Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ana müqəddəs və əzizdir
2012-11-20, 9:57 AM | |
Ana adı hamı üçün əziz və müqəddəsdir. Çünki o, bütün insani keyfiyyət, gözəl və şirin dostluq, ülfət, məhəbbət və xeyirxahlıqların mənbəyidir. Ana ürəyi ilahi eşq və məhəbbətlə doludur. O, övladını bu ilahi çeşmədən sirab edir və ona həyat verir. Ana adı əziz və hörmətlidir, çünki insaniyyətin, insani keyfiyyətlərin yaradıcısı, keşikçisidir. O, bəşəriyyətin xilaskarıdır. O, övladının həyatının, təkamülünün, inkişafının və səadət yolunun fədakarıdır. O, övladlarını hadisə və fəlakətlərdən qurtarmaq üçün bütün qəm-qüssə, əzab-əziyyət və yuxusuzluqlara qatlaşan qəhrəmandır. Anadır ki, övladlarının yeyib-içib rahat yaşaması üçün özü ac-susuz qalır. Onların təzə geyinməsi üçün özü köhnə geyinir. Onların rahat və şirin yatması üçün özü yuxusuz qalır. O, gecə-gündüz göstərdiyi bu fədakarlıqlardan yorulmayıb bundan ləzzət, sevinc və şadlıq hissi duyur. Anaların övladlarına olan eşqi, ilahi və müqəddəsdir. Ananın övlada eşqi bütün canlılarda öz əksini tapmışdır. Buna görə də heç vaxt heç bir anaya öz övladını sevməsi tövsiyə və sifariş edilməmiş və bu sifarişə ehtiyac olmamışdır. Amma bəzən həyatda bəzi anaların bu ilahi eşqi sinələrində həbs etdiyinin və bunu övladlarına aşkar etmədiyinin şahidi oluruq. Buna görə də İslam dinində bu nöqtəyə diqqət edilmiş və onlara öz eşqlərini, bu ilahi neməti aşkar etmələri tövsiyə olunmuşdur. Analar bu səmavi gövhərin qiymətini bilməli və onu öz baxışı, öpüşü, təbəssümü, nəvazişi, söz və əməlləriylə övladlarına bildirməlidirlər. Əziz Peyğəmbərimiz (s) bu barədə buyurmuşdur: "Övladlarınızı çox öpün, çünki sizin hər öpüşünüzə cənnətdəki məqamınız artırılır”.[1] İmam Sadiq (ə) buyurub: "Allah-Taala bəndəsini övladına olan dərin məhəbbətinə görə öz rəhmətinə qərq edəcəkdir”.[2] İslam Peyğəmbəri (s) öz övlad və nəvələrini öpüb nəvaziş etmiş və bunu ümmətinə də sifariş etmişdir. Çünki uşaqların inkişaf və təkamülündə, onların şad, təravətli olmasında valideyn məhəbbətinin böyük rolu vardır. Onların məhəbbət ehtiyacından və məhəbbət azlığından çəkdikləri əzab-əziyyətlər, aclıq və susuzluqdan çəkilən əzablardan daha acınacaqlıdır. Bu məktuba diqqət edin: * "... Cavan bir qızam... Özümü tanıdığım zaman gördüm ki, dağılmış və soyuq bir ailəmiz var. Yanlış bir tərbiyə ailəmizə hakim kəsilmişdir... Bir şey vücudumda alovlanır və mənə əzab verirdi. Özümdə nəyinsə əskik olduğunu hiss edirdim. Amma nədənsə bu dərdli hissin nə olduğunu başa düşməkdə aciz idim. Ancaq bir müddət keçdikdən sonra bunu anlamağa başladım. Bəli, mən ata-anamın boşanmasından və bunun acı nəticələrindən ruhi sarsıntılar keçirirdim. Mən bu cür yaşayışdan yorulmuş, əsəbi, solğun olmuş və ruhi xəstəliyə tutulmuşdum... İndi anamın boşandığından neçə il keçir. Məsum bir uşaqdan əsəbi, ruhi sarsıntılara düçar olmuş bir cavana çevrilmişəm... Anam həmişə maddi vəziyyəti yaxşı olan xalamın yaşayışına baxıb zəhmətkeş atamdan həmin şeyləri istəyirdi. Həmişə atamla yaşadığı həyatdan narazılıq edir və daim şikayət edirdi ki, axı, nə üçün mənim də bacım kimi qiymətli qızıllarım, ev-eşiyim və müxtəlif şəhərlərə səfərim yoxdur. "Mənim nəyim bacımdan əskikdir? Nə üçün onun olsun, mənim olmasın?...” Sözün qısası, xalamın yaşadığı həyatın həsrətini çəkirdi... Evdə üzərinə düşən vəzifəni kənara qoymuşdu. Mənim, qardaşımın qayğısını çəkməyib bizə qarşı analıq vəzifəsini yerinə yetirmirdi...”. ? Öncə deyim ki, bu cür şeytansifət qadınlar üçün müqəddəs ana adını işlətmək doğru deyildir. Başqalarının həyatına göz dikmək, onların zər-zibasının həsrətini çəkmək, onların rifahına görə qüssələnmək, ağlın gözünü kor, məhəbbət və ülfət çeşməsini quru və sönük edir. Nəticədə, qızıl-gümüş arzusu, müqəddəs və əvəzolunmaz analıq boyunbağını boynundan açır, müqəddəs evlilik əhdini sındırır, öz yuvasından və övladlarından ayrılır, pak, günahsız övladlarını tənha, köməksiz buraxır və uzaqdan görünən ilğıma çatmaq arzusuyla ucsuz-bucaqsız quru vəfasızlıq səhrasına üz tutur, axırda isə pənahsız, avara, tənha, yorğun və pərişan halda ayaqdan düşüb yıxılır. Qəlblərin həkimi, mehriban Peyğəmbərimiz (s) gözəl buyurmuşdur: "Hər kəs başqalarının əlində olana göz dikərsə, qəm-qüssəsi çoxalacaq, həmişə əsəbi olacaq və ürəyi heç vaxt sakitləşməyəcəkdir.”[3] Belə qadın amalına, arzularına çatmaq üçün ya öz ərindən müxtəlif cür tələbkarlıq edir, ona qarşı sərt davranır, həyatı onun üçün çətin, acı edir və ya da ərindən və övladlarından ayrılır. O, hər iki halda Allah-Taalanın qəzəbinə düçar olmuşdur. Allahın Rəsulu (s) buyurur: "Əriylə mülayim, dostcasına və mehriban yoldaşlıq etməyən və həmçinin, öhdəsindən gələ bilməyəcək şeyləri ərinə yük edən qadından Allah-Taala heç bir yaxşı əməli qəbul etməyəcəkdir. Qiyamət günü Allah-Taala ona qəzəbli olacaqdır.”[4] O Həzrət (s) başqa bir hədisdə buyurur: "Qadınların ən yaxşısı ərinin onun üçün aldıqlarına, hazırladıqlarına xoşhal, minnətdar və ərinin onun üçün ala bilmədiklərinə görə ondan razı olub əsəbilik və tələbkarlıq etməyəndir.”[5] [1] . "Biharul-ənvar”, Əllamə Məclisi, 104/92; [2] . "Vəsailuş-şiə", Hürr Amuli, 15/98; [3] . "Təfsiri-safi”, Taha surəsi/131; [4] . "Biharul-ənvar”, Əllamə Məclisi, cild:103. [5] . "Yenə orada”. islammektebi.org | |
Views: 741 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |