Bazar günü, 2024-12-22, 3:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamda ailə
2012-11-26, 7:17 AM
İslamda ailə 

Ailə qurmamış bir gəncin – istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın – pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkündür.
Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik.
Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir.
Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.
İzdivac – bu İlahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, İlahi təqvanı və iffəti qoruyan başlıca amildir.
Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar.
Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər». («Nur» surəsi, ayə 36)
Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün İlahi əmrlərə itaət edilən ev mömin evidir.
Bəli, Quran ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər.
Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri İlahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur.
Mömin qadın digər mömin bir kişi ilə ailə qurduqda hər biri özünü İlahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar.


Camaatın ən pisi

Tənhalıq və tənha yaşamaq, adama yovuşmazlıq və küncə qapılmaq bir çox problemlərə, ruhi, əxlaqi və əsəbi xəstəliklərə gətirib çıxarır. Tənhalıq və özünə qapılmaq insanı xəyallar, qeyri-məntiqi fikirlər və bir çox problemlər dəryasına qərq edir.
Rəsuləllah (s) ailə qurmağın fəziləti və izdivacdan qaçmağın zəlaləti haqqında belə buyurur: «Qiyamətdə cəhənnəm əhlinin əksəriyyəti izdivac və ailə qurmaqdan imtina edənlər olacaq»; (İzdivac dər İslam, 26) «Sizin ölülərinizin ən alçaq səviyyəlisi subay qalanlardır»; (Bihar, 103-cü cild, səh.220-221) «Sizin ən şər adamınız subay qalanlardır və onlar şeytanın qardaşıdırlar»; (Bihar, 103-cü cild, səh.220-221) «Mənim ümmətimin ən yaxşıları ailəlilər, ən pisi isə subay qalanlardır»; (Bihar, 103-cü cild, səh.220-221)«Əgər subay qalanlar öldükdən sonra dirildilsələr, mütləq ailə qurarlar»; (İzdivac dər İslam, 27) «Allah ailə qurmaqdan boyun qaçıran adama lənət etmişdir». (İzdivac dər İslam, 27)
Peyğəmbərin (s) izdivacdan yayınanları «atəş əhli», «səviyyəsiz insanlar», «şeytanın qardaşları», «şər insanlar» və «lənət olunmuşlar» xüsusiyyətləri ilə vurğulamasının başlıca səbəbi budur ki, izdivacdan boyun qaçıranlar çarəsizlikdən günah və haram girdabına yuvarlanacaqlar. Cəmiyyət və ailə üçün problemə çevriləcək və həyatın bütün sahələrində bir çox problemlərə yol açacaqlar.
Quran ayələrinə, rəvayətlərə, həyat təcrübələrinə müraciət etdikdə görürük ki, izdivac insana şərəf və ləyaqət verir, onu Haqqın əzabından xilas edir, səviyyəsizlik və şəxsiyyətsizlikdən qoruyur, şeytanın toruna düşməkdən hifz edir. İnsanı şər mənbəyi olub Haqqın lənətinə gəlməkdən amanda saxlayır və bütün bunlar rahatlığın, asudəliyin, rifahın, əmniyyətin, təqvanın, həyat yükünün yüngülləşməsinin başlıca səbəbidirlər. Elə buna görə də Quran izdivacın İlahi qanuna çevrilməsinin səbəbini belə açıqlayır:
«Allah, üzərinizdə olan ağırlığı (həyat proqramını) yüngülləşdirmək istəyir». («Nisa» surəsi, ayə 28)


