Çərşənbə günü, 2024-04-24, 4:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HAQQIN İBADƏT VƏ BƏNDƏLİYİNİN ƏZƏMƏTLİ MƏQAMI
2012-12-12, 8:32 AM
HAQQIN İBADƏT VƏ BƏNDƏLİYİNİN ƏZƏMƏTLİ MƏQAMI

İnsan ‒ istər qadın, istərsə də kişi - eyni şəxsiyyətə, eyni varlığa malikdirlər. Mənəvi məqamlara yetmək və insani keyfiyyətlər kəsb etməkdə onlar arasında heç bir fərq mövcud deyil. Onlar batini istək və fitri cazibə ilə, əql, nübuvvət, imamət və bəşər müəllimlərinin vasitəsi ilə Haqqın malikiyyətini qəbul edər və ona tabe olarlarsa, tağut, həva-həvəs, şeytani cərəyan və mədəniyyətlərin kölgəsinə çevrilməkdən amanda qalarlar. Bu həqiqi malikin mülkü olmağın bərəkəti vasitəsi ilə yüksək mənəvi məqam və dərəcələrə yetişərlər.
Qadın və kişi öz yaradılışlarında Haqqın rəhmanlığının, rəhimliyinin, malikiyyətinin təcəllisidirlər. Bu, Quran ayələrindən aydınca istifadə olunan bir həqiqətdir. Belə ki, onda bir irad və ya tərəddüd yoxdur.
Qadın insandır, istedad və mənəvi qüvvə sahibidir. Qadın vəhy məntiqində kişi ilə eyni şəxsiyyətə malikdir. Qadın ilahi rəhmətdir, Haqqın rübubiyyət cilvəsidir. Onu təhqir etmək, təzyiq göstərmək, hüquqlarını tapdalamaq, haqqını ödəməkdən boyun qaçırmaq, insanlığını zəif sanmaq, yersiz və səbəbsiz boşamaq, onunla oğlan arasında fərq qoymaq hamısı yalançı bəşər malikilərinin, tarix fironlarının və zalım mədəniyyətlərin acı nəticəsidir.
İtaliyada hər hansısa bir kişinin qız övladı olduqda, sevincindən uçmağa qanadı olmurdu. Çünki onun var-dövləti artmışdır. On üç, on dörd yaşına çatdıqda, onu bazara çıxarıb satacaq və gündəlik xərclərini ödəyəcək.
Bəzən İtaliyada qadının əlindən bezidikdə, onu içində zeytun yağı qaynayan iri bir qazana ataraq məhv edirdilər. Ondan xidmətçi, kölə və şəhvət aləti kimi istifadə edirdilər. Qadın hələ də bəşər mədəniyyətində bir çox hüquqlarından məhrumdur.
Amma Haqq dinində, vəhy məntiqində qadın ülvi bir varlıq, mənəvi xüsusiyyətlər, ilahi qüvvə və sonsuz istedadlar qaynağıdır.
Qadın öz qədrini bilsə, öz insani məqamını qorusa, öz tərəqqisi üçün İslam təlimlərindən istifadə etsə öz həddində pak Məryəmə, kəramət sahibi bir Xədicəyə, ləyaqətli bir Zeynəbə çevriləcək və cənab Haqqın yanında uca bir məqama sahib olacaqdır. Əks təqdirdə naşükür, Haqqın nemətlərini danan kişilər kimi dünya və axirət uçurumuna düşəcək və Haqqın əbədi lənətinə gələcəkdir.

QADIN VƏHY MƏNTİQİNDƏ
Böyük «Məcməul-bəyan» təfsirində qeyd olunur: «Əsma bint Üməys öz həyat yoldaşı Cəfər ibn Əbi Taliblə birgə sırf ilahi və dinin qorunması məqsədi ilə həyata keçirilən Həbəşə hicrətindən qayıtdıqdan sonra Peyğəmbərin (s) xanımlarının yanına gəlir və onlardan «Bizim haqqımızda Quranda bir şey varmı?»-deyə soruşur. «Yox» cavabı eşitdikdə Peyğəmbərin (s) hüzuruna gedərək, eyni sualı soruşur və bildirir ki, qadınlarda ümidsizlik yaranmışdır. Peyğəmbər (s) «Hansı mövzuda?»-deyə soruşduqda o deyir: «Kişilərin yaxşılığı yad edilmiş, lakin qadınların yox.» Bu hadisədən sonra mehriban Tanrı aşağıdakı ayəni nazil etdi:
«Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlanmışdır»[Ehzab suresi, aye35].
Həzrət Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmiş idi. Əsma bint Yəzid Ənsari onun hüzuruna gəlib ərz etdi: «Atam-anam sənə qurban! Mən qadınlar tərəfindən gəlmişəm. Bil ki, şərq və qərbdə bütün qadınların fikri mənim fikrimlə üst-üstə düşür. Allah səni kişi və qadınlar üçün peyğəmbər göndərib. Biz də sənə və Allaha iman gətirmişik. Lakin qadın cinsinin imkanları çox məhduddur. Onlar evdə ‒ dörd divar arasında həbs olunublar və öz ərlərinin şəhvətini doydurmağa və hamilə olmağa məcburdurlar. Amma siz kişilər cümə və camaat namazlarına, xəstələrin görüşünə, cənazə müşayiətinə təkrar şəkildə həcc ziyarətinə, hamısından mühümü də Allah yolunda cihada getməkdə qadınlardan üstünsünüz. Kişi həccə, ömrəyə və yaxud sərhədləri qorumağa gedir, biz qadınlar isə onların malını qoruyur, libas tikir, uşaq tərbiyə edirik. Biz kişilərlə hansı əcrdə, hansı savabda şərikik?» Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutaraq buyurdu: «Dini haqqında bundan yaxşı danışan bir şəxs görmüsünüzmü?» Səhabələr dedilər: «Bu həqiqətlərə çatacaq hər hansısa bir qadın təsəvvür etmirik». Həzrət Peyğəmbər (s) üzünü ona tutaraq buyurdu: «Get, bütün qadınları xəbərdar et. Ərinizə yaxşı xidmət göstərmək, onların razılığını cəlb etmək və düzgün həyat sürmək məsələlərində onlarla razılaşmaqdan qazandığınız savab, kişilərə aid bütün savablarla bərabərdir».
Əsma bint Yəzid Ənsari Peyğəmbərin əyləşdiyi məclisdən olduqca şad və sevincək halda xaric oldu.
Səkkizinci İmam (ə) ataları vasitəsi ilə həzrət Peyğəmbərdən (s) nəql edir: «Mömin insan Allah üçün müqərrəb mələk kimidir. Həqiqətən, mömin Haqq üçün mələkdən də böyükdür. Allah üçün tövbə edən mömin kişi və qadından sevimli bir şey yoxdur».

ƏQL VƏ ŞƏHVƏT XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİN MEYARIDIR
Həqiqətləri dərk edən, reallıqları qəbul edən, xoşbəxtlik və sağlamlığın planını cızan, insan həyatında müsbət işlərin həyata keçirilməsinin idarəçisi əqldir. «Üsuli-kafi»nin «Əql» fəslində Əhli-beytdən nəql olunan bir rəvayətdə bu qiymətli gövhər «batini peyğəmbər» adlandırılmışdır.
Təbii ki, şəhvət Haqqın neməti, maddi həyatdan ləzzət alma vasitəsi və insanın yaşamı üçün fəaliyyət və çalışma amilidir. Şəhvət əql nurunun nəzarəti altında olarsa, həyatın fəzası sağlam olar. Bununla da insan, insaniyyətin kamil nümunəsi və mələkdən də dəyərli olar. Lakin əgər əql şəhvət zindanında əsir olub öz nurunu yaymaqdan məhrum olsa, insan həyatını idarə edən heç bir hədd tanımayan şəhvət olsa, batini və zahiri gözü şəhvət ucbatından maddiyyatdan qeyrisini görməsə, insan həyatının meyarı qarın və cinsi qərizə olsa, insaniyyət məhvə sürüklənərək, heyvanlardan da səviyyəsiz olar.
Abdullah ibn Sənan deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Mələklər üstündür, yoxsa insanlar?» Həzrət cavab verdi: «Əli (ə) buyurmuşdur: «Allah-təala mələklərə yalnız əql bəxş etdi. İnsana isə həm əql, həm də şəhvət bəxş etdi. Deməli, əqli şəhvətinə üstün gələn mələklərdən yaxşı, şəhvəti əqlinə üstün gələn isə heyvanlardan da pis olacaqdır».
Bu həqiqət qadınlarda da kişilər kimi özünü göstərsə, şübhəsiz ki, onun dəyər və qiyməti mələklərdən çox olacaqdır. Lakin bu varlıq əqlinin, «daxili peyğəmbər»inin - üstünü örtərək bütün cəhdini bəzənib-düzənməyə, özünü digərlərinə göstərməyə, Tanrıdan ayrı yaşamağa yönəldərsə, fasiq və kafir kişilər kimi, heyvanlardan da pis olacaqdır.

MERAC GECƏSİ QADINLAR HAQQINDA MARAQLI BİR HƏDİS
Şiə məzhəbinin böyük alimi və elmi simalarından və həzrət Hadinin (ə) buyruğuna əsasən, ziyarətinin savabı imam Hüseyn (ə) ziyarətinin savabı ilə bərabər olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni imam Cavaddan (ə), o həzrət də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getdik. O həzrət çox möhkəm ağlayırdı. Ərz etdim: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm. Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu: Başının qabağının tükü ilə cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».
Həzrət Zəhra (s.ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğurmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçün vasitəçilik edər və qadınları cinsi tələblərini doydurmaq üçün kişilərin ixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində xanəndəlik edər və həsəd xəstəliyinə bulaşmış idi».
Hər halda, vəhy məntiqinə əsasən, qadın ən uca mənəvi məqamlara, yüksək dərəcələrə yetişərək Məryəm, eləcə də Haqq dininə diqqətsizlik nəticəsində heyvanlardan da pis ola bilər.
Müəllif: Hüseyn Ənsariyan
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 771 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]