Bazar günü, 2024-12-22, 3:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

TÖVBƏKAR ALLAHIN SEVİMLİSİDİR
2012-11-28, 3:49 AM
TÖVBƏKAR ALLAHIN SEVİMLİSİDİR
Müqəddəs Məşhəd şəhərinə etdiyim səfərlərdən birində şam azanı vaxtı bir kişi ilə rastlaşdım. Sanki, neçə illərdir məni tanıyırmış kimi davranırdı. Bir neçə dəqiqə söhbətdən sonra məndən müvəqqəti olaraq yerləşdiyi yerə getməyimi xahiş etdi. Onu ilk dəfə görməyimə baxmayaraq, dəvətini qəbul etdim. Məlum oldu ki, məhərrəm və səfər aylarında etdiyim çıxışlarımın dinləyicilərindən biri olmuşdur. Lakin mənim onun şəxsiyyəti haqda heç bir məlumatım yox idi. Bir neçə dəqiqəlik məndən ayrılanda, onunla birlikdə olan bir şəxsdən kim olduğunu soruşdum. Adını dedikdə tanıdım. O, gənc çağlarında çox qüvvətli, özündən deyən bir şəxs idi. Belə ki, Tehran quldurları, pəhləvanları onunla hesablaşırdılar. Qaçaqçılıqla, qumarxanalardan bac almaqla məşğul idi. Tehranda onunla heç bir şəxs qarşılaşa bilmirdi. Haram yolla xeyli var-dövlət toplamışdı. Birdən qəlbinə ilahi bir nur saçdı. Vicdanın, əqlin hücumu onu yoluna qaytardı. Bütün əmlakını nağd pula çevirib bir çantaya qoyaraq Quma, Ayətullahül-üzma Burucerdinin yanına getdi. Şiə aləminin böyük müctehidi onun haqqında məlumat aldıqdan sonra onu xoş üzlə qarşıladı. O dedi: «Bu çantada olanların haram olmasına heç bir şübhə yoxdur. Mənim qiyamət hesab-kitabına dözməyə taqətim yoxdur. Bu ağır yükü mənim boynumdan götür». Ayətullah Burucerdi ona buyurdu: «Əgər həqiqi tövbə etmək istəyirsənsə, libasını da əynindən çıxar. Yalnız bir köynəklə Tehrana qayıt». Tövbə etməyə qərarlı olan şəxs libasını əynindən çıxardı. Şiə müctehidi onun tövbəsinin ciddi olduğunu görüb təsirləndi və libasını özünə qaytardı. Öz halal pulundan o dövrün pulu ilə beş min tümən ona verib, onu işıqlı, gözəl bir gələcək gözlədiyi müjdəsini verdi.
O, haramdan bütün varlığı ilə əl çəkdi. Həmin halal pul ilə Tehrana qayıtdı. Keçmiş aludəçilikləri tərk etdi. O pulla özünə yeni, halal bir iş qurdu. Get-gedə vəziyyəti yaxşılaşdı. Çox dəyişildi. Ailəsini də haqq yola yönəltdi. Çox bəhrəli məzhəbi məclislərdən birinin təsisçisi oldu. H.ş. 1370-ci ildə ömrünü başa vurdu. Cümə axşamı saat on ikidə, ömrünün sonuna bir neçə dəqiqə qalmış ağlar gözlə imam Hüseynə (ə) xitab edərək dedi: «Ömrümün əsas hissəsini sizin yolunuzda sərf etmişəm. İndi bu həssas vəziyyətimdə sizin lütfünüzə ümidim çoxdur».
Ailə üzvləri deyirlər ki, birdən gözləri otağın bir küncünə dikildi. İmam Hüseynə (ə) aşiqanə bir salam verdi və şirin bir təbəssüm ilə canını tapşırdı.
Bəli, əzizlərim, tövbə qapısı hər kəsin üzünə açıqdır. Tövbə daxilini təmizləmək, qəlbini işıqlandırmaq, əxlaqını saflaşdırmaq və haramdan ayrılmaqdır. Nə üçün bu faydalı ticarətdən faydalanmayaq?! Ömrümüzün sonuna bir neçə gün qalmış nura doğru addımlamayaq?! Çünki bütün dünya sərvətinə malik olmaq üçün günaha qərq olmağa dəyməz. Tövbə edək, çünki tövbəkar Allahın sevimlisidir.
«Allah tövbə edənləri sevir».("Bəqərə" 222)
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Allah yanında tövbəkar mömin qadın və kişidən sevimli bir kəs yoxdur»;("Mizanul-hikmə" c.1, səh.540-541) «And olsun Allaha, O, bəndəsi tövbə etdikdə əli azuqəsinə çatmış insandan daha çox sevinir»;(Həmin mənbəə)«Allah, bəndəsi tövbə etdikdə, ata olan sonsuzdan, itirdiyini tapan insandan və su tapan susuzdan daha çox sevinir»;(Həmin mənbəə) «Tövbə edərək günahdan qayıdan şəxs günahsız insan kimidir».(Həmin mənbəə)
Həzrət Əli (ə) buyurur: «Tövbə qəlbləri paklayan və günahları yuyan bir amildir».(Həmin mənbəə)
Tövbənin bəzi təsirləri var ki, onlar özünü göstərdikdə tövbənin qəbul olunmasına arxayın olmaq olar. Əks təqdirdə, yenidən tövbə nuruna doğru addımlamaq lazımdır. Rəsulullah bu mövzuda buyurur: «Tövbə edən şəxsdə tövbənin təsirləri özünü göstərməzsə, o tövbə həqiqi tövbə sayılmaz. Tövbənin təsirləri borc sahiblərinin rizayətini cəlb etmək, tərk olunmuş namazları qılmaq, xalq arasında təvazökar olmaq, özünü şəhvətdən qorumaq və oruc tutmaq ilə bədənini arıqlatmaqdan ibarətdir».("Bihar" c.6, səh.35-36)
Həzrət Əli (ə) buyurur: «Tövbə behişt əhlinin məqamıdır. O, altı məsələdən ibarətdir:
1. Keçmişdən peşman olmaq;
2. Gələcəkdə günah etməməyi qərara almaq;
3. Camaatın haqqlarını özlərinə qaytarmaq;
4. Zay olmuş vacibləri yerinə yetirmək;
5. Günah zamanı bədəndə artanları əritmək;
6. İbadət və itaətin çətinliyini cismə dadızdırmaq və sonra «Əstəğfirullah» demək. (Həmən mənbəə)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]