Bazar günü, 2024-12-22, 7:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

NAMUSUN QORUNMASI–QEYRƏT
2012-10-29, 8:48 AM
NAMUSUN QORUNMASI–QEYRƏT

Namusu qorumaq, qeyrətli olmaq hər bir mömin şəxsə vacibdir. İslam nəzərindən bu iş xeyli tövsiyə olunmuşdur. Qadın və kişinin küçə-bazarda, xiyabanlarda, məktəb və universitetlərdə, xüsusilə əgər qadınlar yarıçılpaq halda olarsa, onda bu halda qeyrət və abır-həya cəmiyyətdən yığışılar, əxlaqi və cinsi pozğunluq yayılar.

İslam düşmənləri, xüsusilə qərbin istismarçılar aldadıcı "qadın azadlığı” pərdəsi altında bu dəyərli varlığı–qadını öz əllərində oyuncağa çevirərək onun şəxsiyyətini öz maddi mənafeyləri üçün təbliğat alətinə çevirirlər. Tərbiyə işləri üzrə mütəxəssislərin araşdırmaları göstərir ki, oğlan və qızların bir yerdə təhsil aldığı məktəblərdə, yaxud qadın və kişilərin bir yerdə açıq-saçıq şəkildə işlədiyi idarələrdə əxlaqsızlıq hökm sürür. İşdə geriləmə, məsuliyyətsizlik və s. kimi iqtisadi və ictimai problemlər qadın və kişilərin bu cür xoşagəlməz qarışıqlığının nəticəsidir.["Təfsiri-nümunə”, 14-cü cild, səh.445]

Müqəddəs islam dini qeyrətli olmağı, namusu qoruyub saxlamağı imanın və kişiliyin əlamətlərindən bilir. Bunun sui-zənn ilə minlərlə kilometr arası vardır. İslam sui-zənni, bədgümanlığı kəbirə (bağışlanmayan) günah bilir, bunun da müqabilində qeyrətli, namuslu olmağı vacib və imanın bir hissəsi hesab edir. İmam Sadiq (əleyhissalam) buyurur:

"Allah taala qeyrətlidir və bütün qeyrətliləri sevir və məhz Öz qeyrəti səbəbi ilə bütün zahiri və batini fahişəlikləri, pozğunluqları haram etmişdir.”["Kafi”, 5-ci cild, səh.535]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Atam İbrahim (əleyhissalam) qeyrətli idi, mən ondan da qeyrətliyəm. Allah qeyrətsizləri məhv və zəlil edər.”["Biharul-ənvar”, 103-cü cild, səh.248]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Qadının qeyrət göstərməsi və ərinin ikinci arvad alması qarşısında həsəd etməsi imansızlıq əlaməti olub nəticə etibarı ilə Quran hökmünü inkar etməkdir. Bunun da müqabilində kişinin qeyrətli olması və namusunu qoruması ilahi fərmanlara tabe olmaq və imanın əlamətidir.”["Nəhcül-bəlağə”, səh.11]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Əgər bir kəsin arvadı cəlbedici qiyafə ilə, habelə ərinin icazəsi və təşviq etməsi ilə bəzənib evdən çölə çıxsa, onun əri qeyrətsizdir (dəyyusdur), əgər bir kəs belə adama biqeyrət desə, heç də günah etməmişdir.”["Biharul-ənvar”, 103-cü cild, səh.249]

Əli (əleyhissalam) Kufə qadınlarının küçə-bazarda hərəkət edib kişilərlə qarışmasını eşidəndə dərindən təəssüf hissi keçirdi və kufəlilərə xitabən yazdı:

"Ey İraq camaatı, eşitmişəm ki, qadınlarınız küçələrdə kişilərə toxunurlar. Aya həya etmirsinizmi? Aya qeyrət və həyanız yoxdurmu ki, qadınlarınız bazarlara gedib və açıq-saçıq şəxslərə toxunurlar?”["Vəsailüş-şiə”, 14-cü cild, səh.174]

