Cümə axşamı, 2024-04-18, 11:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İbrahimi dinlərdə evlilik məsələsi
2012-11-26, 7:18 AM
İbrahimi dinlərdə evlilik məsələsi

Bəşəriyyət tarix boyu evlilik fenomeni sahəsində ya ifrata, ya da təfritə yol vermişdir. Bir qrup insanlar evlilik məsələsinin müsbət təsirlərinə fikir vermədən onu əzməyə, məhv etməyə çalışmışlar və cinsi əlaqələrin heç bir formada həyata keçirilməsinə icazə verməmişlər. Buddistləri, rahibləri, kilsə Papalarını və bəzi başqa firqələrin nümayəndələrini bu dəstəyə aid etmək olar. Digər tərəfdən başqa dəstələr cinsi istəklərin daxildə öldürülməsi nəticəsində insanda ruhi çatışmazlıqların yaranması iddiası ilə çıxış etmiş və insanın ruhi baxımdan sağlamlığa qovuşma yolunu onun cinsi istəklərinin heç bir maneə qoyulmadan həyata keçirilməsində görmüşlər.
Halbuki ailə qurmaq insanın fiziki və cinsi ehtiyaclarını ödəmək üçün münasib yoldur. Həmçinin bu hidayət yolundan yararlanmaqla qeyd etdiyimiz hissləri qanuni çərçivəyə salmaq və insanın bütün istedadlarının meydana çıxmasına maneçilik törədən hisslərin tüğyan etməsinin qarşısını almaq mümkündür.
İpə-sapa yatmayan və heç bir çərçivəyə sığmayan fiziki istəklər ailə qurulduğu təqdirdə sabitləşə bilir və tərəflər arasında illər boyu sevgi yaranır. Elə bu səbəbdən də istər dini təlimlərdə, istərsə də tərbiyə sahəsində verilmiş tövsiyələrdə əxlaqsızlığa və cinsi pozğunluğa yol verməmək üçün erkən evlilik üçün lazımi şəraitin yaradılmasına təkid edilmişdir.
Yəhudilikdə evlilik məsələləri
Yəhudilikdə evlilik və ailə qurmaq təkid olunmuş vacib əməl kimi qeyd olunmuşdur. "On fərmandan yeddincisində evlilik ailənin əsası kimi qeyd olunmuşdur. Həmçinin beşinci fərmanda ailə cəmiyyətin əsası kimi qeyd olunmuşdur və dinin mümkün dərəcədə evliliyi dəstəkləməsinə təkid edilmişdir.” (Vil Douranət, Tarixe təməddon, 3-cü çap, cild 1, səh. 390)
Yəhudilərin dini etiqadına əsasən evlənmək Allah-Taalanın Adəmə (ə) tapşırdığı ilk fərmandır. Yəhudiliyin davam etməsində evlənmək və ailə qurmağın olduqca böyük yeri vardır. "Sinaqoq böyüklər üçün ibadət, dua və mütaliə məkanı olduğu halda, ev və ailə uşaqların yəhudilik barəsində ilk təlimlər aldığı məkandır.” (Cime hulər və cane bukər, Zən dər ədyane bozorge cahan, səh. 205)
Təlmud kitabında da evlənməyə və ailə qurmağa olduqca böyük əhəmiyyət verilmişdir. Adı çəkilən kitabda evlilik barəsində bu sözlər qeyd olunmuşdur: "Hər kimin həyat yoldaşı yoxdur, sevinc doğuran maldan, bərəkətdən və yaxşılıqdan məhrumdur.” Yəhudilikdə evlilik məsələsinin nə dərəcədə əhəmiyyətli olmasını diqqətinizə çatdırmaq üçün aşağıdakı sözləri qeyd etsək, kifayət edər: "İnsana Tövratı sataraq əldə etdiyi pulla ailə qurmasına icazə verilir.” (Rab, Doktor Kəhn, Təlmud, səh. 180)
Yəhudilikdə həyat yoldaşı insanın evə malik olmasına bənzədilir. Yəni insan öz evində rahatlıq tapdığı kimi, öz həyat yoldaşında da rahatlıq tapır. Yəhudilik əqidəsinə görə, insana tez ailə qurması sifariş edilmişdir və kişilər üçün münasib evlilik yaşının 18 yaş olması qeyd olunmuşdur. Qızlar barəsində də buyurulmuşdur ki, atalar öz qızlarını bacardıqca tez ərə verməlidirlər.
Xristianlıqda evlilik anlayışı
Xristianlar evliliyi təbii əmr kimi qələmə vermirlər, əksinə onu Allahın insanlara olan sevgisinin nişanəsi kimi qəbul edirlər. Onların dini etiqadlarına əsasən, bu əmrin köməkliyi ilə kişi və qadın arasında müqəddəs və heç vaxt ayrılıq olmayacaq bir bağlılıq yaradırlar. Evlilik zamanı kişi məhəbbətini, səxavətini və sədaqətini xanımından əsirgəməyəcəyinə söz verir və qadın da öz növbəsində məhəbbətini, səxavətini və sədaqətini ərindən əsigəməyəcəyinə and içir. Protestantlıqda müqəddəs evlilik rəsmi adət-ənənə kimi olmasa da, müqəddəs sayılmayan rəsmi dini adət-ənənədir. Amma Roma Katolik kilsəsi ailə qurmağın müqəddəs tərəflərini diqqət mərkəzində saxlayaraq, bir dəfə boşanmış şəxsin yenidən ailə qurması məsələsini qəbul etmir. Müqəddəs kitabın dini təlimlərinə, kilsə və ictimai adət-ənənəyə əsasən xristianlar evliliyin daimi olmasına inanırlar. Həzrət İsa (ə) buyurmuşdur ki, ər və arvad sevgi dolu şəraitdə bir bədənə çevrilirlər və bundan sonra yaranmış əlaqəni heç bir zaman qırmaq olmaz.
Bir məsələni də unutmamalıyıq ki, evliliyin xristianlıqda müqəddəs məsələ kimi qəbul edilməsinə baxmayaraq, insanın ailə həyatı qurmadan tək yaşaması və əzab çəkməsi daha üstün addım kimi qiymətləndirilir. Belə ki, subay şəxs Allaha daha xalis xidmət və ibadət edir.
Evlilik İslam dini baxımında
Evliliyi pis əməllərdən biri kimi təbliğ edən, yaxud insanın təkamülə çatması yolunda böyük maneələrdən biri kimi çatdırmağa çalışan, eləcə də cinsi istəklərini maneəsiz şəkildə həyata keçirən bir çox dini etiqad məktəblərinin əksinə olaraq, İslam dini cinsi hisslərin boşaldılmasının yeganə düzgün yolunu ailə qurmaqda, ər-arvad həyatı yaşamaqda görür və ailə həyatının qurulmasına dərin hörmətlə yanaşır. Elə bu səbəbdən də, evlilik İslam dinində çox müqəddəs əmr və subaylıq çox pislənilən iş kimi qəbul olunur.
Evliliyin nə dərəcədə böyük əhəmiyyət kəsb etməsini müəyyən etmək üçün Allah-Taalanın onu peyğəmbərlərin ənənəsi kimi vurğulamasını qeyd etmək kifayət edər. Allah-Taala buyurmuşdur: "(Ya Rəsulum!) Biz səndən əvvəl də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik.” ("Rəd” surəsi, ayə 38) Qurani-Kərimin bir çox ayələrində, məsələn "Nisa” surəsinin 3-cü, 25-ci ayəsində Allah-Taala birbaşa olaraq ailə qurmağa və həyat yoldaşı seçiminə təkid göstərmişdir.
Qurani-Kərimdən əlavə İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) və məsum İmamlarımızın (ə) rəvayətlərində evlilyin nə dərəcədə əhəmiyyətli olmasına işarə olunmuşdur və evlilik müqəddəs bağlılıq kimi qeyd edilmişdir. Həyat yoldaşı seçimi İslam dininin ən ali metodlarından sayılır və həyat yoldaşına olan məhəbbət İlahi peyğəmbərlərin ənənəsi kimi qəbul edilmişdir. Təklik və subaylıq ciddi şəkildə tənqid olunmuşdur, ailə qurmaq şəraitinə malik oğlan və qızların ailə qurmasına təkid göstərilmişdir. Həzrət Muhəmməd (s) buyurmuşdur: "Ailə qurmaq üçün lazımi şəraitə malik olub ailə qurmayan şəxs bizdən deyil.”
Əmirəl-möminin Əli (ə) ailə qurmaq məsələsinə təkid edərək buyurmuşdur: "Ailə qurun! Çünki Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, mənim adət-ənənəmi sevən hər bir kəs bilməlidir ki, ailə qurmaq mənim adət-ənənələrimdən biridir.”
Müqəddəs İslam dinində dünyəvi məsələlərdən sayılan ailə qurmaqla insani dəyərin ən böyük meyarı sayılan iman arasında sıx əlaqə mövcudddur və ailə qurmaq insanın mənəvi təkamülə çatması, imanını daha da kamilləşdirməsi üçün atılmış ən mühüm addım kimi qiymətləndirilir. Həzrət Muhəmməd (s) buyurmuşdur: "Ailə qurmuş hər bir şəxs imanının yarısını kamilləşdirmişdir və ikinci yarısını İlahi təqva ilə kamilləşdirməlidir.”
İslam peyğəmbərinin (s) nəzərincə iki insanın arasında əlaqə yaratmaq, iki nəfərin ailə qurmasında edilən vasitəçilik ən gözəl vasitəçilik hesab olunur. Belə ki, ailə qurmaq cinsi pozğunluğun qarşısını almaqdan əlavə, ictimai nöqteyi-nəzərdən də ən mühüm ictimai qurumun əsasını qoyur və cəmiyyətin möhkəmlənməsinə səbəb olur. Elə bu səbəbdən də, İslam peyğəmbəri Həzrət Muhəmməd (s) buyurmuşdur: "Vasitəçiliyin ən yaxşısı, iki nəfərin ailə qurmasında edilən vasitəçilikdir.”
Yuxarıda qeyd olunanları və İslam dininin böyük şəxsiyyətlərinin evlilik barəsində buyurduqlarını nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, ailə qurmaq İslam dinində olduqca müqəddəs və bəyənilən addım kimi qiymətləndirilir. Ailə qurmaq insanın əxlaq nöqteyi-nəzərindən təkamülə çatmasının qarşısını almır, əksinə mömin şəxsin səadət və xoşbəxtliyə qovuşması üçün bütün lazımi şəraiti yaradır.

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 828 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]