Bazar günü, 2024-12-22, 3:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Hansı ailədən qız alaq?
2012-11-28, 4:04 AM
Hansı ailədən qız alaq?

Yalan, aldatmaq, hiylə təravətli və yaşıl həyat ağacını içəridən və çöldən yeyən ağ qarışqadır.Ağ qarışqa ağacı yedikcə onun ortası boşalır, çürüyüb tökülür və yüngül bir külək əsəndə dibindən qopub düşür. Yalan, hiylə və iki üzlülük də belədir. Həyatı süst, çürük və etibarsız edir. Ailələri dağıdır, insanları qaranlığa sürükləyir və həyat öz mənasını itirir. Buna görə də həyatın bütün sahələrində, xüsusilə də, ailə həyatında yalan və hiylədən uzaq olmaq lazımdır. Heç vaxt özünüzü olmadığınız kimi göstərməyə çalışmayın, xüsusilə də, evlənmək istədiyiniz və elçiliyə getmək istədiyiniz zaman yalan və hiylə işlətməyin. Çünki yalan və hiylənin ömrü az olur, xüsusilə də ailə həyatında bu tez aşkara çıxır. Ailə həyatında yalan üzə çıxdığı zaman, aldadılan tərəfdə yalan deyənə qarşı nifrət hissləri oyanır, məhəbbət işığı sönür və yalan danışan tərəf (qız, ya oğlan) onun gözündə alçalır. Bir fikirləş ki, kim onu aldadan bir kəslə səmimi, mehriban və gözəl həyat yaşaya bilər?.

Evlənən cavanlar, elə birinci gündən həyatın gözəl və təravətli şaxəsini düzlük, sədaqət və vəfadarlıqla möhkəmləndirməlidirlər ki, sədaqət və doğruluq bütün yaxşılıqların köküdür. Düzlük və doğruluğa sahib ola bilən kəs, cənnətin ən ətirli güllərinə sahibdir.

«وَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ (ص) فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا عَمَلُ أَهْلِ الْجَنَّةِ قَالَ الصِّدْقُ إِذَا صَدَقَ الْعَبْدُ بَرَّ وَ إِذَا بَرَّ آمَنَ وَ إِذَا آمَنَ دَخَلَ الْجَنَّةَ قَالَ يَا رَسُولَ اللَّهِ (ص) وَ مَا عَمَلُ أَهْلِ النَّارِ قَالَ الْكَذِبُ إِذَا كَذَب ‏الْعَبْدُ فَجَرَ وَ إِذَا فَجَرَ كَفَرَ وَ إِذَا كَفَرَ دَخَلَ النَّار»(İrşadul-qulub, Şeyx Həsən Deyləmi (v:841 hq.), 1/187;)

Həyatın ləzzət və səfasını dadmaq istəyən hər kəsə lazımdır ki, mömin, mötəbər və sədaqət əhli olan ailələrdən qız alıb qohum olsunlar. Çünki sədaqət və düzlük inkişafın, faydalı işlərin səbəb və mənbəyidir.

”Düzlük hər şeyin həllidir” (Təsnifu-Ğürərul-hikəm, Əbdülvahid Təmimi Amudi (v:550 hq), səh.217, hədis:427– 435;) -

"الصِّدْقُ صَلَاحُ كُلِّ شَيء”

Məktubdan bir hissəni sizə oxuyuram:

(Məktub): "... Səmimi, sədaqətli, sevməyi bacaran bir qızla evlənmək istəyirdim. Çünki yalan və hiyləyə nifrət edirəm. Hal-hazırdakı həyat yoldaşımla evlənmək istədiyim zaman qohum-qardaş hərəsi bir tərəfdən dedilər: "Məgər bilmirsən ki, atası filan işdə işləyir? Məgər görmürsən ki, nə gündə yaşayırlar? Sən elə bir qızla evlənməlisən ki, əsil-nəsəbli ailədən olsun. Sən heyifsən ki, gedib bunlara kürəkən olasan”.Amma mən bilirdim ki, onların əsil-nəsəb ifadəsində məqsədləri qızın ailəsinin pullu, varlı, villalı və son model maşınlı olmasıdır.Ona görə də, sözümün üstündə möhkəm dayanıb anamın və özümün təkidiylə həmin qızla evləndim. Çünki o qızın ailəsində səmimiyyət, sədaqət və məhəbbət görmüşdüm. Allaha-Təalaya şükürlər olsun ki, mənə çox gözəl, mehriban, xoşəxlaqlı və sədaqətli bir həyat yoldaşı qismət edib. O, eyibsiz, xoşrəftar, sədaqətli, anlayışlı və təvazökardır...”. (Məktubun sonu);

Bəli, həqiqətən, o kəs ən doğrusunu və ən gözəlini seçib ki:1). Qadının özünün və ailəsinin maddi vəziyyəti və ictimai mövqeyini nəzərə almayıbdır.2). Qadın və ailəsi ilə uzun müddət tanış olmuş və onların səciyyəvi xüsusiyyətlərini öyrənmişdir.3). Evlənmək üçün ülgü və ölçüləri iman, əxlaq, ismət, iffət, məhəbbət, sədaqət və səmimiyyət olmuşdur.

