Cümə axşamı, 2024-03-28, 5:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » XÜTBƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:14 PM

26-NÜMUNƏVİ PEYĞƏMBƏR SƏHABƏSİ

Bəsrə şəhəri Həzrət Əli (əleyhissalam)-ın xilafəti altında olan İslami ölkələrin həssas vilayətlərindən biri hesab olunurdu. Belə ki, strateji baxımdan müxtəlif şəhərlərin mərkəzlə olan qarşılıqlı əlaqə korpusu hesab olunurdu. Öz ədalət sərhədlərinin genişləndirilməsinə çalışan Müaviyə bu dəfə Abdullah ibni Hüzərmi bir dəstə adamla Bəsrəni işğal etməyə yolladı. O vaxt Ziyad ibni Übeydə Əli (əleyhissalam)-ın Bəsrədəki valisi gəlib özünün cürbə-cür fırıldaqları ilə adamları aldatdı.

Yavaş-yavaş işi o yerə çatdırdı ki, Bəsrə camaatınnın çoxu onunla bey`ət edib Müaviyənin havadarı oldular.

Ə`yun ibni Səbiy`ə adlı bir şəxs öz arzusu ilə İmam Əli (əleyhissalam)-dan Bəsrəyə getməsinə və orada olan ibni Hüzrəminin qoşununu darmadağın etməsinə icazə istədi.

Həzrət ona icazə verdikdən sonra Ə`yun Bəsrəyə gəldi, lakin müxalif qüvvələr onu güdərək bir gecə onu yatmış yerdə öz yatağındanca öldürdülər.

Ziyad məktub vasitəsilə Əli (əleyhissalam)-a mə`lumat verib ondan ibni Hüzərminin şərrinin qarşısını almaq üçün Cariyət ibni Qudaməni Bəsrəyə göndərməsini xahiş etdi. Cariyə şücaətli qorxmaz bir şəxs idi, eləcə də camaat içində böyük nüfuz sahibi idi. İmam Əli (əleyhissalam) öz ordusunun səfərbərliyi ilə əlaqədar aşağıdakı məzmunda bir çıxış etdi ki, həmin çıxışın xülasəsi budur:

Biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hüzurunda elə ixlasla fədakarlıq göstərirdik ki, hətta bu yolda öz ata, övlad, qardaş və əmilərimizi belə qurban verməyə hazır idik. Günbəgün də Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin bərabərində iman və itaətsizlik artmaqda idi. Hər dəqiqə bu yolda daha da sabit qədəm olurduq, bə`zən biz düşmənə, bə`zən də düşmən bizə qalib gəlirdi.

«Allah bizim ixlas və düzlüyümüzü gördükdə zilləti düşmənlərimizə nazil edib bizi qalib etdi. Belə ki, ölkələrdə İslam genişlənib möhkəmləndi.»

İmam Əli (əleyhissalam) bu sözü ilə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm əshabının fədakarlığını nümunə və ülgü kimi tanıtdı. Çıxışının sonunda isə laqeyd və süst olanları qəflət yuxusundan oyatmaq üçün belə buyurdu: «And olsun öz canıma, əgər biz düşmənlə vuruşmaqda sizin təki olsaydıq nə din əsası möhkəmlənər, nə də din ağacından bir budaq göyərərdi.»

27-GƏLƏCƏKDƏN XƏBƏR VƏ İFŞA

İmam Əli (əleyhissalam) xalqın diqqətini doğru rəhbərliyə cəlb edib fasid rəhbərlərdən uzaqlaşdırmaq üçün bə`zi vaxtlar gələcəkdən belə xəbər verirdi. Bir gün belə xəbərlərin birində buyurdu:

Bilin ki, məndən sonra tezliklə açıq boğaz və yekə qarın bir kəs sizə rəhbər olacaqdır ki, əlinə hər nə düşərsə hərisliklə udacaq və tapılmayanların dalınca adam saldırıb onları öldürəcəkdir.

Baxmayaraq ki, sizdə bu qüdrət və himmətin mümkün olmasını bilirəm.

Sonra buyurdu: Agah olun ki, tezliklə bu şəxs sizi mənə qarşı bizar və əleyhimə pis danışmağa vadar edəcəkdir. Pisliyimə danışmağı məcburi surətdə sizlərə vadar etdikdə sizə icazə verirəm. Çünki məhz bu pisliyimə danışıqlar mənim məqamımın daha yüksəlişinə və dərəcələrimin daha da artmasına səbəb olar. Sizlərə isə onun ölüm caynağından nicat verər. Ancaq bizarlığa gəldikdə isə heç vaxt məndən bizarlıq axtarmayın, çünki mən tövhid fitrəti ilə doğulmuş, iman və mühacirətdə isə hamıdan irəlidə getmişəm.

