Cümə günü, 2024-11-22, 9:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İNSAN VƏ İZDİVAC
2012-11-16, 7:09 AM
İNSAN VƏ İZDİVAC

İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında göstərilən qayda-qanunlar əsasında həyata keçirilməlidirlər.
Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa edilmişdir.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət nişanələrindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır!»[Rum,21].
«İnsanları sudan (nütfədən) yaradan, onları bir-birinə əsil-qohum (qan qohumu) və sonradan (izdivac vasitəsi ilə) qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!» [Furqan,54].
Pak İslam mədəniyyətində özünə həyat yoldaşı seçmək öz-özlüyündə müstəhəb və çox bəyənilən bir işdir. Lakin ailə qurmamaq, subay qalmaq insanı günaha sürükləyərsə, bu zaman ailə qurmaq vacib və zəruri hesab olunur.
Bu halda Allahın göstərişlərinə boyun əymək, maddiyyatdan qorxmadan canla-başla ailə qurmaq lazımdır. Çünki gələcəkdən qorxmaq şeytan işidir, Tanrıya etimadsızlıqdır.
İndi isə Allahın izdivacla bağlı buyruğunu, Onun gələcək ailə xərclərinə zəmanət olmasını bəyan edən «Nur» surəsinin bir ayəsini diqqətinizə çatdırırıq:
«Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir»[Nur,32].
Ayədə istifadə olunan «وانكحوا» (evləndirin) kəlməsi ərəb dili qrammatikası baxımından felin əmr formasıdır. Bu əmr cəmiyyətin hər bir fərdinə ‒ bütün qadın və kişilərə aiddir.
Bu ayədən ailə həyatı qurmağa ehtiyacı olanların izdivaclarının zəruriliyi anlaşılır. Belə ki, onların paklıq və sağlamlığı yalnız bu yolla təmin oluna bilər. Digər bir cəhətdən isə ayədə ailələrin, xüsusilə də maddi imkanı olan ata-ananın öz övladlarını ‒ oğul və qızlarını evləndirmələri zəruri hesab olunur.

NİKAH MƏRASİMİNİN HƏYATA KEÇİRİLMƏSİNİ ÇƏTİNLƏŞDİRMƏYİN

Kişinin qadına, qadının da kişiyə olan meyli, xüsusilə qərizə qönçələrinin çiçəkləndiyi, şəhvət gülünün açıldığı bir vaxtda, izdivaca ehtiyac olduğu zaman onun qüvvətlənməsi təbii, insani və həyati bir məsələdir. Belə ki, bunu heç bir şəxs inkar edə bilməz.
Ailə həyatının ilk günlərində oğlan və qızın gələcək həyat mövzusundakı arzu, amal və məramı hər bir şəxs üçün, xüsusilə cavan qızı və ya oğlu olan valideynlər üçün gün kimi aydın bir həqiqətdir.
Cəmiyyəti günahdan, pozğunluqdan qorumaq üçün, izdivaca ehtiyac duyan qız və oğlanları vaxtında evləndirmək ən mühüm üslublardandır. Bu elə bir həqiqətdir ki, onu danmaq yalnız ağılsız, şüursuz və məntiqsiz insanlar tərəfindən baş verə bilər.
Bu cəbəbdən ilk öncə valideynlərə, qohumlara, qız və oğlanların izdivac məsələsinə aidiyyatı olan hər bir şəxsə bu ilahi istəyi asanlaşdırıb, ən asan şəkildə həyata keçirmək vacibdir. Sonrakı mərhələdə isə bir-biri ilə ailə qurmaq istəyən qız və oğlanın şəhvət, meyl və istəklərinin öz təbii yolu ilə cərəyan etməsi, gələcək xoşbəxt ailənin təməl daşının qoyulması, dünya və axirət səadətinin bərpası üçün bir-birlərinə qarşı yersiz tələblərdən, pis şəraitin meydana gətirilməsindən qəti surətdə çəkinmələri zəruridir.
Şübhəsiz ki, Quran ayələrində, rəvayətlərdə, hədislərdə Allah-təalanın bu kimi işləri, xüsusilə öz qız və oğlanlarının ailə qurmasını asanlaşdıran insanların dünya və axirətdə, məhşər hesabında işlərini asanlaşdıracağı buyurulur. Bunun əksinə olaraq, hər bir işi çətinləşdirən, xalq dili ilə desək, hər bir sahədə tükü tükdən seçən və bununla da, öz övladlarının şəhvət və qərizələrin qələbəsi nəticəsində müxtəlif psixoloji, əsəbi xəstəliklərə tutulmalarına, onların pak çöhrələrinin günaha aludə olmalarına, arzu və amallarının puça çıxmasına bais olanları dünya və axirətdə, xüsusilə də məhşərdə Haqqın qəzəbi və əzabı gözləyir.
İzdivac və nikah məsələsində çox diqqət və xırdaçılıq etmək insanı, özü də bilmədən, problemlərlə qarşılaşdırır.
Təbiətdə iki ünsürün tərkibi olduqca asan olmasaydı, təbii ki, bu gün gördüyünüz varlıq aləmi də olmazdı.
Analar və atalar, qız və oğlanlar! Bu ilahi və insani təşəbbüsün həyata keçirilməsini, mehriyyənin təyin olunmasında şəraitin yaradılmasını, nikah və toy mərasimlərinin, öz məhəlli adət-ənənələrinizin həyata keçirilməsini çətinləşdirməyin. Hər iki ailənin imkanı xaricində olan tələblər irəli sürməyin. Qoyun izdivac məsələsi olduqca asan başa gəlsin ki, Allah da dünya və axirətdə sizinlə asan davransın.
Təqva əhlinin getdiyi yolla gedin və onlardan dərs alın. Öz həyatınızı o övliyaların xüsusiyyətləri əsasında qurun. Çünki xoşbəxtlik və səadət, dünya və axirət xeyrinin təmin olunması, əzəli və əbədi camal aşiqlərinin həmkarlığı ilə əldə olunur.
Əli (ə) təqva əhlini belə vəsf edir: «Özlərini hər bir aludəçilikdən qoruyurlar. Onların ehtiyacları olduqca azdır. Hər hansı bir xeyir iş onlardan gözlənilir və hamı onların şərrindən amandadır».
Hər halda, izdivacın həyata keçirilməsi ilə əlaqəli olan şəxslər yersiz və imkan xaricində olan tələblər irəli sürməkdən, həva-həvəsin tabeçiliyində yanlış adət-ənənələrə uymaqdan, digərləri ilə bəhs etməkdən, bir sözlə, nikahın bütün məsələlərini çətinləşdirməkdən çəkinməli və izdivacın təməlini ilk günlərdən asanlıqla, xeyirli məsləhətlər və Allah-təalanın razılığı əsasında qurmalıdırlar.
Kişi ailə qurduqdan sonra öncədən izdivac məqsədi ilə görüb-bəyəndiyi, ailə qurduğu qadınla ailə həyatını davam etdirməli və ilahi rəhmətin davamının qarantı olmalıdır. Qadın da ərliyə qəbul etdiyi şəxs üçün problem yaratmamalı və bütün sahələrdə onun hüquqlarına riayət etməlidir.
Bir-birinin hüquqlarına riayət etmək mehriyyənin çoxluğu, çox xərc aparan məclislər qurulması, həddən artıq qonaq dəvət olunması və yersiz, qeyri-məntiqi adət-ənənələrin keçirilməsi ilə müyəssər olmur. Bir-birinin hüquqlarını tapdalamamaq münasib həyat yoldaşı seçmək, sadə proqramlar icra etmək, hər iki ailə tərəfindən İslam əxlaqına, ilahi və insani haqlara riayət etmək, aradakı məhəbbət və səmimiyyəti davam etdirmək, müxtəlif ruhi və əsəbi xəstəliklərə yol açan ixtilaf və dava-dalaşa yol verməməklə müyəssər olur.
Əli (ə) və Fatimənin (s.ə) birgə yaşadıqları ailə həyatı hər bir kişi və qadın üçün ideal həyat dərsidir.
Fatimə (s) ailə üzvlərinin, xüsusilə də öz həyat yoldaşının aramlığına bais olur və ailədə yaşam zəminələrini yaradırdı. Əli (ə) də ən nümunəvi ailə başçısı, mehriban ata və övlad tərbiyəçisi, ev işlərində ən yaxşı həmkar idi. O, evin gündəlik ailə işlərindən belə çəkinmirdi. Təmizlik işləri ilə məşğul olur, xəmir yoğurur və uşaq saxlayırdı. Ev işlərinin idarəsinin öz həyat yoldaşı üçün asan olmasını və bütün işlərin Fatimənin (s.ə) üzərinə düşməməsini təmin edirdi.
Qadın və kişi bir-birinin hüquqlarını tam qorumalıdırlar. Güman etməməlidirlər ki, zülm yalnız Firon, Nəmrud kimi zalımların etdiklərinə deyilir. Qətiyyən belə deyil! Nahaqdan digər bir şəxsin qəlbinin inciməyi belə, zülm adlanır. Allah zülmü və zalımı sevmir. Kimin tərəfindən olursa olsun, azacıq zülmdən belə xoşu gəlmir.
Gələcək söhbətlərimizdə, tədricən, ailə həyatı ilə bağlı bütün məsələlərə toxunacağıq. Söhbətimizin bu yerində izdivacın əhəmiyyət və dəyəri, nikahın xeyirləri və bir çox digər məsələlər haqqında bir neçə etibarlı qaynağa əsaslanan hədisi diqqətinizə çatdırmaqla kifayətlənir və sizi bu hədislərə diqqət yetirməyə dəvət edirik. Çox güman ki, bu yolla İslam mədəniyyətinə heç bir mədəniyyətin tay ola bilməyəcəyi məlum olacaqdər.

RƏVAYƏTLƏR BAXIMINDAN İZDİVACIN ƏHƏMİYYƏT VƏ DƏYƏRİ
Peyğəmbər (s) buyurur: «Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur: yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»; «Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur»; «Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın»; «İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil», «İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin».
İmam Sadiq (ə) buyurmuşdur: «Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-deyə cavab verdi. Atam dedi: «İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».
Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: «Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s) buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».
Rəsuli-əkrəm (s) buyurur: «Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»; «İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil»; «İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir»; «Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini mənim əlimdən qurtardı»-deyə fəryad edir. Ona görə də, Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin».
Görün, ailə qurmaqda necə də ülvi dəyərlər var. Ailə quran qadın və kişiyə nə qədər mənfəət nəsib olur və İslam ailə qurmağa necə böyük əhəmiyyət verir.
Kaş, ailələr bu ilahi və insani işin asanlaşması yolunu açaydılar. Çətinləşdirmələri, imkan xaricində olan işlərin həyata keçirilməsi cəhdlərini aradan qaldıraydılar. Bu mərasimi özlərinə münasib şəkildə həyata keçirəydilər. Qənaətlə, mümkün olan yolu keçəydilər. Nəticədə, qızlar və oğlanlar öz təbii meyllərinə çatar, arzularını həyata keçirər, haqqın neməti olan şəhvət və qərizələri nemətin küfrünə çevrilməz və onların pak qəlbləri günah və harama aludə olmazdı.
Arzu və amalların ürəkdə qalması, şəhvət və qərizələrin öz yolunu azması, günah və aludəçiliyin artması, öz cinsi tələbini müxtəlif yollarla doyurma, zina, gözlərin başqalarına dikilməsi və günaha meyllilik, digərlərinin namusuna təcavüz, ibadətdə tənbəllik və təhsildə süstlük, əsəb və psixoloji xəstəliklərin meydana gəlməsi və digər bu kimi ictimai və fərdi bəlaların kökü haradandır?
Bütün bu sualların cavabını ilk növbədə izdivac məsələsini çətinləşdirən, yanlış adət-ənənələrin əsirinə çevrilən, digərləri ilə bəhsə girən valideynlərdən, ikinci növbədə təqvadan kənar olan oğlan və qızlardan, üçüncü növbədə isə cavanların izdivac yolunu açmaq imkanı olub, lakin Allah yolunda pul xərcləməyə ürəyi gəlməyənlərdən soruşmaq lazımdır. Əgər bu dünyada hər hansısa bir qəbul olunan məntiqi və əqli cavab varsa, yəqin bilsinlər ki, o dünyada, qiyamətdə ‒ ilahi ədalət məhkəməsində də həmin cavabı verməli olacaqlar!

Müəllif: Hüseyn Ənsariyan
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 690 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]