Evlənməyin fəzilətləri

Evlənmə öz-özlüyündə həddindən artıq təkid olunmuş bir əməldir. Amma əgər hər kəs ailə qurmamaq səbəbi ilə günaha və ya məşəqqətə düşərsə, bu halda evlənməsi vacibdir ki, özünü harama düşməkdən və cinsi narahatlıqlardan qurtarsın.
Evlənməyin fəziləti haqqında bir çox hədislər nəql olunmuşdur. Peyğəmbər (s) bu haqda belə buyurub: «Allah dərgahında nikah səbəbi ilə abad olan evdən daha sevimli bir şey yoxdur». («Furui-kafi», 5-ci cild, səh. 328) İmam Sadiq (ə) belə buyurub: «Evli şəxsin qıldığı iki rəkət namaz, subay insanın bir gecəni sübhə kimi namaz qılıb, gündüzü oruc olmasından üstündür». («Səfinətul-bihar», 2-cü cild, səh.183) O Həzrət (ə) yenə də buyurub: «Evli şəxsin iki rəkət namazı subayın yetmiş rəkətindən əfzəldir». («Təhzib», 7-ci cild, səh.139)
Qadını sevmək, onu əzizləmək Peyğəmbər sünnəsidir. («Kafi», 5-ci cild, səh.230)Evlənmək elə bir işdir ki, Allahın Rəsulu (s) dünyadan onu seçmişdir.
Hədislərin birində Peyğəmbər (s) belə buyurur: «Həqiqətən, mən sizin dünyanızdan üç şeyi özüm üçün ixtiyar etmişəm: Xoş ətir, qadınlarla evlənmək və namaz. Namaz gözümün nurudur». («Kafi», 5-ci cild, səh.320)
Peyğəmbər (s) bu haqda belə buyurub: «Hər kəs vaxtında evlənərsə, dininin yarısını qorumuş olar». («Kafi», 5-ci cild, səh. 328) Beləliklə də, insan Allahın xoşu gəlməyən bir şeyi (subaylığı) özündən uzaqlaşdırır. («Bihar», 103-cü cild, səh.220) İbadətə davam verməkdə yaranan yorğunluğu həyat yoldaşının olması aradan aparar və bu iş cənnətin ləzzətlərinə rəğbətli olmağa səbəb olar. Ona görə ki, qadın o nümunələrdən biridir.(«Bihar», 103-cü cild, səh.220) İnsan bu qanuna riayət etməklə nəslini artırmış olar, övlada malik olar, nəfsinə qalib gəlməyə səbəb olar və həmçinin özündən sonra yerində varisi qalar («Məanil-əxbar», səh.291) ki, onun əməlləri, həyatda etdiyi fəaliyyət kəsilməz.(«Mən la yəhzəruhul-fəqih», 1-ci cild, səh.117) Daha doğrusu, onun davamçısı olar. Əgər övladı əməlisaleh olarsa, onun bağışlanması üçün dua və şəfaət edər. Ümmətin çoxalmasına səbəb olar, Peyğəmbərimiz (s) Qiyamətdə bununla iftixar edər. («Səfinətul-Bihar», 1-ci cild, səh.117)


Əxlaq cəhətindən qadınların qismləri

Layiqli və əməlisaleh həyat yoldaşı Allahın əta etdiyi ən böyük nemətlərdən biridir. Bu böyük nemət ailələrin səadət və xoşbəxtliyi, müxtəlif sahələrdə inkişaf, tərəqqi amili, qəlbin aramlığı, övladların və pak nəslin düzgün tərbiyə səbəbidir.
Bilmək lazımdır ki, qadın boyundan asılan boyunbağıya bənzədilmişdir. Buna görə də bilməlisən ki, boynuna necə boyunbağı asırsan. («Kafi», 5-ci cild, səh.332) Yəni elə bir qadın tapmalısan ki, sənə tay olsun. Həmçinin, övlad dünyaya gətirən olsun. («Kafi», 5-ci cild, səh.332) Heç vaxt qadınla onun malına və gözəlliyinə görə evlənmə, yoxsa hər ikisindən məhrum olarsan. Onu dindarlığına və öz səlahiyyətinə görə istə ki, onların hər ikisi sənə nəsib olsun. («Mən la yəhzəruhul-fəqih», 3-cü cild, səh.248) Mümkün qədər çalış bakirə qızla evlənəsən, dul qadınla yox («Kafi», 5-ci cild, səh.334) və onun mehriyyəsi az olsun. («Kafi», 5-ci cild, səh. 32) Həmçinin, o qızın rəngi qarabuğdayı, xoş ətirli, orta boylu, gözləri qara və iri, boynu xoş ətirli, topuqları isə ətli olsun. («Kafi», 5-ci cild, səh. 334-335) Qadınların ən üstünü o qadındır ki, çox uşaq dünyaya gətirən, iffətli və öz ərini sevən olsun. Öz qohumlarının yanında əziz, ərinin müqabilində isə təvazökar olsun. Öz əri üçün həmişə bəzənsin, başqalarından həya saxlasın. Ərinə tabe olsun və ona üstünlük etməsin. Pis işlərdən çəkinsin, hər vaxt əri onunla yaxınlıq etmək istəsə, bu işə hazırlığını bildirsin. («Məkarimul-əxlaq», 1-ci cild, səh.438)
Həmçinin, Peyğəmbər (s) ən yaxşı qadınları bu cür tanıtdırır:
«Ən yaxşı qadınlar onlardır ki, çox doğan (nəsildən) və mehriban, hicab və iffətdə kamil olsunlar. Onlar yalnız öz ərləri qarşısında bəzənərlər, amma yadların, naməhrəmlərin nüfuz dairəsindən xaricdirlər. Öz ərlərinə itaət edər, xəlvət vaxtlarda (ərləri onlarla yaxınlıq etmək istədikdə) özlərini onlara təslim edər, ərinin istədiyi şeyi heç vaxt əsirgəməzlər. Allah belə qadınları bütün möminlərə nəsib etsin!»


Evlənmək və ona aid olan qaydalar

Hər vaxt elçiliyə getmək istəsən, iki rəkət namaz qılıb Allaha həmd et və bu duanı oxu:
«Əllahummə inni uridu ən ətəzəvvəcə fəqəddir li minən-nisai ə’əffəhunnə fərcən və əhfəzəhunnə li fi nəfsiha və mali və əvsəyəhunnə rizqən və ə’zəməhunnə bərəkətən və qəddir li vələdən təyyibən təc’əluhu xələfən salihən vi həyati və bə’də məvti».
İsti vaxtlarda elçilik etmək ayrılığa səbəb olar. («Kafi», 5-ci cild, səh.366) Həmçinin, ay əqrəb bürcündə olarkən kəbin kəsmək və gəlin aparmaq yaxşı deyil. Rəvayət olunub ki, hər kəs bu zaman kəbin kəsdirsə və gəlin aparsa, aqibəti xeyirli olmaz. («Təhzib», 7-ci cild, səh.407) Yaxınlıq (cinsi əlaqə) şüa altında olarsa, uşağın yarımçıq düşməsinə səbəb olar. («Mən la yəhzəruhul-fəqih», 3-cü cild, səh.250) İnsanın cümə günü elçilik etməsi və evlənməsi çox yaxşıdır. («Əmali», Səduq, səh.556) Evlənmək zamanı qonaqlıq vermək və kəbindən qabaq xütbə oxumaq sünnətdir. («Kafi», 5-ci cild, səh.368)
Nəql olunmuşdur: Xəlifə Məmunun qızını imam Muhəmməd Təqi (ə) üçün kəbin kəsərkən bu xütbəni oxudular:
«Əlhəmdu lillahi iqrarən bini’mətihi və la ilahə illəllahu ixlasən livəhdaniyyətihi və səlləllahu əla səyyidi bəriyyətihi vəl-əsfiyai min itrətihi əmma bə’du fəqəd kanə min fəzlillahi ələl-ənami ən əğnahum bil-həlali ənil-hərami fəqalə subhanəhu: Və ənkihul-əyama minkum vəs-salihinə min ibadikum və imaikum in yəkunu fuqəraə yuğnihumullahu min fəzlihi vəllahu vasiun əlim». («Məkarimul-əxlaq», 1-ci cild, səh.450)


Toy gecəsinin qaydaları

Toy gecəsi bütün təzə bəy və gəlinlər üçün şirin bir xatirə olub, ömürlərinin çox həssas anlarından sayılır. Bir-birini sevən iki gəncin müştərək həyatı elə həmin andan etibarən başlanır, hər növ ayrılıq və yadlıq aradan qalxır, səfa-səmimiyyətə, vüsala çatırlar. Bəy və gəlinin bu gecəki bütün hərəkət, rəftar və təfəkkür tərzləri ömürlərinin axırına qədər unudulmazdır. Buna görə müqəddəs İslam şəriəti bu gecə üçün müəyyən qayda-qanunlar və mərasimlər bəyan etmişdir ki, onlara riayət edilməsi, şübhəsiz ki, cavan ər-arvadın ruhiyyəsində, onların gələcək övladlarının tərbiyəsində və müştərək həyatlarında çox təsirli olacaqdır. Onlardan bəzilərini bəyan edirik:
Peyğəmbər (s)-in sünnə və qanunlarına əsasən gəlini gecə gətirərlər. («Mustədrəkul-vəsail», 2-ci cild, səh.536)
Allahla munacat etmək, dua edərək Ondan nə isə diləmək bütün hallarda bəyənilir və bu iş ibadət kimi dəyərləndirilir. Dua, əlini Allaha açma zamanlarından biri də toy gecəsindədir. Bu zaman duanın qəbul olunma ümidi daha çoxdur.
Gəlini sənin yanına gətirən zaman hər ikiniz dəstəmaz alın və iki rəkət namaz qılın, şükr edib Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərin. Dua edib yanınızda olan qadınlara da deyin amin desinlər. Axırda isə bu duanı oxuyun:
«Əllahummərzuqni ilfəha və vuddəha vərizaha vərzini biha vəcmə’ bəynəna biəhsəni ictimain və anəsi i’tilafin fəinnəkə tuhibbul-həlalə və təkrəhul-həram».
Gəlinin yanına getdiyin zaman əlini onun alnına qoy və de:
«Əllahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fəin qəzəytə li fi rəhimiha şəy’ən fəc’əlhu muslimən səviyyən və la təc’əlhu şirkə şəytan». («Kafi», 5-ci cild, səh. 501)
Onun ayaqqabılarını çıxart və ayaqlarını yu, o suyu evin qapısından evin axırına qədər səp ki, bununla Allah-Taala yoxsulluğu evinizdən uzaqlaşdırsın, bərəkət və rəhmət evinizə daxil olsun və gəlin ruhi xəstəliklərindən, xora və dəri xəstəlikdən amanda olsun. Öz xanımını yeddi gün müddətində süd, sirkə, kişmiş və turş alma yeməkdən çəkindir.(«Məkarimul-əxlaq», 1-ci cild, səh.454-455) Elə ki, ona yaxınlaşmaq istədin, niyyətin bu olsun ki, nəfsini şeytandan qoruyasan və qəlbin aramlıq tapsın. Yanınızda olan adamları, xidmətçiləri uzaqlaşdırıb qapıları bağla və pərdələri aşağı sal. Əvvəldə «Bismillah» de və Haqq-Taaladan əməlisaleh, pak, təqvalı və sağlam övlad istə və beləliklə, şeytanın şərindən Allaha pənah apar. («Kafi», 5-ci cild, səh.365)
Həmçinin, qadınla cinsi əlaqədə olmaq ədəbləri barəsində belə buyurulub:
Cinsi əlaqədə olmazdan qabaq qadınla bir qədər mazaqlaşmaq və onunla yaxşı rəftar etmək lazımdır, heyvan qaydaları ilə yox. («Kafi», 5-ci cild, səh.497) Ayın (hicri-qəməri ayının) əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmağın məsləhət deyil, çünki bu uşağın yarımçıq düşməsinə və bir də onun dəli olmasına və ürək getməsinə səbəb olar. Lakin Ramazan ayının birinci gecəsində cinsi əlaqədə olmaq sünnətdir. Cinsi əlaqədə olan zaman danışma ki, uşağın lal ola bilər. Həmçinin, bu müddətdə ayıb yerlərə baxmaq övladın kor olmasına səbəb ola bilər. İkiniz bir dəsmalla təmizlənməyin ki, bu sizin aranızda düşmənçilik yaradar. Çalışın tamam çılpaq halda olmayasınız, yoxsa mələklər sizdən uzaqlaşar. Arxası və üzü qibləyə olmayın. Ayaq üstə cinsi əlaqədə olmayın, çünki bu heyvan işidir. Buna görə də sizdən dünyaya gələn uşaq öz yatağını heyvan kimi nəcis edər. Fitr bayramının gecəsi cinsi əlaqədə olma, yoxsa uşağın şər adam olacaq. Qurban bayramında nütfəsi bağlanan uşaq altı və ya dörd barmaqlı olar. Meyvə ağacının altında nütfəsi bağlanan uşaq adam öldürən, cəllad və ya zülmkarların başçısı ola bilər.
Günəşin şüası altında ana bətninə düşən uşağın halı həmişə pis və pərişan olar. Bir də azan və iqamə arasında cinsi əlaqəyə girməyin ki, bu zamanda əmələ gələn uşaq qan tökməyə meyilli olar. Qadınla cinsi əlaqədə olmazdan qabaq dəstəmaz almağı unutma, əgər dəstəmazsız olsan, səndən olan övlad qəlbi qara və xəsis olar. Şəban ayının ortasında yaxınlıq etmə ki, övladın nəhs və üzüqara olar. Şəbanın axırında nütfəsi bağlanan uşaq zalım insanlara köməkçi olar. Həmçinin, ev üstündə cinsi əlaqədən yaranan uşaq ikiüzlü və bidətçilərdən olar. («Məkarimul-əxlaq», 1-ci cild, səh.456)Üstüaçıq yerdə və camaatın keçdiyi yolların yaxınlığında yaxınlıq etmə ki, Allah, mələklər və insanlar sizi lənətləyərlər. («Vəsailüş-şiə», 7-ci cild, səh.97) Dan yeri söküləndən gün çıxana qədər və gün çıxan vaxtdan günəşin qızartısı itənə qədər, ay tutulan gecə və gün tutulan gündüz və həmçinin, şiddətli külək əsən və zəlzələ baş verən gecə və gündüz cinsi əlaqədə olmaq düzgün deyil. Əgər bu cür hallarda səndən uşaq dünyaya gələrsə, ondan bəyəndiyin işləri görə bilməzsən. («Kafi», 3-cü cild, cüz 12, bab 106, səh.105) Öz qadınınla cinsi əlaqədə olmaq istəsən, diqqət etməlisən ki, evdə olanlar oyaq olmasınlar, əgər oyaq olub sizi görsələr və cinsi əlaqədə olan vaxt sizin danışıqlarınızı və ya nəfəsinizi duysalar, övladınız pis əməlli və zinakar olar. («Kafi», 3-cü cild, cüz 12, bab 107, səh.107)
Qadın heyz olan halda onunla cinsi əlaqədə olmaq haramdır. Rəvayətdə nəql olmuşdur ki, hər kəs heyzli qadınla cinsi əlaqədə olarsa, ondan dünyaya gələn uşaq Əhli-beytə düşmən olacaqdır. («Kafi», 3-cü cild, cüz 12, bab 107, səh.106) Gəmidə və o səfərdə ki, qüsl vermək üçün su tapılmazsa, orada cinsi əlaqədə olmaq düzgün deyil. Yalnız əlacsız olsan, bu işin eybi yoxdur. («Kafi», 3-cü cild, cüz 12, bab 107, səh.107)Yuxuda cünub olduqdan sonra qüsl verməsən, cinsi əlaqəyə girmək məsləhət deyil. Əgər qüsl etməzdən qabaq əlaqədə olmaq istəsən, sidiyi xaric etmək üçün tualetə get, qoy sidik kanalları təmizlənsin, sonra cinsi əlaqədə ola bilərsən. Əgər bir-birinin ardınca da yaxınlıq etmək istəsən, sidiyə get. («Kafi», 3-cü cild, cüz 12, bab 107, səh.107) Axşamın əvvəlinci saatlarında qadınla cinsi əlaqədə olma. Lakin bazar ertəsi gününün axşamı, çərşənbə axşamının gecəsi, cümə axşamının gecəsi, cümə axşamının gündüz çağı, günəş göyün ortasına çatanda və bir də xüsusilə cümə gününün axşamı xiftən namazından sonra cinsi əlaqədə olmaq bəyənilmişdir («Kafi», 3-cü cild, cüz 12, bab 107, səh.108) və bunların hər biri üçün ayrı-ayrılıqda təsirlər nəql olunmuşdur.
(ardı var...)

Şeyx Abbas Quminin «Möminlərin zinəti» və Hüseyn Ənsariyanın «İslamda ailə quruluşu» kitabından istifadə olunmuşdur
kovser.az
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 860 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]