Çərşənbə günü, 2024-04-24, 6:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İSLAM VƏ BƏŞƏR TARİXİNDƏ QADININ YERİ
2012-11-16, 7:16 AM
İSLAM VƏ BƏŞƏR TARİXİNDƏ
QADININ YERİ



AZĞIN İNSANIN QADIN HAQQINDA YANLIŞ TƏSƏVVÜRÜ

Təkəbbürlə yaşayan, Haqq təlimlərindən uzaq düşən millətlər dünya və insana aid məsələlərdə yanlış təsəvvürlərə malikdirlər. Onlar bir çox vaxtlar varlıq aləmi, məxluqat haqqında həqiqətdən uzaq fikirlər yürütmüşlər. Bununla da, özlərinə və başqalarına böyük bir zülm etmiş və tarix səhifələrinə alçaqlıq, rəzillik, səviyyəsizlik yazmışlar.
Belə yanlış yürüdülən fikirlərdən biri də qadın haqqındadır. Onlar qadın haqqında həqiqətə uyğun olmayan, qeyri-insani fikirlər yürütmüşlər.
İstər qərbdə, istərsə də şərqdə yazılan kitabları mütaliə etdikdə belə bir nəticə əldə etdim ki, haqqdan uzaq düşmüş, həvayi-nəfsə qərq olmuş millətlər (qərbdə və ya şərqdə) qadın haqqında aşağıdakı on səhv və qeyri-məntiqi fikirləri yürütmüşlər:
1. Tam zəif bir məxluqdur. Buna əsasən də, bütün sahələrdə sorğu-sualsız kişiyə tabe olmalı və ailədə belə, heç bir müdaxilə haqqına malik olmamalıdır.
2. Şeytani ruha malik bir məxluqdur. Buna görə də, bütünlüklə insaniyyət hüdudlarından xaricdir. Əgər ona dəyər verməli olsaq, onun yeri insanla heyvan arasındadır. Bu səbəbdən heç bir qiyməti yoxdur və onun üçün heç bir şəxsiyyət təsəvvür etmək olmaz.
3. Əlində olan heç bir əşyaya malikiyyəti yoxdur. O, yalnız kişi məsləhət bildiyi zaman malikiyyət qazana bilər. Bu da hər şey haqqında ola bilməz.
4. Heç bir irs ala bilməz. O özü irs qalan əşyalardandır. Atası və ya əri vəfat etdikdən sonra irs olaraq digərlərinə qalır.
5. İbadət, bəndəlik, mənəviyyat sahəsinə daxil olmaq onun haqqı deyil. Çünki onun etdiyi ibadətin (özü kimi) heç bir dəyəri, qarşılığı, savabı yoxdur. Çünki o, ağıl baxımından çox zəif və həvəsə uyan bir varlıqdır.
6. Hüquqi baxımdan atasına və oğluna nisbət verilmək ləyaqətinə malik deyil. Onların arasındakı əlaqə yalnız qandır. Anası, atası və qardaşı ilə yalnız qandaş (damarlarında eyni qan olan) olduğu deyilə bilər, nəinki, övlad və ana.
7. Ailə qurduqda onun övladları atasının nəvəsi deyildirlər. Qayınata və övladlar arasındakı yadlıq şübhəsizdir. Qohumluq yalnız oğlan övladı tərəfindəndir.
8. Onunla kişi arasında ölüm məsələsində köklü fərqlər var. Kişi ölümdən sonra da yaşayır, qadın isə ölümlə məhv olub gedir.
9. Qadın əşyadır. Buna görə də, kişi öz malı ilə istədiyi kimi davrana bildiyi kimi, qadınla da bu şəkildə davrana bilər. Onu borc və kirayə verər, bağışlayar, satar, qovar və hətta öldürə də bilər.
10. Şəhvət alətidir. Yalnız kişinin ləzzət, zövq alması üçün yaradılıb. Kişi ondan bəhrələnərkən, heç bir qayda-qanun tanımır.
Bu onuncu nəzəriyyədə Haqdan uzaq düşmüş Amerika və Avropa daha çox ifrata varmışlar. Qərbin əksər hissəsində qadın heyvani və şəhvani müəssisələrin daha çox müştəri cəlb etmək və saysız-hesabsız pul qazanmaları üçün kino, televiziya, video, saysız-hesabsız jurnal və qəzet materiallarına çevrilmişdir.

