Bazar günü, 2024-12-22, 8:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamda Evlənmə və Ərəgetmə
2012-11-16, 9:21 AM
İslamda Evlənmə və Ərəgetmə

Ailə quran gənc tənhadırmı?


Ailə quran gənc artıq həyatda tək olmur. Həm sevincini, həm kədərini paylaşacaq bir ailəsi olur. Beləcə, müştərək həyat başlanır, məsuliyyətlər bölüşdürülür. Gənc artıq hiss edir ki, evə gələrkən onu gözləyən biri var.

Qurani-Kərimin Rum surəsi, 21-ci ayəsində buyurulur:«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət və nişanələrindəndir. Həqiqətən, bunda düşünən qövm üçün ibrətlər vardır».Gördüyümüz kimi, Uca Rəbbimiz insanı yaratdığı gündən onu tək qoymamış, onun varlığını həyat yoldaşı ilə tamamlamış və onların arasında mehr-məhəbbət yaratmışdır.

İslamda Evlənmə və Ərəgetmə
İslam dininə görə valideynlər yetginlik yaşına çatmış övladlarının ailə qurmasına yardımçı olmalıdırlar. Amma humanizm prinsipləri üzərində qurulmuş dinimizə əsasən ailə qurarkən ilk növbədə tərəflərin razılığı əsas şərtdir. Bu məsələdə hətta valideynlər belə gənclərə təzyiq göstərə bilməzlər. İslam dininə görə ata-ana sadəcə övladlarına məsləhət verə bilərlər, son qərar isə evlənmək istəyən tərəflərin olmalıdır.
Hətta sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) öz sevimli Fatimeyi-Zəhranı ərə verərkən, onun fikrini soruşmuşdur. Bununla da, Peyğəmbərimiz istər qız, istərsə də oğlanların evləndirilməsində tərəflərin iradəsinin əksinə getməməyi öyrətmişdir.
Bu barədə dinimizdə çoxsaylı hədislər mövcuddur. Burada onlardan birini qeyd etmək yerinə düşərdi.
İmam Sadiq (ə) buyurmuşdur: «Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər ərə getməyə razı olmasa atası onu məcbur edə bilməz. Əgər qızı «mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm» deyərsə, onun istəyi ilə razılaşmalıdır».
Gördüyümüz kimi, qızın razılığı evlənmənin əsas şərtlərindən biri kimi hesab edilir və onun razılığı olmadan oxunan kəbin batil hesab edilir. Buna əsasən, valideynlərin borcudur ki, öz övladlarını bu cür həssas məsələdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar.
Burada bir nüansı da qeyd etmək istərdik ki, İslam dininə görə ailə təkcə ehtiras hissinin qarşısını almaq üçün vasitə deyil. Bu cür yalnış düşüncə qadını kişinin şəhvət alətinə çevrilməsinə səbəb olardı. İslam dininə görə isə, qadın ehtiras, şəhvət aləti deyil. Əksinə, kişinin həyatda şəriki, insan nəslinin davamlılığının başlıca amili və həyatın yarısını təşkil edən bir varlıqdır. Onunla düzgün və pak niyyətlə ailə qurmaq ibadət və lazımi qaydada davranmaq axirət həyatının azuqəsidir.
İslama görə qadınla ailə qurmaq dinin yarısını xilas etmək, onun hüquqlarına riayət etmək ibadət, ondan saleh övlad əldə etmək axirət azuqəsi, qadına xidmət göstərmək haqqın razılığını qazanmaqdır. Müqəddəs dinimizə görə qadınlar kişilərə, daha dəqiq desək qadınlar öz həyat yoldaşlarına tapşırılan bir əmanətdirlər. Allah Qiyamət günü mütləq ailədə qadınlarla necə davranıldıqları haqda kişiləri sorğu-sual edəcəkdir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]