Əli (əleyhissalam)-ın bu kəlamı o Həzrətin qəlbini yandıran atəşin kəlamlarından qaynaqlanır və (naməhrəm) qadınla kişinin bir yerdə olmasından şiddətlə nalə çəkir. Belə işlərin acınacaqlı aqibətindən vəhşət etməyən, bu kimi hərəkətlərə razı olan kişilərə qeyrətsiz deyilir. Həmçinin, o Həzrət oğlu İmam Həsən Müctəba (əleyhissalam)-a göstəriş verir ki, "bacardıqca öz həyat yoldaşını elə saxla ki, səndən başqa heç bir kişini görməsin və bu, sənin xeyrinədir. Çünki qadınların qorunub saxlanması hicabda və pərdə arxasında olmaqladır. Bunu da bil ki, sənin evinə gələn namünasib, nalayiq şəxslərin zərəri qadınlarının evdən xaric olmasından yaranan zərərlərdən heç də az deyildir. Yəni namünasib şəxslərin sənin evinə gəlməsinin qarşısını al ki, həyat yoldaşın evin daxilində də əmin-amanlıqda olsun.”["Nəhcül-bəlağə”, 31-ci məktub]

İmanlı kişi qeyrətini imanının bir hissəsi kimi bilir və öz namusunu hifz edib qoruyur, bədgümanlıq və sui-zənndən uzaq olur, başqasının namusuna da pis və əyri gözlə baxmır və əgər baxarsa, onun baxışlarının gətirəcəyi pis nəticələrdən qorxur. Belə ki, Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) zinanın təsirlərinə işarə edərək buyurur:

"Namus və qeyrəti olan bir şəxs camaatın namusuna təcavüz (zina) etməz. Əgər zina edərsə, onun da namusuna təcavüz olunacağından qorxar.”["Nəhcül-bəlağə”, 297-ci hikmət]

Burada əziz oxucular üçün qısa bir dastanı təqdim edirik. Bir gün Cəbrəil nazil olub Həzrət Peyğəmbərə dedi: Allah buyurur ki, Mən Cəfər ibni Əbitalibin (Cəfəri Təyyarın) dörd xüsusiyyətinə görə təşəkkür edirəm. Həzrət Cəfəri çağırıb Allahın kəlamını ona çatdırdı. Sonra bu xüsusiyyətlər hansıdır deyə soruşdu. Cəfər ərz etdi ki, əgər Allah taala sənə xəbər verməyəydi, onları sənə deməz, özümü tərifləməzdim. Amma indi ki, belə oldu, onları deyirəm:

1-Heç vaxt şərab içməmişəm, çünki şərab insanın ağlını aparır;

2-Heç vaxt yalan danışmamışam, çünki yalan danışmaq insanı etibardan salır və şəxsiyyətini ləkələyir;

3-Heç vaxt bütə sitayiş etməmişəm, çünki büt hətta özünü müdafiə edə bilmir, özü üçün xeyrə, şərə malik ola bilmir, pərəstişə də layiq deyildir;

4-Heç vaxt başqalarının namusuna təcavüz (zina) etməmişəm. Çünki bilirəm ki, Allah eləməmiş, əgər belə bir iş görsəm, onun əks nəticəsindən amanda qalmaram; digər tərəfdən də namusa edilən xəyanətə dözə bilmədiyimdən, heç kəsin namusuna təcavüz etməmişəm.


Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) əlini onun çiyninə vurub buyurdu: "Layiqdir ki, Allah sənə iki qanad əta etsin, mələklərlə birlikdə Cənnətdə pərvaz edəsən.”["Rovzətul-müttəqin”, 13-cü cild, səh.104]
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 974 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 momin12   (2012-11-04 2:19 PM) [Daxil et]
Allah razi olsun herkesden AMIN!!!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]