İSLAMIN AZĞIN İNSANIN QADIN HAQQINDAKI YANLIŞ TƏSƏVVÜRLƏRİNƏ CAVABI


İslam ilahi bir dindir. İslam fitrət mədəniyyəti olaraq insaniyyətin bütün sahələrini əhatə edir. İslamın bütün qanunları Allah tərəfindəndir. O, insanı yaratmış və onun kim, nə və hansı xüsusiyyətlərə malik olduğunu çox gözəl bilir. Bütün göstərişlərini onun xüsusiyyətləri əsasında və yetməli olduğu həqiqətlərə çatması üçün vermişdir.
İslam tarix boyu qadın haqqında düşünülüb mədəniyyətə çevrilmiş bu cəfəngiyyata belə münasibət bildirmişdir:
1. Qadının yaradılışı və xüsusiyyətləri eynilə kişidə olduğu kimidir. O, Allah-təalanın, onu yaratdığı məqsədlə tam uyğun gəlir. O, bütün varlığı ilə insanlıq həqiqətinin nümunəsi və bir sözlə, bütün heysiyyəti ilə insandır. Necə ki, Quranda buyurulur:
«Biz insanı ən gözəl biçimdə yaratdıq».
«Hər bir şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz bütün əməllərdən xəbərdardır».
«O, hər şeyi gözəl yaratdı».
2. Qadının ruhu sırf insani və ilahi ruhdur. Hansı ki, Allah tərəfindən ona üfürülmüşdür. Ona bu ruh üfürüldüyü üçün xüsusi imtiyaz bəxş edilmiş və səciyyəvi xüsusiyyətlər mənbəyinə çevrilmişdir. Bu ruhun kişi ruhu ilə heç bir fərqli cəhəti yoxdur. Onların ruhu tam mənada eynidir.
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!».
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir».
Əyyaşinin təfsirində imam Baqirdən (ə) nəql olunan bir rəvayətdə deyilir: «Allah-təala Həvvanı Adəmin torpağının artığından yaratdı».
Bu növ ayələr göstərir ki, qadının xilqətində zahiri və batini baxımdan heç bir nöqsan yoxdur. Onun ruhu Haqq-təala tərəfindən üfürülmüş ruhdur. Onda istedadı, fitrəti, ruhu, ağılı vasitəsi ilə Haqqın köməyi sayəsində ən yüksək mənəvi məqamlara yüksəlmək qabiliyyəti mövcuddur. Bunun əksinə olaraq, bütün həqiqətlərə göz yumub ən alçaq səviyyəli bir varlığa çevrilməsi potensialına da malikdir.
3. Onun malikiyyət hüququ var. Onun zəhmətlərinin məhsulu öz qanuni haqqıdır. Onun malikiyyət məsələsi və öz malından istədiyi kimi bəhrələnməyində kişi ilə heç bir fərqi yoxdur.
«İnsana ancaq öz əməli, öz zəhməti qalar!».
Bəli, insan öz səyinin, cəhdinin və əməlinin malikidir. Bu, Allahın dünya və axirətdə hər bir insana verdiyi haqdır.
«(Ey kişilər,) onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehriyyədən) bir şey tələb etməniz sizə halal olmaz».
İmam Sadiq (ə) bir rəvayətdə buyurur: «Oğrular üç qismdir: zəkat verməyə ürəyi gəlməyənlər; həyat yoldaşının mehriyyəsini yeməyi özünə halal bilib onu ödəməyənlər; camaatdan borc alıb onu ödəmək məqsədi olmayanlar».
«Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərti ilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidir».
Mehriyyədən əlavə, Qur´an kişiyə vəfatından sonra təlaq verilmiş qadının xərclərini vəsiyyət etməyi tapşırır.
«Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir».
4. Qadın ata-anasının, ərinin və övladlarının mirasının sahibidir.
«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir».
Bu ayə qadın və uşaqları öz həqiqi haqlarından məhrum edən adət-ənənə ilə mübarizə aparmaq üçün nazil olmuşdur. Bu zülmkar adət ərəblərə məxsus idi. Yuxarıdakı ayə xain adətin üzərinə xətt çəkərək buyurur: «Ata, ana və yaxın qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir».
5. Qadının ibadəti Haqq dərgahında kişinin ibadəti kimi dəyərli və qiymətlidir. Behişt, savab kişilərə məxsus deyil. Allahın rəhməti kişi və ya qadın olmasından asılı olmayaraq bütün bəndələrinin əbədi nəsibidir.
Quranda buyurulur:
«Mömin olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik».
