Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
HALAL VƏ HARAM
2012-11-28, 3:58 AM | |
Şübhəsiz ki, insanın zəhmətinin məhsulu olan, şəriətdə təyin olunmuş yollarla əldə olunan mal halal, şəriətdə təyin olunmayan, rüşvət, oğurluq, qarət və s. kimi qeyri-şəri yollarla əldə olunan mal isə haramdır. Halal qazanc əldə etmək üçün atılan addım ibadət olaraq savaba, haram qazanc əldə etmək üçün atılan addım isə günah olaraq Allahın nifrətinə səbəb olur. Halaldan boyun qaçıran, harama doğru addımlayan, ona nəsihət edənlərə «Neyləyim ki, məni də Allah belə yaradıb?!»-deyə cavab verən şəxs Allaha qarşı çıxaraq, şeytani vəsvəsədən doğan köklü bir günah etmişdir. Bir çox Quran ayələri açıqca bu məsələyə toxunaraq, Allahın hamıya halal ruzi verdiyini və insanın fikri, əxlaqi azğınlıqlarına səbəb olan haram ruzi vermədiyini, yalnız halal qazanc dalınca getmək lazım olduğunu buyurur. Haram ruzini Allaha aid etmək bir iftira olaraq axirət əzabına səbəbdir. Allahın halal qazanc əldə etməyi tapşırması, sonra da bəndələrinə haram ruzi nəsib etməsi Onun ədaləti, mərhəməti ilə ziddiyyət təşkil edir. Əsla belə deyil! Ulu Tanrının iradəsi ilə əmri arasında heç bir ziddiyyət yoxdur. Allaha belə iftira yaxanlar böyük bir günaha qurşanırlar. Quranda buyurulur: «Ey insanlar! Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Həqiqətən, şeytan sizinlə açıq-açığına düşməndir. O sizə yalnız pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir»(«Bəqərə» surəsi, ayə 168, 169.). «Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib, sahib etdik. Özlərinə təmiz ruzi verdik»(«İsra» surəsi, ayə 70.). İmam Baqir (ə) buyurur: «Allah-təala hər bir insanın ruzisini halaldan (qazanmasını) vacib edib. Bu halal ruzi ona sağ-salamat yetiriləcək. Haram yolun Allaha bağlılığı yoxdur. İnsan haram qazanc əldə etdikdə, həmin miqdarda da halaldan məhrum olur. Bunları nəzərə almadan, Allah yanında insan üçün böyük bir mərhəmət qərarlaşdırılmışdır».(Bihar, 5-ci cild, səh-147) ÖZÜNÜZÜ HALALDAN MƏHRUM ETMƏYİN Əmirəl-möminin Əli (ə) məscidə daxil oldu. Qatırını isə saxlamaq üçün bir kişiyə verdi. Kişi qatırın yüyənini açıb qaçdı. Əli (ə) məsciddən çıxdıqda, kişinin zəhmət haqqını vermək üçün iki dirhəm hazırladı. Elə ki, qatırı yüyənsiz gördü, həmin iki dirhəmi yüyən almaq üçün xidmətçisinə verdi. Onu tanımayan xidmətçi həmin yüyəni o oğrudan iki dirhəmə aldı. Həzrət yüyəni gördükdə tanıdı və buyurdu: «Bəndə özünü səbirsizlik ucbatından halaldan məhrum edir. Lakin Allahın onun üçün qərarlaşdırdığından artıq qazana bilmir».(Mizanül-hikmə, 4-cü cild, səh-123.) AİLƏNİZİN XƏRCİNİ HALAL YOLLA QAZANIN Halal və haramın bir çox zahiri və batini təsirlər göstərməsi labüddür. Halalın təbiətində Haqqın rizası, ibadət etmək üçün gücün təmin olunması, qəlbin saflığı, ruhun sağlamlığı bəxş edilmişdir. Bu mənada haram tamamilə halalın əksidir. Quranda və rəvayətlərdə geniş yer verilən İslamın fiqhi məsələlərindən biri də, kişinin həyat yoldaşının və övladlarının xərclərini ödəməsi məsələsidir. Həyat yoldaşı və övladları üçün imkan daxilində geyim, minik və s. hazırlamaq kişinin öhdəsinə düşən, vacib olan ilahi vəzifədir. Bununla yanaşı, ailə başçısının öhdəsinə düşən digər bir vacib məsələ də ailəsinin xərcini halal yolla qazanmasıdır. Ailə başçısı Allahın bu iki tapşırığına görə tam mənada minnətdar olmalıdır. Çünki bir tərəfdən əxlaqi keyfiyyətlərin çiçəklənməsi bu iki vacib əməlin vasitəsilə baş verir, digər bir tərəfdən isə bu yolda addımlamaq bir növ Allah yolunda cihad etməkdir. Halal ruzi ailəyə gəlib çatdıqda, onun müsbət təsiri özünü göstərərək, ailənin ruhi təskinliyinə yardım edir. | |
Views: 1205 | Downloads: 0 | Rating: 1.5/2 |
Total comments: 0 | |