Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
2013-02-21, 2:10 PM | |
Kişi Və Qadının Qarşılıqlı Hüquqları (2) Qadının vəzifələri Qadının öz əri qarşısındakı huquqlarına riayət etməsi ailə səadətinin təməlini təşkil edir. Qadın gərək özgələrin, onun ailə işlərinə müdaxilə etməsinə icazə verməsin və ərinə itaəti yalnız Allaha görə etsin. Bəzən özgələrin məsləhəti səhv və ya paxıllıq üzündən olur ki, bu da cavan ailənin gözəl yaşayışını tez bir zamanda dağıdır. Qadın tez aldanmamalı, əri ilə rəftarında səbir və hövsələni özünə şüar etməlidir. Qadın öz gözəllik və təravətini yalnız öz ərinə həsr etməlidir. Bütün bu dediyimiz və aşağıda oxuyacağınız haqlar, Allahın qadına müəyyən etdiyi vacib haqlardandır. Bəzən qadınlar ailə həyatında öz ərləri ilə bəhsə girərək kişi rəftarlarını yamsılamağa çalışırlar. Onlar öz həyat yoldaşlarına itaət etmək istəmir, onların müqabilində lovğalıq edirlər. Bu isə heç də yaxşı əlamət deyildir. Belə davranışların sonu isti ailə ocağının dağılması və qadının bədbəxtliyi deməkdir. Qadının əri müqabilində riayəti vacib olan bir sıra hüdudlar vardır ki, gəlin o barədə geniş danışaq. 1) İtaət: Həzrət Məhəməd Baqir (ə) buyurub: "Bir qadın Peyğəmbərin hüzuruna gələrək, kişinin öz qadını üzərində hansı hüququ olduğunu soruşduqda, həzrət belə buyurdu: "Ərə itaət etmək və ona qarşı üsyan etməmək.” Peyğəmbər (s) buyurub: "Gündəlik namazlarını qılan, Ramazan ayının orucunu tutan, Allahın evini ziyarət edən, öz ərinə itaət etməyi özünə vacib bilən hər bir qadın, behiştin qapılarının hansı birindən istəsə, daxil ola biləcək.” İslamın əziz Peyğəmbərindən günümüzəcən gəlib yetişmiş bu mühüm hədislərə diqqət edin: "Allah gündəlik namazlarını qılan, ərinin icazəsi olmadan evdən çıxmayan və öz ərinə itaət edən qadının keçmiş və gələcəkdəki günahlarını bağışlayar.” Peyğəmbər (s) Hövla adlı bir qadına belə buyurdu: "Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, kişinin öz qadını boynunda haqları vardır. Qadın, əri onu istəyən zaman qəbul etməli, bir göstəriş verərsə, yerinə yetirməli, onunla müxalifət etməməlidir.” Başqa bir yerdə buyurub: "Öz ərinin haqqına riayət etməyən qadın Allahın da haqqını yerinə yetirməmişdir.” Bu hədislərə əsasən, qadının təkcə ərinə itaət etməsi xoşbəxt olmaq üçün kifayət deyil. Onun imanı, ibadəti, vacibləri yerinə yetirməsi və haramlardan çəkinməsi də lazımdır. Beləliklə, bu səciyyələrin hamısına sahib olan bir qadın dünya və axirət səadətinə nail olacaqdır. 2) Həyat yoldaşının cinsi ehtiyaclarını ödəmək: Peyğəmbər (s) buyurub: "Qadın ən yaxşı ətirlə ətirlənməli, ən gözəl paltarını geyinməli və ən yaxşı şəkildə bəzənərək, özünü gecə-gündüz ərinə göstərməlidir. Kişinin həyat yoldaşının boynunda olan haqları bundan da çoxdur.” Peyğəmbərin (s) bu mübarək göstərişlərinə əməl edən qadın öz ərini başqalarına göz dikməkdən qorumuş olur. Bu gün bu ilahi məsləhətlərin unudulması İslam məmləkətlərini ictimai fəsadlar anbarına çevirmişdir. Allaha pənah! 3) İcazəsiz evdən çıxmamaq: Peyğəmbərimiz, qadınlara ərlərinin icazəsi olmadan evdən kənara getmələrini qadağan edərək, buyurmuşdur: "Ərindən icazəsiz evdən çıxan qadın evə qayıdanacan göyün bütün mələkləri, yanından keçən hər bir cin və ins tərəfindən lənətlənər.” Tarixdə belə yazırlar ki, ənsardan olan bir kişi səfərə gedərkən, həyat yoldaşına o qayıdanacan evdən çıxmamasını tapşırdı. Əri səfərdə olarkən, qadının atası xəstələndi. Qadın bir şəxsi Peyəmbərin yanına göndərərək, atasına dəymək üçün icazə istədi. Həzrət icazə vermədi və ərinə itaət edərək, evdə əyləşməsini buyurdu. Atasının halı ağırlaşdıqda o, yenə Peyğəmbərə xəbər göndərdi. Amma Peyğəmbər eyni cavabı verdi. Atası dünyadan getdi. Qadın atasının cənazəsinə namaz qılmaq üçün yenə Peyğəmbərin yanına adam göndərdi. Həzrət yenə həmin cavabı verdi. Atanı dəfn etdilər, amma qadın yenə evdə qaldı. Peyğəmbər o qadına xəbər göndərərək buyurdu: "Allah sənin öz ərinə itaətinə görə atanı bağışladı.” 