Ayədən aydın olur ki, Haqq mizanının meyarı yalnız iman və saleh əməldir. Gözəl həyat və axirət savabı üçün bundan əlavə heç bir qeyd və şərt yoxdur. Nə qadınlıq və kişilik, nə yaş, nə millət, nə nəsil və nə də cinsiyyət baxımından.
Rəsulullah (s) buyurmuşdur: «Behiştin ən üstün qadınları dörd nəfərdir: Xədicə Xuvəylid qızı, Fatimə Məhəmməd (s) qızı, Məryəm İmran qızı və Asiya Məzahim qızı».
Şübhəsiz ki, qadın ibadət əhli, mərifətli və imanlı olarsa, bu zaman Allah tərəfindən böyük mükafata layiq görüləcək. Lakin fasiq kişilər kimi dinsizliyə, günaha meyl göstərərsə, əbədi əzab əhlinə çevriləcəkdir.
Həzrət Nuh və Lutun qadınları ilahi dini qəbul etmədikləri üçün, Quranın buyruğuna əsasən, əbədi olaraq cəhənnəm və əzab əhli oldular.
«Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altındaydılar. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara, «başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!» deyildi».
Quranın «Məryəm» və «Dəhr» surələri, Fironun möminə həyat yoldaşı haqqında olan ayələrin hamısı qadının ibadət məsələsində yüksək məqama sahib olduğuna və qiyamətdə böyük mükafata layiq görüləcəyinə sübutdur. Bütün bunlar, qadının ibadətinin Allah yanında heç bir dəyəri olmadığını deyən tarix cəfəngiyyatlarının ağzına vurulan möhkəm yumruqdur!
6. Qadın öz ata-anasının övladı, övladlarının isə anasıdır. Heç bir kəs onun bu bağlılığını əlindən ala bilməz. Belə bir iş olduqca zülmkar və xaincəsinə görülmüş bir işdir.
Quran qızı öz ata-anasının həqiqi övladı bilir. Ailə qurub uşaq sahibi olduqda isə, onu öz uşaqlarının anası hesab edir.
Quranda ərəblərin öz qızlarını diri-diri basdırmalarına qarşı tənqidlər yağdırılaraq, öz övladlarına qarşı edilən bu zülmə qadağa qoyulur.
«Kasıblıq üzündən övladlarınızı öldürməyin».
Gördüyünüz kimi, ayədə qız açıqca övlad adlandırılır. Bundan başqa, irslə bağlı ayədə buyurulur:
«Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür…».
Bu ayədə də qız açıqca övlad adlandırılır. Bu, tarix cəfəngiyyatlarına kəskin cavabdır.
Habelə, qadın öz övladlarının anasıdır. Quranda buyurulur:
«Analar övladlarını əmizdirmə müddətini tamamlamaq istəyən (atalar) üçün tam iki il əmizdirməlidirlər».
Musanın (ə) başına gələnlərlə bağlı Quranda buyurulur:
«Biz, Musanın anasına (ilham yolu ilə) vəhy etdik»
Həzrət Peyğəmbər (s) qızı Fatimə (s) haqqında buyurur: «Fatimə mənim canımın bir hissəsidir».
Digər bir rəvayətdə buyurulur: «Övladlarımız istər qız, istərsə də oğlan bizim ciyərlərimizdirlər».
7. Şübhəsiz ki, onun övladları atasının nəvələridirlər. Həzrət Peyğəmbərin (s) imam Həsən (ə) və Hüseynə (ə) bir baba kimi hədsiz diqqəti, bu cəfəngiyyatçıların yanlış yolda olduqlarını göstərir.
İslam fiqhi anaları seyyidə olanların Peyğəmbərlə (s) dərin bağlılıqları olduğu qənaətindədir. Belə ki, böyük şiə alimi Seyid Mürtəza anaları vasitəsi ilə həzrət Peyğəmbərin nəslinə mənsub olanlara xüms verməyin mümkünlüyü fətvasını vermişdir.
8. Qadın ölümlə məhv olmur. Əksinə, kişi kimi əbədi həyata malikdir. Əgər Allaha bəndəlik etmişsə, əbədi olaraq behiştdə, ibadətdən uzaq olsa isə əbədi əzabda olacaq. Quranda qiyamət haqqında buyurulan minlərlə ayə buna sübutdur.
9. Qadın əşya deyil. Əksinə, Haqq kitabının aydın ayələrinə əsasən aqil, iradəli və zatən kişi ilə eyni olan bir varlıqdır. O, bütün insani və ilahi xüsusiyyətlərə malikdir.
