Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Boşanmanın qarşısını necə almaq olar?
2013-10-23, 7:29 PM | |
Boşanmanın qarşısını necə almaq olar? Çox təəssüf ki, statistika göstərir ki, boşanma halları getdikcə artmaqdadır. Əgər boşanmanın qarşısı alınmazsa, cəmiyyətimizin gələcək taleyi qaranlıq olacaqdır. Bizim edə biləcəyimiz ən yaxşı yol - boşanmaların həqiqi səbəblərini tapmaqdır. Boşanmaların ən mühüm səbəbi isə həyat yoldaşının necə seçilməsi və ailənin hansı məqsədlə qurulmasıdır. Həzrət Peyğəmbər (s) və İmamlarımız (ə) bizim üçün həyat nümunəsidirlər. Onlar bütün həyatları boyu müvəffəq olublar. Onlar ailə həyatında da bizim üçün nümunədirlər. Onların həyatını araşdıraraq, bu müvəffəqiyyətin səbəbini tapmaq olar. Əhli-beyt (ə) arasında ən böyük nümunəvi ailə - İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ailəsi idi. İmam Əli (ə) həyat yoldaşına o qədər məhəbbət və sevgi bəsləyirdi ki, həyat yoldaşı dünyasını dəyişən zaman İmam (ə) belə buyurdu: "Vəfalı dostdur ki, onun kimi dost yoxdur. Ondan başqa heç kəs qəlbimdə sevgiyə malik olmaz. Yarım gözümdən və canımdan gizləndi. Ancaq qəlbimdən heç bir zaman gizli olmayacaq və unudulmayacaqdır”. Tarixə nəzər salsaq, belə müvəffəq bir ailə tapmarıq. Bir evliliyin müvəffəqiyyəti onun səmərəsindən asılıdır. Bu ailənin səmərəsi pak insanlar idi. Dünyanın ən pak insanları bu xoşbəxt ailədə doğulmuşdu. Bu xoşbəxt insanların evliliyinə nəzər salsaq görərik ki, çox sadə baş vermişdi. Heç bir zaman bir-birinin qəlbini incitməmişdilər. Sadə evləri həmişə məhəbbət və sevgi ilə dolu idi. Bu iki əziz insanın evliliyi bütün cavanlar üçün nümunə olmalıdır. Cavanların əksər hissəsi evlənən zaman nə üçün evləndiklərini bilmirlər. Onlar ona görə evlənirlər ki, ata və anaları evləniblər. Cavanlarımızın çox hissəsi həyat yoldaşı seçən zaman təcrübəsizlik edirlər. Əksər hissəsi isə bir-biri ilə yarışıb həyatlarını acı edirlər. Evliliyin ilk hədəfi - rahatlıq əldə etmək olmalıdır. Bu rahatlıq balığa su kimi lazım olan kimi cavanlara lazım olmalıdır. "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21). Psixoloqların da nəzərinə görə evlilik bir cavana rahatlıq hissi bəxş etməlidir. Necə ki, bu rahatlığı İmam Əlinin (ə) ailəsində müşahidə edirdik. O zaman ki, Həzrət Fatimə (s.ə) onun yanında idi, heç bir qəmi və qüssəsi yox idi. Ancaq o zaman ki, həyat yoldaşı şəhid olur, qəm Həzrətə (ə) yoldaş olur. Bəs boşanmanın qarşısını necə ala bilərik? Düzgün seçim. Əksər cavanların həyat yoldaşı seçən zaman meyarı sərvət və vəzifə olur. İnsanların nəzərinə görə ən yaxşı həyat yoldaşı sərvəti və vəzifəsi olandır. İman bir çoxlarımız üçün meyar sayılmır. Elə ona görə də boşanma tufanına görə təəccüb etmək lazım deyildir. Həzrət Fatimənin (s.ə) elçiləri çox idi, çünki hamı bilirdi ki, Peyğəmbər (s) qızını çox istəyir. Ancaq Xanım (s.ə) üçün meyar iman və təqva olur. İmam Əli (ə) üçün də evlənən zaman meyar iman və Allah qorxusu olmuşdur ki, bütün bunların hamısı Həzrət Fatimədə (s.ə) var idi. Sadəlik. Həzrət Zəhranın (s.ə) mehriyyəsi çox sadə bir mehriyyə idi. Toy mərasimləri də o cür. Xanımın (s.ə) cehizi çox sadə və təmtəraqdan uzaq idi, ən ehtiyacı olan şeyləri gətirmişdi. Çünki bu cütlərin tək hədəfi - bir yerdə olmaq və bir-birinə yoldaş olmaq idi. Onlar üçün saray və ya daxma - fərq etməzdi. Hər ikisi də bir-birinə aşiq idi. Bu iki İlahi nur fəqət bir yerdə olmaq istəyirdi. Bunu nəzərə almaq lazımdır ki, toy mərasimləri hər nə qədər təmtəraqlı olarsa, boşanma halları da bir o qədər çox olacaqdır. Düzgün rəftar. Hər birimiz cismi və ruhi ehtiyaclarımızı ödəmək üçün bir gün ailə qururuq. Bu ağır məsuliyyəti çiynimizə götürürük. Əgər bu ehtiyac daxilimizdə yoxdursa, heç bir zaman evlənmək istəməzdik. Bu ehtiyacları Həzrət Haqq özü batinimizə qoymuşdur. Bu yolla bizi evliliyə həvəsləndirər. Əgər evlilik zamanı bir-birimizin üzərində olan haqları tanısaq və onlara düzgün əməl etsək, ailəmiz xoşbəxt olar. Bir gül hər nə qədər gözəl və ətirli olsa da, əgər xam bir bağbanın əlinə düşsə, ehtiyaclarını düzgün ödəməsə, onunla düzgün rəftar etməsə solub, öləcəkdir. Ancaq İmam Əli (ə) və Həzrət Fatimə (s.ə) bir-birinin haqqını çox gözəl tanıyır və ona riayət edirdilər. Elə ona görə də xoşbəxt və mehriban ailəyə malik idilər. /Deyerler.org/ | |
Views: 1127 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |