Cümə günü, 2024-11-22, 9:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailə səadətinə necə nail olaq?
2012-11-16, 7:04 AM
Ailə səadətinə necə nail olaq?


MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU


Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki, "bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər.
Yuxarıda qeyd etdik ki, nəsihətin müsbət təsir bağışlanmasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qurani Kərim "Loğman” barəsində buyurur:
"Loğman oğlunu nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şəksiz şirk böyük günahdır.” [Logman suresi aye 13]

Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin təsir imkanını aradan aparmaqla bərabər ədəbsizlik və həyasızlıq nümunəsidir.


MOİZƏ ZAMANI HƏDİSLƏRDƏN İSTİFADƏ ETMƏK
Ailəyə nəsihət etmək üçün Əhli-beyt (əleyhimussalam) hədisləri xüsusilə də baş vermiş hadisə və ya məsələ ilə nəsihət etmək daha münasib, daha səmərəlidir. Məsələn, moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz. Hədislərdə deyilibdir ki, "qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.” Və yaxud bu hədis: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) merac gecəsində Cəhənnəmdə öz dillərindən asılmış bir dəstə qadın görür. Bunun səbəbini Cəbraildən soruşanda, Cəbrail "bunlar ərləri qarşısında uzundillik edən qadınlardır”-deyə cavab verir

Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcədə mülayim və məhəbbətlə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks halda nəsihət lazım olan təsiri göstərməməklə yanaşı, mənfi və pis təsirini bağışlayacaqdır.


ƏR-ARVAD ARASINDA İXTİLAFIN MƏNŞƏYİ
Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı narazılıq və ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş verir. Təkcə qadın və ya kişinin müqəssir sayılaraq qınanması düzgün deyildir. İxtilafların mənşəyi xudbinlik, öz sözünü yeritmək və geniş ürəyin olmamasıdır. Belə ki, əgər cəmiyyət geniş ürəyə malik olub xudbinliyi özündən kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular. Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz.
Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə qeydsiz-şərtsiz təslim olan peyğəmbər və ilahi övliyalar arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi təsiri altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə uğratmamalıdır.

Ailədəki nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən tündlük göstərməkdən, dad-fəryad etməkdən çəkinməkdədir. Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb həll edilməsinin, aradan qaldırılmasının yolları barədə fikirləşməlidirlər.


KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
İxtilafın yaranmasında müqəssir kişidirsə, gərək öz səhvini iqrar edib çəkinmədən üzr istəsin. Çünki bunun özü mərdlik və onun tələbidir. Əgər kişi təqsirkar olub öz səhvini boynuna almazsa nə qadını nə danlaya bilər, nə də nəsihətinin müsbət təsiri olar. Bu zaman kişinin özü daha artıq nəsihətə möhtacdır.
Böyük ustadımız, əzəmətli İslam İnqilabının rəhbəri İmam Xomeyni həzrətləri bu barədə belə buyururdu: Xalq arasında işlənən "kişinin sözü bir olar” atalar məsəli doğru deyildir. Əsl kişi odur ki, səhvə düçar olarkən öz səhvini etiraf etsin. Çünki biz məsum deyilik, səhvlərimiz də çoxdur. Buna görə də lazımdır ki, səhvlərimizi boyunumuza alaq.
İnsan haqq qarşısında diz çökməyi bacarmalıdır. İctimai mühitdə yalnız mülayim və öz səhvini qəbul edənlər müvəffəqiyyət əldə edə bilərlər. Belə olmazsa insan cəmiyyətdən uzaqlaşacaqlar.
Mürüvvət və mərdlik nişanələrindən biri də ixtilaf zamanı haqqı sahibinə verməkdir. Bəzilərinin "əgər kişi öz səhvini etiraf edərsə qadın qorxmaz və ədəbsiz olub kişinin hörmətini saxlamaz” deməsi şeytan vəsvəsəsidir. Haqqın qarşısında hər bir şey qiymətsizdir, haqqa baş əymək gərəkdir.
İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə belə buyurdu:
"Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli və hörmətli olmaq istəyərsə, günahın xar və zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət və şərəfli libasını geyinməlidir.” [Meryem 96]
Bu barədə Qurani Kərim belə buyurur:

"İman gətirib yaxşı əməllər görənləri, Rəhman Allah məhbub edəcəkdir.”


QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.
Bu gözəl xislət özünü ilahi peyğəmbərlərin və məsum İmamların (əleyhimussalam) rəftarında tam və bariz şəkildə göstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.

Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhissalam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kim olduğunu soruşduqda onu tanıyır. Əhli-beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın təsiri ona da nüfuz etdiyindən "qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkit müqabilində İmam Həsən (əleyhissalam) əsəbiləşmədən, narahtlığını büruzə vermədən mülayim və məhəbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Quran ayəsi tilavət edir və sonra buyurur: "Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.” Sonra həzrət ondan soruşur: "Şam əhlindənsən?” O kişi cavab verir: "Bəli”. Həzrət belə buyurur: "Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım. Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, "o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından, (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi, amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və məhbub bir kəsim yoxdur” deyə xatırlayırdı.


HƏDİSLƏRDƏN DAHA BİR NÜMUNƏ
İmam Sadiq (əleyhissalam) bu barədə buyurub:
"Qüdrət sahibi olan zaman əfv edib bağışlamaq Allah peyğəmbərləri və təqvalı insanların adətidir.”
Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) əfv etmək haqqında buyurmuşdur: "Qüdrət sahibi olduğunuz zaman əfv edin ki, Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir.”
Həzrət Yusif (əleyhissalam)-ın öz qardaşları və Züleyxanın günahından geçərək onları bağışlaması Allah övliyalarının ardıcılları üçün tutarlı bir nümunədir. Allah peyğəmbəri qardaşlarının ona etdikləri böyük zülmün qarşısında yüksək qüdrət və izzət sahibi olduğu halda böyüklük və alicənablıqla güzəşt edərək onlara deyir: "Siz məni Misrin şərafətlisi və böyüyü etdiniz.” Qırx ildən sonra atası ilə görüşərkən ona "Şeytanın mənimlə qardaşlarım arasında fitnə-fəsad saldığını” söyləyir.
Doqquz illik zindan əziyyətini unudaraq və Züleyxanın günahından keçərək onu bağışlayır.
Beləliklə, peyğəmbər və din rəhbərlərinin (əleyhissalam) günahı bağışlayaraq güzəştə getmələrindən ibrət dərsi öyrənməklə yanaşı özümüzü Quran ayəsinə layiq göstərək. Quran bu zəminədə buyurur:

"İman əhli gərək güzəşt etsinlər və başqalarının günahını üzə vurmasınlar. Məgər istəmirsiniz ki, Allah sizin günahınızdan keçsin?! Əlbəttə, Allah daha çox bağışlayan və mehribandır.”[Nur suresi aye 22]


GÜZƏŞTİN TƏSİRİ

İnsan ailə və ya cəmiyyətdəki kiçik səhvləri görməməzliyə vurub güzəştə getsə, belə bir hərəkətin o mühitdə müsbət təsiri vardır ki, öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən başlıcası budur ki, belə bir hərəkət Qiyamət günündə Allah-Təalanın insanın xəta və pisliklərinə göz yumaraq onu bağışlamasına səbəb olar. Əfv və güzəştin olması ailə mühitini hərarətli saxlayaraq günahların bağışlanmasına səbəb olacaqdır. Bəs hər vaxt bir-birinizin səhv və ya xətası ilə qarşılaşsanız, güzəşt, mehribanlıq və əfv şölələrini qəlblərinizdə alovlandırıb isti ailə ocağınızda bir-birinizi bağışlayaraq əfv və rəhmət gölgəsində başdan-başa məhəbbət və şövqlə dolu, xoş və mənəviyyatlı bir həyat keçirəsiniz.


QARŞILIQLI ANLAŞMANIN TƏSİRİ
Ailədəki mənəviyyat, ləzzət və şirinlik ailə üzvlərinin bir-biri ilə keçinərək qarşılıqlı anlaşması sayəsindədir. Əgər ailə üzvləri bir-birini düşünüb yola gedərlərsə ailədəki nəzm və nizamın möhkəm olacağına şübhə ola bilməz.
Sünnülərin rəhbərlərindən biri olan Əhməd ibni Hənbəl özünün tanınmış "Müsnəd” kitabında Ayişənin dilindən belə nəql edir:
"Bir gün Allahın Rəsulu mənim evimdə idi, Onun arvadı Səfiyyə bişirdiyi xörəkdən həzrət üçün yolladı. Xörək gətirən kənizi görcək bədənim əsməyə başladı və ixtiyarsız xörək qabını onun əlindən alıb yerə çırpdım. Peyğəmbərin gözlərinin mənə dikildiyini gördükdə bu rəftarımın qəzəb və nifrət cizgilərini onun simasında müşahidə etdim. Allah Rəsulunun qəzəbindən o həzrətə pənah apardım və dedim: Ümidvaram ki, mənə qarğış etməyəsiniz. Peyğəmbər buyurdu: Ayişə, tövbə et!
Bu əməlimi necə düzəldim?-deyə o həzrətdən soruşdum.
Həzrət buyurdu: Səfiyyənin bişirdiyi xörək kimi, xörək bişir və onun qabına oxşar bir qab alıb həmin xörəkdən onun üçün göndər.
Belə və buna bənzər hallarda Allah Peyğəmbəri (səlləllahu əleyhi və alih) ürək genişliyi və alicənablıq göstərərək səy edirdi ki, çətinliklərə məhəbbət və düşüncə ilə yanaşaraq onları razılıqla aradan qaldırsın. Həzrət Quran buyuruğuna arxalanaraq onlara həmişə nəsihət edirdi.
Biz də öz sevimli peyğəmbərimizin yolunu davam edərək səhvləri görən zaman özümüzü görməməzliyə vurub lazım olan surətdə tam ədəblə nəsihəti və ürəkyanğısını ifadə edən sözləri xatırladaq. İxtilaf və səhvi gördüyümüz zaman dad-fəryad edib, kötək və acı dildən uzaq olaq.

Məsum və pak Əhli beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq.


BİR NEÇƏ HƏDİS
Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmamlarımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi.
Məsumlar (əleyhissalam) buyururlar: "Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona "mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm” söyləsin.
Eləcə də buyurublar: "Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət edərlər.”

Kişinin belə hədisləri təbəssüm, aramlıq və mülayim halda, əsəbiləşmədən həyat yoldaşı üçün oxuya bilməsi çox yaxşı və müsbət təsirə malik bir hərəkətdir.


GÖZƏL ƏXLAQ
Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.
İslam tarixində oxuyuruq: Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir "Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur: "Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: "Ya Peyğəmbər, o ki yaxşı adam idi!”
Həzrət buyurdu: "Bəli, amma evdəki rəftarı pis idi.”

Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!


HÜSNÜ-NİYYƏTLİ OLMAQ
Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin, qüssə, qeybət və şayiələrin yaranmasına bais olur. Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar.
Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq.
Həzrət İsa (əleyhissalam) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar. Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (əleyhissalam) "Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”-deyə onların eybləri sadalamaqlarının qarşısını aldı.

Allah peyğəmbərinin bu rəfarı bizə başqalarının eybini axtarmamağı, hətta bir murdarın belə cəsədində müsbət bir nöqtəni görməyi öyrədir.



Ayətullah Hüseyn Məzahiri
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]