10. Şəhvət aləti deyil. Əksinə, kişinin şəriki, insan nəslinin davamlılığının başlıca amili və həyatın yarısını təşkil edən bir varlıqdır. Onunla düzgün və pak niyyətlə ailə qurmaq ibadət və lazımi qaydada davranmaq axirət həyatının azuqəsidir.
Quranda buyurulur:
«(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın! Allahdan qorxun və (Qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! İman gətirənlərə (Cənnətlə) müjdə ver!»
İncə və dolğun məna kəsb edən «حرث» ‒ «tarla» ifadəsi ilə qadının insan cəmiyyətində zəruri bir varlıq olduğu, onun şəhvət aləti deyil, insan həyatının davamlığını qoruyan pak və pakizə bir vasitə olduğu nəzərə çatdırılır. Bu, qadına bir şəhvət aləti kimi baxanlara ciddi xəbərdarlıqdır.
وقدموالانفسكم»» «Öz qadınınızla cinsi əlaqədə olmaqla axirət dünyası üçün azuqə göndərin» kəlamı cinsi əlaqənin yalnız ləzzət almaq məqsədi ilə yaradılmadığını göstərir. Mömin bu mövzudan ləyaqətli övlad yetişdirmək üçün istifadə etməlidir. Bu müqəddəs xidmət öz sabahları üçün öncədən göndərilmiş mənəvi ehtiyat kimi həyata keçirilməlidir. Beləcə, Quran xəbərdarlıq edir ki, özünüzə həyat yoldaşı seçərkən müəyyən prinsiplərə riyaət edin və bununla sizin izdivacınızın nəticəsi saleh əməlli övladlar olsun.
Ayənin əvvəlində haqqında söhbət olunan ailənin intim həyatı çox mühüm və insanın ən aktiv qərizəsi və duyğusuna aid olduğu üçün Quran «اتقواالله» ifadəsi ilə insanları bu mühüm məsələyə diqqət yetirərək, ilahi göstərişlərə riayət etməyə çağırır. Sonra ayənin sonunda diqqəti qiyamət günü öz əməllərinin nəticəsini görəcəklərinə yönəldir və özlərini maddi və mənəvi həyatlarının xeyrinə olan bu göstərişlərə təslim etdikləri üçün «بشرالمؤمنين» cümləsi ilə onlara müjdə verir.
İmam Sadiq (ə) çox mühüm bir hədisdə bu məhəbbət simvolunun əzəmət və dəyərini belə açıqlayır: «Həvva yaradıldıqda Adəm Allaha ərz etdi: «İlahi! Bu gözəl xilqət nədir ki, yaxınlığı, baxışı məni tənhalıqdan xilas edir və mənim üçün ünsiyyət, ülfət yağdırır?» Xitab olundu: «Ey Adəm, bu mənim kənizimdir. Səninlə ünsiyyətdə olmasını, söhbət etməsini, sənin haqq tələblərinə tabe olmasını istəyirsənmi?» Adəm «Bəli»-deyə, cavab verdi. Xitab olundu: «Sənin üçün yetirdiyim bu yara görə ömrün boyunca mənə şükür et».
Bəli, saleh qadın, vəfalı həyat yoldaşı, Haqqın nemətidir və ömrün axırına qədər bu dəyərli nemətə görə şükür etmək lazımdır.
Yeddinci imam (ə) buyurur: «Xeyrin çoxu qadınlardadır».
Bəli, qadınla ailə qurmaq dinin yarısı, onun hüquqlarına riayət etmək ibadət, ondan saleh övlad əldə etmək axirət azuqəsi, ona xidmət göstərmək Haqqın razılığını qazanmaqdır. Peyğəmbərin (s) dili ilə desək, «Behişt anaların ayağı altındadır». Bütün bunlar imam Sadiqin (ə) buyurduğu «xeyirin çoxudur».
Mən izdivac məqsədi olan və ya izdivac etmiş cavanlara, mömin kişilərə xəbərdarlıq edirəm ki, qadın haqqındakı bu ilahi həqiqətlərə riayət edib, onların hüquqlarını pozmaqdan qəti şəkildə çəkinsinlər. Öz həyatlarını necə qiymətli bir gövhərlə dəyərləndirdiklərini bilsinlər. Habelə, izdivac məqsədi olan və ya izdivac etmiş cavan qızlara, möhtərəm qadınlara tövsiyə edirəm ki, bütün dediklərimizə diqqət yetirərək öz qədirlərini bilsinlər və qadınlıq nemətinə görə mehriban Allaha şükür etsinlər. Öz həyat yoldaşı üçün Quranın, Peyğəmbərin (s) və məsum imamların (ə) buyurduğu kimi, ləyaqətli qadın olsunlar. Qadınlıq, ailə və analıq məsələsində öz pak hissiyyatlarından bəhrələnsinlər. Həyatlarının bütün sahələrində ilahi göstərişlərə riayət etsinlər. Bununla da sağlam ailə, pak və ləyaqətli övlad və əmniyyət dolu həyata sahib olsunlar. Allahın razılığını cəlb edib, öz gözəl davranışları ilə səmimiyyət, gözəllik, şirinliklə dolu bir həyat sürsünlər.

YENƏ QADININ HƏYATI VƏ YERİ MÖVZUSUNDA TARİXƏ NƏZƏR SALAQ

Tarixin cahil xalqlarının qadın cinsinə münasibətləri olduqca təəccüblüdür. Haqq və vəhy məntiqindən uzaq yaşayanlar qadına kişinin həva-həvəs dolu həyatını keçirmək üçün bir alət, müxtəlif ləzzət vasitəsi gözü ilə baxır, onun üçün oxuyub-yazmağın təhlükəli olduğunu hesab edirdilər. Təbii həyat məsələləri, qohumlarla görüşmək üçün evdən bayıra çıxmağa icazə vermirdilər. Onun həyat sürdüyü məkanın yalnız ev ‒ dörd divar arası - olmalı olduğu fikrini irəli sürürdülər. Qadını istədiyini etmək iqtidarında olan bir varlıq sanmır, onu olduqca ixtiyarsız hesab edirdilər.
Məsihilər çoxluq təşkil edən məntəqələrdə, - ki, məsihiyyətdən, bu ilahi dindən olduqca uzaq idilər, - qadının ağzına noxta vurmaq lazım olduğunu deyir və onun bəşər, yoxsa heyvan ruhuna malik olduğu mövzusunda tərəddüd edirdilər.
Afrikada qadına bir əşya və sərvət gözü ilə baxır, onun dəyərinin qoyun və inəklə eyni olduğunu hesab edirdilər. Kimin daha çox qadını olsaydı, daha varlı-dövlətli sayılırdı. Qadını alıb-satmaq, onu tarlaları şumlatdırarkən işlətmək olduqca adi və normal bir iş idi.
Hindistanda qadını 5 yaşında ərə verirdilər. Onlara heç bir haqq vermirdilər. Qadının həyatının ərinin həyatına bağlı olduğunu zənn edir, əri öldükdə onu da əri ilə yandırırdılar. Heç bir varlığı əri ölmüş qadın kimi səviyyəsiz, alçaq bir varlıq hesab etmirdilər.
Kəldədə (Beynün-nəhreynin cənubunda yerləşən qədim bir diyar) və Babildə qadını digər əşyalar kimi satırdılar. Hər il izdivac yaşına çatmış yetkin qızlarını satmaq üçün bazar qururdular.
Bu günlərdə də qəzetlərin yazdığına əsasən, bəzi hindlilər cehizin qorxusundan öz qızlarını az yaşlarında məhv edirlər.
Çin və Tibetdə qadınlar evdə ‒ dörd divar arasında işləməkdən başqa heç bir hüquqa malik deyildilər. Qadının yerimək qüdrətini zəiflətmək məqsədi ilə doğulduqdan sonra ayağını dəmir qəlibə salır və on beş yaşına yetdikdən sonra onu açırdılar.
Elm, bilik, fəlsəfə, hikmət mərkəzi olan Yunanıstanda qadının qız doğması cinayət idi. İki dəfə qız doğan qadın mühakimə olunub cərimə ödəyir, üçüncü dəfə isə edama məhkum olunurdu.
Ərəbistanda, Quranın buyruğuna əsasən, qızı diri-diri basdırmaq olduqca adi və çox sadə bir iş idi.
«Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənər. (Allah bilir) Görəsən, o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa (diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb, qızları Allaha isnad edirlər».
Bütün bunlar avam və ağılsız xalqın qadın cinsinə rəva gördüyü cinayətlərin kiçik bir hissəsidir. Bunların geniş izahını qadın haqqında yazılmış mənbələrdə tapa bilərsiniz.
Müqəddəs İslam dininin sözügedən on məsələ haqqında nəzərini bildiniz. Quranın və rəvayətlərin ifadələrində qadın cinsi aşağıdakı xüsusiyyətlərlə dəyərləndirilmişdir.
