Cümə axşamı, 2024-03-28, 11:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HƏQİQƏTLƏR QAYNAĞI OLAN QƏLB
2012-12-04, 7:09 AM
HƏQİQƏTLƏR QAYNAĞI OLAN QƏLB
İslam qaynaqlarında qəlb «Allahın hərəmi», «çeşmə», «iman», «padşah» və «qab» kimi ifadələrlə yad edilmişdir. O sağlam, xəstə, pak, xəbis, yumşaq, nurani, kor, ölü, qəsavətli, möhürlənmiş kimi sifətlərlə vəsf edilmişdir. Bu ifadələr Quranda, həmçinin «Kafi», «Şafi», «Tuhəful-uqul» və s. kitablarda qeyd olunmuş və hər birinin mənası açıqlanmışdır.
Həqiqətən, qəlb qabdır. Çox maraqlı bir qab. Əgər bu qabda haqqa, qiyamətə iman, nuraniyyət, ixlas, səmimiyyət, eşq yerləşdirilərsə, o zaman bu qəlbin sahibi əmniyyət və təskinliklə yaşayacaq. Onunla əlaqədə olan hər bir şəxs ondan səmimiyyətdən qeyri bir şey gözləməyəcək. Amma bu qaba tamah, həsəd, kin, küfr, şirk, qəsavət və s. kimi qeyri-insani keyfiyyətlər yerləşdirilərsə, bu qəlbin sahibi təhlükəli, aludə bir varlığa çevriləcək. Belə ki, heç bir şəxs ondan əmniyyət gözləyə bilməz.
Hələ izdivac etməmiş gənclər öz qəlblərinin bu qeyri-insani keyfiyyətlərə aludə olduğunu gördükdə, yalnız onu islah etdikdən sonra izdivac etməlidirlər.
Min arzu ilə öz ailəsindən, ata evindən əl çəkib sizin evinizə gələn hər hansısa bir qızın ümidlərini qırmayın! Vay olsun ailəsi onun üzündən rahatlıq duymayan kişiyə! Vay olsun ailəsi onun üzündən saysız-hesabsız əziyyətlərə düçar olan qadına! Vay olsun valideynləri onun üzündən rahatlıq görməyən övlada!
Əlinin (ə) buyruqlarına görə, insan öz qəlbini Haqqa bağlamazsa, onu iman, eşq, məhəbbət qabına çevirməzsə, bu zaman o öz sahibini inanılmaz bəlalara düçar edər. Belə ki, o, tamah zillətinə düçar olar və onun hücumu nəticəsində həlak olar. Məqsədinə yetmədikdə qəm-qüssə onu öldürər. Biri ona qəzəbləndikdə qeyzi alovlanar. Özündən razı olduqda özünü tamamilə unudar. Qorxuya düşdükdə ömrü pəhrizlə hədərə gedər. Əmniyyətdə olduqda qurur onu bürüyər. Başına bir müsibət gəldikdə, özündən gedərək rüsvay olar. Var-dövlət sahibi olarsa, bu onu azğınlığa sürükləyər. Yoxsulluq ona tərəf gəldikdə, narahatlıq başını qatar. Ac olduqda zəiflikdən ayağa dura bilməz. Toxluqda ifrat edərsə, qarınpərəstlik nəfs yolunu onun üzünə bağlayar. Belə bir insan üçün hər bir şeyin artığı fəsad, əskiyi isə ziyan gətirər.("Bihar" c.70, səh.52)
Həzrət Peyğəmbər (s) qəlbin sağlamlığı və xəstəliyi haqqında buyurur: «İnsanda bir parça ət var. Əgər o sağlam olarsa, cismin digər hissələri də sağlam, əgər xəstə olarsa, cismin digər üzvləri də xəstə olar. Bu bir parça ət qəlbdir (ürəkdir)».(Nizanül-Hikmə" c.8, səh.216-217)
Digər bir hədisdə buyurur: «Allahın yer üzündə məkanları (qabları) var. Bilin ki, bu məkanlar qəlblərdir. Bu qəlblərin ən sevimlisi daha yumşaq, daha saf və daha möhkəm olanıdır. Mömin qardaşlarına qarşı daha yumşaq olan qəlb, günahdan saf olan qəlb və Haqqa qarşı daha möhkəm olan qəlbdir».(Həmin m
nbəə)
Əli (ə) bir hədisdə qəlbin sağlamlığı haqqında buyurur: «Sənin qəlbin, yalnız özün üçün bəyəndiyini (istədiyini) mömin qardaşın üçün də bəyəndikdə (istədikdə) sağlam olar».("Bihar" c.78, səh.8)
Görün, qəlbin sağlamlığı üçün nə qədər də maraqlı bir təklif irəli sürülmüşdür?! Bu, Haqq aşiqlərindən bizə gəlib çatmış nurani və dahiyanə bir kəlamdır!
Bəli, insan özü üçün istədiyini digərləri üçün də istəyərsə, onun qəlbi tədricən sağlam bir qəlbə çevrilər. Bu zaman onun qəlbi eşq, səmimiyyət, ixlas ilə dolu bir qəlb olaraq hamıya, xüsusilə də öz həyat yoldaşı və övladlarına dünya və axirət səadəti bəxş edəcəkdir.
İzdivac etməyən şəxslər əgər qeyri-insani keyfiyyətlərə malikdirlərsə, ailə qurmazdan öncə onları islah etməlidirlər. Əks təqdirdə, gələcək ailələrinə, övladlarına zülm etmiş olacaqlar. Bu həqiqəti hamı bilməlidir ki, ailəsi ondan əxlaqsızdan qeyri bir şey görməyən şəxslər Allahın əzabına düçar olacaqlar.
Əql elmlə qidalanar və qəlb ilahi əxlaqla zinətlənərsə, bu zaman insan xeyir mənbəyinə, fəzilət çeşməsinə çevrilər. Bu barədə bir Quran ayəsinə nəzər salaq: «İman gətirib, imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəldilmişlər də onlardır!» ("Əman" surəsi, ayə 81).
Bəli, öncədən qeyd olunduğu kimi, bütün yaxşılıqlar Allahdan, pisliklər isə insanın özündəndir.
Quran, Peyğəmbərlər, imamlar və əməli-saleh alimlər vasitəsilə Tanrıya tapınaraq, daxili və zahiri qüvvələri səfərbər edərək yaxşılıqlar kəsb edib, pisliklərdən uzaq düşmək olar.
İnsan yaxşılıqları, əxlaqi keyfiyyətləri kəsb etdikdən sonra onu bacardığı qədər qeyrilərinə, xüsusilə öz həyat yoldaşına və övladlarına ötürməlidir. Bu məsələyə etinasız yanaşmaq böyük günah hesab olunaraq, insanı Haqqın əzabına düçar edir.
Bizim imamlarımız buyurmuşlar: «Dil ilə deyil, əməllərinizlə digərlərinə örnək olun».
İnsanın əxlaqi gözəlliklərini müşahidə edən hər bir şəxs onu kəsb etmək arzusuna düşür.
Evin kişisi həyat yoldaşı və övladları üçün Allahın höccəti, evdə mənəvi və əxlaqi keyfiyyətlər baxımından öz ailəsinə örnək olmalıdır. Evin kişisi yuxarıda qeyd olunan xüsusiyyətləri özündə cəm etmək üçün mütləq öz qəlbini saleh əməl, elm, təqva ilə qidalandırmalıdır. Onun ailəsi yalnız bu zaman Əhli-beyt (ə) evinin kiçik bir nümunəsi ola bilər.
Burada dini məclislərə, məscidlərə gedib-gəlmək, din alimləri ilə, fəqihlərlə oturub-durmaq zərurəti hiss olunur. Bütün bunlardan uzaq düşmək cəhalətin şiddətlənməsinə, qəlbin xəstəliyinə, əxlaqi azğınlıqlara gətirib çıxarır.
İlahi vəhyin Quranda cilvələnməsi, dəyərli kitablarda peyğəmbər və imamlardan qalan əsərlər, bütün bu məscidlər, dini məclislər, əməli-saleh alimlər əlimizdə olduğu bir halda, qiyamət günü Allah dərgahında heç bir üzrümüz olmayacaq.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 754 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]