Cümə günü, 2024-03-29, 11:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Kişi və qadın bir-birinin səhvlərini necə düzəıtməlidirlər?
2012-11-20, 9:36 AM
Kişi və qadın bir-birinin səhvlərini necə düzəıtməlidirlər?

İnsan, adətən, özünü ən yaxşı hesab edir və buna görə də öz eyib və nöqsanlarını görə bilmir.

İnsanın özündəki əxlaqi bir eybi görə bilməsi, bu eybi özündə qəbul etməsi və bunu aradan qaldırması üçün lazım olan addımı atması olduqca çox çətin bir məsələdir.

Çünki hər bir insan inanır ki, onun həyat tərzi, fikri, istəkləri, fərdi rəftarı ən yaxşı, ən dəqiq və hamıdan üstündür.

Buna görə də özündə olan və qəlbində kök salmış qeyri-əxlaqi sifətin onun ruhunu xəstələndirməsini və onu çirkin göstərməsini asanlıqla qəbul etmir.

Çarə nədir?

Görəsən, başqalarının eybini islah etmək olmazmı?

Başqalarının eyiblərini onlara xatırlatmaq və öz eyblərindən xəbərdar etmək mümkündürmü?

Əgər onlar öz eyiblərini qəbul etməyəcəyini və ya bundan narahat olacağını bildikdə necə, bunu yenə də onlara deməli, ya deməməli?

Əlbəttə ki, müsəlmanları pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət etmək hər birimizin borcudur. Həmçinin, müsəlman qardaşımızı öz eyiblərindən xəbərdar etmək və ona özünü islah etməkdə köməkçi olmaq bizim vəzifəmizdir. Amma bu işin xüsusi qayda-qanun və şərtləri vardır ki, onlara əməl olunmazsa, qarşı tərəfi təhqir etmiş və ya daha da uçuruma sürükləmiş ola bilərik. Nöqsanı, eybi qarşı tərəfə bildirmək üçün münasib zaman, şərait, hazırlıqlar yaratmalı, diqqətli, ehtiyatlı olmalı və dostcasına rəftar edilməlidir.

Qarşı tərəfin səni necə bir adam kimi tanıması mühümdür və sən bunu bilməlisən ki, o, sənə hansı gözlə baxır. Əgər o, səni özündən kiçik sayır və ya səninlə düşmənçiliyi varsa, sənin sözlərini paxıllıq, həsəd sayıb qəbul etməyəcəkdir.

Başqalarının əxlaqi eyiblərini islah etmək istəyən adam birinci növbədə öz əxlaq və rəftarını islah etməlidir ki, qarşı tərəfdə təsir qoya bilsin. Çünki özündə eyib ola-ola başqalarının eyibləri ilə maraqlanmaq onu göstərir ki, sənin niyyətin xeyirxahlıq deyildir...

Əli (ə) buyurub:

«ان سمت همّتك لاصلاح‏ النّاس فابدأ بنفسك فانّ تعاطيك صلاح غيرك و انت فاسد اكبر العيب».

"Əgər, həqiqətən, başqalarının eyiblərini islah etmək fikrinə düşmüsənsə, bu işi birinci olaraq özündən başla, çünki özündə eyib ola-ola başqalarının eybinin islahına başlamaq ən böyük eyib və nöqsandır.”[2]

Başqasının eyiblərini ona demək istəyən adam, niyyətini xalis etməli, qarşı tərəfi narahat etmək və onun şəxsiyyətini aşağı salmaq üçün bu işi görməməlidir. Onu özünə müsəlman qardaş sayaraq, Allah-Taala yolunda ona kömək etmək məqsədi güdməlidir.

Qarşı tərəfin eyiblərini ona xatırladarkən xüsusi və başqalarının diqqətini cəlb etmədən deməlidir ki, onun abrı, hörməti camaat arasında düşməsin. Eyibləri yayılmasın ki, onda bu iş savab yox, günah iş kimi yazılacaqdır.

Başqalarının eybini qayğıkeşliklə, həkimanə dərman və islah etməli, danlaq, töhmət və eybi üzə deməkdən və şəxsin sən bilməyən eyiblərini də öyrənməyə çalışmaqdan uzaq olmalısan.

