Cümə günü, 2024-03-29, 9:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

AİLƏ BAŞÇISININ AĞIR MƏS ULİYYƏTİ
2012-11-27, 8:04 AM
AİLƏ BAŞÇISININ AĞIR MƏS ULİYYƏTİ
ÖZÜNÜZÜ VƏ AİLƏNİZİ CƏHƏNNƏM ODUNDAN QORUYUN


«Təhrim» surəsinin bir ayəsində ailə başçısının ağır, eyni zamanda dünya və axirət mənfəətinə malik bir məsuliyyətinə toxunulur. Əgər hamı bir nəfər kimi, xüsusilə də ailə məsuliyyətini daşıyanlar bu ayəyə diqqət yetirsəydilər, ailələrinin bir çox problemləri həll olunardı. Ev mühitindəki iztirablar, əmniyyətsizliklər aradan qalxar, hər şey öz qaydasına düşərdi.


يَآ أيُّهَا الَّذِينَ ءَامَنُوا قـُواْ أنْفـُسَكُمْ

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)» («Təhrim» surəsi, ayə 6.).
Bəli, bu böyük məsuliyyət ailə başçısının üzərinə düşür. Onlar öz ailələrini tövhidə, qiyamətə inama, ilahi təqvaya sövq etdirməklə, tərəqqiləri üçün şərait yaratmaqla onları qiyamət gününün əzabından qorumalıdırlar.
Ayədə buyurulan «O odun yanacağı insandır» cümləsi olduqca incə və mühüm məsələdir.
Ayədə açıqca ifadə olunur ki, qiyamət əzabının kökü günahdır. Əslində, qanunauyğunsuzluq və cərimənin mahiyyəti birdir. Dünyada isə tam əksinədir. Məsələn, əgər hər hansı bir şəxs qanuna zidd bir iş görərsə (yol hərəkəti qaydalarını pozarsa), müəyyən məbləğdə cərimə olunacaq. Burada qanunauyğunsuzluq insanın gördüyü iş, cərimə isə maddi bir məsələdir. İnsanın gördüyü işlə onun cəriməsinin mahiyyəti fərqlidir. Lakin qiyamətdə qanunauyğunsuzluqla (cinayətlə) cərimənin mahiyyəti eynidir. Qiyamətin cəriməsi (cəzası) cinayətkarın qurşandığı cinayətdir ki, bu özünü od şəklində göstərir.
İnsanın bulaşdığı hər bir aludəçilik, törətdiyi hər bir günah onu bürüyən bir oddur. Lakin bu od qiyamətdə zahir olacaq.
Bir çox insanlar ömürləri boyunca günahla məşğul olmuşlar. Belələri, əslində, özlərini böyük bir oda atmışlar. Lakin o atəş qiyamətdə özünü göstərəcək və sahibini əbədi olaraq özünə əsir edəcək. Bu mövzuda iki Quran ayəsinə nəzər salaq:
«Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!»(«Bəqərə» surəsi, ayə 174).
«Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər»(«Nisa» surəsi, ayə 10.).
Hər iki ayədə haram mal yemək od yemək hesab olunmuşdur. Bu gün ləzzətli bir tikə yemələrinə baxmayaraq, sabah həmin ləzzətli tikə öz həqiqətini od şəklində göstərəcək.
Bu müqəddəs varlığın buyruğudur. Belə ki, bütün varlıq, yaradılış, cin, mələk, qadın, kişi ‒ hamısı onun iradəsinin cilvəsidir.
O, günahın həqiqətini görür. Biz onu ləzzətli bir tikə şəklində görsək də, O, onun od olduğunu müşahidə edir.
Qiyamət günü bütün üzvlər özlərinə məxsus günahlarına görə alovlanacaqlar. Bu üzvlərin sahibləri isə əzab çəkəcək və nicat tapa bilməyəcəklər.
Ailə başçıları öz ailələrini günahın məhsulu olan bu oddan qorumalıdırlar. Həyatın bütün sahələrində ilahi təqvaya riayət etməli, özlərini və ailələrini əldən çıxmalı olan bir neçə günlük dünya var-dövləti üçün əbədi oda atmamalıdırlar.
Bu odun yanacaqlarından biri də daş kömürdür. Yəqin ki, onun haqqında hamınız eşitmisiniz. Çox bərk və möhkəm maddədir. Onun istiliyi çox yanma, müddəti isə uzundur.
Milyon illərdir ki, yerin dərinliklərində daş kömür və digər yanar maddələr mövcuddur. Bu yanar maddələrin təzyiqi bəzən dağ zirvələrində vulkan (yanardağ) şəklində özünü göstərir. Qarşısına çıxan hər bir şeyi yandıraraq məhv edir. Bu maddələrin odu, alovu sona yetən deyil. Əksinə, Quranın buyruğuna əsasən, bu alov gələcəkdə bütün yer üzünü bürüyəcək. Belə ki, dəryalar da alovlanacaq.
«Dənizlər od tutub yanacağı zaman»(«Təkvir» surəsi, ayə 6.).
Bu müasir alimlərin də gələcəkdə baş verəcəyini proqnozlaşdırdıqları bir həqiqətdir.
«(Qiyamət günü) elə bir gündür ki, yer (Yer kürəsi) başqa bir yerlə əvəz olunacaq»(«İbrahim» surəsi, ayə 48.).
Yerin dərinliklərinin yanar maddələrlə dolu olmasını, gələcəkdə yer üzünün od tutacağını nəzərə aldıqda, cəhənnəm və onun təqəbələrinin bu dünyada olacağı haqqındakı rəvayətləri qəbul etmək məcburiyyətində qalırıq.
O günün alovunun, odunun yanacağı insan və daşdır. İnsanı alovlandıran günah, yeri alovlandıran isə daşdır. Yer kürəsinin yerüstü və yeraltı daşlarının həcmi və ağırlığı az deyil. Bundan əlavə, o daimidir. Bu yandırıcı daşların əbədiliyi insanın axirətdə əbədi qalacağı kimi Haqqın iradəsidir.
Buna görə də, ailə başçıları bu ilahi nidaya daha çox diqqət yetirməlidirlər.
«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, …»(«Təhrim» surəsi, ayə 6.).
Cəhənnəm odunun xidmətçiləri daş ürəkli mələklərdir. Onlarla qarşılaşmaq heç cür mümkün deyil. Cəhənnəm əhli olduqca zəifdir.
Bu dünyada səviyyəsiz, alçaq olan insanların qiyamətdəki məqamı da səviyyəsiz və alçaqdır. Onların yeri cəhənnəmdir. Hansı ki, gördüyümüz bu yer üzərindədir. Onu alovlandıran insan və daşlardır. Onun xidmətçiləri daşürəklidir. Onun əzabı ağır, şiddətli və əbədidir. Oradakı insanlar isə nə ölür və nə də yaxşı yaşaya bilirlər.
«Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)» («Əla» surəsi, ayə 13.).

BEHİŞT
Ailə başçısı özünü və öz ailəsini cəhənnəm odundan qorumağa səy göstərdikdə, yəni onları müxtəlif günahlardan çəkindirərək vacib əməllərə rəğbətləndirdikdə, özünün və ailəsinin behiştə gedən yolu (maneələrdən) təmizlənir. Hansı ki, o behişt «Sidrətül-müntəha»nın yanında yerləşir və o, yer və göylər qədər genişdir.
«Sidrətül-müntəhanın yanındadır. Məva cənnəti onun yanındadır»(«Nəcm» surəsi, ayə 14, 15).
Ayədən anlaşılır ki, Sidrətül-müntəha geniş bir aləmdir. Belə ki, yer və göylər qədər geniş olan behişt də orada yerləşir.
Quran hamıya imanlı, əməlisaleh olmaqla behiştə doğru tələsməyi tapşırır.
وَ سَارِعُـوا إلَى مَغـْفِرَةٍ
«Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin!» («Ali-İmran» surəsi, ayə 133.).
Əzizlərim! Cəhənnəm azuqəsi günah, behişt azuqəsi isə iman, ibadət və Allah bəndələrinə xidmət göstərməkdir. Özünüzü və ailənizi cəhənnəm azuqəsi toplamaqdan qoruyub, behişt azuqəsi toplamağa rəğbətləndirin. Çünki sizin məsuliyyətiniz bir ailə başçısı kimi olduqca böyükdür.
Qiyamət əzabından amanda qalmaq və Haqqın əbədi nemətinə - behiştə nail olmaq üçün həzrət Peyğəmbərin (s) bütün davranışlarından dərs alın. O Həzrət qadınların və uşaqların hüquqlarının qorunmasında öncül idi. O, ifrat, təfrit əhli deyildi. Ailə üzvlərinə qarşı davranışlarında daim ədaləti rəhbər tutardı. Ailə üzvləri ilə mehriban, dost olması ilə yanaşı, daim onlara öyüd-nəsihət verər, ibadətə rəğbətləndirər və qiyamət əzabı ilə qorxudardı. Ailədə qadınlarla gözəl rəftar edər, uşaqlarla uşaq kimi davranardı. O hamı üçün ədəb nümunəsi, əxlaq simvolu və hidayət çırağı idi.

DÖRD MÜHÜM VƏZİFƏ
Əllamə Məclisi «Biharül-ənvar» kitabında (cild 71, səh. 86) «Özünüzü və ailənizi oddan qoruyun…» ayəsinin izahı olaraq ailə başçısının üzərinə düşən bir neçə vəzifədən söhbət açmışdır. Belə ki, bu bir neçə vəzifəni həyata keçirməklə ailəni, əhli-əyalı sabahın odundan qorumaq mümkündür.
1. Əhli-əyalı Allaha itaətə etməyə səsləmək
Ailə başçısı sağ olduğu müddət ərzində ailəsini Allaha itaətə, dünya və axirətlərinin islah olunmasına dəvət etməlidir. Bu dəvət onlar üçün qəbul olunması mümkün bir qaydada olmalıdır. Bu dəvət yumşaq dil ilə, xoş üzlə, mətanətlə, dil və əməl ilə həyata keçirilməlidir. Belə ki, əhli-əyal Haqqa itaət etməyə, Onu bütün məsələlərdən önə keçirməyə rəğbətlənsinlər.
Mən bunu öz ailəmdə təcrübə etmişəm, olduqca faydalı olub. Siz də təcrübədən keçirin, mütləq faydasını görəcəksiniz. Uşaqlar Allaha itaət etdikdə onları rəğbətləndirin, mükafatlandırın, öpün, bağrınıza basın. Qoy Haqqa itaət onların bütün varlığını əhatə edərək, ayaq tutub yerisin.
Qadınlar bu məsələdə olduqca diqqətli olmalıdırlar. Ərləri onları Haqqa səslədikdə, onu böyük bir maraqla qəbul etməli və bununla da, öz övladlarına müsbət təsir bağışlamalıdırlar.
2. Vaciblərin təlimi
Ailə başçısı imkan qədərincə ailəsini risalələrdə, əxlaq və fiqh kitablarında qeyd olunmuş vacib əməllərlə tanış etməlidir. Özü bunun öhdəsindən gələ bilmədikdə onların məscidə, dini mərasimlərə, elm mərkəzlərinə getmələri üçün hər bir şərait yaratmalı və yaxud bu sahədə mütəxəssis olan din alimlərindən bəhrələnməlidir.
Mümkündür ki, risalələrin oxunub düşünülməsi, izah olunması çətin olsun. Ona görə də həddi-büluğa çatan uşaqları növbə ilə lazımi dərslərə göndərmək və bu yolla onları öz şəri vəzifələri ilə tanış etmək lazımdır.
3. Çirkin, pis əməllərdən çəkindirmək
Ailə başçısının öz ailəsini çirkin və pis işlərdən çəkindirməsi vacib vəzifələrdəndir. O, ailəsini günahın acı nəticələri ilə tanış etməli və ailədə günaha səbəb olacaq amillərin kökünü kəsməlidir.
4. Yaxşı işlərə rəğbətləndirmək
Ailə başçısının öz əhli-əyalını bütün yaxşı işlərə rəğbətləndirməsi onun üzərinə düşən vacib vəzifələrdəndir. O, ailə üzvlərini təvazökarlığa, Allah yolunda sədəqə verməyə, böyüklərə hörmət etməyə, kiçiklərin haqqını tapdalamamağa, insanlar arasında xoş münasibətlər yaratmağa, daim haqqı deməyə - bir sözlə, bütün yaxşı əməllərə doğru yönəltməlidir.
Əllamə Məclisinin qənaətinə görə, bu dörd vəzifəni həyata keçirmək sözügedən ayənin öz əksini tapmasıdır. Bu şəkildə addımlamağın savabını Allahdan başqa heç kəs bilmir.
Həzrət Peyğəmbər (s) imam Əlini (ə) Yəmən xalqının hidayəti üçün göndərdikdə, ona buyurdu: «And olsun Allaha! Ulu Tanrı sənin əlinlə bir şəxsi hidayət edərsə, bu sənin üçün günəşin üzərinə saldığı hər bir şeydən daha yaxşıdır».(Bihar, 21-ci cild, səh-361.)
Olduqca böyük bir mənfəətdir. Ailə qurub öz ailəsinə müəllimlik edənlərin xoş halına. Onların hər birinin hidayəti qarşılığında, həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurduğu kimi, böyük bir mükafat alacaqlar. Bunun savabı ailə üçün halal ruzi qazanmağın savabından başqadır. Belə ailə başçıları iki böyük savab qazanırlar. Bir böyük savabı ailələrinin maddi ehtiyaclarını və digər böyük savabı isə mənəvi ehtiyaclarını təmin etdikləri üçün.

Müəllif: Hüseyn Ənsarian
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]