Amma bu açıq boğaz və yekə qarın kimdir deyə sual etsəniz çox nəzərə çarpır ki, «Müaviyə olsun.»

Ona görə ki, bu saydığım nişanələrin, ən çoxu onda görünübdür. Belə ki, «Nəhcül-bəlağə»nin əksər şərhçiləri də bu fikirdədirlər. Əgər Ziyad ibni Əbih, Həccac ibni Yusif, Müğəyrət ibni Şö`bə və s.. kimi adamlar da Müaviyə təki rəftar etsəydilər Müaviyənin dalınca getmək idi. Bilin ki, bid`ətin əsasını qoyan elə Müaviyə özü olubdur. Rəvayətə gəldikdə isə Müaviyə nə qədər yesəydi yenə yorulmurdu. O deyirdi:

«Xörək gətirin, doymadım.» Bu barədə İbni Əbil Hədid yazır. Bir çox rəvayətlərdə belə gəlib ki:

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Müaviyənin yanına adam göndərib onu çağırdıqda dedilər ki, Müaviyə yeməklə məşğuldur. İkinci dəfə də həmin cavabı verdikdə Həzrət onu belə nifrin etdi:

«İlahi, onun qarnını heç doyurma.» Cahizdən nəql olub ki, bəni Üməyyədən bir çoxları Müaviyəyə dedilər: «Sən öz arzuna çatdın, indi bəsdir, daha Əli (əleyhissalam)-ı söyüb pisliyinə danışmaqdan əl çək, Müaviyə isə onların cavabında belə dedi:

«And olsun Allaha, yox, heç vaxt! Gərəkdir ki, uşaqlar bu xasiyyətlə tərbiyə tapıb yaşlılar da bu xasiyyətlə qocalsınlar.»

Bu xəbər Əli (əleyhissalam)-ın qeybi xəbərlərindən biri idi. Bu cür xəbərlərdən çox olubdur.

Müaviyənin Hücr ibni Ədi və yaxın adamları ilə olan macərası və oğlu Yezid (ibni Ziyadın) oğlunun nümayəndəsi Meysəm Təmmar və Həccac ibni Səqəfinin Qənbərə, Kumeyl və Səid ibni Cubəyr və s... əhvalatı idi.

28-NƏHRƏVAN XƏVARİCLƏRİ İLƏ ŞİDDƏTLİ MÜHARİBƏ

Onlar mane olub düşmən dəyirmanına su tökdülər. Bu din oğruları, şüarı ilə Əli (əleyhissalam)-ı müşrik adlandırdılar. İmam bu işin qeyri hərbi yolla bitib tamam olmasına nə qədər sə`y göstərdisə də heç bir fayda vermədi. Onlar isə Həzrətlə olan müxalifətlərini davam etdirməkdə idilər. Belə ki, dörd min nəfərə yaxın xəvaric Abdullah ibni Vəhəb ilə bey`ət edib Mədainə sarı irəliləyib Əli (əleyhissalam)-ın qoşun komandiri Abdullah ibni Xəbbabi şəhadətə yetirdilər və onu şəhid etdikdən sonra hamilə olan arvadının qarnını yardılar. Beləliklə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər.

Bu vaxt Əli (əleyhissalam)-da öz ordusu ilə Nəhrəvan torpağına gələrək Xəvaric qoşununun bərabərində durdu. Həzrətin nəsihətləri o kor ürək sahiblərinə əsla əsər etmədi. Üç dəfə Əli (əleyhissalam)-ın ordusunu nizə yağışına basdılar. Hər dəfə Həzrətin əshabı Əli (əleyhissalam)-dan onlara qarşı döyüş icazəsi istədilərsə də Həzrət bu icazəni vermədi. Axırda onlar Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən birini öldürdükdə Həzrət Əli (əleyhissalam) buyurdu: «Allahu Əkbər, indi bunlarla müharibə etmək olar.»

