Şənbə günü, 2024-04-20, 8:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » XÜTBƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:18 PM

51-İSLAM PEYĞƏMBƏRİNİN ZAHİDLİYİ

İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz ehtiyacı qədər dünyadan artıq bəhrə almadan özü hamıdan artıq qarnı ac idi... Yerin üstündə (döşəksiz) oturduqda qullar kimi təvazökarcasına əyləşərdi, özü öz əli ilə ayaqqabı və paltarını yamayardı. Peyğəmbər həmişə yəhərsiz ata minsə də bir adamı da öz tərkinə mindirirdi.

Bir gün evin qapısında (arvadlarından birinin hücrəsində) asılmış bir pərdini gördükdə öz həyat yoldaşına buyurdu:

«Onu məndən uzaqlaşdır, Hər vaxt gözüm ona sataşdıqda dünyanı öz gözəllikləri ilə mənim yadıma salır.»

Bəli, o bütün varlığı ilə dünyanın zərq və bərqindən gözünü çəkmiş dünyanın yad etməyi isə özündən uzaqlaşdırmışdı.

Həzrət bu dünyanı özünə karvansara sanırdı. Buna görə də ona ürək bağlamağı özünə rəva bilmirdi.

Sizdən soruşuram: Görəsən, Allah öz haqq yolu üçün seçdiyi Mühəmmədi əziz tuturdu, yoxsa ona ihanət edirdi? Əgər bir kəs desə: Allah onu təhqir edibdir.

And olsun Allaha ki, yaradana böyük yalan nisbətini veribdir. Yox, əgər desə ki, onu əziz tutbdur onda gərək bilməlidir ki, Allah ondan başqasını təhqir edibdir. Buna görə də Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləmi özünüzə ülgü və örnək sanın.

Yalnız onun xəttində hərəkət edin, yoxsa sizin yolunuz həlakət və uçurumla nəticələnəcəkdir.

52-MUSA (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI

Sonra Əli (əleyhissalam) bu xütbədə (160) Həzrət Musa (əleyhissalam)-ı xatırlayıb buyurur: İstəyirsən, İslam Peyğəmbərindən sonra Allahın elə dostunu xatırlayam ki, Allah dərgahına sarı hacət əlini götürüb belə dua buyurmuşdur?:

«İlahi hər nə xeyir və yaxşılıq mənə nazil etsən ona ehtiyacım vardır.» («Qəsəs» surəsi, 24)

And olsun o böyük Allaha ki, Musa (əleyhissalam) Allahdan yeyəcəyi çörəkdən başqa bir şey istəmədi. Çünki, o Həzrət yerin otunu (ələfini) yeyirdi belə ki, arıqlıqdan və ətinin azlığından yediyi otun göyü qarnının nazik dərisinin arxasından görünürdü! Rəvayətlərdə gəlib ki, bir gün Musa (əleyhissalam) Allaha belə ərz etdi:

«Mən acam» Allah buyurdu: «Sənin aclığını bilirəm» Musa ərz etdi: «Məni öz yeməyinlə (ruzinlə) qidalandır.»

Allahın Musa (əleyhissalam)-la olan vəhylərindən biri də bu idi:

«Ey Musa! Yoxsul o kəsdir ki, mənim kimi başçısı yoxdur. Xəstə o kəsdir ki, mənim kimi təbibi yoxdur, qərib o kəsdir ki, mənim kimi munisi yoxdur.

Ey Musa! Bir tikə arpa çörəyinə razı ol. Dünya sənə tərəf üz döndərdikdə de:

«Hamımız Allah tərəfindən gəlmişik və onun tərəfinə də qayıdacağıq.» Dünyanın sənə arxa çevirdiyini gördükdə isə belə de:

«Afərin salehlərin şüarına.» Ey Musa! O şey ki, Allah Fir`ona verib təəccüblənmə, onlar dünyanın davamsız həyat zirvələridir!»

53-DAVUD (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI

Sonra Əli (əleyhissalam) həmin xütbədə (160) buyurur: İstəyirsən üçüncü nümunəni Davud (əleyhissalam)-dan deyim ki, behiştin xanəndəsidir. O xurma liflərindən öz əli ilə zənbillər toxuyaraq öz camaatına belə deyirdi: Sizlərdən hansı biriniz bu zənbillərin satılmasında mənə kömək edə bilərsiniz? Öz əli ilə toxuduğu zənbillərin pulundan arpa çörəyi əldə edib onunla dolanırdı.