4) Mülayim və mehriban olmaq: Peyğəmbər buyurmuşdur: "Əgər ərlərini incidib, onlarla kobud rəftar etmələri olmasaydı, heç bir namaz qılan qadın cəhənnəm odunda yanmazdı.” Altıncı İmam buyurub: "Üç nəfərin namazı qəbul olmaz: 1- Sahibinin evindən qaçan xidmətçinin. 2- Gecədən sübhəcən əri ondan narazı halda olan qadının. 3- Camaatın istəmədiyi rəhbərin.” İmam Kazimin (ə) qardaşı Əli ibni Cəfər o həzrətdən soruşdu: "Ərini qəzəbləndirən pis əxlaqlı qadının ibadətləri məqbuldur?” İmam cavabında buyurdu: "Ərini razı salan vaxtacan onun üçün günah yazılır.” Peyğəmbər (s) qadınlara, kişidən imkanı olmayan şeyləri tələb etməməyi, qohum və yad yanında onun abrını tökməməyi tövsiyə etmişdir. Altıncı İmam buyurur: "Ərini incidən və qəmləndirən qadın Allah rəhmətindən qovulmuşdur. Ərinin ehtiramını saxlayan, onu incitməyən və hər bir halda ona itaət edən qadın xoşbəxt qadındır.” 5) Ərə xidmət: Peyğəmbər Hövlaya buyurub: "Allah, əri üçün dadlı yemək bişirən qadına behiştdə müxtəlif yeməklər hazırlayaraq deyər: Dünyada çəkdiyin zəhmətlərə görə ye və iç.” Peyğəmbər buyurub: "Allah, evinə zinət vermək üçün bir əşyanı bir yerdən qaldırıb başqa yerə qoyan qadına rəhmət nəzərilə baxar. Hər kəs Allahın rəhmət nəzərində olarsa, onun əzabından amanda qalar.” İmam Kazim (ə) buyurub: "Evləndikləri zaman Fatimə (s) evdarlıq, xəmir yoğurmaq, çörək bişirmək kimi ev işlərini, Əli (ə) isə odun gətirmək və evə lazım olan əşyaları almaq kimi çöl işlərini öz öhdəsinə götürdü.” 6) Həyat yoldaşına ehtiram və onunla xoşrəftar olmaq: Yeddinci İmam buyurub: "Qadının cihadı əri ilə yaxşı rəftarıdır.” İmam Baqir (ə) buyurub: "Qadın üçün Allah yanında ərinin razılığından mühüm xilasedici şəfaət yoxdur.” İmam Sadiq (ə) buyurub: "Bir qrup şəxs Peyğəmbərin hüzuruna gələrək dedi: "Öz böyüklərinə səcdə edən bir camaat gördük. Siz də bizə belə bir icazə verirsinizmi?” Həzrət buyurdu: "Yox. Əgər belə göstəriş versəydim, qadınların öz ərlərinə səcdə etməsini deyərdim.” Peyğəmbər (s) buyurub: "Allah həyatın çətinlik və asanlığında əri ilə yola gedən və ona itaət edən hər bir qadını Əyyub peyğəmbərin yoldaşı ilə birlikdə məhşur edər (dirildər). Həmçinin, ərinin acı sözlərinin müqabilində səbir edən qadına ərinin hər kəlməsinin müqabilində mücahid oruc tutanın savabını bağışlayar.” Peyğəmbər (s) buyurub: "Kişinin öz qadını boynunda olan haqlarından: evin çırağını yandırmaq, yemək hazırlamaq, kişi evə daxil olarkən onu qarşılamaq və "Xoş gəldin!” deməsi və həmçinin, üzrü olmadan (onun cinsi ehtiyacını təmin etmək üçün) özünü kişiyə təslim etməkdən imtina etməməsidir.” 7) Yalnız ər üçün bəzənmək: Peyğəmbər (s) Hövlaya buyurub: "Öz bəzəyini ərindən başqasına göstərmə! Ərin olmayan zaman ətirlənmə! Diqqəti cəlb edən baş örtüyünü və biləyini göstərmə! Buna əməl etməsəniz, dininizi xarab etmiş, Allahınızı qəzəbləndirmisiniz.” Peyğəmbər (s) evdən bayırda başqalarının nəzərini cəlb edən, gözə tez çarpan paltar geyinməyi və səs salan zinət əşyaları götürməyi qadağan etmişdir. Bu hədis günümüzlə necə də səsləşir, İslam ümmətini necə də məzəmmətləyir: "Bir kişi həyat yoldaşına bəzənib evdən çıxmağa icazə verərsə, elə bil ki, onu zina etmək üçün başqa şəxslərin ixtiyarında qoymuşdur. Onu "dəyyus” adlandıran şəxs günah etməmişdir. Belə qadının ərinə, o qadının hər atdığı addımda oddan bir ev hazırlanır. Bu işdə öz həyat yoldaşınızın "qol-qanadını” qırın. Bu, sizin və ailənizin rifahı, səadətidir.” 8) Həyat yoldaşının izni olmadan onun malını işlətmək: İmam Sadiq (ə) buyurub: "Qadın həyat yoldaşının izni olmadan qul azad edə bilməz, sədəqə verə bilməz, bir şey bağışlaya və ya nəzir edə bilməz. Amma vacib zəkatı vermək, qohumlara baş çəkmək və ehsan etməkdə icazə almağa ehtiyac yoxdur.” Peyğəmbərimiz (s) buyurub: "Qadın həyat yoldaşının icazəsi olmadan onun malından bir şey bağışlamasın. Əgər bağışlasa, günahı onun, savabı isə ərinindir.” parlayangunesh.az | |
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |