Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
ZİFAF ƏNƏNƏLƏRİ
2012-12-05, 7:38 AM | |
Quranda və rəvayətlərdə zifaf haqqında bəzi məsələlərə toxunulmuşdur ki, onlara riayət etmək qadının, kişinin və onların gələcək övladlarının xeyrinədir. Bu mövzuda əxlaqi tələblərdən biri budur ki, gəlin evə gəldikdə bəy onun ayaqqabılarını çıxarıb, ayağını yusun. Onun suyunu evin qapısından mümkün olan yerə qədər səpsin. Çünki bununla evdən yetmiş min növ yoxsulluğun kökü kəsilir və onu yetmiş min növ bərəkət bürüyür. Gəlinin başı üzərində yetmiş mələk pərvazlanır və onların bərəkəti evin dörd bir yanını əhatə edir. Gəlin o evdə olduğu qədərincə dəlilik, cüzam və s. kimi xəstəliklərdən amanda qalır. Toyun ilk həftəsində gəlin özünü süd, sirkə, kişmiş və turş alma yeməkdən qorusun. Çünki ilk günlərdə bu dörd qida məhsulu onun bətninə mənfi təsir göstərir. Belə ki, o sonsuzluqla qarşılaşmaq təhlükəsi ilə üzləşir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər qadın sirkə yediyi zaman heyz olarsa, heyzdən qurtarmağı gecikər. Kişmiş heyzi şiddətləndirir və doğuşu çətinləşdirir. Turş alma heyzi tez kəsir və qanın bətndə qalması müxtəlif xəstəliklər əmələ gətirir». Ayın əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmaqdan çəkinmək lazımdır. Bunun günortadan sonra da baş verməsi məqsədə uyğun deyil. Bu vaxt danışmaq, göz dikmək olduqca məkruhdur. Zifaf zamanı digər qadının fikrində olmaq dünyaya gələcək uşağın ruhiyyəsi üçün çox zərərlidir. Zifaf zamanı sadə və yüngül libas geyinmək qadın və kişi üçün əxlaqi baxımdan yaxşıdır. Bu işlə ayaq üstə məşğul olmaq heyvana məxsus və narahatlığa səbəb olan bir işdir. Fitr bayramı axşamı, qurban bayramında, ağac altında, gün altında, azan və iqamə arasında, ev üstündə və Şəban ayının on beşinci gecəsi bu işlə məşğul olmaq ziyandır. Bazar ertəsi axşamı, çərşənbə gecəsinin ilk saatlarında, cümə axşamı gecəsi və gündüzü, cümə günü gecə və axşamçağı zifaf üçün əlverişli və maddi-mənəvi mənfəətlərə malikdir. Zifaf qadağan olunan günlərin dünyaya gələcək övlada aşağıdakı təsirləri göstərməsi ehtimal olunur: dəlilik, cüzam, axmaqlıq, çəpgözlük, lallıq, korluq, xəsislik, qadına bənzərlik, təfriqə və ayrılıq, sonsuzluq, altı barmaq olma, dörd barmaq olma, yoxsulluq, tamahkarlıq, təcavüzkarlıq, eybəcərlik, kütlük və s. kimi xislətlər. Tövsiyə olunan vaxtlar isə övlada Quranı əzbərləmək, Haqqın qəzası ilə razılaşma, iman, əzabdan amanda qalmaq, mehribanlıq və səmimiyyət, ürəyi yumşaqlıq, səxavət və əliaçıqlıq, şirin dilli olma, bilik və savad, din və dünya saflığı və ilahi övliyalar məqamına ucalmaq kimi təsirlər göstərir. Bu növ təsirləri maddi vasitələrlə, tibbi yollarla müəyyənləşdirmək olmaz. Həzrət Peyğəmbər (s) bu həqiqətləri Əliyə (ə) bir vəsiyyət kimi söylədikdən sonra zifaf mövzusundakı qeyd olunan məsələlərə riayət etməyi tapşırdı və «Cəbrayıldan eşitdikdən sonra mən də əməl etdim»-deyə buyurdu.