İmam Sadiq (əleyhissalam) buyurmuşdu: Allah Həzrət Davud (əleyhissalam)-a belə vəhy etdi: «Sən yaxşı bəndəsən əgər beytül-maldan yeməsəydin!» Davud (əleyhissalam) qəmgin olub ağlamağa başladı, Allah onun üçün dəmiri yumşaltdı, nəticədə isə Davud hər gün dəmirdən zireh (döyüş köynəyi) düzəldib onu min dirhəmə satırdı. Beləliklə də o 360 zirehi 360 min dirhəmə satdı. Bir daha beytül-maldan istifadə etmədi. Bundan əlavə Allah Peyğəmbərlik məqamından savayı onu şahlıq dərəcəsinə kimi ucaldıb bütün imkanları Davudun ixtiyarında qoydu. Lakin, o, öz zəhməti, alın təriylə zənbil və zireh toxuyub satar, beləliklə öz sadə yaşayışını tə`min edərdi.

54-İSA (ƏLEYHİSSALAM)-IN YETKİNLİYİ

Həzrət həmin xütbədə yenə də (160) buyurur:

«İstəyirsən Həzrəti İsa (əleyhissalam) barəsində (onun yetginliyinə dair) söz açam? Bil ki, qalın və kobud paltar geyir, quru çörək yeyirdi. Onun yeməyi aclıq, gecə çırağı ay, qış örtüyü isə şərq və qərb torpaqları idi (səhərlər məğribdə günortalar isə məşriq tərəfdən günəşlə üzbəüz gəzirdi)»

Yerdə dörd ayaqlılar üçün bitənlər onun meyvə və gülləri hesab olunurdu. Onu özünə məşğul edə biləcək nə arvadı var idi, nə də qəmgin edəcək övladı, nə də dövləti var idi ki, diqqətini özünə cəlb etsin. Onun nə də tamahkarlığı var idi ki, onu xar etsin. Onun atı, iki ayağı, xidmətçisi isə iki dostu idi.

«İddətüd-dai» kitabında bu məzmunda Həzrət İsa (əleyhissalam)-dan nəql olubdur. Daha sonra Həzrət yenə buyurdu:

«Dünya malından mənim bir şeyim yoxdur, eyni halda yer üzündə heç kəs mənim kimi ehtiyacsız sayıla bilməz.»

Həm də İmam Sadiq (əleyhissalam)-dan nəql olunubdur ki, Həzrət İsa haqqında İncil kitabında belə gəlib: İsa (əleyhissalam) Allaha ərz edirdi:

«İlahi, həm səhər, həm də gecə mənə bir arpa fətiri əta elə, lakin artıq vermə ki, tüğyan edəm.»

55-VAXTSIZ VƏ YERSİZ SUALA CAVAB

Siffeyn müharibəsi idi Əli (əleyhissalam)-ın ordusu Müaviyənin ordusu ilə hər tərəfdən tutaşmışdılar. Belə bir həngamədə İbni Dudan adlı qohumlarından biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Siz həm nəsəb, həm də Peyğəmbərlə qohum olmağınız və həm də Qur`anı bilmək sarıdan Peyğəmbərə hamıdan artıq yaxınsınız. Bəs onda niyə sizləri olduğnuz məqama yetişməyə qoymadılar.?

(Baxmayaraq ki, ibni Dudanın niyyəti yaxşı idi, həm də Həzrətin qohumlarından idi, lakin vaxtsız sual etdi).

İmam Əli (əleyhissalam) ona buyurdu:

Ey Əsədi qardaş, sən çox tələsərək vaxtsız və yersiz sual etsən də qohumluq ehtiramına, eləcə də sual edənin haqqına riayət etməyə görə sənin cavabını verməyə məcburam.

Bil ki, adamların rəhbərlikdə mənə qarşı zülmü barədə baxmayaraq ki, bizim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan nisbətimiz hamıdan yüksək və ona olan peyvəndimiz hamıdan daha çoxdur, buna görə idi ki, bir qrup adam bu məqama paxıllıq edirdilər (və ona yiyələndilər).

Digər bir qrup da (biz özümüz) onların bu işinə göz yumdu, hakim yalnız Allahdır və bizim hamımız qiyamət günü onun tərəfinə qayıdarıq.

Keçmişdən sual etmə, bu gün biz üzləşdiyimiz hadisələr haqqında (Müaviyə ilə müharibə) soruş! Ruzgar məni ağladandan sonra güldürdü (təəccübə gətirdi). Gəlin, bu böyük və qəribə işə təəccüblənək. Əgər çətinliklər aradan götürülsə onları xalis haqqa doğru sövq etdirərəm yoxsa ki,

فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

«Buna görə də onlara həsrət çəkib öz canına qəsd etmə, Allah onların törətdiklərindən agahdır.» («Fatir», 8)

56-OSMANA NƏSİHƏT

Osmanın xilafət dövrü idi. Müsəlmanlardan bir qrupu İmam Əli (əleyhissalam)-ın yanına gələrək ondan Əliyə şikayət etdilər. Əli (əleyhissalam) -dan xahiş etdilər ki, Osmanla söhbət edib onu xətalarından çəkindirsin.

İmam Əli (əleyhissalam) (bu siyasi məsələlərə laqeyd qalmadı). Onların istəyini nəzərə alıb Osmanın yanına gələrək ona nəsihət etməyə başladı. Bu nəsihətində camaatın e`tiraz və şikayətini söylədikdən sonra buyurdu: «Bil ki, Allah hüzurunda olan ən yaxşı bəndə hidayət olub başqalarını da hidayət edən adil rəhbərdir ki, sünnətini canlandıraraq daha da möhkəmləndirir.»

«Allah qarşısında insanların ən pisi öz yolunu azıb başqalarını da yolundan sapdıran zalım rəhbərdir ki, düzgün sünnətləri məhv edib tərk olunmuş bid`ətləri dirildər.» Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:

«Zalım rəhbəri qiyamət günü səslərlər, o zaman onun nə köməyi olar nə də üzr istəməyə üzü.»

Onu cəhənnəm oduna atarlar. Bundan sonra dəyirman daşı odda fırlanmağa başlar, daha sonra isə onu cəhənnəmin dərinliyində zəncirə çəkərlər. Olmaya sən olasan ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmişə buyururdu:

«Bu ümmət bir rəhbəri öldürdükdən sonra qiyamətə qədər ölüb öldürmə qapıları onların üzünə açılar...»

Bir az danışıqdan sonra yenə buyurdu:

«Səni and verirəm Allaha, məbada ətlərinin cilovunu Mərvanın əlinə verəsən ki, o da onu istədiyi tərəfə çəksin.»

Osman dedi: «Camaatdan mənə möhlət al, ta onların tapdanmış hüquqlarını qaytarım.»

İmam buyurdu:

«Mədinəliləri deyirsənsə onda möhlət yoxdur. Tez işə başlamaq lazımdır ki, Mədinədən çıxmaq möhləti sənin dəsturunun onlara çatması qədərdir.»

Bu tərtiblə: görürük ki, İmam Əli (əleyhissalam) ən ali əxlaqi və siyasi üsulla Osmana nəsihət edib böyük ədəb və kamallla məntiqi işlərin başlanmasına zəminə yaradır.

57-MƏNTİQİ QƏBUL ETMƏK

Kuləybe Cərmi deyir: Mədinədə Osmanın ölümündən sonra Təlhə və Zübeyr Bəsrəyə gələrək camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı qaldırdılar. Bununla da Cəməl müharibəsinin özülünü qoydular.

Bir azdan Əli (əleyhissalam) öz ordusu ilə bey`ət sındıran üsyançıları yerlərində otuzdurmaqdan ötrü Bəsrəyə tərəf hərəkət etdi. Qoşun Ziyqar məhəllinə çatdıqda qəbilə rəislərindən iki nəfər mənə dedilər: Bizimlə gəl, Əli (əleyhissalam)-ın hüzuruna gedib görək ki, onun bu yürüşdən hədəfi nədir?

Mən onların sözünü qəbul edib onlarla birgə Ziy Qara yetişdik. Onun ərəblərə ən fərasətli rəhbər olmasını öz gözlərimizlə gördük. O qəbilə rəisləri barədə məndən suallar etdikdə mən də cavab verirdim. Danışıqdan və mətləb aydınlaşandan sonra mənimlə gələn yoldaşlar Həzrətlə bey`ət etdilər. Daha sonra o Həzrət mənə buyurdu:

«Bəs sən bey`ət etmirsən?»

Dedim: Mən qəbilənin sifarişi aparıb gətirəniyəm. Gərək bu xəbəri onlara çatdıram. Gördüm ki, alınlarında səcdə əsəri olan köməkçilərindən bir qrup dalbadal mənə deyirdilər: bey`ət et bu zaman Əli (əleyhissalam) buyurdu: Azad buraxın onu. Məni bu dəlillərlə («Nəhcül-bəlağə»nin mətnində gəlib) qane edib və nəhayət haqq aydınlaşandan sonra bey`ət etdim. O dəlillər bu idi:

Kuləyb mənə dedi: Mən sifariş gətirib aparanam və gəlmişəm öz qəbiləm üçün buradan bir xəbər aparam (və mənim qərar qəbul etməyim öz qəbiləmizin mərkəzi təşkilatının varlığı əsasında olur) İmam Əli (əleyhissalam) ona buyurdu:

Əgər qəbilən səni bu mövzu üçün göndərsəydi ki, yağışın yağdığı yeri onlar üçün tapsan, daha sonra onlara tərəf qayıdaraq gördüyün yaşıllıq və su məkanından xəbər versəydin əgər sözünün əksinə hərkət edib otsuz-susuz bir çöllüyə tərəf getsəydilər, sən nə edərdin?! Özüm otu və suyu çox olan yerə gedərdim Həzrət buyurdu: «Beləliklə əlini bey`ət əlaməti olaraq qaldır.» O şəxs deyir:

«And olsun Allaha, elə ki, İmamın dəlilərini eşidib haqı tanıdım, ondan boyun qaçırmaq yolunu tapa bilməyib o Həzrətlə bey`ət etdim.»

İmam Əli (əleyhissalam)-ın məntiq, dəlil və şəmşir əhli olmasını görürük.

Ruhi cəhətdən hazırlıqları olub ürəklərində mərəz və xəstəlik olmayanlar isə o Həzrətin dəlillərinə cəzb olunaraq ona qovuşurlar. Eyni halda Əli (əleyhissalam)-ın öz yuxarıdakı sözlərində bütün bəşəriyyətə hər zaman üçün fikir azadlığı dərsi öyrətməsini görürük. Öz youlnu azanların bir çoxu süni hasar və təşkilatın müharsirəsində qalaraq əsirə çevrilirlər. Kuləyb isə bu hasarı Əli (əleyhissalam)-ın ardıcılına çevrilməklə sındırıb haqqa qovuşdu.

58-İMAMƏTİN MÜDAFİƏSİ

Peyğəmbərin rehlətindən sonra baş verən xilafət və rəhbərlik hadisəsində İmam Əli (əleyhissalam) öz xilafət və rəhbərliyini ətraflı dəlillərlə sübut edərək öz haqqını müdafiə edirdi. Bu arada Sə`d ibni Əbi Vəqqas (şura üzvlərindən biri) Əli (əleyhissalam)-a dedi: «Sən bu (xilafət) işə hərissən.»

İmam da onun cavabında belə buyurdu: Sizin Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə qovuşmaq nisbətiniz çox olduğundan bu işə də hərissiniz. Amma həm məktəb, həm də nisbəti cəhətdən Peyğəmbərə daha yaxın olan mən isə öz haqqımı tələb edirəm. Sizlər isə haqqımla müxalifətlik edərək məni döşümdən itələyirsiniz.. Dəlil və məntiqlə camaat qarşısında vilayətə özünün daha layiqli olmasını sübut edən Əli (əleyhissalam)-a qarşı e`tiraz edənin özü (Sə`d və ya Əbu Übeydə) Həzrətin cavabında nə deyəcəyini belə bilmədi. Sonra İmam aşağıdakı duanı buyurdu: İlahi, mən Qüreyş və onları himayət edənlərin haqqında sənin dərgahından kömək istəyirəm ki, onlar mənimlə olan tellərini qıraraq böyük məqamımı kiçik sandılar. Haqqımı qəsb edib mənimlə vuruşmaqdan ötrü əlbir oldular.

59-ALLAHI TANIMAQ

İmam Əli (əleyhissalam) öz xilafəti dövründə camaata bu müraciətlə çox buyururdu:

«Hələ aranızdan getməmişdən qabaq məsələlərinizi məndən soruşun.» Bir gün güclü cəsur, eləcə də dildən iti adam olan Zi`ləb Yəməni öz dostlarına belə dedi:

Əbu Talibin oğlu artıq təhlükəli uçurumun zirvəsində durmuşdur. Bu gün ondan edəcəyim sualla onu camat qarşısında utandıracağam.

Elə bu qərarla da məscidə gələrək camaatın qabağında Əli (əleyhissalam)-dan soruşdu: «Ya Əmirəl-mö`minin! Yaradanını görmüsən?!»

İmam buyurdu: Mən görmədiyim Allaha sitayiş edə bilmərəm.

Zil`əb dedi: «Allahı necə görmüsən?!»

İmam buyurdu: «Heç zaman gözlər onu görməz, lakin imanın həqiqət aynasında yalnız qəlblər onu görə bilərlər.» O, Hər şeyə yaxındır, amma belə də yox ki, onlara bitişmiş olsun, eləcə də o hər şeydən uzaqdır, amma belə də yox ki, onlara laqeyid qalsın. O, qabaqcadan fikirləşməmiş danışır, həm də qabaqcadan qərar qəbul etməmiş iradə göstərir!

60-QARĞIŞ

Bəni-Naciyə qəbiləsindən olan ibni Raşid adlı bir şəxsin təhriki nəticəsində Kufə ordusundan otuz nəfərə yaxın döyüşçü Xəvaricə qoşulmağı planlaşdırmışdılar. İmam Əli (əleyhissalam) köməkçilərindən birini onların vəziyyətindən xəbərdar olub ona mə`lumat versin deyə onlara sarı göndərdi. O da gedib bu yağı və əks inqilabi qrupun vəziyyətini yaxından yoxlayaraq İmamın hüzuruna qayıtdı.

İmam ondan soruşdu: «Gördüyün şəxslər özlərini amanda hiss edirdilər yoxsa elə yerlərində durmuşdular.? Bəlkə qorxub qaçdılar?!»

O ərz etdi: «Onlar qorxub qaçdılar.» İmam Əli (əleyhissalam) onlara qarşı belə qarğış etdi:

«Allahın rəhmətindən Səmud qovmu uzaq olduğu tək uzaqlaşsınlar Sonra buyrudu: Agah olun əgər bizim nizə və şəmşirlərimiz onları tutsaydı öz keçmişlərindən peşman olardılar, bu gün şeytan onlardan təfriqə yaratmalarını istəmişdirsə sabah onlardan bizarlıq axtaracaqdır.» Onların haqqında təkcə bu kifayətdir ki, hidayət yolunu buraxıb zəlalətə yuvarlanmışlar. Onlar haqq yolunu itirib sərgərdanlıq tərəfə getmişlər.

61-ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHİD YOLDAŞLARINDAN XATİRƏSİ

Novf ibni Füzaleye Bikali Huməyr qəbiləsindən olmuş, əsli isə Həmədandan idi.

Bu tayfa ona bir başçı kimi ehtiram bəsləyirdi. Novf Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən idi. O deyir:

Həzrət Əli (əleyhissalam) Kufədə Kufə məscidi yanında bir daşın üstündə durub aşağıdakı xütbəni (182) buyurdu Bu vaxt İmam yundan qalın və kobud bir köynək geymiş, şəmşirini xurma lifindən düzəlmiş bir bağla boynundan asmışdı. Ayağına xurma lifindən ayaqqabı geymiş, alnı isə səcdənin tə`sirindən qabar bağlamışdı. Allaha həmd və səna söyləyib təqvaya sifariş etdikdən sonra nəsihət edərək ölümü təzəkkür verib şah və qolu zorluları xatırladı. Daha sonra onların çalasına düşənləri qeyd etdi. Bu xütbəsində Həzrət Məhdi (əleyhissalam) Allahın höccətindən səlləllahu əleyhi və alihi və səlləm söz açmaqla Allah yolunda ixlasla qədəm götürmüş və Siffeyn müharibəsində şəhadətə yetişmiş yaxın silahdaşlarını xatırlayıb buyurdu:

«Haradadırlar o qardaşlarım ki, yoluma atla gəlib haqq yolunda qədəm atdılar?!»

Haradadırlar Əmmar və ibni Yəthan və Zuş-şəhadətəyn və bunlara bənzərlər ki, canlarını fəda etmək üçün əhd-peyman bağladılar.? Başları zalımlara ərməğan getmişlər hanı?.

Sonra əlini şərif saqqalına çəkərək uzun müddət göz yaşı töküb buyurdu:

Onlar həmişə Qur`an oxuyub onun buyurduqlarına əməl edərək Qur`anı ayağa qaldırırdılar. Bu şəxslər sünnətləri canlandırıb bid`ətləri məhv etdilər. Bununla yanaşı cihada olan də`vətdən qaçmır, öz rəhbərlərinə inanıb onun xəttində möhkəm durmuşdular. Sonra hündür səslə belə fəryad etdi:

Əmmar, məhşur səhabə Əmmar Yasirdir ki, öz saqqalını İslama xidmət etməklə ağartmış həmişə də Peyğəmbər və Əli (əleyhissalam) ilə çiyin-çiyinə irəliləmiş nəhayət Siffeyn müharibəsində 94 yaşında şəhadətə yetişmişdi. İbni Yəthanda həmin Əbul Meysəm Malik ibni Yəthandır ki, Bədr və Ühüd müharibələrində İslam ordusunun, eləcə də digər İslam müharibələri ordusunun başçılarından sayılırdı. O da Siffeyn müharibəsində Əli (əleyhissalam)-ın hüzurunda şəhadətə yetişdi. Zuş şəhadətəyn – Xüzeymət ibni Sabitdir ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin zamanında İslam sərdarlarından idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun şahidliyini iki nəfərin yerinə bir məsələdə qəbul etdiyinə görə onu Zuş-şəhadətəyn (iki şahid sahibi) çağırırdılar. O, da Siffeyn müharibəsində, Əmmar şəhadətə yetdikdən sonra meydana atılaraq düşmənlə vuruşdu və şəhadətə yetişdi.