Xəvaric biabır surətdə məğlub oldu. Onlardan yalnız 9 nəfəri sağ qalaraq qaçdı. Əli (əleyhissalam)-ın ordusundan 9 nəfər şəhadətə yetişdi. Xəvaric əhvalatına «Nəhcül-bəlağə»nin müxtəlif xütbələrində o cümlədən 58, 59, 60 və 122 və s... xütbələrində işarə olunmuşdur. Bu rabitədə baş vermiş daha iki hadisə də maraqlıdır.

Əli (əleyhissalam) Xəvariclə müharibəyə hazır olduqda əshabdan o Həzrətə belə dedilər:

Xəvaric qoşunu Nəhrəvan körpüsündən keçdi. İmam isə onların cavabında belə buyurdu:

Onların qətligahı bu tərəfdə çay qırağındadır. And olsun Allaha ki, Xəvaricdən hətta on nəfərdən belə sağ qalmayacaq sizdən isə hətta on nəfər də ölməyəcək.

Əli (əleyhissalam) qabacadan xəbər verdiyi kimi də oldu, 9 nəfərdən başqa Xəvaricdən bir nəfər də olsun sağ qalmadı və bu 9 nəfər də qaçaraq müxtəlif şəhərlərdə pərakəndə düşdülər. Bu da İmam Əli (əleyhissalam)-ın qeybi xəbərlərindəndir ki, həm şiə, həm də sünnü tarixçiləri bunu öz kitablarında qeyd etmişlər. Dəfələrlə İmam Əli (əleyhissalam)-ı ölüm ilə hədələməklərinə baxmayaraq o Həzrət zərrə qədər də olmuş olsa onlardan çəkinməmişdi.

Qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) bu təhdidlərin cavabında buyurmuşdu:

«Allah mənim imanım və din qalxanımı poladdan düzəldibdir (vəhşətim yoxdur). Ömrümün son günü çatsa o gündə nə nizə xəta edər, nə də yara sağalar.»

Bu mətləbdən başa düşürük ki, İmam Əli (əleyhissalam) özü bilə-bilə bu din oğruları və nadan şəxslər olan Xəvariclərin önündə duraraq onların təhdidlərindən heç vaxt qorxmadı.

Öz polad iradəsi ilə Allaha müxlisanə təvəkkül edərək öz yolunu başa vurdu. Beləliklə, o Həzrət öz sadiq adamlarına şəhamət və dilavərlik dərsi öyrədib xəbərdarlıq etdi ki, hər vaxt din maskası altında din əsasına zərbə vuranları görsəniz onlara aman verməyin.

29-MÜHARİBƏDƏN QAÇMAQ

Artıq Siffeyn müharibəsinin alovları şö`lələnmişdi. Bu müharibənin başlanğıcında ya Ləylətül-Həririn bərk soyuq bir gecəsində Əli (əleyhissalam) öz köməkçilərinə şur-əngiz bir xütbə buyurdu. Bu xütbədə müharibə qanunları səfərbərlik və ruhiyyə tapılması üçün lazım olan amillərdən söhbət açıldı:

«Bilin ki, indi cihadda Allah qarşısında Allah elçisinin əmisi oğlu ilə birsiniz. Düşmənə qarşı durmadan amansız həmlələr edin. Qaçmaqdan həya edib utanın. Çünki bu iş (fərarilik) gələcək üçün rüsvayçılıq, qiyamət günündə isə cəhənnəm oduna səbəb olar. (Xütbənin sonunda bu ayəni («Muhəmməd» surəsinin 35-ci ayəsini) oxudu:

«Bilin ki, siz üstünsünüz və Allah sizinlədir və əməl mükafatınızdan heç bir şey əksilməz.» Bu tərtiblə Əli (əleyhissalam) öz ardıcıllarını tarix boyu cinayətkarlarla müharibəyə də`vət etdi. Müharibədən qaçmağı isə insan ətəyindəki həya, ar ləkəsi kimi bildirib axirətdə isə yanar od sandı.

30-DƏLİLLƏRİN RƏDD EDİLMƏSİ

Allah elçisinin vəfatından sonra bir qrup adam bə`zilərinin təhriki sayəsində Peyğəmbərin yerinə canişin tə`yin etməkdən ötrü Səqifeyi bəni Saidədə yığışdı. Bu zaman Əli (əleyhissalam) evdə idi, Səqifə xəbərlərini eşitdikdə yaxın adamlarından soruşdu o Ənsar (Mədinə müsəlmanları) nə dedilər? Ərz olundu: Onlar dedilər: Həm bizim, həm də sizin aranızdan (Mühacirlər) bir nəfər əmir seçilsin. İmam Əli (əleyhissalam) buyurdu: Niyə ənsarın təklifi müqabilində bu mətləbə qarşı bir tədbir tökmədiniz? Məgər eşitməmişdinizmi ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onların ehtiramı barədə buyurub: Ənsarın yaxşıları ilə yaxşı rəftar edin, onların arasındakı pis adamları isə bağışlayın.

Dedilər: Biz bu sözlə ənsarı necə məhkum edəydik?! Buyurdu:

«Əgər hökumət və əmirlik Ənsarın arasında olsaydı onların mühacirlərə tövsiyə və sifarişinin mə`nası olmazdı.» Çünki, camaat arasında bu bir qaydadır ki, keçmiş rəisin sifarişini təzə rəisə edərlər. Buna görə də Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm mühacirlər arasında hakimin olmasını müsəlləm fərz edibdir. Sonra buyurdu: Qüreyşin fikri bu barədə nə idi? Ərz olundu: Onlar dedilər: «Biz risalət ağacındanıq.»

Çünki, Qüreyş tayfası və Peğəmbər səlləllahu əleyhi və alihi və səlləm ikisi bir qohum olub əsilləri bir nəfərə Nəzr ibni Kənanə qayıdır. Buna görə də dəlil gətirdilər ki, biz nəsəb və nəsl baxımından Peğəmbərə səlləllahu əleyhi və alihi və səlləm yaxın olduğumuz üçün əmir də bizim aramızdan seçilməlidir.

Həzrət Əli (əleyhissalam) buyurdu:

«Ağacı dəlil göstərib meyvəsini korladılar.»

Yə`ni ağacdan hədəf onun meyvəsidir, mühacirlər və Qüreyşlilər, ağacın meyvəsi mən olduğum halda məni unutmuşlar. Ağaca təkyə edib dəlil gətirirlər.

Meyvəyə nəzər salmayan bir şəxs külli qaydada gərək ağacın özünə də diqqət yetirməsin.

Bu tərtiblə İmam Əli (əleyhissalam) hər iki qrupun dəlillərini (Ənsar və mühacirlər) rədd edib üstünlüyünü sübuta yetirdi.

31-MƏRVANIN ƏSİRLİYİ

Mərvan ibni Həkəm İslam tarixi başlanğıcında yaşamış ən çirkin və alçaq şəxsiyyətlərdən idi ki, hələ böyük islam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz vaxtında onu və atasını Mədinədən sürgün etmişdi. Mərvan və atası Tərid ibni Tərid və Münafiq ibni Münafiq və lə`in ibni Lə`in ünvanıyla (sürgün olunmuş atanın sürgün olunmuşu və Münafiq oğlu Münafiq və Məl`un oğlu Məl`un) deyə yad olunurdular. Osmanın əmisi oğlu sayılan Mərvan Osmandan sonra zahirdə Həzrət Əli (əleyhissalam)-la bey`ət etməsinə baxmayaraq ilk bey`ət pozanların başçıları cərgəsində dururdu. O Cəməl müharibəsində Bəsrəyə gələrək düşmən ordusu sıralarına keçib Əli (əleyhissalam)-ın qoşununun əleyhinə vuruşurdu. Elə həmin müharibədə Əli (əleyhissalam) ordusu tərəfindən əsir alındıqda İmam Həsən və İmam Hüseyn (əleyhissalam) onun azadlığı üçün atalarından xahiş etdilər. İmam Əli (əleyhissalam) da onu azad etdi. Həsən və Hüseyn (əleyhissalam) atalarından soruşdular: «Mərvan səninlə bey`ət edəcək.» İmam cavabında buyurdu:

«Məgər o, Osman öldürüləndən sonra mənimlə bey`ət etmədimi? (ancaq bey`ətini sındırdı).

Mənim onun bey`ətinə ehtiyacım yoxdur. Onun əli yəhudinin əli kimidir. (hiylə və iki üzlülüyə adət edibdir) əgər Əli ilə bey`ət etsə, öz arxası ilə bey`əti sındırmağa çalışar.»

Sonra İmam gələcək üç mövzuda xəbər verib buyurdu ki; «Agah olun Mərvan:

1-Gələcəkdə qısa hökumətlik edəcək ki, bunun da vaxtı bir itin öz burnunu dili ilə təmizləyən Müddətə qədərdir.

2-O, dörd qoçların atasıdır.

3-Müsəlman xalqı onun özü və oğlanlarının əlindən qan ağlayacaqdır.

Hadisələr Əli (əleyhissalam)-ın xəbər verdiyi kimi baş verdi. O, Əməvilərin 4-cü xəlifəsi ünvanıyla Müaviyət ibni Yeziddən sonra xilafət kürsüsünə əyləşdi. Mərvanın xilafət müddəti dörd ay on gün çəkdi. Onun Əbdül Məlik Boşr Məhəmməd və Əbdül Əziz adında 4 oğlu var idi ki, 1-ci si Mərvandan sonra xilafətə yetişdi. 2-cisi İraqın hakimi seçildi. 3-cüsü Əlcəzirənin, və 4-cüsü isə Misir hakimi tə`yin oldu. Bu beş nəfər müsəlmanları öz zülm çəkmələri altında var gücləri ilə əzdilər.

32-ULDUZ FALININ RƏDD EDİLMƏSİ

Həzrət Əli (əleyhissalam) öz ordusu ilə birlikdə Xəvariclə vuruşmaqdan ötrü Nəhrəvana tərəf hərəkət etməyə hazırlaşdığı zaman Əfif ibni Qeys Əş`əsin qardaşı (münafiq dəstə başçısı) Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Bu vaxt hərəkət edib qələbəyə çatmamağından ötrü qorxuram, çünki mən bunu sizə Nücum elminin köməkliyi ilə deyirəm.

İmam onun cavabında buyurdu:

Sən fikirləşirsən ki, o, saat ki, onda hərəkət etmək narahatlığa səbəb olacaq, ondan xəbərdarsan? Edə bilərsənmi onun təhlükəsini hərəkət edənə kimi xəbər verəsən?!

Hər kim bu sözdə səni təsdiq etsə Qur`anı təkzib etmiş, öz istədiyinə çatmaqda və bəyənilməz işləri dəf etməkdə Allahdan kömək istəməkdən ehtiyacsız olubdur. İstəyirsən Allahın əvəzinə sənə sitayiş etsinlər? Sən, qabaqcadan belə söz deməklə onları zərər və ziyandan hifz edərsən, ey camaat nücum elminin qabaqcadan fikir söyləməyindən uzaq olun, çünki bu iş sizləri kahinliyə (cin və xəbis ruhlar vasitəsilə qeybdən xəbər verməklə) çəkib çıxarar. Müncim kahin təki, kahin də sehrbaz kimidir. Sehrbaz isə kafirdir. Kafir isə odda yanacaq, Allahın adıyla hərəkət edin.

Beləliklə də İmam onun döşünə rədd əli çəkib qoymadı ki, camaat bu boş xəyallarla hərəkət və fəaliyyətlərindən uzaqlaşsınlar. Daha sonra isə Həzrət öz ordusu ilə hərəkət edib tam qələbəyə nail oldu və öz əməli ilə sabit etdi ki, münəccimin qabaqcadan fikir söyləməyi düz deyil. Bu mətləbin oxşarı müxtəlif rəvayətlərdə gəlib. O, da budur ki, Əli (əleyhissalam) öz ordusu ilə Həruriyyə tərəf hərəkət etdiyi zaman əshabın arasında özünü münəccim adlanlandıranlardan biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi:

Ey Mö`minlər ağası! Bu saatda hərəkət etmə, çalış gün batandan üç saat sonra irəli get, əgər indi hərəkətə başlasan bu irəliləməyin sənə və yoldaşlarına şiddətli ziyan yetirəcək, amma mən deyən vaxtda tərpənsən qalib gəlib hədəfə yetişəcəksən.

İmam Əli (əleyhissalam) ona buyurdu: Atımın qarnındakı balanın dişi ya erkək olmasını bilə bilərsənmi?

O dedi: Əgər (nücum elmi üzündən hesablasam bilərəm).

İmam ona buyurdu: Əgər bu işində səni bir adam təsdiq etsə, Qur`anın təkzib etmişdir, çünki Allah-təala «Loğman» surəsinin 34-cü ayəsində bu barədə belə buyurur:

«Şübhəsiz qiyamətə aid olan elm və agahlıq, yalnız Allaha məxsusdur. O Allahdır ki, həm yağış göndərir və həm də ana bətnində olanlardan xəbərdardır.»

Sonra buyurdu: (Hətta) Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm belə bir iddianı ömründə etməmişdi.

