Cümə günü, 2024-04-19, 3:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HİCAB BARƏSİNDƏ XÜSUSİ "GÖSTƏRİŞ
2012-10-29, 8:57 AM
HİCAB BARƏSİNDƏ XÜSUSİ "GÖSTƏRİŞ

Qadınların hicaba və iffətə riayət etməklə evdən çıxmalarının şəri baxımdan heç bir eybi yoxdur. Qadınlar daha artıq ehtiyata riayət edərək iş görə bilər, vacibatı yerinə yetirmək və dini məsələləri öyrənmək üçün təşkil olunan məclislərdə iştirak edə bilərlər. Amma onlar cəmiyyətin islahında mühüm rol ifa etdiklərinə, öz ailələri və cəmiyyət üçün iffət və həya nümunəsi olmalı olduqlarına görə bu nəzərdən onların təkamülü üçün xüsusi göstərişlər verilmişdir. Bu göstərişlərə riayət edilməsi cəmiyyətin islahında, fəsadın, əxlaqi pozğunluqların qarşısının alınmasında çox təsirlidir. Əgər tarixə baxsanız, ədalət, elm, təqva və fəzilət nişanəsi olan Həzrət Əli (əleyhissalam)-ın ibadət mehrabında şəhid edilməsi kimi tarixi cinayətin əsl və məxfi səbəbləri xəvaricin qadınlarından birinin-Qutamın işvəgərliyi və özünü göstərməsi idi. O, özünü göstərərək Əbdürrəhman ibni Mülcəmi (Allahın əbədi lənəti ona olsun!) ələ aldı və bu yolla insaniyyət nişanəsini qətlə yetirdi. Əgər Allah eləməmiş, qutamlar və sair işvəgərlər bizin əsrimizdə islam cəmiyyətində artsa, şəksiz, fitnə-fəsadlar buna mütənasib olaraq artacaq, cavanlar əxlaqsızlığa, fahişəliyə çəkiləcəklər. Buna görə də düzgün yol qadınların kamil hicabı, vüqar və mətanətidir ki, başqaları ilə rəftarlarında bunları göstərməlidirlər. Bu yolu Quran və hədislər islam ardıcıllarına göstərir.

Quran buyurur ki,

Həzrət Musa Şüeybin qızlarına qoyunlara su verməkdə kömək etdi. Şüeyb qızlarından birini, Musaanı çağırıb təşəkkür etmək üçün göndərəndə onun qızının gəlişinin tərzini belə bəyan edir ki, "onun qızlarından biri tam həya və vüqar ilə Musanın yanına gəlib atasının sözünü ona çatdırdı.”["Qəsəs” surəsi, ayə:25]

Bu ayədən aydın olur ki, qadınların evdən çıxmalarının maneəsi yoxdur, amma qadın və qızlar cəmiyyətdə Şüeybin qızları kimi vüqarlı və mətanətli hərəkət etməlidirlər. Buna görə də yaramaz qadınların vüqarın xilafına olan hərəkətləri islam və Quranın buyurduğu üslub ilə müxalifdir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu əxlaqi hədisdə hicaba daha artıq riayət edilməsi üçün islam ümmətinin qadınlarına göstəriş verir ki, yolun ortası ilə deyil, divarın dibi ilə, küçənin bir tərəfi ilə hərəkət etsinlər.["Kafi”, 5-ci cild, səh.518]

Əli (əleyhissalam) öz ardıcıllarına göstəriş verir ki,

"Mümkün qədər evdə öz qadınlarınıza çox məhəbbət göstərin ki, evdən çölə çıxmasınlar və naməhrəmlərin gözləri önündə olmasınlar.”["Şərhi mən la yəhzür”, 8-ci cild, səh.113]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Qadınlar daha artıq qorunmaq baxımından ovrət kimidirlər; bacardıqca onları evdə saxlayın, ev işlərini onlara adət verin.”["Səfinətül-bihar”,2-ci cild, səh.587]

Fatimeyi Zəhra (əleyhissalam) bütün müsəlman qadınlara buyurur:

"Ən yaxşı qadın o qadındır ki, kişiləri görməsin, kişilər də onu görməsinlər.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.43]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Binaların uca mərtəbələrində yaşamaq mənim ümmətimin qadınlarına münasib deyildir. Çünki yadlar tərəfindən görünə bilərlər, yaxud naməhrəmləri görüb əxlaqi inhirafa, əyri yola düşə bilərlər. Buna görə də uca mərtəbələrdə yaşamaq daha artıq nəzarət tələb edir.”["Fürui-kafi”, 5-ci cild, səh.516]

Yunis ibni Yəqub deyir: İmam Sadiq (əleyhissalam)-dan soruşdum ki, qadınların cümə günləri və Fitr bayramında evdən çıxmasının hökmü nədir? Həzrət buyurdu: Cavan qadınlar bu günlərdə evdən çıxmasınlar, amma yaşlı qadınların çıxmalarının eybi yoxdur. Çünki bu günlərdə cəmiyyət küçə-xiyabanda çox olur və tələlər çoxdur. Buna əsasən, qadınların bu yerdə hərəkət etməsi münasib deyildir, xüsusilə cavan qadınlar üçün xətərli və fəsad yaradan hesab olunur.["Vəsailüş-şiə”, 14-cü cild, səh.177]

Əli (əleyhissalam) Kufə camaatını bu cəhətə görə kəskin məzəmmət edirdi.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.174]

Mərcəyi-təqlidlər də öz əməliyyə risalələrində Fitr bayramının hökmlərini bəyan edərkən bu məsələni buyurmuş, cavan qadınların bu mərasimdə iştirak etmələrini münasib bilməmişlər.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Qadının evdə qıldığı namazın elə 25 qat savaba malik olan camaat namazının savabı vardır. Hər qadının evdə tək qıldığı namazın camaat namazı qədər savabı vardır.”["Biharul-ənvar”, 103-cü cild, səh.261]

Başqa bir hədisdə qeyd olunur ki, qadının evi onun məscididir. Bütün bunlar qadınların evdə qalıb yad kişilərdən qorunmaları üçündür.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Əgər bir qadın öz yerindən dursa, nə qədər ki, onun yeri qurumayıb, başqa bir kişi onun yerində oturmasın.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.185]

Həzrət yenə buyurur:

"Mənim ümmətimin ən yaxşı qadınları onlardır ki, çox doğan və mehriban olsunlar, hicaba riayət etsinlər.”["Biharul-ənvar”, 103-cü cild, səh.235]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Qadının da iştirak etdiyi meyyit namazının faydası yoxdur və qadın və kişi bir yerdə bu namazda iştirak etməməlidir.”["Vəsailüş-şiə”, 2-ci cild, səh.89]

Bu rəvayətlərdən aydın olur ki, qadın və kişi bir-birinə nə qədər çox qarışmasalar, qadınlar kişilərin olduğu yerlərdə iştirak etməsələr, bir o qədər yaxşıdır. Hətta Rəsuli Əkrəm (əleyhissalam) qadınların oturduğu yerin istiliyini də kişilər üçün ehtirasların təhrik olunması səbəbi bildirir. Onların evdarlıq işlərinin əvəzində buyurur ki, onların evi məscid hökmündədir, onların təklikdə qıldıqları namazların camaat namazı qədər savabı vardır. Övladların yaxşı tərbiyə edilməsi, yaxşı ər saxlamaq cihaddan daha artıq savaba malikdir. Əlbəttə, bu cür hədislər əxlaqi yönlərə malikdir və onlara nə qədər riayət olunsa, nəticəsi cəmiyyətin daha çox yaxşılaşmasına, qadınların islah olunmasına səbəb olur. Amma qadınların evdən çölə çıxıb müəyyən iş görmələrinin, cəmiyyətin ehtiyaclarını təmin etmələrinin və bu işlərin zəruriyyətinin şəri və əqli cəhətdən eybi yoxdur, əksinə, bəzən lazım və vacib olur. Bu şərtlə ki, hicaba və iffət məsələlərinə tam riayət etsinlər. Bu məsələ islam dininin bütün sahələrdə buyurduğu göstərişdir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 875 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]