Bazar günü, 2024-12-22, 3:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qızın razılığını almaq lazımdırmı?
2012-12-01, 8:58 AM
Qızın razılığını almaq lazımdırmı?

Bəzən insan azğınlıq edib, özünü ən üstün, ən yaxşı və ən ağıllı hesab edir. Heç kimə haqq və qiymət vermək istəmir. Hamını alçaq, rəzil, aşağı və özünü üstün hesab edir. Özünü mütləq ixtiyar sahibi bilib, hamının yerinə fikirləşir, qərar verir və danışır. Bacardığı qədər başqalarını öz iradə, qərar və istəklərinə tabe və əməl etdirməyə çalışır və s...

Bu sadaladığımız rəzil və qeyri-insani sifətlər hamısı təkəbbürlü, lovğa və özünü bəyənən insanlarda toplanmışdır ki, insanlar arasında ən mənfur simadır. Belə insan cəhənnəmin ən pis yerində, özünə ən pis məqam almışdır.[1]

Allahın rəsulu, əzəmətli peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfadan (s) soruşdular ki, təkəbbürlü kimdir?

Həzrət (s) buyurdu: "O kəsdir ki, haqqa qarşı səfehlik və nadanlıq edə və başqalarını aciz və kiçik saya".[2]

Sizə bir atanı misal gətirmək istəyirəm. Təəssüflər olsun ki, o, belə bir pis, qaranlıq, nifrətə layiq və murdar iyi verən sifətə düçar olmuş və öz acı və zəhərli dili ilə öz doğmalarına belə rəhm etməmişdir.

*"...Yazdıqlarım üçün sizdən üzr istəyirəm.....Mən "dindar", varlı və sərvətli bir ailədə yaşayıram. Atamın hər günü məsciddə keçməısinə baxamayaraq, dindən düzgün bir anlayışı və dərki yoxdur. Həmişə öz var dövlətiylə fəxr edir və çox quldur, zülmkar və zorakı bir adamdır. Hamını kütbeyin və nadan hesab edir və istəyir ki, həmişə o deyən olsun. Özünü hamıdan ağılılı, təcrübəli və hər şeyə sahib bilir..... Mən, bacı-qardaşlarım və anam onun əlindən nələr çəkmiş, bunu ancaq bir olan Allah bilir. Amma mənim demək istədiyim budur ki,..."

(Cavab) "Mütləq hakimiyyət Allah-Taalaya məxsusdur və insanların bunu etməsi, istibdad , zülm və təkəbbür əlamətidir. Hər kəs yalnız öz dediklərini doğru bilib və başqalarının sözlərinə etina etməsə, həlak olacaq və doğru yoldan azıb, uçuruma düşəcəkdir.[3]

Ata belə fikirləşməməlidir ki, çünki atadır, övladları onun icazəsi olmadan nəfəs belə çəkməməli və hər şeydə - səhv ya doğru – onun fikir və rəyinə təslim olmalıdırlar.

Doğrudur ki, qız ərə getmək istəyərkən atanın razılığını almalıdır, amma bu o demək deyildir ki, ata qızının razılıq və məsləhətini nəzərə almasın və öz dediyini zorla qızına qəbul etdirsin.

Ata bilməlidir ki, qızına məsləhət və doğru yol göstərmək haqqı vardır, amma onu məcbur etməyə isə heç bir səlahiyyəti yoxdur.

Əgər ata qızını zorla və məcbur edib kiməsə ərə verərsə, qızın razılığı olmadığı halda, bu nikah İslam dinində batil sayılır və o qız dini baxımdan ərinin qanuni arvadı sayılmır.

(Məktubun davamı)*"...Mənim elçiliyimə gələnlərin çox olmasına baxmayaraq, ata təkid, israr və zorla məndən tələb edir ki, qohumlardan biri ilə evlənim. Amma mən onunla yaşaya və onu heç cür sevə bilmərəm, çünki onun pis əxlaqlı olduğunu bilirəm..... Çünki mən belə fikirləşirəm ki, mənimdə ictimai və xeyir işlərdə müsbət rolum olmalıdır. Buna görədə elə bir şəxslə evlənmək istəyirəm ki, mənimlə həmfikir və həmrəy olsun və eləyə biləm onunla birlikdə öz arzularıma qovuşam.

Atam bütün elçilərə yox cavabı verir və deyir ki, yalnız onunla evlənməlisən. O, bəhanə edir ki, onların ailəsi və ailəvi xüsusiyyətləri bizimlə uyğun deyildir. Deyir ki, sən anlamırsan, istəyirsən yeməyi çörəyi olmayan birisiylə ailə həyatı qurasan..."

(Cavab) "... Kəramət və şəxsiyyət – atanızın əqidəsinin əksinə olaraq – iman, təqva və əxlaqla ölçülür. Tayfa, qohum və mal-dövləti şəxsiyyət və üstünlük bilənlər, fikir və düşüncə tərzinə görə cahiliyyət dövrünün ərəbləri kimidirlər. Allahın rəsulu, əzəmətli peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfa (s) cahiliyyət dövrünün, çürük fikir və əqidələrini, kökündən, əməli və praktik olaraq məhv etmək üçün Cuybəri – ki, sadə və kasıb bir insan idi – böyük tayfalardan olan bir kübar qızın elçiliyinə göndərdi və həmçinin öz əmisi qızını Miqdadla evləndirdi ki, hamıya bildirsin ki, şərafət və ucalıq İslam və imandadır.[4]

Ey kaş, sizin atanızda peyğəmbərimizin (s) yolun davam etdirib, imanlı və gözəl əxlaqlı bir cavanı öz kürəkənliyinə qəbul edib, öz ağıllı və dərrakəli qızının hisslərinə hörmətlə yanaşıb, onu təklikdən və iztirabdan nicat verib və Allahın rəsulu, əzəmətli peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfanın (s) bu sözünə əməl etmiş olaydı ki, buyurur: "Din, əxlaq və əmanətdarlığını bəyəndiyiniz bir cavan, sizin qızınızın elçiliyinə gəldiyi zaman, onu qəbul edin və qızınızı ona verin. Onun kasıblığı sizi bu xeyir işdən saxlamasın ki, Allah-Taala öz lütf və mərhəmətini evlənənlərə vədə vermişdir"[5].

Atalara sözüm budur ki, övladlarını evləndirmək istəyərkən, ev, qızıl, maşın, cehizlik və bu kimi dəyərsiz şeyləri önə çəkib, cavanların xoşbəxtliyin və şirin arzuların ürəylərində qoymasınlar. Bəlkə, peyğəmbərimizin (s) gözəl sünnətinə əməl edib, cavanların xoşbəxtliyinə şərait yaratsınlar.

Bütün ağ saqqal və ağbirçəylərdən istəyirəm ki, qohum-əqrabaya belə məsələlərdə kömək etsinlər və onlara doğru yol göstərsinlər ki, İslam dini başqalarının köməyinə çatmağı və müsəlman qardaşlarının işindəki çətinlikləri aradan qaldırmağı, dini və insani bir vəzifə hesab edir.

Ədəbiyyat:

[1] - Qurani-kərim: Zümər/60, 72; Ğafir/60, 76; Bəharul-ənvar/cild:73;

[2] - Üsuli kafi.

[3] - Ğürərul hikəm və dürərul kəlim;

[4] - Vəsayiluşşiə 14/43-44; Məkarimul əxlaq;

[5] - Bəharul-ənvar 103/372;

Mirməhəmməd Bəşirov

islammektebi.org
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 841 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]