Cümə axşamı, 2024-03-28, 11:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU NAQİS HAQQIN RƏHMƏTİNDƏN MƏHRUMDUR
2012-12-11, 7:34 AM
HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU
NAQİS HAQQIN RƏHMƏTİNDƏN MƏHRUMDUR

Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: «Naqis Allahın rəhmətindən uzaqdır».
Naqis gözəl əxlaqi keyfiyyətlərə malik olmayan, əməlisaleh olmayan və mərifət kəsb etməyən şəxsdir. Belə ki, yemək, yatmaq və şəhvani ləzzətdən qeyri bir şeyə fikir vermir.
Bəli, insan həqiqətlərə, mənəvi məqamlara yetişməyə qadirdir. O, bu yolda öz səyini əsirgəməməli, nə qədər dünyadan köçməyib, öz daxili, fikri nöqsanlarını aradan qaldırmalıdır. Əgər bu iş üçün çalışmazsa, Haqqın rəhmətindən uzaq düşəcəkdir.
Çox təəssüflər olsun ki, bəziləri yetmiş, həştad yaşlarında olmalarına baxmayaraq, fikri baxımdan bir, əxlaqi baxımdan isə beş yaşlı uşağa bənzəyirlər. Onlar həyatları boyunca Haqqın səmavi kitablarından, peyğəmbərlər, imamlar və bu kimi mənəvi nemətlərindən bəhrələnməyiblər. Heyvan kimi yalnız enlərini və uzunlarını artırmaqla məşğul olublar. Halbuki, onlar özlərini saflaşdırıb mənəvi xüsusiyyətlər qaynağına çevirə bilərdilər. Lakin bunun əksinə olaraq, öz heyvani bədənlərini şişirtmiş və bununla qürrələnərək, hədsiz dərəcədə naqis və mənəvi baxımdan yoxsul qalmışlar.
Bu qəbildən olan çoxları övlada, vəzifəyə, var-dövlətə sahib olmalarına baxmayaraq, qüsurlu və naqisdirlər. Bu naqislik ucbatından da olduqca ziyan çəkən, hər bir günaha, məsiyyətə aludə olan bir şəxsə çevrilər. Digərlərinin hüququna təcavüz edir, zülm etməkdən çəkinmir, utanmadan Haqq nemətlərinin geniş süfrəsindən bəhrələnir və şeytanla ‒ Allahın düşməni ilə həmkarlıq edirlər.
Digər bir hədisdə yeddinci imam həzrət Musa ibn Cəfərin (ə) dilindən qeyd olunur: «İki günü eyni olan şəxs ziyandadır. İki gününün sonu həmin iki günün ən pis zamanı olan şəxs məlundur. Ömrü boyunca özündə artım hiss etməyən şəxs naqisdir. Bu yöndə hərəkət edən şəxsin ölümü yaşamasından daha yaxşıdır». ("Bihar" c. 78, səh. 327)
Bu məzmuna yaxın digər bir rəvayət də imam Sadiqdən (ə) nəql olunmuşdur.("Bihar" c. 71, səh. 137)
Peyğəmbər (s) buyurur: «Kəsb və qazancla məşğul olan şəxs Tanrının sevimlisidir».
Şübhəsiz ki, ən üstün kəsb, ən gözəl ticarət və qazanc mənəvi fəzilətlər qazanmaq, maarif, əxlaqi və insani keyfiyyətlər kəsb etmək yolunda addımlamaqdır. Belə bir qazanc sahibi Allah elçisi kimi Haqqın sevimlisi və dəyərli bir insandır.
Gəlin naqis qalmaqdan, iki günümüzün eyni olmasından çəkinək, mənəvi məqamlar kəsb etmək uğrunda çalışaq.
Qiyamətdə mənəvi baxımdan yoxsul olanlar Allah rəhmətindən uzaq düşər, əməlləri qiyamət tərəzisində yüngül gələr, nəticədə isə əzaba layiq görülərlər. Mənəvi çəkiyə malik olanlar isə nicat taparlar.
Bu barədə Quranın iki ayəsinə nəzər salaq:
«O gün (qiyamət günü) əməllərin (tərəzidə) çəkilməsi haqqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən, özlərinə zərər yetirənlərdir»("Əraf" 8-9).
KAMİLLİYİN YOLU
Allah-təala Quranda bütün insanlara kamillik yolunu keçmək üçün ilahi və insani şərtləri nəzərə alaraq, iki həqiqəti əldə etməyi tapşırır: Maddi və mənəvi həyat yolunu qət etmək.
Bu iki anlayış «Ali-İmran» surəsinin aşağıdakı dörd ayəsində bəyan olunmuşdur:
«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.
(Ya Məhəmməd!) Söylə ki, sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub çəkinənlər üçün Rəbbin yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada hər cür eyibdən pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!
O bəndələr ki, «Pərvərdigara, biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb, bizi cəhənnəm əzabından qoru!» deyirlər.
Və o bəndələr ki, (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh çağı Allahdan bağışlanmaq diləyənlərdir (Sübh namazına qalxanlardır)» ("Ali-İmran" 14-17).
Ayədə istifadə olunan «زين» feli qrammatik baxımdan felin məchul növüdür. Ayədə felin bu növündən istifadə edilməsi yəqin ki, sözügedən məsələnin dəyər və əzəmətinin göstəricisidir. Buna əsasən demək lazımdır ki, bu, Haqq tərəfindən edilmişdir. O, bütün insanları bu həqiqətlərlə bəzəmiş və onları öz istəklərinə qarşı rəğbətli və meylli yaratmışdır. Bir tərəfdən də bu eşq və rəğbət insanı izdivaca, qazanca, heyvanları əhliləşdirməyə, abadlaşdırma işlərinə sövq edir və insanlar da bu yolla maddi həyatdan bəhrələnirlər.
Digər tərəfdən isə təqva, iman, dua, axirət əzabından qorxuyla zinətlənir, səbir, ibadət, infaq, istiğfar kəsb edir və bu yolla Haqqın behiştinə, İlahi razılığına, pak axirət huriləri əldə etməyə nail olurlar.
Hər halda, Quran ayələrinə əsasən qadının zərif xilqəti, gözəl siması, onun zati həya və vüqarı, bu varlığın cazibəsi və incə səsi, onun işvəgərliyi bütün ‒ bunlar hamısı bu fövqəladə varlığın zinət və bəzəyidir. Bütün bunlar kişini cəzb edən, onun özünə həyat yoldaşı seçmək eşqinin ən başlıca amili, ailə qurmaq, övlad sahibi olmaq, maddi həyatı üçün qazanc ardınca getmək və ailə həyatının sona qədər davam etməsinin köklü səbəblərindəndir. Bu elə bir yoldur ki, təqva, günahdan çəkinmə, iman, münacat, sidq və s. bu kimi xüsusiyyətlərlə yanaşı olarsa, dünya və axirət səadətini, mənəvi və maddi xeyiri təmin edər. İnsan dünyanın ləzzətbəxş nemətlərindən, axirətin əbədi mənafeyindən, ən başlıcası isə Allah-təalanın razılığından bəhrələnir.
İSLAMDA HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU
Vəhydən ayrı düşən və ya öncədən vəhylə heç bir əlaqəsi olmayan din, məzhəb və cərəyanlar həyat yoldaşı seçmək məsələsində İslamdan köklü şəkildə fərqlənirlər.
İslam mömin şəxsə, müsəlmana hər istədiyi qızı seçməyə, eləcə də, mömin və müsəlman qadına istədiyi hər bir şəxsə ərə getməyə icazə vermir. Çünki həyat yoldaşı seçərkən, insanın dünya və axirət səadəti, bu günün və sabahın xoşbəxtliyi, günah, aludəçilik və şeytani azğınlıqdan qorunması nəzərə alınmalıdır. İslam dininin prinsiplərinə əsasən, izdivacın məqsədi yalnız cinsi ləzzət, şəhvəti doyurmaq deyil. Əksinə, ondan məqsəd qadın və kişilərin dininin qorunması, ilahi bir ailə qurmaq, ləyaqətli övladlar yetişdirmək və Haqqın razılığını cəlb etməkdir. Elə buna görə də, izdivac prinsipləri çərçivəsində ailə qurmaq, öz mömin xanımına məhəbbət bəsləmək, lazımı qədərincə cinsi ehtiyacların ödənilməsi, qarşılıqlı hüquqların qorunması, övlad sahibi olmaq, övlad tərbiyə etmək, ailəsini mənzillə, geyimlə, qida ilə təmin etmək Allaha ibadət hesab olunur və bu yolda insanın atdığı hər bir addım üçün böyük bir savab nəzərdə tutulmuşdur.
Buradan İslamın bənzərliyə ‒ bir-birinə tay olmağa təkid etməsi möcüzəsi aydınlaşır. İnsan İslamda mövcud olan ilahi şərtlər əsasında izdivac etmək qarşısında bütün varlığı ilə tabeçiliyə vadar olunur. Əgər bu mənəvi və ilahi şərtlər nəzərə alınmazsa, onun qurduğu ailənin, yaşadığı həyatın, sürdüyü ömürün üz-gözündən şər və fitnə yağacaq, yaşadığı ev əzab, qəm-qüssə ilə dolu olacaq, sonu isə təlaq, boşanma ilə nəticələnəcəkdir. Dözüm, səbir olmadıqda isə psixoloji xəstəliklərə və ya iki tərəfdən birinin intiharına gətirib çıxaracaqdır.
İzdivac edərkən təqva, iman, əxlaq kəsb etməyən qadından uzaq durun. Bu xüsusiyyətlər əsasında tərbiyə olunmayan qadın öz əri üçün təhlükə və ziyandan başqa bir şey deyildir.
Bu mövzuda həzrət Baqirdən (ə) bir rəvayət nəql edilmişdir: «Allah rəsulu bir dəstə qadının yanından keçərkən, dayanıb onlara xitab etdi: «Mən aqillərin ağlını əlindən alan sizin kimi ağılı və dini qüsurlu olan başqa bir zümrə görmədim. Mən sizin əzabınızı bütün cəhənnəm əhlinin əzabından ağır olduğunu müşahidə etdim. Sizə ciddi şəkildə tapşırıram, imanınızı təkmilləşdirmək, mərifət kəsb etmək və insani keyfiyyətlərlə zinətlənməklə Allaha yaxınlaşın».(Vəsail, "Nigahın müqəddiməsi" bölümü)
İmam Sadiq (ə) buyurmuşdur: «Möminin ən qatı düşməni onun pis həyat yoldaşıdır».("Bihar" c. 100,səh. 240)
Digər bir rəvayətdə buyurur: «Günahın ilk mərhələsi altı xislətdir: Dünyapərəstlik, vəzifəpərəstlik, yatmağa meyl, qadınpərəstlik, qarınpərəstlik və rahatlığa meylli olmaq». (Vəsail, "Nigahın müqəddiməsi" 4-cü bölüm)
Buna görə də, həyat yoldaşı seçərkən, burada rəvayətlərdən istifadə edərək, izah edəcəyimiz İslamın şərtlərinə diqqət yetirmək lazımdır. Səy etmək lazımdır ki, yalnız zahiri gözəllik, ailə qurmaq həvəsi, qadının var-dövlətinə göz dikmək və s. kimi məsələlər həyat yoldaşı seçməyinizə təsir göstərməsin.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadını var-dövləti və gözəlliyi üçün seçməyin. Onun var-dövləti harınlığa, gözəlliyi isə məhv olmağa yol açır. İzdivac edərkən qadının iman və dinini nəzərə alın»;(Müstədrəkül-Vəsail "Nigah" 13-cü bölüm)
«Əgər qərar olsa ki, bir şeydə nəhslik olsun, qadınlarda olar».("Bihar" c. 100,səh. 227)
Bəli, iman, əxlaq və digər insani keyfiyyətlərə malik olmayan qadın ərinin uğursuzluğuna, həyatın mənasızlığına səbəb olur.
Rəsulullah (s) digər bir hədisdə buyurur: «Ən pis şey pis qadındır». (Həmin mənbəə)
MARAQLI BİR HADİSƏ
Əbulfütuh Razinin təfsirində qeyd olunur: «Azan vaxtı minarədə azan verən bir gənc məscidin ətrafında yerləşən evlərə nəzər saldı. Hansı ki, Allah-təala insanın məsləhətini, onun fitnələrdən qorunmasını nəzərə alaraq, bu növ baxışları haram etmişdir.

Gəncin gözü evlərdən birində yaşayan gözəl simalı qıza düşdü və ürəyini ona verdi. Azandan sonra o evin qapısını döydü. Ev yiyəsi qapını açdı. Gənc dedi: «Qızınızı ərə vermək fikriniz varsa, mən onu istəyirəm». Ev yiyəsi dedi: «Biz Asuri məzhəbinə mənsubuq. Əgər bizim məzhəbimizi qəbul etsən, qızımla ailə qurmağına heç bir etirazım yoxdur. «Qızın gözəlliyinə aldanan gənc, öz tayını tapmaqdan əl çəkdi və bu məsələdə yalnız şəhvətin, gözəlliyin meyar olduğunu düşündü. İslamdan üz döndərərək, şirkə doğru addımladı. Nəhayət, nikah mərasimi gəlib çatdı. Gənc kamına çatacağı gün evin pillələri üzərindən yıxılıb, əbədi həlak oldu».


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 949 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]