Ehtiyatlı olmalısan ki, sənin onun eyiblərini deməyin, təhqir və istehza şəklini almasın. Onun başqa eyibləri ilə maraqlanmamalı və bildiyin eyiblərin hamısını ona birdəfəyə deməməlisən.

Ümumiyyətlə, çalışın başqalarında eyib axtarmayın. Davamlı olaraq kiminsə eybini üzünə vurmayın. Çünki bu iş ürəklərdə kin və düşmənçilik toxumu səpir. Bu toxumlar göyərdikdə dostluğa son qoyur və bəzən də ailələrin dağılmasına səbəb olur. Buna görə də ər və arvad bir-birinin nöqsanlarından keçməli və ardıcıl olaraq eyiblərini bir-birinin üzünə vurmamalıdırlar. Çünki bu iş insanı əsəbləşdirir, hövsələdən çıxardır və dözümsüz edir. Bu isə ailədə qalmaqalla nəticələnir. Əlbəttə, eyib çox ciddi və həyati təhlükəsi olarsa, əl-ələ verib mehribanlıqla, səmimiyyətlə bu eybi ardan götürməlidirlər.

Əli (ə) buyurub: "Ən yaxşı və faydalı elm, insanın öz eyiblərini tanımasıdır". Amma kişi və qadın diqqət etməlidir ki, insanın öz eyiblərinin hamısını birdəfəyə bilməyə dözümü yoxdur. Bu iş yumşaq, mülayim, dəqiq, ustalıqla, zamanla və tədricən həyata keçirilməlidir.

Əgər eybi deyərkən kobudluq, tündlük, sərtlik, təkrar və inadkarlığa yol verilərsə, bu iş yaxşı nəticə verməyəcəkdir. Qarşı tərəfdə yorğunluq, inad, nifrət və düşmənçilik icad edəcəkdir.

Bunun üçün ən yaxşı qayda budur ki, qarşı tərəfin yaxşı işlərini sayaraq birinci onu tərif etməli, könlünü almalı, sonra isə ondakı eybin yaxşı ziddinin onda olmamasını ona xatırlatmaq lazımdır. Məsələn, əgər qarşı tərəf lovğadırsa, siz lovğalığı pisləyib təvazökarlığın yaxşı xüsusiyyət olmasını onun üçün tərif etməlisiniz. Axırda isə ona əziz qardaşım siz də təvazökar olsaydınız, çox gözəl olardı və bütün gözəllikləri özünüzdə cəm etmiş olardınız. Başqalarını sevmək və bəyənmək ən gözəl əxlaqdır kimi sözlərlə nəsihət etməlisiniz.

Ər və arvada da lazımdır ki, həmişə bir-birinə xoş sözlər desinlər və yaxşı əxlaqlarına görə bir-birinə təşəkkür etsinlər. Bir-birini qohumlar arasında tərifləsinlər ki, bu iş onları möhkəm bağlayacaqdır. Belə olduqda isə onlar əl-ələ verib tədricən öz eyiblərini islah etməyə nail olacaqlar.


[1]. "Əl-Kafi”, Şeyx Kuleyni, 3/268, hədis:4; "Mən la yəhzuruhul fəqih”, Şeyx Səduq, 1/208, hədis:626; "Əl-Usul əs-sittətə əşər”, Hüseyn bin Osman bin Şurəyk (Şərik)- səh.322 - (şiənin 400 əsl (hədislərin məsumdan (ə) eşidilərkən yazılmış əlyazma nüsxələri) adlanan kitablarından 16 əsl bu məcmuədə özünə yer almışdır. Yazılma tarixi: 3-cü hicri-qəməri əsri).

[2] . "Əl-Kafi”, Şüyx Kuleyni, 2/460; Ğürərul-hikəm və dürərul kəlim – Ağa Camal Xansarinin Şərhi, 3/23.



Müəllif: Seyid Əliəkbər Hüseyni

Tərcümə etdi: Mirməhəmməd Bəşirov
islammektebi.org
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]