Cümə günü, 2024-04-19, 9:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
2012-11-27, 8:01 AM
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Ailə həyatının möhkəm təməlinin əsas hissəsi qadının kişinin haqlarını qoruması ilə əldə olunur. Bu sahədə qadın yalnız Allah-təalanı və qiyaməti düşünərək ərindən söz eşitməli və ətrafdakıları onun həyatına dəxalət etməyə icazə verməməlidir. Mümkündür, digərləri həyata baxışlarında yanılsınlar və ya onların bu dəxaləti başqa məqsəd daşısın.
Qadın, təbiətindən asılı olaraq tez təsir altına düşür. Buna görə də onlar bu məsələdə ayıq-sayıq olmalı, öz ərlərinin hüquqlarını qorumalıdırlar. Daim Allahı düşünüb, qiyaməti nəzərə almalıdırlar.
Kişi istəyir ki, arvadı öz yaradılışını, qadınlığını qorusun. Ailəni ərinin tələblərinə müvafiq şəkildə idarə etsin və öz uşaqlarına yaxşı ana olsun.
Bəzi qadınlar öz qadınlıqlarını unudur, qaraqabaq və tünd xasiyyət olurlar. Belə hallar kişinin ailə qurduğu üçün peşman olmasına səbəb olur.

1. İTAƏT
Həzrət Baqir (ə) buyurur: «Bir qadın həzrət Peyğəmbərin (s) yanına gələrək, «Kişinin həyat yoldaşı üzərində olan haqqı nədir?»-deyə soruşdu. Rəsulullah (s) buyurdu: «Ərinə tabe olub, ona qarşı asi olmaması».
Həzrət Peyğəmbər buyurur: «Qadın beş vaxt vacib namazını qılar, oruc tutar, həccə gedər, öz ərinə tabe olar və Əlinin (ə) haqqını tanıyarsa, behiştin səkkiz qapısının hansından istəsə, daxil olacaq».
Rəsulullahdan (s) nəql olunan bu rəvayətlərə nəzər salaq: «Allaha ibadət edən, vacib əməlləri yerinə yetirən və ərinə tabe olan hər bir qadın behiştə daxil olacaq»; «Namaz qılan, lazım olmadıqda evdən çıxmayan, ərinə tabe olan qadının keçmiş və gələcək günahları bağışlanar».
Peyğəmbəri-əkrəm Hövla adlı bir qadına buyurdu: «And olsun məni peyğəmbərliyə seçən Allaha, kişinin qadını üzərində haqqı var. Qadın əri onunla yaxınlıq etmək istədikdə qəbul etməli, hər hansı bir göstəriş verdikdə boyun qaçırmamalı və ona qarşı çıxmamalıdır»; «Qadın ərinin haqqını qorumadıqda, Allahın da haqqını qorumamışdır».
Bütün bu rəvayətlərdən müşahidə etdiyiniz kimi, qadının ərinə tabe olması kifayət deyil. Onun imanı, ibadəti, vacibləri həyata keçirib günahdan uzaq durması ‒ hər biri nicat tapmasında təsirlidir. Belə ki, o, yalnız bütün bunları özündə əks etdirdikdə dünya və axirətdə nicat tapmışlardan olacaq.

2. TƏMKİN (TƏSLİM)
Qadın şəriətdə məhdudiyyət qoyulmuş yerlər istisna olmaqla hər bir zaman kişinin cinsi tələbinə təslim olmalıdır. Hətta, bu məsələdə öncül olaraq öz hazırlığını bildirməsi müstəhəbdir.
Həzrət Peyğəmbər (s) buyurur: «Qadın ən yaxşı ətirlərdən istifadə etməli, ən gözəl libasını geyinməli, ən gözəl şəkildə bəzənməli və özünü hər gecə və gündüz ərinin ixtiyarına verməlidir. Əlbəttə, kişinin hüququ bunlardan daha çoxdur».
Əgər hər hansı bir qadın Rəsulullahın (s) buyruğuna əmələ edərsə, ərini özü üçün qoruyar, onu digərlərinə göz dikməkdən, halal yolla belə, başqalarının ardınca getməkdən çəkindirər.
Bir çox qarşıdurmalar buradan qaynaqlanır. Qadın ziyafətə, toya getdikdə ətirlənir, ən gözəl donunu geyinir və başdan-ayağa bəzənir. Əri qarşısında isə bəzənməyə heç bir cəhd göstərmir. Belə mərasimlərdən qayıtdıqda isə, əri onu digərlərinin gördüyü kimi görə bilmir. Çünki evə gəldikdən sonra dərhal gözəl libasını, zinət əşyalarını çıxarır və bu onun ərinin qəlbini incidir, onun həyat yoldaşına olan rəğbətini azaldır.
Bir çox gənclər və orta yaşlı insanlar mənim yanıma gələrək, həyat yoldaşlarının bu növ rəftarlarından şikayətlənirlər. Müvəqqəti izdivac etmək və ya yenidən ailə qurmaq istədiklərini bildirir və məndən çıxış yolu göstərməmi xahiş edirlər.
Mənim qadınlara tövsiyəm yalnız budur ki, bacardıqları qədər həzrət Peyğəmbərin (s) və məsum imamların göstərişlərinə əməl etsinlər. Əgər belə edərlərsə, ailədə heç bir problem qarşıya çıxmaz, kişi evdən xaricə meyl göstərməz. Əks təqdirdə isə, ailənin təməli dağılar və bu dağıntının günahı qiyamət günü həmin qadının üzərinə düşər.
Bu mövzuda Peyğəmbərin (s) heyranedici bir göstərişi var. Bu göstəriş ərinin hüququnu soruşan bir qadının cavabında buyurulmuşdur: «İntim əlaqəni ona (ərinə) dəvənin üstündə olsa belə, qadağan etmə». Yəni bu olduqca mühüm və ailə məhəbbətini qoruyan amildir.
Digər bir hədisdə isə buyurur: «Ərini, sənə ehtiyaclı olduğu zaman başından etmək üçün ən böyük ibadət olan namazı belə uzatma».

3. EVDƏN ÇIXMAQ
Çox təəssüflər olsun ki, qadının evdən çıxarkən ərindən icazə alması məsələsinə öz ilahi heysiyyətlərini əldən vermiş, öz qadınlıqlarını itirmiş insanlar tərəfindən riayət olunmur.
Əgər evdən çıxmağın azad olması məsləhət olsaydı, mehriban Allah onun ərin icazəsinə bağlı olduğunu buyurmazdı.
İcazəsiz evdən çıxaraq fəsad, fitnə qaynağına çevrildilər, cəmiyyətin mətanətini, paklığını korladılar. Onlar evdən xaric olarkən adi şəkildə xaric olmadılar. Ən gözəl libaslarını geyinib, ən gözəl şəkildə bəzəndilər. Özlərini küçədə, bazarda nümayiş etdirdilər. Ərləri etiraz etməsin deyə, öncə onun qeyrətini əlindən alıb, şeytani yəhudi və məsihi mədəniyyətini yamsıladılar. İslamın və müsəlmanların başına elə bəla açdılar ki, qiyamətə qədər əvəzi ödənilməyəcək.
Həzrət Peyğəmbər (s) ərlərinin icazəsi olmadan qadınların evdən çıxmalarını qadağan etmişdir. Əgər ərinin icazəsi olmadan evdən çıxarsa, bütün mələklər, insanlar və cinlər qadın evə qayıdana qədər ona lənət yağdırarlar.
İmam Sadiq (ə) buyurur: «Ənsardan bir kişi səfərə getdi. Həyat yoldaşına səfərdən qayıdana qədər evdən çıxmamasını tapşırdı. Əri səfərdə olarkən onun atası xəstələndi. Qadın Peyğəmbərin (s) yanına adam göndərib, atasını yoxlamaq üçün icazə istədi. Lakin Peyğəmbər (s) «Ərinə itaət et və evdə əyləş»-deyə buyurdu. Çox keçməmişdi ki, xəstənin halı daha da ağırlaşdı. Qadın yenə də Peyğəmbərə xəbər göndərdi. Lakin yenə də Həzrətin cavabı dəyişmədi. Atası dünyasını dəyişdi. Qadın Rəsulullahın yanına elçi göndərərək, atasının cənazə namazında iştirak etmək üçün icazə istədi. Həzrətin cavabı bu dəfə də dəyişmədi. Sonda qadının atasını torpağa tapşırdılar. Lakin o, evdən çıxmadı. Həzrət Peyğəmbər qadına xəbər göndərdi: «Ey qadın! Allah, ərinə itaət etdiyin üçün atanı və səni bağışladı».
Əli (ə) kişilərə tapşırır: «Qadınlarınızı yadların gözündən qoruyun. Çünki bu onların iffətini qoruyur. Onların evdən çıxmasının, ictimai yerlərdə müşahidə olunmalarının günahı etibarsız insanları evə gətirməkdən çox deyil. Əgər səndən qeyrisini tanımamaları üçün bir iş görə bilərsənsə, onu mütləq həyata keçir».

4. ƏRİNİ İNCİTMƏKDƏN, TÜND XASİYYƏTLİLİKDƏN VƏ ACI DİLLİLİKDƏN UZAQ DURMAQ
Həzrət Peyğəmbər (s) bu mövzuda qadınlar üçün çox mühüm bir nitq söyləmişdir: «Ey qadınlar! Allah yolunda sədəqə verin. Bu sədəqə sizin zinət əşyalarınızdan və ya bir xurma dənəsi olsa belə. Ola bilər ki, sizin çoxunuz cəhənnəm yanacağısınız. Siz qarğış edir və ərlərinizin zəhmətlərinin qədrini bilmirsiniz». Bir qadın ərz etdi: «Məgər biz analıq etmirikmi? Uşaqlarımızı aylarla qarnımızda saxlamırıqmı? Ona süd vermirikmi? Bu ailə başçılarının qızları, qardaşlarına can yandıran bacılar bizim kimi qadın deyillərmi?» Həzrət buyurdu: «Bəli, hamilə olur, uşaq dünyaya gətirir, ona süd verir və məhəbbət göstərirsiniz. Əgər ərinizin sözündən çıxmağınız, onu incitməyiniz olmasaydı, heç bir namaz qılan qadın qiyamət odunda yanmazdı».
İmam Sadiq (ə) buyurur: «Üç nəfərin namazı qəbul olunmur: qaçmış xidmətçi qayıdana qədər, gecəni sübhə qədər əri narazı olan qadın və camaatın istəmədiyi halda hakimiyyət sürən rəhbər».
Əli ibn Cəfər qardaşı imam Kazımdan soruşdu: «Pis əxlaqı, acı dili və qabalığı ilə ərini incidən (qəzəbləndirən) qadının namazı və bu hərəkəti Allah yanında necədir?» Həzrət (ə) buyurdu: «O, əri razı olana qədər ömrünü günahla keçirir».
Həzrət Peyğəmbər (s) Hövlaya buyurur: «And olsun məni peyğəmbərliyə seçən Allaha! Əri ona qəzəblənən qadına Allah da qəzəblənir».
Peyğəmbər (s) qadınlardan ərlərindən bacarıqları xaricində olan bir şey istəməmələrini, ərlərinin hörmətini nə qohum, nə də yad yanında sındırmamalarını istəyir.
İmam Sadiq (ə) buyurur: «Ərini incidən, onu qəmləndirən qadın məlundur. Ərinə hörmət edən, onu incitməyən, hər bir vəziyyətdə ona itaət edən qadın xoşbəxtdir».

5. AİLƏYƏ XİDMƏT
Həzrət Peyğəmbər (s) Hövlaya buyurur: «Allah behiştdə əri üçün yaxşı yeməklər hazırlayan qadın üçün müxtəlif yeməklər hazırlayaraq deyəcək: «Ye, iç, bunlar sənin dünyadakı zəhmətlərinin mükafatıdır».
Rəsulullah başqa bir hədisdə buyurur: «Allah, ər evində gözəl görünmək məqsədilə bir şeyi yerbəyer edən qadına mərhəmət edir. Allahın mərhəmət göstərdiyi şəxs isə əzabdan amandadır».
İmam Baqir (ə) buyurur: «Həzrət Zəhra (s) evin daxili işlərini ‒ xəmir yoğurmağı, çörək bişirməyi, Əli (ə) isə evin xarici işlərini ‒ odun gətirməyi, lazımi şeyləri almağı öz öhdəsinə götürmüş idi».

6. ƏRƏ HÖRMƏT VƏ ONUNLA YAXŞI DAVRANMAQ
İmam Kazım (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı qulluq etməsidir».
Ərin zəhmətlərini dəyərləndirmək, onunla mehriban davranmaq, onun yoxsulluğuna səbir etmək, onu yaxşı qarşılamaq, qulluğunda durmaq, getdikdə yola salmaq, icazəli günlərdə onun cinsi tələbini ödəmək, onun üçün bəzənmək, ondan bacarığından artıq bir şey istəməmək və s. kimi işlər Peyğəmbərin (s) və məsum imamların (ə) qadının vəzifəsi kimi buyurduqları göstərişlərdir və qadının cihadı sayılır.
Həzrət Baqir (ə) buyurur: «Qadının Allah dərgahında ərinin razılığından daha güclü şəfaətçisi yoxdur».
İmam Sadiq (ə) buyurur: «Bir qrup insan Həzrət Peyğəmbərin yanına gələrək dedilər: «Biz, böyüklərinə səcdə edə bir qövm gördük. Siz bizə belə bir icazə verirsinizmi?» Həzrət buyurdu: «Xeyr! Əgər belə bir göstəriş verməli olsaydım, qadının ərinə səcdə etməsini əmr edərdim».
Xatəmül-ənbiya Hövlaya buyurdu: «Allah, çətinlikdə və rifahda əri ilə razılaşan, ona itaət edən qadını həzrət Əyyubun (ə) həyat yoldaşı ilə məhşur (həşr) edəcək. Ərinin acı danışığına dözən qadına isə, (ərinin) hər bir kəlməsi üçün oruc halında cihad edən şəxsin savabını verəcək».
Peyğəmbər buyurur: «Qadının kişi üzərinə düşən hüququ evin işığını yandırması, yemək bişirməsi, əri evə gəldikdə onu qarşılaması, «xoş gəldin» deməsi, yuyunması üçün lazımi şeylər hazırlaması, əlinə su tökməsi və heç bir üzrü olmadıqda özünü ondan əsirgəməməsidir».
Əmirəl-möminin Əli (ə) həzrət Fatimənin (s.ə) vəfatından sonra onun cənazəsi yanında dayanıb dedi: «İlahi, mən Peyğəmbərin (s) qızından razıyam. Sən onun munisi ol və qorxusunu aradan qaldır».

7. ÖZÜNÜ ƏRİNDƏN QEYRİSİ ÜÇÜN BƏZƏMƏMƏK
Həzrət Peyğəmbər (s) buyurdu: «Öz zinət əşyalarını ərindən başqasının gözünə göstərmə. Ərin olmadıqda ətirlənmə. Digərlərinin nəzərini cəlb etməmək üçün başını ört, biləyini göstərmə. Əgər belə etməsəniz, dininizi korlayar və Allahı qəzəbə gətirərsiniz».
Rəsulullah (s) qadının evdən çıxdıqda cəlbedici libas geyinməsini, səsli zinət əşyaları taxmasını qadağan etmişdir: «Arvadı gözü qarşısında onun icazəsi ilə bəzənib evdən çıxan və digərləri ona (arvadına) tamaşa edən kişi dəyyusdur. Onu dəyyus adlandıranın heç bir günahı yoxdur. Bu şəkildə ərinin razılığı ilə evdən çıxan qadının atdığı hər bir addımın qarşılığında əri üçün od dolu bir ev tikilir. Bu sahədə öz arvadlarınızın qol-qanadını sındırın. Onların bu məsələdə qolsuz, qanadsız olmaları sizin və bütün ailənizin sevincinə səbəb olacaq».

8. ƏRİNİN İCAZƏSİ OLMADAN ONUN MALINI XƏRCLƏMƏMƏK
İmam Sadiq (ə) buyurur: «Qadın ərinin icazəsi olmadan qul azad edə, sədəqə verə, bir şey bağışlaya və malından nəzir edə bilməz. Lakin vacib zəkat verməsinin, sileyi-rəhim etməsinin və ehsan verməyinin icazəyə ehtiyacı yoxdur».
Həzrət Peyğəmbər buyurur: «Qadın ərinin icazəsi olmadan onun malından hədiyyə verə bilməz. Əgər hədiyyə verərsə, günahı onun, savabı isə ərinindir».

Qeyd etməliyəm ki, qadın və kişinin hüquqları mövzusunda qeyd olunan rəvayətlər «Vəsail», bir neçəsi isə «Biharül-ənvar» kitabından götürülmüşdür. Nəzərinizə çatdıqlarımız, rəvayətlərin yalnız bir hissəsidir. Daha geniş məlumat almaq istəyənlər sözügedən kitablara müraciət edə bilərlər.


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1008 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]