Bazar günü, 2024-12-22, 9:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Kişi Və Qadının Qarşılıqlı Hüquqları (Cəbrayıl Abıyev)
2013-02-21, 2:12 PM

Kişi Və Qadının Qarşılıqlı Hüquqları (Cəbrayıl Abıyev)

 Kişi və qadın, yaxud ər-arvad münasibətləri, onların qarşılıqlı hüquqları Quran və hədislərdə geniş şəkildə öz əksini tapmışdır. İnsan bunlarla yaxından tanış olarkən, onu İslam dininin bir möcüzəsi adlandırmaya bilmir. Heç bir din və məzhəbdə ailə hüquqlarına bu cür diqqət olunmamışdır. Həmçinin heç bir ideoloji məktəb bəşərə bu qanunlardan üstününü verməyə qadir deyildir. İslam şəriətinə uyğun olaraq onların özəl qismi zəruri, vacib, yaxud fəri qismi isə ixtiyari, yaxud müstəhəb xarakterlidir. Vacib və müstəhəb ailə hüquqları kodeksi xoşbəxt, səadətli ailə həyatının təminatına tam zəmanət verir.

Diqqətinizi bir neçə Quran ayəsinə yönəldirik:

"Həyat yoldaşlarınızla yaxşı rəftar edin.” ( Nisa, 19 )

"Kişi və qadınlar bir-birlə-ri ilə bağlı müəyyən hüquqlara malikdirlər. Əlbəttə, qadınların huququ gözəl şəkildə riayət olunmalıdır.” (Bəqərə, 228)

"Biz onlara qadınları barəsində vacib etdiyimiz hər şeyi bilirik.” (Əhzab, 50)

İndi isə bəzi hədisləri gözdən keçirək:

İshaq ibn Əmmar deyir: "İmam Sadiqə (ə) dedim:

"Kişi qadının onun boynunda olan hansı hüququna riayət etsə, yaxşı insan hesab olunar?”

İmam buyurdu:

"Onu azuqə və geyimlə təmin etsin və səhvlərindən keçsin.”

Həzrət hədisin davamında belə buyurur:

"Atamı həyat yoldaşı incitməsinə baxmayaraq, daim onu bağışlayardı.”

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, həzrət buyurdu:

"Vəhy mələyi Cəbrayıl (ə) qadın haqda mənə elə tapşırıqlar verdi ki, zinadan başqa halda onu boşamağın caiz olmadığını güman etdim.”

Peyğəmbər (s) buyurur:

"Allah kişini qadının sahibi etməsinə baxmayaraq, onun rəhməti həyat yoldaşı ilə yaxşı rəftar edən şəxsin halına şamil olar.”

Peyğəmbər (s) başqa bir hədisdə buyurur:

"Öz külfətini möhtac və başsız qoyanlar Allahın rəhmətindən qovulmuşlar.”

Yenə Peyğəmbər (s) buyurur:

"Sizin ən yaxşınız öz ailəsi ilə ən yaxşı rəftar edəninizdir. Mən özüm isə, ailəm ilə sizin hamınızdan daha yaxşı rəftar edirəm.”

Peyğəmbər buyurur:

"Kişinin ailəsi ondan asılıdır. Özündən asılı olanlar ilə yaxşı rəftar edən şəxs uca Allah yanında ən sevimli bəndədir.”




Qadının əri üzərində olan hüquqları

1) Qadının məişətini təmin etmək :

Peyğəmbər (s) buyurub:

"Qadınların yemək-içməyini lazımı qədər təmin etmək kişilərə vacibdir.”

İmam Səccad (ə) buyurub:

"Ailəmin istəyini yerinə yetirərək bazara daxil olub, bir dirhəmlik ət almaq, mənim üçün bir qul alıb azad etməkdən daha yaxşıdır.”

İmam Sadiq (ə) buyurub:

"Ailə başçısı olmaq və onların məişət avadanlığını təmin etmək kişinin xoşbəxtliyindəndir.”

2) Əliaçıq olmaq:

Peyğəmbər (s) buyurub:

"Bazara gedərək ailəsi üçün hədiyyə alan şəxs, zəiflərə sədəqə verən kimidir. O, aldığı hədiyyəni evə daxil olarkən, gərək əvvəlcə qızlarına versin. Çünki qızını sevindirən şəxs həzrət İsmayılın nəslindən olan bir qulu azad edən kəs kimidir. Oğluna hədiyyə almaqla onu sevindirən şəxs isə, Allah qorxusundan ağlayan kəsə müjdə verilən nemət dolu behiştlərə (bağlara) daxil edilər.”

İmam Kazim(ə) buyurub:

"Hər bir kişinin ailəsi ondan asılıdır. Allahın nemət verdiyi şəxs öz ailəsinə qarşı əliaçıq olmasa, nemət ondan alına bilər.”

Peyğəmbər (s) kişinin tox, amma onun həyat yoldaşının ac qalmasını qadağan etmişdir:

”Kişi ailədə öz istəyinin əksinə də olsa, üç şeyi etməlidir: Xoş rəftar, israfsız əliaçıqlıq və namusuna qarşı qeyrətli olmaq.”

İmam Səccad(ə) buyurur:

"Allah öz ailəsinə qarşı çox əliaçıq olan şəxsdən razıdır.”

Peyğəmbər (s) buyurur:

"Bir müsəlmanın Allaha görə öz külfəti üçün aldığı şeyin, sədəqə qədər savabı vardır.”



3) Qadına hörmət:

Peyğəmbər (s) buyurub:

"Evlənən şəxs öz həyat yoldaşına hörmət bəsləməlidir.”

Əli (ə) buyurub:

"Qadınlar sizin əlinizdə əmanətdirlər. Onlara çətinlik yaratmayın.”

Biri Peyğəmbərdən (s) qadın hüququ haqqında soruşduqda, o həzrət belə buyurdu:

"Qardaşım Cəbrayıl (ə) qadınları o qədər mənə tapşırdı ki, kişinin ona "uf” deməsinə belə haqqı olmadığını düşündüm.”

O dedi: "Ey Peyğəmbər! Hamınız Allahdan qorxun. Qadının hüquqlarını tapdalamayın. Onlar həyatın bütün çətinliklərinə dözürlər. Qadın Allahın göstərişi, Quranın hökmü və Məhəmməd peyğəmbərin şəriətilə sizə halal olmuşdur. Özlərini sizin ixtiyarınızda qoyduqlarına və sizin övladlarınızı dünyaya gətirənə qədər onları öz bətnlərində daşıdıqlarına görə sizin boynunuzda vacib haqları vardır. Sizinlə yol yoldaşı olmaları üçün onlarla mehriban olun, onları pisləməyin.”


4) Təmizlik və səliqə.

Kişi öz yoldaşını gözəl, ətirli və bəzənmiş görmək istədiyi kimi, qadın da öz ərini belə görmək istəyir. Kişinin təmizliyə riayət etməsi, tez-tez hamama getməsi, dişlərini fırçalaması, saçını daraması, dırnaqlarını tutması, ətirlənməsi, təmiz və səliqəli paltar geyinməsi və habelə başqa halal zinətlərdən istifadə etməsi qadını razı salır, onun iffətli və ismətli olmasına səbəb olur.

Həsən ibn Cahan deyir:

"İmam Kazimi (ə) bəzənmiş halda görüb ona: "Sənə qurban olum, bəzənmisən?” – deyə ərz etdim.

İmam buyurdu:

"Bəli, kişinin özünə fikir verməsi qadının iffətini artırar. Qadınlar, ərlərinin özlərinə fikir vermədikləri üçün öz iffətlərini itirərlər.”

Sonra məndən soruşdu: "Sən həyat yoldaşını səliqəsiz və çirkin görmək istəyərsənmi?!”

İmam Rza (ə) əcdadından belə nəql edir:

"Bəni-israil qadınlarının iffət və paklıqdan uzaqlaşmalarının səbəbi ərlərinin özlərinə fikir verməməsi olmuşdur.”

Sonra buyurdu: "Qadın da ərinin bəzənməsini istəyir. Necə ki, kişi həyat yoldaşının bəzənməsini istəyir.”




5) Gözəl davranış.

Kobudluq etsən kobudluq görəcəksən.

Həzrət Əli (ə) bu barədə kişilərə belə göstəriş verir:

"Qadınlarınızla hər bir halda yaxşı rəftar edin. Xoşsöhbət və mülayim olun. Bütün işlərdə onlara yaxşılıq edin ki, onlar da sizinlə yaxşı rəftar etsinlər.”



6) Mərdanəlik.

Bəzi kişilər iradələrini əldən verərək tamamilə qadınlarından asılı olurlar. Yaxud da bəzi qadınlar ərlərini özlərinə tabe edərək, ürəkləri istədiyi hər bir şeyi həyata keçirirlər. Bu, şeytani həyatdır. Belə bir həyat günah və israfla dolu, insaniyyət və mənəviyyatdən uzaq və Allahın bəyənmədiyi bir həyatdır.

Əli (ə) buyurur:

"Allah, arvadına təslim olan kişini üzü üstə cəhənnəm oduna atar.”

parlayangunesh.az


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 927 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]