yoldan azmaqla imtahan.
Sınaq imtahanı.
Dəlil və höccət imtahanı.
Şirk imtahanı.
Küfr imtahanı.
Odda yanmaqla imtahan.
Əzabla imtahan.
Ölməklə imtahan.
Haqq yoldan saxlanmaqla imtahan.
Şiddətli giriftarçılıqla imtahan.
Bəziləri məhəbbətlə imtahanı da bunlara əlavə edirlər.

Yuxarıda göstərilənlərlə çox imtahan olunduğuna görə, insanların ehtiyatlı olması üçün onlar təkrar-təkrar xatırladılır. İmam Əli (ə) buyurur: "Fitnələr qabağa gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm beli olur ki, minələr və nə də sağmaq üçün döşləri olur”. İmam (ə) bu sözləri o zaman buyururdu ki, iki azğın dəstə bir-biri ilə döyüşə başlamışdır. O həzrət demək istəyir ki, ehtiyatlı olun. Bu fitnə öz məqsədləri üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri üçün istifadə etsin. Yoxsa, əgər döyüşən tərəflərdən biri haqq olsaydı, ona kömək etmək vacib olardı.


BƏLALAR MÜQABİLİNDƏ SƏBİR
Bundan əvvəl deyildiyi kimi, bəlalar dünyanı əhatə edib. Hər kəsin bir cür giriftarçılığı və bu giriftarçılıqların hər birisinin öz səbəbləri var. Onlardan ən mühümü bu yarış meydanında kimin qalib gəlməsini müəyyənləşdirən imtahan və sınaqdır. İndi isə digər bir amilə diqqət yetirək. Bu, acı hadisələr və bəlalara səbir etməkdir. Gərək insan bəlalar qarşısında son həddə qədər dözüb, səbir və müqavimət göstərməklə mümkün olmayanları reallaşdırıb, Allah fərmanına təslim olsun.
Bir çeşmə ayrıldı qayadan düzə,
Qəfildən bir daşla gəldi üz-üzə.
Həlimliklə belə söylədi daşa:
Yol ver, qoy yolumu mən vurum başa.
Qəlbi qara daş qaldırıb səsini,
Dedi: Uzaq dayan, kəsərəm nəfəsini.
Sellər tərpətməmiş məni yerimdən,
Sənin qarşındanmı qaçmalıyam mən?!
Bu sözlər çeşməni razı salmadı,
Təkan vurdu daş yerində qalmadı.
Çalışdı-vuruşdu, durmadı bir an,
Ötüb-keçdi daşdan, yol oldu asan.
Zəhmətlə çatarsan hər bir istəyə,
Atdığın ox çətin ki, daşa dəyə.
Get tər axıt, üzülməsin ümidin
Qisməti ölümdür hər naümidin.
Bil, işdə olarsa səbirin, dözümün,
Çətinliklər asan olası bir gün.

Qurani-məciddə yüz dəfədən çox müxtəlif təbirlərlə səbir və müqavimətli olmaq barəsində söz açılır. Ancaq səbir, əlini əlinin üstünə qoyub, gözləmək deyil. Əksinə, səbir lüğətdə bir işi yerinə yetirmək və onu davam etdirmək üçün polad kimi iradəli olmaq və qəlbin əzmkarlığı mənasındadır. Səbir və müqavimət təkcə insanın ruhiyyəsinin aşağı enməsinin qarşısını almır. Əksinə, insanın ruhiyyəsini neçə dəfə yüksəldir. Eləcə də cəbhədə düşmən qarşısında səbir barəsində Quranda buyurulur: "Əgər içərinizdə iyirmi səbirli və müqavimətli kişi olsa, iki yüz kafirə qalib gələr”.[Enfal suresi,65]
"Ali-İmran” surəsinin 200-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Səbir edin. Düşmənlərin müqaviməti müqabilində də dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”
Mütəal Allah bu ayədə qələbəyə olan ümidi dörd şeydə bilir:
Nəfs istəkləri və meylləri, çətinliklər və bəlalar müqabilində səbir və müqavimət.
Düşmən qarşısında səbir və müqavimət.
Sərhəd keşiyində səbir və müqavimət (bu, istər müsəlman məntəqələrinin sərhədi olsun, istərsə də siyasət və İslam mədəniyyətinin).
Hər bir şeyin əsası olan pərhizkarlıq və paklıqdakı (iffətdəki) səbir.
Quranda belə bir təbirlər də var ki, "Allah səbir edənlərlədir”[Beqere suresi,249] və "Allah səbir edənləri sevər”.[Ali-Imran suresi,146] Quranda dörd yerdə buyurulur ki, insanı hidayət edən ibrətamiz dərslər, çox şükür və səbir edən kəslər üçün haqq və xeyir əlamətidir.[Ibrahim suresi, aye5,Logman suresi,21, Seba suresi, aye 19, Shura suresi, aye 33] "Məhəmməd” surəsinin 31-ci ayəsində buyurulur: "Biz içərinizdəki mücahidləri və səbir edənləri ayırd etmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq (kimin həqiqi, kimin yalançı olub şayiə yaydığı və nifaq üzündən (məqsədilə) söz danışdığı üzə çıxsın)”.
Talutun macərasında, Həzrət Samuel Peyğəmbər (ə) tərəfindən təyin edilən güclü və şücaətli bir kişi az bir dəstə ilə zəmanənin zalım diktatoru Calutun hər cəhətdən döyüşə hazır vəziyyətdə olan ordusunun qarşısında durdu. Görürük ki, Talut az adamla Calutla döyüşə gedəndə onun tərəfdarları bütün varlıqları ilə dedilər: "Pərvərdigara, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”[Beqere suresi, aye 250]
Həmin böyük ruh yüksəkliyi ilə Calutun hər cəhətdən döyüşə hazır olan ordusunu məğlub etdilər. Bu zaman (Davud adlı) yeniyetmə cavan Talutun qoşununda idi. Ordu cəbhənin ön xəttinə çatanda, o, əlindəki sapandla çox məharətlə Caluta tərəf bir-iki daş atdı. Daş Calutun alnından dəyərək onu yerə yıxdı. Calutun ordusu qorxuya düşüb, bir neçə itki verdikdən sonra qaçmağa başladı və bəni–İsrail qövmü qalib gəldi.

Bəli, səbir və müqavimət belə bir möcüzə yarada bilir. Müşkül görünən işləri həyata keçirir və mümkün olmayanları da mümkün edir.

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 646 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]