«Ey Allahın bəndələri! cihad! cihad!...» Bilin ki, mən bu gün ordunu cəbhəyə sarı çağırıram. Allahla görüşmək arzusunda olanlar evdən çıxıb bizimlə birgə irəliləsinlər.

Novf deyir: Həzrət Əli (əleyhissalam) oğlu Hüseyni on min nəfərə, Qeys ibni Sə`di başqa on min nəfərə Əbu Əyyub Ənsarini isə daha başqa bir on min nəfərə, başçı tə`yin etdi.

Həzrətin bu döyüşçülərlə birgə Müaviyə ordusuna qarşı Siffeyn müharibəsinə qayıtmaq fikri vardı. Cümə ötməmiş İbni Mülcəmin başçılıq etdiyi qoşun Həzrətin qoşununa zərbə vurdu. Ordu qayıtdı.

«Biz canavarların hər tərəfdən hücum edəcəyi çobansız sürü kimi dağınıq düşüb qəlbi yanıq olmuşduq.»

62-MUSA VƏ QARDAŞININ TƏVAZÖKARLIĞI

Həzrət Musa (əleyhissalam) Ülul-Əzm Peyğəmbərlərdən biridir. Qardaşı Harun isə Musanın səlləllahu əleyhi və alihi və səlləm risalətini yerinə yetirən Peyğəmbərlərdən sayılırdı. Onların vaxtında Misir torpaqlarında Fir`on hökumətlik edərək camaatı bütpərəstlik və şirkə də`vət edirdi. İmam Əli (əleyhissalam) buyurdu:

Musa ibni İmran qardaşı ilə birlikdə (Fir`onu tövhidə də`vət etmək üçün) Fir`onun yanına gəldilər. Onların əynində yun paltar əllərində isə bir əsa var idi.

Fir`onla danışdıqda ona belə bir söz verdilər ki, əgər Fir`on Allah fərmanına təslim olub haqqın ayinini qəbul etsə, hökumət, izzət və şövkəti davam edib daim qalacaq.

Amma Fir`on (qürur təkəbbür və dünyanın zərq və bərqinə qərq olduğundan onları kiçik hesab etdi) dedi: «Görəsən bu iki nəfərə təəccüblənmirsiniz ki, mənim səltənətimin əbədi qalması və davamı bunların istəyini qəbul etməyimlə bağlıdır?! Bir haldaki, yoxsulluq bunların qiyafəsindən bəllidir (əgər düz deyirlərsə) niyə onlara var-dövlət və qızıl qolbaqlar verilməmişdir?» Fir`on qızıl və var-dövlət yığmağı səadət və böyüklük nişanəsi hesab etdiyindən sadə, kobud və yun paltar geyməyi kiçik sanırdı. Əgər Allah istəsəydi hər cür imkanı öz Peyğəmbərlərinin ixtiyarında qoyardı, lakin o zaman imtahan sınaq imkanat və cəza aradan gedirdi.

Həmin mətləb Qur`anda başqa tə`birlə («Zuxruf» surəsi, ayə: 50-54) gəlibdir ki, belə oxuyuruq: «Fir`on öz camaatını kiçik sanıb təhqir etdi.»

Bə`zi tarixçilər yazıblar: Fir`onun təşkilatı o dərəcədə geniş və əhatəli idi ki, Musa və Harun (əleyhissalam) iki ilə onun qəsrinə get-gəl etmişsələr də qapıçılar onlara əsla e`tina göstərmir, təəccüb edirdilər ki, bu iki nəfər bu sadə vəziyyətlə necə istəyirlər Fir`onun xidmətinə yetişsinlər?!»

Heç kəsin də cür`əti yox idi ki, bu iki nəfərin vəziyyətini Fir`ona bildirsin. Təsadüfən bir gün bir təlxək xoşməzəlik xatirinə Fir`onun yanına gələndə gözlənilmədən Musa (əleyhissalam)-ı gördü. O Musadan eşitdiyi sözü Fir`onu güldürmək üçün söylədi. Bir kişi qəsrin qapısının kənarına gəlibdir ki, böyük qəribə sözlər söyləyir. O buna mö`təqiddir ki, səndən başqa mə`bud yoxdur.

