Bazar günü, 2024-12-22, 7:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

EVLƏNMƏDƏN ƏVVƏL QADINA BAXMAQ
2012-11-04, 8:24 PM
EVLƏNMƏDƏN ƏVVƏL QADINA BAXMAQ

Naməhrəm şəxslərə ləzzət və şəhvət nəzəri ilə baxmaq insanın Allah eləməmiş, daha böyük günaha–zinaya mürtəkib olmasına, iman, şərəf və heysiyyətinin aradan getməsinə, Allahın qəzəb oduna–cəhənnəm oduna düçar olmasına səbəb olur. Əgər böyük günahlara batmasa da belə, bu işin ağır mənfi təsiri–iztirab və nigarançılıq, ailə və həyat yoldaşına qarşı ümidsizlik kimi təsirləri öz ardınca gətirir. Buna görə də günah və onun cəzası nəzərindən belə bir iş zinaya bərabər hesab edilmişdir. Bəzi rəvayətlərdə onu gözün zinası adlandırdırlar.["Vəsailüş-şiə”, 14-cü cild, səh.138]

Amma bu məsələnin (naməhrəmə baxmaq) həyat yoldaşı seçməkdə heç də maneəsi yoxdur, üstəlik zəruri məsələlərdəndir. Çünki ər və arvad ailə mühitində tam səfa-səmimiyyətlə, mehr-məhəbbətlə ömürlərinin axırına kimi yaşamalıdırlar. Bu məhəbbət və səfa-səmimiyyət heç vaxt azalmamalıdır, ailədən kənarda olan acı hadisələr ailə mühitində şirinliklərə çevrilməlidir. Bu məqul arzu o vaxt təsəvvür olunub xaricdə gerçəkləşə bilər ki, evlənmə tam agahlıqla, xüsusi görüşlə baş vermiş olsun və ər və arvad evlənməkdən qabaq bir-birinin zahiri və batini xüsusiyyətlərindən kifayət qədər agah olsunlar. Bundan əlavə, evlənmədən qabaq baxış ərin sonradan yarana biləcək müəyyən bəhanələrinin, habelə evlənmənin nurlu şüalarının azalmasının qarşısını alır. Bu cəhətdən İslam dini öz ardıcıllarına göstəriş verir ki, bu işi yerinə yetirsinlər.

Bir şəxs İmam Sadiq (əleyhissalam)-dan soruşdu: Kişi bir qadınla evlənmək istəyirsə, o qadının zinət yerlərinə baxa bilərmi? İmam (əleyhissalam) buyurdu:

"Əgər ləzzət məqsədi ilə baxmazsa, onda bu əməlin eybi yoxdur.”["Fürui-kafi”, 5-ci cild, səh.565]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Evlənmək istəyən bir kişi evlənmədən əvvəl qadının zinət yerlərinə baxa bilər.”["Qurbul-əsnad”, səh.74]

Həsən Sirri deyir: İmam Sadiq (əleyhissalam)-a ərz etdim ki, kişi bir qadınla evlənmək istəyirsə, onun sifətinə və qiyafəsinə baxıb, bu barədə dəqiq axtarış apara bilərmi? Onun üzünə və arxasına baxa bilərmi? İmam (əleyhissalam) buyurdu: "Əgər onunla evlənmək məqsədi varsa, bu işləri edə bilər.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.59]

Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşur ki, əgər bir kəs bir qadınla evlənmək istəyirsə, onun əndamına baxa bilərmi? Həzrət buyurdu: "Bəli, çünki evlənmə məsələsi çox da sadə və dəyərsiz bir iş deyildir, əksinə, bu iş ilə (ər və arvad) bir ömür müştərək olan həyata başlayırlar və bu barədə müəyyən məbləğdə pul sərf olunur.”["Rovzətul-müttəqin”, 8-ci cild, səh.238]

Bu mətləbin oxşarını Yunis ibni Yəqubun İmam Sadiq (əleyhissalam)-dan nəql etdiyi rəvayətdə görmək olar. O deyir: Həzrət buyurdu ki, kişi evlənmək istədiyi qadına hətta nazik paltarda baxıb kifayət qədər diqqətlə axtarış apara bilər ki, sonradan müəyyən narahatlıqlar, anlaşılmazlıqlar irəli gəlməsin. Çünki evlənmə işi mühüm bir məsələdir.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.61]

Bu rəvayətlərin hamısı göstərir ki, iki şərt daxilində olan baxışlar nəinki caiz deyil, həm də zəruri və lazımdır. Çünki bu cür diqqətlər həyat yoldaşının öz xeyrinədir, çünki əri agahlıq üzündən onunla evlənir, müəyyən müddət keçdikdən, cinsi qərizələr qismən təmin olunduqdan sonra və ya ixtilaflar yarandıqda o, artıq bəhanə gətirə bilməz və həyat yoldaşının özünün sevmədiyi bir adam olduğunu iddia edə bilməz. O iki şərt aşağıdakılardan ibarətdir:

1-:işi bu əməli şəhvət üzündən etməməlidir; amma mümkündür ki, qadına tamaşa etdiyi vaxtda şəhvət hasil olsun.

2-Bu baxışlar başqa qərəzlər, həvayi-nəfsə tabeçilik və başqa məqsədlər üçün deyil, yalnız evlənmə məqsədi ilə olmalıdır.
FİQHİ NƏZƏRDƏN BAXMAQ

Evlənmədən əvvəl qadına baxmaq və onun barəsində kifayət qədər axtarış aparmaq təkcə rəvayətlər baxımından caiz deyil, həm də mərcəyi-təqlidlər də müxtəlif dövrlərdə bu məsələni diqqət mərkəzində saxlayaraq onun zəruri və icazə verilən bir iş olmasına dair fətva vermişlər. Amma onun həddi-hüdudu barəsində daha artıq bəhs və araşdırma aparmaq lazımdır. Böyük şiə alimlərindən olan və "Cəvahirül-kəlam” kitabının müəllifi yazır:

"Kişinin evlənmək istədiyi qadının üzünə və əllərinə baxması zəruri və bütün müsəlman firqələri arasında danılmaz bir məsələdir, heç kəs bu məsələ ilə müxalifət etməmişdir. Hətta qadın və ya qızın özünün bu işi görməyə icazəsi olmasa belə, caizdir.”["Cəvahirül-kəlam”, 29-cu cild, səh.63]

"Ürvətül-vüsqa” kitabında deyilir:

"Evlənmək istəyən bir kişi (evlənmək istədiyi) qadının üzünə, əllərinə, saçına və zinət yerlərinə baxa bilər. Ümumiyyətlə ovrəteynindən başqa onun bütün əzalarına baxması caiz və qanunidir.”["Ürvətül-vüsqa”, müstəhəbbati nikah babı, 26-cı məsələ]

Hal-hazırdakı bütün mərcəyi-təqlidlər bu fətva ilə müvafiqdirlər, müxalifət edən yalnız mərhum Ayətullahül-üzma "ülpayiqani olmuşdur. O cənab da qadının əl və üzündən başqa yerlərinə baxmaqda ehtiyat edilməsini buyurmuşdur. İmam Xomeyni (r.ə) isə buyurur:

"Əgər kişi bir qadınla evlənmək istəsə, yaxud bu evlənmənin baş tutacağını ehtimal versə, şəhvət nəzəri olmadan qadının ovrəteynindən başqa bütün əzalarına baxa bilər. Hətta əgər baxandan sonra ləzzət hasil olarsa belə. Amma müstəhəbdir ki, üzünə, əllərinə, saçına və zinət yerlərinə baxsın, başqa yerlərinə isə baxmaqdan çəkinsin.”["Təhrirül-vəsilə”, 2-ci cild, səh.245]

Deməli, Məsum rəhbərlərin sözlərinə və mərcəyi-təqlidlərin nəzərlərinə əsasən, bu əməl caizdir.


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1428 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]