33-YERSİZ EYB VƏ ONUN RƏDDİ

Əli (əleyhissalam) öz İmamət və rəhbərlik sahəsində bütün ismətlərə ali səviyyədə malik idi. O Həzrətin kinli rəqibləri onda heç bir eyib tapa bilməmişdilər.

Çünki əgər tapsaydılar o eybi bir neçə dəfə böyüdüb şişirdərdilər ki o Həzrətin ali şəxsiyyətinə zərbə vursunlar.

Bir halda ki, Əli (əleyhissalam) təvazökar və xoş xasiyyət eləcə də çox mehriban idi. O, Həzrətdə özünü bəyənmək ya təkəbbür yox idi həm də tağutlar kimi tuluğa hava doldurmurdu hətta ən yoxsul adamlarla belə oturub durur onlara bir dost kimi yanaşırdı. Napak olan Əmr As kimi düşmənləri (onun anası iffətsizlik və napaklıqda məşhur idi) Şam camaatı arasında Həzrət Əli (əleyhissalam)-ın zarafatcıl olması şayiəsini yayaraq dedi ki, bu səbəbə görə o, xilafətə layiq deyildir.

İmam Əli (əleyhissalam) bu şayədən xəbərdar olduqda şiddətlə onu təkzib edib buyurdu:

Napak qadının övladından (yə`ni Əmr As) Şam camaatı arasında mənim zarafət və əhli-kef olmağımı şayiə etməsi çox təəccüblüdür!

«Agah olun, And olsun Allaha ki, ölümü xatırlamaq məni zarafatdan saxlayır, amma əksinə axirəti unutmaq isə onun (Əmr Asın) vücudunda onun yalançılığına bais olubdur.»

Beləliklə düşmənin Əli (əleyhissalam)-ın şəxsiyyətini sındırmaq üçün düzəltdiyi körpünü Həzrət özü sındırdı ki, bu da Əli (əleyhissalam)-ın kamal yüksəkliyinə malik olmasına daha bir tutarlı sübutdur.

34-İMAMIN QƏTİYYƏTLİ OLMASI

Osman qətlə yetirildikdən sonra camaat Əli (əleyhissalam)-ı xilafətə tə`yin etmək üçün o Həzrətə bey`ət etdilər, Əli (əleyhissalam) ilk növbədə hüccəti tamam edərək öz iş metodunu onlara bildirib buyurdu: Məni öz halıma buraxıb başqasının sorağına gedin. Çünki, əgər mən xilafətə gəlsəm, keçmiş qayda-qanunlar büsbütün dəyişiləcəkdir. Burada əsaslı (inqilabi) islahatlara ehtiyac vardır...

Camaatın onun xilafətə gəlməsi israrını görən Həzrət Əli (əleyhissalam) buyurdu: «Bilin ki, əgər də`vətinizi qəbul etsəm sizinlə öz bildiyim kimi rəftar edəcəyəm. Heç kəsin sözünə ya məzəmmətinə qulaq asmayacağam.

Haqqı qətiyyətlə davam etdirəcəyəm. Bunları dedim ki, indidən biləsiniz, əgər istəsəniz bu şərtlərə əsasən mənimlə bey`ət edin.»

Camaat dəstə-dəstə axışıb gələrək o Həzrətlə bey`ət edirdilər. Elə oradaca bir qrup adamın zahirdə bey`ət etmələri mə`lum oldu. Ona görə ki, onların dünya malına olan hərisliyi İmamın mövqeyi ilə düz gəlmirdi.

Tarixdə gəlibdir ki, Həzrətlə ilk bey`ət edən şəxs Təlhə olmuşdur. Belə ki, onun əli şikəst olduğundan elə həmin əli ilə də bey`ət etdi. Bu hadisənin şahidi olan bir bədəvi ərəb belə dedi:

Çolağın əli ilə başlanan bir iş kamala yetməz.

35-BƏNİ-ÜMƏYYƏNİN GƏLƏCƏYİNDƏN XƏBƏR

Osman və Müaviyənin xilafətləri zamanında İslam ölkəsinin damarı və kökü artıq yavaş-yavaş Bəni-Üməyyə tayfasının çirkin əlinə düşmüşdü. Belə ki, bu şəxslər İslamdan öz nəfsani və əyyaşlıq hədəflərini həyata keçirməkdən ötrü bir körpü təki istifadə edirdilər. Müaviyənin ölümündən sonra Bəni-Üməyyə xilifələri ardıcıl olaraq İslam adı altında böyük İslam ölkələrinə hökmranlıq etmişlər. Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) söhbət əsnasında onlara xitabən belə buyrmuşdu:

«Ey Əməvilər sülaləsi, and olsun Allaha ki, tezliklə bu xilafət cilovunu başqalarının, öz düşmənlərinizin əlində körəcəksiniz.»

