Şənbə günü, 2024-04-20, 7:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

QADININ İFFƏTİ VƏ HİCABI HİCABIN MƏNFƏƏTLƏRİ
2012-12-04, 7:42 AM
QADININ İFFƏTİ VƏ HİCABI
HİCABIN MƏNFƏƏTLƏRİ

Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir.
Hicabın ən gözəl nümunəsi Zəhra (s.ə) yadigarı olan çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox təhlükələrdən qoruyur.
Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır.
Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin mənəviyyatını yıxmağa qalxmaz.
Əgər gənc oğlanlar küçədə, bazarda, elm mərkəzlərində, idarələrdə və s. kimi ümumi obyektlərdə qız və qadınların gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar, digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi xəstəliklər, tüfeylilik və digər bu kimi problemlərlə qarşılaşmaz, minlərlə istedad heyvani həyat qəbiristanlığına gömülməz.
Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır.
Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, evladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki yuxarıda qeyd olunanlar ona da şamil edilir.
Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.
Qadın hicab zinəti ilə zinətləndiyi bir halda təhsil, tərəqqi mərhələlərini asanlıqla keçə bilər. «Hicab tərəqqi yolunun maneəsidir» prinsipi şeytani bir vəsvəsə olaraq qarətçi müstəmləkəçilərin, namus oğrularının dünya xalqlarına aşılamaq istədikləri yanlış bir fikir, qərb və şərq dövlətlərinin sayaqlamalarıdır.
Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı - bütün bunların hamısı qadınların hicab və örpəyinə borcludur.
Əgər kişilər asanlıqla, istədikləri şəkildə (qeyri-qanuni yolla) qadınlara sahib ola bilsələr, bu zaman onların öz nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin heç bir zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır.
Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb olub və s.
Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar.
İranda mövcud olan ailə quruluşu həya, iman, təqva əsasında qurulan, olduqca güclü, möhkəm bir ailə quruluşudur. Bu səbəbdən, təlaq da digər ölkələrə nisbətən olduqca azdır.
Qərb müstəmləkəçiləri Rza xan adlı vətənini satan, xain birinin əli ilə tüfeyliliyin, savadsızlığın əsasını qoyduqdan, Qurandan gələn hicab və örtüyü qarət etdikdən sonra ailələrin vəziyyəti tamamilə dəyişdi. Təlaq inanılmaz şəkildə artdı. Belə ki, onun hakimiyyətinin sonlarında hər ay altı-yeddi min ailə boşanmaq məqsədi ilə məhkəmələrə müraciət edirdi. Qadınlar ərlərindən, kişilər isə arvadlarından imtina edirdilər. Ailə məsuliyyətini çiyinlərindən atmış bu iki zümrə sürətlə cəmiyyətə qoşulur, nəticədə isə pozğunluq, fəsad baş alıb gedirdi.
Hicabın aradan qaldırılması məsələsindən sonra, böyük mərcəyi-təqlid, dahi alim mərhum Ayətullah Şahabadi şah rejimindən qorxmayaraq minbərlər üzərində, ümumi və xüsusi məclislərdə fəryad edirdi: «Rza xan Quranın hicabını qarət etməklə, Gövhərşad məscidinin və imam Rzanın (ə) məqbərəsinin ətrafında hicabsızlıq əleyhinə qiyam edən əhalini qırmaqla yüz iyirmi dörd min peyğəmbərin belini sındırdı».
Bəli, o arif, İslam hökmlərində, fəlsəfədə məharətli müctehid, misilsiz alim olan o haqq aşiqi hicabsızlığı Allah elçilərinin belini qıran bir amil hesab edir.
Qütb çox faydalı «Biz müsəlmanıqmı?» kitabında yazır: «Əlimə keçən sənədlərdən məlum oldu ki, papalardan biri bütün keşiş və kardinalları Vatikana dəvət edir. Onlardan İslamı məhv etmək, din işığını söndürmək üçün Vatikan və məsihiyyətə az xərcə başa gələn bir yol tapmalarını tələb edir. Bu məqsəd üçün komissiyalar təşkil olunur. Mütəxəssislər müxtəlif fikirlər irəli sürürlər. Bütün rəy və fikirlər arasında yalnız bir rəy keşişlər, kardinallar və papanın özü tərəfindən qəbul olunaraq bəyənilir. Həmin rəy bundan ibarət idi: İslamı məhv etmək üçün ən güclü silah, ən az xərc tələb edən proqram müsəlman qadınlarının hicabını əllərindən almaqdır. Bu yolla onları bütün məkanlarda gənclərin ixtiyarına verər və qeyri-qanuni münasibətlərə sürükləyərik».
Bu layihə xainlərin əli ilə həyata keçirildi, qadınların həva-həvəsini, imansız qızların qeyri-normal tələblərini alovlandırdılar. Bununla da İslam ölkələri, İran acınacaqlı vəziyyətə düşdü. Belə ki, dinin məhv olması təhlükəsi gözlənilirdi. Belə bir şəraitdə peyğəmbərlər sülaləsindən, imamlar nəslindən olan şücaət simvolu Xomeyni (r.ə) İranda bir şimşək kimi çaxdı. Öz möhkəm yumruğu ilə biganələrin, yadların sinəsinə vuraraq dini əsarətdən qurtarıb, Quran hicabını müsəlmanlara qaytardı.
Bu ilahi inqilabı qorumaq, bu əzəmət dolu ilahi hərəkatdan doğan dəyərlərin keşiyini çəkmək İslam ümməti üçün vacib bir vəzifədir. Heç bir vəchlə düşmənə bu nuru söndürmək, İran xalqını inqilabdan öncəki vəziyyətinə qaytarmaq icazəsi vermək olmaz. Yalnız bu yolla bu ilahi mədəniyyətin öz ayaqları üzərində möhkəm dayanaraq, onu digər xalqlara sadir etməsi mümkündür.
Bütün qeyd olunanlara nəzər saldıqda, o mütəfəkkir şəhid (Seyyid Qütb) dəfələrlə öz çıxışlarında vurğuladığı «Hicab məhdudiyyət deyil, İslamın keşikçisidir» nəticəsini əldə edirik.
Bəli, hicab minlərlə qadını, kişini, ailəni, cəmiyyəti, xüsusilə də gəncləri minlərlə təhlükədən qoruyur və ailələrin isti ocaqlarının dağılmamasına yardım edir.
Tədqiqatçılar Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər.
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına xitab edərək buyurur: «Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et. Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir».("Bihar" c.77, səh.214)
Bir şəxs deyir: «Yağışlı bir gündə həzrət Peyğəmbərlə (s) birgə Bəqi qəbristanlığında əyləşmişdim. Ulağa minmiş bir qadın bizim yanımızdan keçdi. Ulağın ayağı çuxura düşərək qadını yerə atdı. Həzrət Peyğəmbər (s) üzünü çevirdi. Mən dedim: «O özünü şalvarla örtmüşdür». Rəsulullah (s) üç dəfə belə qadınlar üçün Allahdan bağışlanmaq dilədi və buyurdu: «Ey camaat! Bədəninizi daha yaxşı örtün və bu növ geyimlərdən istifadə edin. Öz qadınlarınızı evdən çıxardıqda, bu növ libas geyindirin».("Mizanül-Hikmə" c.2, səh.259)
Məqnə, uzun köynək, əba ayə və rəvayətlərdə qadın geyimləri kimi göstərilmişdir.
Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini, cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər.
«Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir»("Naziat"40-41).
Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.
Əli (ə) belə qadınlar haqqında buyurur: «Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar».("Vəsail" c.14, səh.19)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]