Fir`on fərman verdi ki, Musanın içəri daxil olmasına icazə versinlər. İcazə alan Musa (əleyhissalam) qardaşı Harunla Fir`onun yanına gəldi Fir`on Musaya baxıb dedi: «Sən kimsən?»

Musa buyurdu: «Mən dünyanı Yaradanın elçisiyəm.»

Fir`on Musaya heyrətlə baxdıqda onu tanıyıb dedi: Sən müddətlər bizim yanımızda idin sən bizim dinimizdə kafir oldun. Sən xətakar və yolunu azmışlardansan. Bu mətləb «Şüəra» surəsinin 16-22-ci ayələrində gəlibdir.

63-XƏVARİCLƏRİN BAŞÇISININ ÖLDÜRÜLMƏSİ

Zussədyə (iki döşlü) adı ilə məşhur olan iki əmcəkli Hərqus ibni Zühəyr Xəvaric firqəsinin əsasını qoymuşdu. Onu Muxdəc də adlandırırdılar.

Onun keçmişi barədə belə deyirlər ki, Hunəyn müharibəsində (hicrətin səkkizinci ilində İslam ordusu ilə küfr ordusu arasında Taifdə baş verdi) müsəlmanlar qalib gəldikdən sonra bitib-tükənməz qənimətlər ələ keçirtdilər. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm müsəlmanlar arasında qənimətləri bölüşdürməklə məşğul olduğu halda birdən həmin Hərqus (bəni-Təmim qəbiləsindən idi və onu Zul-Xuvəysərədə adlandırırdılar) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yanına gələrək tam alçaqlıqla ona belə dedi: «Ya Rəsulullah, ədalətə riayət et.»

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu:

«Vay sənə, əgər mən ədalətə riayət etməsəm onda bəs kim ona riayət edəcək!?» Ömər ibni Xəttab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən onu öldürmək üçün icazə istədikdə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Onu öz halına buraxın onun səhabələri vardır ki, əgər onların oruc və namazını görsəniz öz oruc və namazınızı kiçik sanarsınız.

Onların həmişə Qur`an oxumasına baxmayaraq Qur`an boğazlarının sərhəddindən çölə çıxmır. Onlar oxun kamandan çıxdığı kimi İslamdan çıxacaqlar, onların puç əqidələri vardır. (Onların başçıları) qara sifətli bir nəfərdir ki, onda qadın döşünə oxşayan ət parçası vardır. Əgər onu tərpətsən, irəli-geri hərəkət edər. O, öz səhabələrinə tərəf gəlib onları da İslamdan döndərəcəkdir.

İmam Əli (əleyhissalam) bu şəxsi Nəhrəvan müharibəsində qətlə yetirib. O, Qasiə xütbəsinin birində buyurduğu «Şeytan rədhəh» kəlməsi su yığılan qala mə`nasındadır. Belə ki, o Nəhrəvan davasında bir çalaya düşüb ölmüşdü «Sə`qəh`dən məqsəd saiqə yə`ni ilğım, hündür səs və pələng nərəsi idi ki, Əli (əleyhissalam) çəkmişdi. Bu nə`rə Zus-sədyəni elə qorxu və vəhşətə salmışdı ki, tələsik olaraq qaçmış ona heç bir silah toxunmamış çalaya düşüb ölmüşdü.

Onun haqqında belə deyilib: Əli (əleyhissalam)-ın ordusu Nəhrəvan Xəvaricinin müharibəsinə çatıb onlarla vuruşduqda 9 nəfərdən başqa hamısı öldürüldülər. Müharibədən sonra Əli (əleyhissalam) belə buyurdu:

Xəvaric meyidlərinin arasını gəzin, görün ki, Muxdəc Zus-sədyə öldürülüb ya yox? Bir dəstə ölənlərin arasında nə qədər axtarış apardısa da onu tapmadı. Hadisəni Əli (əleyhissalam)-a çatdırdıqda Həzrətin özü öldürülənlərin arasına gəldi. Onların cəsədləri üst-üstə tökülmüşdü. Həzrət meyyitləri kənara yığdıqda onların içindən Zus-sədyənin napak cəsədini tapıb buyurdu:

«Allahu Əkbər! Mən heç vaxt Məhəmməd səlləllahu əleyhi və alihi və səlləmə yalan nisbəti verməmişəm». Çünki, Əli (əleyhissalam)ın Zus-sədyəni öldürəcəyini Peyğəmbər hələ qabaqcadan xəbər vermişdi. Əli (əleyhissalam) kənara çəkilib şükr səcdəsi yerinə yetirdi. Daha sonra atına minərək düşmən ölülərinin arasından keçdiyi zaman buyurdu: «Sizi məğrur edən beləcə həlakət torpağına atdı.» Həzrətdən sual etdilər. «Ya Əli (əleyhissalam) onları kim məğrur etdi?»

Buyurdu: «Şeytan və pis həvəslər.»

64-ƏLİ (ƏLEYHİSSALAM)-IN UŞAQLIĞI

Əli (əleyhissalam) Qasiə xütbəsində («Nəhcül-bəlağə»nin ən uzun xütbəsi) buyurur:

«Yeniyetməlik dövründə ərəb igidlərini yerə sərdim və iki qəbilənin – Rəbiy`ə və Müzirin uca budaqlarını sındırdım. Siz mənim Peyğəmbərlə səlləllahu əleyhi və alihi və səlləm qohum olduğumu və onun məktəbinə olan bağlılığımı yaxşı bilirsiniz.

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm məni özü tərbiyə edib. Uşaq vaxtımda Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm məni öz doğma övladı kimi ağuşuna sıxıb, öz xüsusi istirahət otağında saxlayırdı. Ona elə yaxın idim ki, Həzrətin gözəl və xoş iyini duyub hiss edirdim. O xörəyi çeynəyib ağzıma qoyurdu. Həzrət məni heç vaxt yalan danışan görmədi eləcə də heç vaxt məndən bir səhv tutmadı. Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi uşaq vaxtı süddən ayırdıqları zaman Allah ən böyük mələyini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi gecə-gündüz böyüklük, doğruluq və yaxşı əxlaqa sövq etməkdən ötrü göndərdi. Mən təzə doğulmuş, həmişə anasının dalınca düşən dəvə balası kimi onun ardınca gəzirdim. Həzrət hər gün əxlaqdan mənə yeni-yeni hikmətlər aşkar edərək onun xəttində irəliləməyimi tövsiyə edirdi.

Həzrət Peyğəmbər ilin bir müddətini Həra dağında keçirirdi. Məndən başqa heç kəs onu görmürdü. O günlər İslam dini naminə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm öz evində idi.

Xədicədən sonra 3-cü müsəlman mən idim. Biz İslamı qəbul etmişdik. Mən vəhy və risalət nurunu görürdüm. Xoş və ürək açan Peyğəmbərliyin iyini hiss edirdim. Peyğəmbərə vəhy nazil olan zaman şeytanın naləsini eşitdikdə Həzrətdən soruşdum: «Bu kimin ağlamasıdır?!»

Buyurdu: Bu şeytandır, ibadətinin mükafatından mə`yus olub və elə ona görə də nalə edir. Bu zaman Həzrət belə buyurdu:

«Ya Əli! Mən eşitdiyimi duyur mən gördüyümü isə görürsən. Sən təkcə Peyğəmbər deyilsən, lakin mənim vəzirimsən. Sən səadət və xeyr yolundasan.»

İndi isə Əli (əleyhissalam)-ın yeniyetməlik çağında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi necə himayət etməsi barədə tarixi faktları yığcam da olmuş olsa nəzərinizə çatdırırıq. İslamın əvvəllərində Həzrət Əli (əleyhissalam)-ın təqribən on yaşı olardı. Əli (əleyhissalam)-ın ləqəblərindən biri də Quzəmdir.

Bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan bu barədə belə soruşdular. Niyə Əli (əleyhissalam)-a bu ləqəbi verdilər?

Həzrət cavabında buyurmuşdu:

«Be`sətin əvvəlindən müşriklər uşaqlara Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə daş atmalarını tapşırmışdılar.» Həzrət də hər vaxt evdən çölə çıxsaydı uşaqlar onu daşa basırdılar. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm vəziyyəti Əli (əleyhissalam) üçün (o vaxt yeni-yetmə idi) danışdıqda Həzrət Əli (əleyhissalam) ərz etdi: Atam, anam sənə qurban. Həmişə evdən çıxdıqda mənə də xəbər ver.

Bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli (əleyhissalam)-la evdən bayıra çıxdıqda uşaqlar həmişəki adətləri üzrə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə tərəf daş atmağa başladılar. Bu zaman Əli (əleyhissalam) onlara tərəf gələrək əlinə keçəni döyürdü. Uşaqlar da ağlaya ağlaya atalarının yanına gedib deyirdilər: «Əli bizi döydü, o bizi vurdu.» Məhz bu hədisdən sonra o Həzrətə Quzəm (quzğun ağırlığı) dedilər.

Category: XÜTBƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 795 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]