Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
GƏLİNİN CEHİZİ
2012-12-05, 7:46 AM | |
Müsəlman və möminlər arasında belə bir adət vardır. Atalıq, böyüklük, məhəbbət üzündən ailənin böyüyü, qızın himayəçisi öz övladına cehiz verir. Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət olunsun. Qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət, məhəbbət gözü ilə qəbul etsinlər. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən təhqir olunmaz. Qızın valideyni də cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir. Cehiz üçün olduqca bahalı ləvazimatın hazırlanmasına ehtiyac yoxdur. Cehizin xərci öz şəri və ictimai hüdudlarını aşmamalı və ailələr bu üzdən ağır xərcə və borca düşməməlidirlər. Bu məsələdə mütləq bəhsləşməkdən, digərlərinin israf edərək hazırladıqları təmtəraqlı cehizlərinə göz dikməkdən çəkinmək lazımdır. Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində digərləri üçün həllolunmaz problem icad olunmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil edən bu məsələ Haqqın nifrətinə və qiyamət gününün əzabına səbəb olacaq. Cehiz halal maldan hazırlanmalıdır. Çünki gəlin və bəyin etdikləri vacib ibadət yalnız halal geyimdə şəriətə uyğundur. Valideynlər özlərini övladlarının hədsiz intizar və təvəqqeləri ucbatından qiyamət əzabına düçar etməsinlər. Əllamə Məclisi çox dəyərli «Biharül-ənvar» kitabında həzrət Fatimənin (s) keçdiyi həyat yolunu şərh edərkən, imam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: «Əli (ə) maddi həyatda bir iki dəst geyim, bir dəvə, bir qılınc və bir zirehdən qeyri bir şeyə malik deyildi. O gündəlik xərcini digərlərinin əkin sahəsində, bağında işləməklə təmin edirdi. Yaradılış qadınlarının xanımına elçilik etdikdə, həzrət Peyğəmbər (s) buyurdu: «Get zirehini sat». Əmirəl-mö´minin bu hadisəni belə nəql edir (ə): «Zirehi satdım və pulunu Allah elçisinin qarşısına qoydum. Nə o miqdarını soruşdu, nə də mən miqdarını dedim. Pullardan bir ovuc götürüb Bilala verdi və «Bu pula qızım üçün ətir al»-deyə tapşırdı. Bir hissəsini Əbu Bəkrə verib «Libas və ev əşyaları al»-deyə buyurdu. Əmmar və digər səhabələrə isə libas və ev əşyaları almaqda ona kömək etmələrini tapşırdı. Alınanlar aşağıdakılardan ibarət idi: 1. Köynək: 7 dirhəm; 2. Baş örtüyü: 14 dirhəm; 3. Qara xeybəri çadırı; 4. Bir top ip; 5. Üzlüyü Misir kətanı, içi isə xurma lifi və qoyun yunundan olan iki dəst döşək; 6. Üzü Taif dabağı, içi isə quru bitkidən olan dörd balış; 7. Bir ədəd (yundan toxunmuş) pərdə; 8. Bir ədəd həsir; 9. Əl dəyirmanı; 10. Bir ədəd su məşki (tuluğu); 11. Bir ədəd su dolçası; 12. Bir ədəd aftafa; 13. Bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab; 14. Bir neçə saxsı səhəng; 15. Bir ədəd mis teşt; 16. Bir ədəd böyük kasa. Bütün ləvazimatlar hazırlandıqdan sonra Rəsulullahın (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara baxıb buyurdu: «Allah Əhli-beyt (ə) üçün mübarək etsin».("Bihar" c.43, səh.111-112) O ilahi insan (Əllamə Məclisi) sonra belə yazır: «Bu əşyalar elə bir qızın cehizi idi ki, atasının iqtidar və nüfuzu təsəvvürolunmazdır. Belə ki, tərəfdarları ona qızıl-gümüş əvəzinə can bağışlayırdılar. Amma o, nə kürəkənini borc qəm-qüssəsinə saldı, nə miskin, yetim və ümumi məsləhətlər üçün xərclənməli olan beytül-maldan yersiz bəzək-düzək və özünü göstərmək üçün istifadə etdi, nə də izdivac mərasimini ağır xərclər bahasına başa gələn şəkildə keçirdi. O, bu dahiyanə addımı ilə tarix boyunca digərlərinə özlərini əziyyətə, qəm-qüssəyə salmamaq üçün örnək oldu». Ən başlıcası isə, bu qohumluq və bağlılığa hakim olan, onu əhatə edən səmimiyyət elə bir səviyyəyə çatmış idi ki, qızına cehiz vermək istədikdə özünü aciz görən ata, öz kürəkəninə zirehini satmaq təklifini edir və onun pulu ilə cehiz, sadə ev əşyaları alır və bu işi heç bir vəchlə onu alçaldacaq bir iş hesab etmir. Kərəm sahibi kürəkənə gəlincə, o da bu səmimiyyətin ən yüksək mərhələsində idi. Buna görə də «Qızın cehizi atanın öhdəsinə düşür» sözünü dilinə gətirmir və onu ilahi və pak ürəyindən belə keçirmir. Bu izdivacın nəticəsi, məhsulu on bir məsum imam və o gündən bu günə qədər dünyaya bir nur kimi saçmış minlərlə fəqih, alim, həkim, şair, arif, Haqq aşiqi, mərceyi-təqlid və mömin insanlardır. Bu izdivacın dünya yarandığı gündən bəri heç bir bənzəri olmamışdır. | |
Views: 887 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |