Cümə axşamı, 2024-11-21, 9:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qadının evə, kişinin işə bağlılığı
2013-07-04, 10:52 AM

Qadının evə, kişinin işə bağlılığı

Qadın evi sevmirsə, çöl-bayıra daha çox maraq göstərirsə, bu faciədir.
Qadın üçün ev, kişi üçün işdə yaradıcı mühit var


Ailəyə institut da dedilər. İnstitut deyəndə ya araşdırma, ya təhsil ocağı başa düşələrdi. Ailəyə hansı mənada institut demişdilər? Xoşbəxtliyin axtarıldığı məkan, yoxsa həyat çətinliklərinin öyrədildiyi sinif? İnstitut (lat. institutum — qoyuluş, ənənə, müəsisə) müxtəlif mənalarda, şəraitlərdə təşkilat mənasını bildirir.

İnstitut keçmiş sovetlər birliyində təhsil müəssisə mənasında işlədilirdi. Hazırda bu sözü universitet, akademiya sözləri əvəz edib. Bir çox elmi-tədqiqat, layihə müəssisələri də institut adlanır.
İnstitut sözünün geniş işlənən mənalarından biri sosial sferaya aiddir. Sosial institut deyəndə insanların birgə fəaliyyət təşkilatı nəzərdə tutulur. Ailəni məhz bu mənada institut adlandırıblar.
Hüquq institutları da müasir dünyada tanınmış qurumlardandır. Hüquq institutları hüquq normalarının araşdırılması və cəmiyyətə tətbiqi iləməşğul olur.

Ailə nikah ittifaqı, birliyidir. Ailə ənənəvi baxışlara əsasən cəmiyyətin baza ocağıdır.
Zəruri ictimai dəyərlərdən biri ailədir. Bir çox elmi nəzəriyyələrə əsasən cəmiyyətin makrososial evolyusiyasını təmin edən ailə quruluşu olub. İnsanlar bütün ictimai, sosial münasibətlərdən qabaq ailə münasibətlərini zəruri görüb və yaşayıb. Bütün insanlar dünyaya uşaq olaraq gəlir və uşaq üçün fiziki, psixi, emosional, intellektual inkişaf məktəbi ailədir. Əlbəttə ki, yaşlaşdıqca ailəyəmünasibət mərhələli qaydada dəyişir. Məşhur ingilis sosioloqu Entoni Giddens ailə qohumluq əlaqələri ilə bağlanmış və valideynllərin uşaqlara qayğı məsuliyyəti daşıdığı insan qrupudur.

Hüquqda ailə deyəndə sosial institut başa düşülür. Bu institut dövlət tərəfindən himayə olunur. Hüquqda tam ailə deyəndə ata, ana, övladlar, natamam ailə deyəndə ata və övladlar ya da ana və övladlar nəzərdə tutulur.
Sosioloji baxımdan ailənin funksiyaları: nəsil artımı, insan tərbiyəsi, maddi ehtiyacların təmini, fiziki və intellektual qüvvələrin bərbası, emosional təminat – sevgi, simpatiya, ehtiram, mənəvi qidlanma, sosial nəzarət, cinsi ehtiyacların təmini.

Dirk van de Kaa ötən əsrin sonlarında ailə institunda baş verən prinsipial dəyişikləri araşdırıb. Alimin nəzərincə artıq nikahın qızıl dövrü başa çatıb. Ailə institutu "övlad-şah valideynlərlə” formulu "valideynlər-şah övladla” formulu ilə əvəzlənib.

Ailə üçün müxtəlif adlar da düşünülüb: nuklear, mürəkkəb və s. Nuklear ailə deyəndə nikah tərəfləri və övladlar nəzərdə tutulur. Mürəkkəb ailəyə artıq baba-nənələr də daxildir.

Daha maraqlısı: monoqamiya - iki partnyorlu ailə, poliqamiya çoxpartnyorlu ailə. Bir kişinin bir neçə qadınla nikaha girməsinə çox təsadüf olunur. Bir qadının bir neçə kişi ilə nikaha girməsi isə Tibet, Havay adalarından başqa bir yerdə ənənəvi xarakter daşımır.

Valideyn ailəsi deyəndə elə bir ailə nəzərdə tutulur ki, bu ailə insan doğulur. Reproduktiv ailəni isə insan özü yaradır.

Bütün bunlar hamının bildiyi və kimsənin yararlanmadığı nəzəri biliklərdir. Daha doğrusu ailəni nəzəriyyə yaratdmır, ailə üzərində nəzəriyyələr yaranır. Problem boşanmadır. Yəni ailə institutunun dağılması. Səbəblər müxtəlifdir. Amma hazırkı yazıda məqsəd ailə institutunun, müəssisəsinin dağlmasında vəzifə bölgüsünün düzgün aparılmaması amili nəzərdən keçirilir. Tarixdə matriarxal (qadınların müdir olduğu), patriarxal (kişilərin müdir olduğu) dövrlər olub. Ayrı-ayrı dövrlərdə hansı quruluşlar və formaların hakim olması onların faydlılığı, düzgün seçim sayılması üçün əsas deyil. Ən kamil ailə modeli İslamda verilib desək yanılmarıq. İslamda ailədə qadınla kişinin hüquqularında qaranlıq nöqtə yoxdur. Təbii ki, bütün məktəblər kimi İslamda da təhriflər olub, millətlər və tayfalar dini öz qəliblərinə salıblar. Amma Quran və sünnə, Əhli-Beyt (ə) buyuruqları dəyişməzdir.

İslam hansı ailəni xoşbəxt sayır? Kişi işləsin, qadın yeyib-yatsın, qadın işləsin kişi yeyib-yatsın, ya hər iki tərəf işləsin və ya yatsın?


Ayətullah Əmininin bu barədə çıxarışları var:
Ailə İslam baxımından kiçik ictimai vahiddir. Böyük cəmiyyətlər bu kiçik vahidlərdən düzəlir. Ailə kişi və qadının nikahından yaranır, övladların dünyaya gəlişi ilə genişlənir. Ailədə ərlə arvadın məqsədləri fərqlənsə də mənafeləri eynidir. Ailənin səadəti, mənafeyi Allahın nəzərdə tutduğudur. Ər və arvadın isə ailə qurmaqda məqsədi ilahi məqsəddən fərləndikcə mənafelər də əldən çıxır. Ərlə arvadın rabitəsi dostluq, qonşuluq kimi bütün rabitələrin fövqündədir, vəhdət həddindədir.
Rum surəsi, ayə 21-də oxuyuruq: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”
Bəqərə surəsi, ayə 187: "Onlar sizin, siz də onların libasısınız.”
İslam ailədə tərəflər üçün müştərək və ayrıca hüquqlar təyin edir. Müştərək hüquqları nəzərdən keçirək:
-gözəl rəftar; Quranda buyururlur ki, qadınlarınızla gözəl rəftar edin. Təbii ki, bu göztəriş qadınlara da aiddir. Həzrət Peyğəmbər (s) buyurur ki, insanların ən üstünü ən gözəl əxlaqı olan şəxsdir.
-həyat yoldaşının diqqətini cəlb etmək, diqqət mərkəzində olmaq; Ər və arvad evdən çıxan yox, evdə, bir-birləri üçün gözəl geyinməli, təmiz olmalı, bir-birlərinin zövqlərini nəzərə almalıdırlar. Qadına həyat yoldaşı üçün bəzənmək əmr olunur. Bir qadın Peyğəmbərdən (s) soruşdu ki, kişinin qadın üzərində hansı haqqı var? Həzrət buyurdu: "Qadın əri üçün ən gözəl libaslarını geyinməli, özünü bəzəməli, ətirlənməli, zinət əşyalarını taxmalıdır. İslam dini ərdən də öz qadını üçün təmizlik, səliqə tələb edir. İslama görə qadın iffətli olub, əri üçün bəzənsə, onunla xoş rəftar etsə, onun libas və yeməyini hazırlasa ərinin haqqını ödəmiş olur. Həzrət Peyğəmbər (s) buyurur ki, ərinin sizi gözlədiyi vaxt namazı vacib həddindən artıq uzatmayın.
-övlad tərbiyəsi... Bu üç iş həm ər, həm də zövcənin vəsifəsidir.

Ərin vəzifələri:
-ailəyə başçılıq. Nisa surəsinin 34-cü ayəsində oxuyuruq: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” Bu başçılıq üç sahəni əhatə edir:ailənin maddi ehtiyaclarını təmin etmək, ailənin müdafiəsi, dini vəzifələrin icrasına nəzarət...
-xoş rəftar və güzəşt...

Zövcənin vəzifələri:
-ərin qayğısına qalmaq; Əmirəlmöminin (ə) buyurur: "Qadının cihadı ərinə yaxşı qayğı göstərməkdir.
-şəriət çərçivəsində ərə itaət;
-cinsi istəklərin təmini;
-ərin namusu və sərvətini qorumaq;
-evdən çıxanda ərdən icazə almaq...

Qadının unutmamlı olduğu bir tövsiyə də var. Həzrət Peyğəmbər (s) buyurur ki, qadın üçün ən yaxşı qərargah evdir! Bu sözləri cəmiyyətin aparıcı xanlmlarından olan Xədicənin həyat yoldaşı, hətta siyasət meydanında çıxışları ilə yadda qalmış Fatimənin (s.ə) atası, Kərbəla natiqi Zeynəbin (ə) babası Peyğəmbər deyir. Bəli, qadın zərurət yarananda cihad meydanına da çıxa bilər, ictimai fəaliyyətlə də məşğul ola bilər, amma... Amma ailə ocağının qadına olan ehtiyacı cəmiyyətin ehtiyacından bööyükdür. Təsəvvür edin ki, qadın böyük zəhmətlər bahasına təhsil alıb, elmi iş yazıb, doktorluq alıb və məsələn, səhiyyə naziri postunu tutub. Bir də ayılır ki, oğlu narkomandır, qızı vaxtını gecə barlarında keçirir. Bu baxımdan qadın övladların keşikçisidir. Təbii ki, ailənin maddi ehtiyacları var və kişi bu ehtiyacları təmin etməyə borcludur. Qadın övladlar üzərində nəzarəti itirirsə, kişi baş verənləri haradan bilməlidir. Qadın ona görə böyükdür ki, o Anadır. Ata evdə qalsa, qadın qazanc dalınca getsə, kişi məsələn körpəni əmdirə bilməz. Təkcə ana südü bir dəlildir ki, körpəni ana böyütməlidir.

Allah insana istedadlar verib. Bəzi evlərə gedəndə adamın ürəyi açılır. Hər yerdə səliqə-sahman, gözəl dibçək gülləri, qadının evi bəzəyən əl işləri. Qadının öz istedadlarını həyata keçirməsi üçün evdə gözəl şərait var. Qadın evi sevmirsə, çöl-bayıra daha çox maraq göstərirsə, bu faciədir. Qadın təkcə tikişə maraq göstərsə bu iş onu alar, istedadları çiçəklənər. Bu həm də ailə büdcəsinə yardımdır. Kişi isə öz istedadlarını qab yumaq, xörək bişiməklə sübuta yetirməməlidir. Qadın öz çevrəsində deyirsə ki, mənim ərim kimi xörək bişirən, paltar yuyan kişi tapılmaz qadın adı onun üçün artıqdır. Kişi öz həyat yoldaşının evdəki səliqə-sahmanı, övladların tərbiyəsindəki zəhmətləti yox, necə maşın sürməsi ilə öyünürsə, kişi adı da ona bir yükdür.

Xoşbəxt ailədə evdə bütün işlər qaydasındadır. Qadının səliqə, evdarlıq zövqü var və kişi bu işlərə qatışmamalıdır. Kişi ev işlərinə əl uzadanda qadın sevinməli deyil, narahat olmalıdır. Qadın evə pul gətirəndə kişi sevincindən atılıb-düşməməli, qızarmalıdır.

Bəli, qadının çöldə işləməsi, kişinin evdə uşaq saxlaması haram deyil. Bu, ulaq əti yemək kimi haram olmayan işlərdəndir. Xoşbəxt ailənin isə öz tələbləri var. Bir əli ilə körpəni qucağına alıb, o biri ilə dəəyirman fırladan Zəhranı (s.ə) yaddan çıxarmayaydıq.

haqqyolu. com. Şeyda Tağızadə

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1182 | Downloads: 0 | Rating: 4.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]