Əlbəttə, bu seçim o vaxt insanı səadətə çatdırır ki, bu sifətlər həm kişi, həm də qadında olsun. Doğrudan da sədaqət, səmimiyyət ən bahalı cəvahirdir.(Yenə orada)

Nə çox insanlar var ki, onları evlənəcəkləri şəxsin yalnız zahiri gözəlliyi, mal-dövləti və gətirəcəyi cehiz maraqlandırır. Və ya zahirdə etdiyi ibadət, getdiyi Həcc ziyarəti onların gözünü bağlayır və həqiqəti görə bilməyib qohum olurlar. Amma bir az keçdikdən və yeni qohumların iç üzü aşkar olduqdan sonra, təzə yuxudan ayılırlar ki, bunlar biz deyən ailə deyilmiş, səhv etmişik!.Onlar bu səhvə, dinimizin buyurduğu həqiqi ölçü və ülgüləri yaddan çıxartdıqlarına görə düçar olurlar.

Sevimli Peyğəmbərimiz (s) buyurmuşdur:

"Məbada, adamların oruc və namazlarının zahiri və gecə namazları sizi aldatsın. Mümkündür ki, bu işlər onların adəti olsun, həqiqi mahiyyət və çöhrələri yox. Əgər adamların həqiqi sifətlərini və xeyirxahlıqlarının hansı niyyətlə olmasını bilmək istəyirsinizsə, onların sözünün düzlüyünə və əmanətdarlıqlarına diqqət edin.” ( Biharul-ənvar, 71/2-9;)

Mühüm bir tövsiyə və məsləhət:


Evlənmək istədiyiniz qızın özü və ailəsi ilə yaxından tanış olmaq üçün mütləq onun yaxınlarından (qardaş, bacı və s...) biri ilə dost olun. Bu dostluğun və səmimiliyin nəticəsində onların ailəvi əxlaqını və rəftarlarını gözəl biləcək və bu zaman düzgün ceçim edəcəksiniz.

Həzrət Peyğəmbərimiz (s) buyurub:

«تخيروا لنطفكم ، فان النساء يلدن أشباه إخوانهن وأخواتهن»

"Qadın seçdiyiniz zaman, onun qardaş və bacılarının əxlaq və davranışları ilə maraqlanın, çünki qadınlar uşaqları qardaş və bacılarına oxşar olaraq dünyaya gətirirlər”. (Nəhcul-fəsahə, Əbulqasim Payəndə, səh.381, hədis:1131; Kənzul-ummal, Müttəqi Hindi, hədis:44557 və 44559; Cameul-əhadis, Cəlalud-din Siyuti, hədis:10653; Mərifətus-səhabə, Əbu Nəim İsfəhani, hədis:6766; (hədisi-şərifdə qardaş və bacılardan məqsəd ananın qardaş və bacıları da ola bilər, yəni qızın dayı və xalaları))

O Həzrətdən (s) rəvayət olunan başqa bir hədisdə belə buyurulur:

«تَزَوَّجُوا فِي الْحُجْزِ الصَّالِحِ فَإِنَّ الْعِرْقَ دَسَّاس»؛

«و انظر في أيّ نصاب تضع ولدك فانّ العرق دسّاس‏»؛

«العرق دسّاس اى انّ اخلاق الآباء تتّصل الى الابناء»؛(Əl-hədis, Məhəmmədtəqi Fəlsəfi, 3/359)

"Mötəbər və mömin ailələrdən qız alın, çünki böyüklərin, keçmiş nəslin kökləri və qanı sonrakı nəsillər və övladlarda gizlənir”. (Məkarimul-əxlaq, Təbərsi (v: 6 əsr hq), səh.197; Şəhabul-əxbar, Qazi Əbuəbdillah Məğribi (v:454 hq),səh. 309, fəsl:4, hədis:456; Nəhcul-fəsahə, Payəndə, səh.266, hədis:564; Əl-hədis, Fəlsəfi, 3/359;)

Yəni ata-ana və əcdadların yaxşılıq və pislikləri övladlara irs olaraq qalır və onların əxlaqi səciyyələrinin və rəftarlarının mənşəyi hesab olunur.Bəli, hər insanın müvəffəqiyyəti bundadır ki, bəsirətli, diqqətli olsun və həyatda həqiqi dəyərlərə üstünlük verə bilsin. İlahi, səmavi həkimlərin hikmətli kəlamlarını həyat yolunda mayak etsin ki, həyatda səhvə və uçurumlara uğramasın. Bu zaman gözəl, günəşli, parlaq, xoşbəxt və əzabsız bir həyat onun yolunu gözləyir. Bu həyat həmişəlik olaraq onu Allah-Təala və bəndələri yanında üzüağ, alnıaçıq və başıuca edəcəkdir.

Seyid Əliəkbər Hüseyni.

islamaz.com
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 828 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]