Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ərlə rəftarda İslamın tövsiyələri
2012-12-23, 7:36 AM | |
İslam təlimlərini nəzərdən keçirdikdə məlum olur ki, qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş yoxdur. Yəni kişi qadına hörmət göstərib, onunla xoş rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını təmin etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş rəftarı və onu razı salması - cihad sayılmışdır. İslam təlimlərinə əsasən kişinin qadın öhdəsində daha çox haqqı var. Qiyamət hesabında qadın üçün ərin razılığından böyük şəfaətçi yoxdur. Həzrət Fatimə (s.ə) dünyasını dəyişdiyi vaxt, Həzrət Əli (ə) dedi: "Pərvərdigara! Mən Sənin Peyğəmbərinin qızından razıyam”. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Xoş o qadının halına ki, əri ondan razıdır; vay o qadının halına ki, ərini qəzəbləndirmişdir”. İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə deyilir ki, ərini incidən, qəm-qüssəyə qərq edən qadın lənətlənmişdir. Ərini əziz tutub onu incitməyən, ona itaət edən qadın isə xoşbəxtdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər bir qadın ərini incitsə, onu razı salanadək namazı və digər xeyir işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir. Arvadını incidən, ona zülm edən kişi cəzalanır”. Həzrət Fatimə (s.ə) buyurmuşdur: "Həyat yoldaşı ilə mehriban rəftar edib, onu bağışlayanlar - insanların ən dəyərliləridir”. Bir şəxs Həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı rəftarı haqqında danışıb dedi: "Evə qayıtdığım vaxt zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim mehriban rəftar edir”. Həzrət Peyğəmbər (s) ona cavabda buyurmuşdur: "O, şəhid mükafatının yarısını almışdır”. Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu vəzifələrə əməl edilsə, ailə rabitələrində problemlər yaranmaz. (Erfan.az) | |
Views: 1040 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1 |
Total comments: 2 | |||||||
|