("Bihar" c. 100, səh. 280, İləluş şərayə, səh. 514-517, Əmaliye Səduq, 566-570) Bu işin heç bir müqəddimə və hazırlıq olmadan həyata keçirilməsi qadına zülmdür. Ona görə də belə bir iş qadağan olunmuşdur. Müqəddimə ilə, hər hansı bir hazırlıqdan sonra bu işlə məşğul olmaq kişi və qadın üçün ruhi və cismi baxımından olduqca faydalıdır. Peyğəmbər (s) buyurmuşdur: «Üç şey zülm nümunələrindəndir: Bir şəxsin digəri ilə yoldaşlıq etdiyi bir halda, onun adını və ya künyəsini soruşmaması. Qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməmək və ya qəbul edib ev sahibinin yeməyindən yeməmək. Heç bir atifi və cismi hazırlıq olmadan intim əlaqədə olmaq».("Bihar" c. 100, səh. 285) İmam Sadiq (ə) buyurmuşdur: «Üç şey peyğəmbərlərin sünnəsindəndir: Gözəl ətirdən istifadə etmək, saçı azaltmaq və qadının cinsi tələbatına lazımınca cavab vermək».("Bihar" c. 100, səh. 285) Əli (ə) buyurur: «Qadına yaxın durmamaq, onun cinsi tələbatını cavabsız qoymaq qəbir əzabına səbəb olur».(İləluş-şəraye, 309) Heyz halında zifaf günah, dörd aydan artıq heç bir üzr olmadan fasilə və ya həyat yoldaşının razılığı olmadan bu işlə məşğul olmamaq əzaba səbəb olur və cənabət halında məkruhdur. Əmirəl-möminin (ə) buyurur: «Heç bir hazırlıq olmadan intim əlaqədə olmaqdan qəti şəkildə çəkinin. Çünki qadının atifi və cismi ehtiyacları vardır. Ona bu sahədə kömək edin. Sonra isə istənilən şəkildə intim əlaqəyə girin. Gözünüz naməhrəm bir qadına düşdükdə onun gözəlliyi sizi cəlb edərsə, dərhal öz qadınınızın yanına gəlin. Çünki Allah o naməhrəm qadına verdiklərini sənin həyat yoldaşına da bəxş etmişdir. Naməhrəm qadına göz dikməkdən əl çəkərək öz arvadının yanına gəlmək, şeytanın qəlbə hakim olma yolunu bağlayır. Arvadınız olmadığı surətdə dərhal iki rəkət namaz qılın. Allaha çox həmd edin. Peyğəmbər (s) və ailəsinə çox salavat göndərin, sonra Allah-təaladan diləyin. Allah-təala öz lütfü ilə sizi ehtiyacsız edəcək şeyi halal edir.("Bihar" c. 100, səh. 287) Qadının cinsi tələbinə cavab vermək insanı təəccübə gətirəcək qədər savaba malikdir. Bir rəvayətdə qeyd olunur ki, İslam peyğəmbəri (s) bir kişiyə buyurdu: - Bu gün oruc tutmusanmı? Kişi: - Xeyr. - Hər hansısa bir xəstəyə baş çəkmisənmi? - Xeyr. - Dəfn mərasiminə getmisənmi? - Xeyr. - Bir miskinin qarnını doyurmusanmı? - Xeyr. Daha sonra Rəsulullah (s) buyurdu: «Evinə qayıt. Həyat yoldaşının cinsi haqqını ödə. Bu sənin üçün sədəqədir».(Həmin mənbəə, 289) Az yaşlı uşaq olan bir məkanda cinsi əlaqəyə girmək olmaz. Çünki ruhi və əxlaqi baxımdan uşağa ziyandır. İmam Sadiqin (ə) buyruğuna əsasən, uşağın gələcəkdə zinakar olması ehtimalı mövcuddur.(Həmin mənbəə, 290) Çox tox halda bu işlə məşğul olmağın cismə ziyanı var.(Həmin mənbəə, 290) Beşikdə südəmər uşaq baxarkən, bu işdən çəkinmək lazımdır.(Həmin mənbəə, 295) Doğrusu, İslam əxlaqi, tərbiyəvi məsələlər, xüsusilə də qadınların hüquqlarını qorumaq, həyatın bütün sahələrinə diqqət, fərdi, ictimai və ailə və maddi və mənəvi məsələlərə baxışı baxımından çox əzəmətli və aqilləri heyran edən bir dindir. Bəli, belə də olmalıdır. Çünki o, Haqq vəhyinin, Peyğəmbər və Əhli-beyt (ə) dünyagörüşünün məhsuludur. | |
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |