Bazar günü, 2024-12-22, 2:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Islamda ailə
2012-11-26, 7:26 AM
ANANIN ÖVLAD TƏRBİYƏSİNDƏ ROLU
ÖVLAD VƏ YAXUD ANA VARLIĞININ MƏHSULU

Quranda və rəvayətlərdə çox işlənilən «umm» sözünün mənası «kök», «qaynaq» deməkdir. Çünki uşaq azı altı, çoxu isə doqquz ay ananın bətnində qalır. Öz cisim və ruhunu qadının orqanizmindən alır. Daim onun orqanizmindən qidalanır. Elə buna görə də (ərəb dilində) anaya «umm» deyilir.
Əslində, ana uşağın kökü, qaynağıdır. Uşaq o bərəkətli ağacın meyvəsidir.
Nütfənin ata sülbündə qaldığı müddət çox az, ana bətnində qaldığı müddət isə, iki yüz yetmiş günə yaxındır. Buna əsasən, ananın uşağa təsiri çoxdur. Ona görə də, İslam anaya digərlərindən daha çox əhəmiyyət verir.
Ananın cisim və ruhunun göstərdiyi təsirlər uşaqda öz əksini tapır. Uşaq həyatının bütün dövrlərində bəzən bilərəkdən, bəzən də özü belə hiss etmədən, ananın xasiyyətini götürür.
Qız ər evinə getməzdən öncə ona tapşırmaq lazımdır ki, o, sabahın anasıdır. Ona görə də, bu gündən öz yeməyinə, davranışına, tərbiyəsinə, imanına diqqət yetirməlidir. Çalışmalıdır ki, ondan dünyaya gəlib davam edəcək nəsil sağlam və pak olsun.
Aşağıdakı cümləni qadın haqqında yazılmış bir kitabda Fransa imperatoru Napoleonun dilindən deyirlər: «Ondan soruşurlar: «Sizin üçün ən dəyərli məmləkət hansıdır?» O cavab verir: «Anaların sayı çox olan ölkə».
Qadının analıq heysiyyəti qorunmalıdır. Əks təqdirdə, o, yaxşı övlad yetişdirə bilməyəcək. Qadın, İslam mədəniyyətinə görə, övladlarının tərbiyəsi üçün öz analığını qorumalıdır. Ana öz övladlarına həqiqi mənada analıq etməlidir. O öz analıq xüsusiyyətini itirərsə, özünü qərbin təlqin etdiyi azadlıq meydanına atarsa, cinsi və maddi ləzzətlər üzündən ərinə və uşaqlarına etinasız yanaşarsa, ana deyil, ailənin canına düşmüş bir yırtıcı, onun paklığını ləkələyən təhlükəli bir qurddur.
Ana cəmiyyətə pak, ağıllı, sağlam fikirli övlad təhvil vermək üçün özü də sağlam fikrə, pak qəlbə və insani keyfiyyətlərə malik olmalıdır.
«Varis» ziyarətnaməsində şəhidlər sərvərinə xitab olunaraq deyilir: «Həqiqətən, sən yüksək sülblərdə, pak bətnlərdə yerləşən bir nur idin. Hansı ki, yüksək məqamdan, pak yerdən saçaraq, dünyanı elm, ədalət və hikmət nuruna bürüdün. Şəhadətindən sonra isə, axirət dünyasını daha da işıqlandırdın».
Həmin ziyarətnamədə onu (ə) Xədiceyi-Kübra və Fatimeyi-Zəhranın (s.ə) övladı kimi səsləyirik.
Həzrət Peyğəmbərin (s) gənclərə «Dindar və əsilli ailələrdən qız alın»-deyə taşpırmasının səbəbi, nəsildə fəsadın qarşısının alınmasıdır.
Öz əsilliyini itirən tərbiyəsiz, ədəbsiz, hicabsız qız şəhvət köləsinə çevrilərək, izdivac qabiliyyətini əldən verir. O, yaradılış məqsədini ayağı altına ataraq, övlad dünyaya gətirmək ləyaqətini itirir. Həzrət Peyğəmbər (ə) bir rəvayətdə belələri haqqında buyurur: «Onların ilan və əqrəb doğmaları, övlad dünyaya gətirmələrindən yaxşıdır. Çünki artıq onun ruhu, fikri ləzzətdən qeyri bir şey düşünməyərək, insan dünyaya gətirməyə acizdir».
Həzrət Nuhun Allaha belə ərz etdi:
«Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki Sən onları (sağ) buraxsan, onlar sənin bəndələrini yoldan çıxaracaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər».(Nuh surəsi, ayə 26-27.)
Əgər Nuhun (ə) qövmü arasında, sözün əsl mənasında ana, imanlı, pak və pakizə qadın çox olsaydı, o həzrət «Günahkar kafirlərdən qeyrisini dünyaya gətirmirlər»-deyə şikayətlənməzdi.
Bəli, qadın və ya qız Peyğəmbərin buyruğuna əsasən, «xəzrai-dimən»(Vəsail, 20-ci cild, səh-35.) (zibillik bitkisi), yəni zibillikdə bitən bitki olarsa, bu bitkidən şirin meyvə, ilahi və insani bir məhsul gözləmək olmaz.
Ana hər keçirilən mərasimdə, məclisdə, hətta qohumlara aid olsa belə, iştirak etməməlidir. Çünki bəzən belə məclislər günah məclisi olur. Ananın əhval-ruhiyyəsinə təsir göstərərək, onun analıq xüsusiyyətlərini əlindən alır.
Ana qidalanmasına xüsusi diqqət yetirməlidir. Çünki bilməyərəkdən halal olmayan qida məhsulundan istifadə edərək, özünə və ailəsinə əvəzolunmaz acı təsirlər bağışlaya bilər.
Ana olan qadın təharət və nəcasətə, vacib və harama, əxlaqi məsələlərə xüsusi diqqət yetirməlidir. Belə olan surətdə onun bütün varlığı nur qaynağına çevrilərək, nur saçmasına səbəb olacaq.
Məsum imamlardan bizə gəlib çatan rəvayətlərdən, hədislərdən məlum olur ki, onlar həzrət Fatiməni (s) özləri üçün bir örnək olaraq qəbul etmiş və həyatlarının bütün sahələrində ona tabe olmuşlar.
Fatimeyi-Zəhra (s) bütün dünya analığının ən gözəl nümunəsidir. Bizim qızlarımız onu özləri üçün bir örnək kimi qəbul etməlidirlər. Çünki ana övladın qaynağı, köküdür.
İslam əxlaqına riayət edən, özünü ağır, vüqarla aparan, məhəbbət, eşq yuvası olan anaların övladları ana bətnində olduqları müddətdə onun xüsusiyyətləri ilə yoğrulur, dünyaya gəldikdən sonra daim analarına baxır, analarının səsinə qulaq asır və onun bütün xüsusiyyətlərini əxz edirlər.
İmam Hüseyn (ə) Hürr ibn Yezidin başanı dizi üstə alaraq, onun hürriyyət və azadlığını anasına aid edir: «Sən azadsan. Bu azadlığını anandan almısan».
Ömər ibn Səd Hüseynin (ə) Yezidə beyət etməsini istədikdə, İmam özünün və səhabələrinin beyət etməmələrini pak və pakizə anasına aid etdi.
PAKİZƏLİK BAĞININ MEYVƏSİ
Abdullah Mübarək savadlı, arif bir insan idi. Gəncliyində bağçılıqla məşğul olduğu üçün bir bağ sahibinin bağbanı olmuşdu.
Günlərin bir günü bağ sahibi nar fəslində bağa bir neçə qonaq gətirərək, ona «Mübarək, nar gətir»-deyə səsləndi. Mübarək bir səbət nar gətirdi. Lakin narlar turş idi. Bağ sahibi «Şirin nar gətir»-dedi. Lakin bu dəfə də onun gətirdiyi narlar turş çıxdı. Bağ sahibi dedi: «Mübarək, «sənə şirin nar gətir»- demədimmi? Burada işlədiyin bu altı ay ərzində hansı ağacda şirin nar olduğunu bilmirsənmi?» Mübarək «Xeyr!»-deyə cavab verdi. Bağ sahibi səbəbini soruşduqda dedi: «Biz səninlə müqavilə imzalayanda bağın meyvəsini yemək üçün yox, ona qulluq etmək üçün imzalamışdıq. Mənim bu bağın meyvələrinin şirinliyindən, turşluğundan xəbərim yoxdur».
Bəli, pak ana, pak tərbiyə beləcə, halalını-haramını tanıyan insan formalaşdırır.
ANAM MƏNİM BƏDBƏXTLİYİMƏ SƏBƏB OLDU
Edama məhkum olunmuş bir gəncə dedilər: «Vəsiyyətin varsa, yaz». O dedi: «Heç bir vəsiyyətim yoxdur. Lakin ömrümün bu son anlarında anamı görməyi çox istəyirəm». İstəyinə əməl etdilər. Cavan anası ilə vidalaşdıqda onun ağzını, dodaqlarını elə dişlədi ki, anası ağrının şiddətindən huşunu itirdi. Camaat ona hücum çəkərək, «Zalım, bu nə işdir gördün?»-deyə çığırdılar. O isə cavab verdi: «Zülmkar, zalım mən deyiləm, mənim anamdır. Bu dar ağacı onun ucbatından qurulub. Mən uşaqkən qonşudan bir ədəd yumurta oğurladıqda, o məni bu işə daha da rəğbətləndirdi. Get-gedə dəvə oğrusuna çevrildim. Sonunda isə qatil oldum».
Bəli, behişt ananın ayağı altında olduğu kimi, qiyamət əzabının səbəbkarı da müəyyən miqdarda anadır.
Əmirəl-möminin həzrət Fatimə (s.ə) vəfat etdikdən sonra ərəb nəsəblərini yaxşı tanıyan qardaşı Əqilə dedi: «Mənim üçün şücaətli ərəb analarından doğulan bir qadın tap». Əqil bir neçə müddət sonra o həzrətə ərz etdi: «Fatimə Kəlabiyyə ilə ailə qur. Çünki ərəblərdə onun atalarından şücaətlisi olmayıb». Beləliklə, İmam (ə) həmin qadınla izdivac etdi. Bu izdivacın nəticəsi dörd şücaətli, mömin oğul ‒ Əbülfəzl və o həzrətin qardaşları oldu.
Əli (ə) Malik Əjdərin vəfatından sonra Kufə məscidində minbər üzərinə çıxaraq buyurdu: «Malik kimi övlad doğacaq analar tapmaq olmaz. Malik, nə Malik? Dağ idisə möhkəm, daş idisə ağır. Malik mənim üçün, mənim Peyğəmbər (s) üçün olduğum kimidir».
BƏZƏN İBADƏT NURU AZALIR
Bir kəs anasına şikayətləndi: «Ana, bəzi vaxtlar ibadət etməyə süstlük göstərir, bəzən isə qara bir zolağın daxili nuraniyyətimə doğru hərəkət etdiyini hiss edirəm. Mən haram qazanc yemirəm, pis adamlarla yoldaşlıq etmirəm. İbadətdə süstlüyə səbəb olacaq amillərdən çəkinirəm. Bu məsələnin səbəbini araşdırarkən səndən soruşmağı qərara aldım. Çox güman ki, bu süstlük səndən keçib. Həqiqəti mənə de ki, mən onun əlac olunması yollarını arayım». Anası dedi: «Oğlum, mən sənə hamilə olarkən atan səfərdə idi. Əriyin yetişən vaxtı idi. Mən evdən bayıra çıxa bilmədiyim üçün ərik ala bilməzdim. Bir gün paltar sərmək üçün dama çıxmışdım. Qonşunun qurutmaq üçün sərdiyi əriyə gözüm düşdü. Həmin ərikdən bir dadımlıq götürdüm və yedim. Sonra peşman oldum. Lakin halallıq almağa üzüm gəlmədi».
Anasını təmkinlə dinləyən gənc dedi: «Ana, məsələnin kökü tapıldı. İcazə ver, qonşunun evinə gedim və bu məsələni həll edim ki, bundan sonra şeytanın hücumu olmadan Allaha ibadət edə bilim».
NURANİ BİR İZDİVAC
Gənc yaşlarımda şəhərin mərkəzi məscidində alimlərin birindən eşitmişdim: Dahi alim, misilsiz insan olan Müqəddəs Ərdəbilinin atası yerlilərindən birinin qızına elçilik etdikdə, qızın atası deyir: «Mənim qızım kor, kar, əlil və axsaqdır. Əgər onunla evlənmək istəyirsənsə, evlən». Gənc dedi: «Mən belə bir qızla necə həyat sürərəm?» Qızın atası dedi: «Əzizim, korluğundan məqsəd onun gözlərinin naməhrəm görməməsi, əlinin əlil olmasından məqsəd heç bir naməhrəmə əl verməməsi və ağsaqlığından məqsəd isə, haram məclisə getməməsidir».
O, belə bir qızla ailə qurdu və bu ailənin məhsulu isə Müqəddəs Ərdəbili kimi dahi bir şəxsiyyət oldu.
ŞEYX ŞÜŞTƏRİNİN ANASI
Şeyx Cəfər Şüştəri elm və əməl baxımından uca məqamlara yüksəlmişdi. Onun xalq arasındakı nüfuzu misli görünməmiş bir nüfuz idi. Bir gün onun anasından soruşurlar: «Belə oğlun olduğu üçün xoşhalsanmı?» Anası «Xeyr!»-deyə cavab verir. Səbəbini soruşduqda isə deyir: «Mən iki il müddətində ona bir dəfə də olsun dəstəmazsız süd verməmişəm. Mən onu hər qucağıma alanda imam Sadiq kimi olmasını arzu edirdim. Lakin o, Cəfər Şüştəri oldu».
DAXİLİ VƏ ZAHİRİ PAKLIĞIN TƏRBİYƏDƏKİ ROLU
Təbliğ məqsədilə on günlüyə Brucerd şəhərinə getmişdim. Şəhərin yaşlı sakinləri ilə Ayətullah Brucerdi haqqında söhbət etməyi çox istəyirdim. Doxsan yaşlı bir kişi mənə danışdı ki, Brucerdinin anasının bütün səyi ona dəstəmazsız süd verməmək idi. Soyuq gecələrdən birində qüslə ehtiyacı var idi. Lakin evdən çıxmağa imkan yox idi. Allaha təvəkkül edib Ona sığınaraq, soyuq su ilə qüsl aldı və sonra isə uşağı əmizdirdi. Ananın mənəvi diqqəti, atanın təmənnasız zəhmətləri İslam dünyasına şiə elm mərkəzlərində böyük dəyişikliklərə səbəb olan şəxs bəxş etdi.
Gənc qızlarınızı ilahi və islami şərtlər əsasında analığa hazırlayın. Analar öz analıq şəxsiyyətlərini qorusunlar. Çünki əməlisaleh, tərbiyəli övlad yetişdirmək dünya və axirətiniz üçün olduqca faydalıdır.
Qiyamətdə şəfaət haqqı veriləcək şəxslərdən biri də mömin, əməlisaleh alim və şəhiddir. Onların şəfaətləri üçün say, hədd təyin olunmamışdır. Onların, şəfaətə layiq olan hər bir şəxsi şəfaət etməyə icazələri vardır və heç şübhəsiz ki, onların şəfaətindən bəhrələnəcək ilk şəxs anaları olacaqdır.
Həzrət Peyğəmbər (s) buyurur: «Üç nəfər Allah yanında şəfaət edəcək və onların şəfaəti qəbul olunacaq: peyğəmbərlər, şəhidlər və alimlər».(Bihar, 8-ci cild, səh-34.)
İmam Sadiq (ə) buyurur: «Həqiqətən, möminlər «Rəbiə» və «Muzər» qəbilələrinin camaatı kimi şəfaət edəcəklər. Möminin, hətta öz xidmətçisini belə şəfaət etmək hüququ olacaq».

Qızlarımız və analarımız nə üçün qiyamət günü övladlarının şəfaətindən bəhrələnənlərdən olmasınlar? Onlar bir neçə günlük maddi həyatdan ötrü analıq şəxsiyyətlərini əldən verməməli və əllərində Haqqın əmanəti olan övladlarının həyatını məhv etməməlidirlər.


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]