«ام»: Hər bir şeyin qaynağı ‒ ana.
«حرث»: Nəslin davamlılığı amili.
«لباس»: Həyat libası (örtüyü).
«تسكين»: Aramlıq, təskinlik amili.
«ريحانه»: Gül budağı və zərif.
«نعمت»: Haqqın neməti.
Kişilər və cavanlar - istər ailə quranlar, istərsə də ailə qurmaq fikrində olanlar - bu gözəl varlığın mənəvi məqamlarına diqqət yetirsinlər və bilsinlər ki, ilahi peyğəmbərlər, imamlar, övliyalar, ariflər, həkimlər, yazıçılar, böyük fəqihlər və Allahın saleh bəndələri bu pak varlıqlardan doğulub, dünyaya qədəm qoymuşlar. Onlar bəşər həyatının bütün bu bərəkət və xeyirlərinin qaynağıdırlar.
Əziz ata və analar öz qızlarının tərbiyəsinə daha çox diqqət yetirməli, onların ilahi və insani keyfiyyətlər əxz etmələri üçün fədakarcasına çalışmalıdırlar. Kişilər onların hüquqlarını tam şəkildə qorumalıdırlar. Belə ki, kişilər qadınların sayəsində saleh nəsil tərbiyə etməyə hazırlaşırlar. Bu yolla da, bəşər və cəmiyyət ən yaxşı şəkildə mənəvi qida alır.
Məgər bir məsihi qız müharibədə əsir düşüb həzrət Hadinin (ə) evinə gələrək, onun və Həkimə xatunun tərbiyəsi sayəsində on ikinci imamı ‒ dünya ədalət carçısını dünyaya gətirməyə ləyaqət tapmadımı?!
Qadında belə bir mənəvi məqama yetmək potensialı mövcuddur. Vəhyin hidayət nurunun saçması ilə bütün bunlar onun vücudunda öz əksini tapacaq və əbədi xeyir mənbəyinə çevriləcəkdir.
Qadını təhqir etmək onun şəxsiyyətinə olan hücumdur. Onun hüquqlarını məhdudlaşdırmaq dinin hikmətin göstərişləri xaricindədir. Ona əziyyət vermək, valideynləri və qohumlarını görməkdən məhrum etmək, onunla acı dil və qaşqabaqla davranmaq, gün ərzindəki işin, qanqaraçılığın tənəsini ona vurmaq və onun hislərinə, xüsusilə cinsi qərizələrinə cavab verməmək, hamısı din baxımından bəyənilməz, çirkin iş və aşkar bir zülmdür.
Əgər ailənizin sevgi, məhəbbət təməli üzərində qurulmasını istəyirsinizsə, qadının şəxsiyyətini uca tutun. Eşqinizi ona elan edin. Onun problemləri ilə maraqlanın, ev işlərində ona kömək edin, onu incitməyin, onun gündəlik yorğunluğunun nəticəsi olan bəzi qüsurlarından keçin. Siz yalnız bu yolla həyatın şirinliyini dadıb, Allaha ən yaxşı şəkildə ibadət etmiş olarsınız.
O, xeyir qaynağı, insaniyyət tarlası, sizin həyatınızın örtüyü, aramlıq və təskinlik amili, varlıq bağçasının incə və zərif gülü və Allah-təalanın sizə bəxş etdiyi nemətdir.
Əziz İslam Peyğəmbəri (s) qadına məhəbbət bəsləmək haqqında buyurur: «Dünyada sevdiyim şey qadın və xoş ətirlərdir. Lakin gözümün işığı namazdır».
Əgər insan qadının hüquqlarını qoruyub, şəxsiyyətinə hörmət göstərməklə ondan saleh əməlli və ləyaqətli övlad sahibi olsa, əməl kitabçası öldükdən sonra belə bağlanmır və saleh övladının paklığının nəticələrindən daim bəhrələnir.
Allah Rəsulu (s) buyurur: «İnsan öldükdən sonra yalnız üç əməlinin nəticəsindən bəhrələnir: Davamlı olan xeyir işdən, digərlərinin faydalandığı elmdən, onun üçün dua edən layiqli övladdan».
Deməli, valideynlər öz qızlarının, kişilər öz həyat yoldaşlarının qədrini bilməlidirlər. Çünki ailəli olmaq, qız övladı olmaq insanın dünya və axirəti üçün mənfəət qaynağıdır.

Müəllif: Hüseyn Ənsariyan
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 741 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]