İmam Əli (əleyhissalam)-ın qabaqcadan xəbər verdiyi kimi bir müddət ötdükdən sonra tarixdə Bəni-Üməyyə xəlifələrindən heç bir ad və nişan qalmadı. Bəni-Abbas xəlifələrinin hakimiyyəti ilə Bəni-Üməyyənin taxt tacı çevrildi. Mərvan Həmmar bəni Üməyyənin son xəlifəsi, ayağı yanmış it kimi şəhər və biyabanlarda dərbədər olmuşdu ki, bir gecə Abbasilərin birinci xəlifəsi Səffahın mə`murları onu bir kənddə mühasirəyə salaraq qarnına bir nizə batırıb cəhənnəmə vasil elədilər. Qəribəliklərdən biri də budur: Mərvanın nökərlərindən biri düşmən yanında onun sirrini faş etdiyinə görə Mərvan oun dilini kəsib pişiyə atmışdı ki, pişik də onu yemişdi. Mərvanın öz başını bədənindən ayıran zaman onun da dilini kəsib kənara atdılar. Nökərin dilini yemiş o pişik cəld sıçrayıb onun dilini də yedi. Südəyf Bəni-Üməyyə əsrində yorulmaz mübariz və böyük ürək sahibi olan şairlərdən idi ki, dəfələrlə onların əzabına düçar olmuşdu. Bir gün o qənimət sayıb Bəni-Üməyyənin də hazır olduğu bir yığıncaqda Səffahın hüzurunda Bəni-Üməyyənin cinayətlərini bir-bir sadalayaraq Kərbəla macərası, eləcə də Yezidin cinayətlərini bir-bir açıb tökdü. Öz vəcdə gətirən və tükürpədici şe`rlərini də elə həmin məclisdə söylədi. Bu çıxış Səffahı o qədər təhrik etmişdi ki, hətta Bəni-Üməyyənin yerdə qalanlarını ona tapşırdı Sudəyf də Muxtar kimi Bəni Üməyyədən o qədər öldürdü ki, onların napak qanından böyük göl əmələ gəldi Yerdə qalanını isə duş daşından olan evlərin binası altında yerləşdirərək çayın suyunu həmin evlərə tərəf axıtdırdı nəticədə də evlər onların üstünə uçub məhv oldular. Beləliklə Bəni-Üməyyə tam zillət içində öz dünyəvi cəzalarına çatdılar. Demək olar ki, bu qətldən min nəfərə yaxın murdar aradan getdi.

36-ƏLİ (ƏLEYHİSSALAM)-IN DOLĞUN CAVABI

Təlhə, Zübeyr, Səid İbni As, Vəlid ibni Ötbə, Abdullah və sair kimi baş bilicilər Əli (əleyhissalam)-ın beytül-malı bərabər surətdə bölərək təbəqələr arasında fərq qoymadığına görə bərk narahat idilər. Onların ilk növbədə böyük şur və mövqe ilə bey`ət etmələrinə baxmayaraq vəziyyəti belə gördükdə bey`ətlərini sındırıb Əli (əleyhissalam)-ın vücudundan sui istifadə etmək qərarına gəldilər. Belə ki, bunlar Əli (əleyhissalam)-la müxalifət (düşmənçilik) fikrinə düşərək hətta silahlı üsyan etməyi belə planlaşdırdılar. Öz yanlış təsəvvürləri ilə Əli (əleyhissalam)-ı zor və qorxu gücünə həvəslərinə təslim etmək istədilər.

Həzrətin işi o yerə çatdı ki, Əli (əleyhissalam)-ın ən yaxın əshabından olan Əmmar Yasir və s... kimiləri Əli (əleyhissalam)-ın hüzuruna gəlib belə ərz etdilər:

«Mümkün qədər hələlik yumuşaqlıq göstərsin, qəbilə başçılarına müəyyən güzəştlər edilsin və onların iş başında olmasına ləyaqətləri olmasa da bir müddət iş başında qalmalarına icazə verilsin. Ta Əli (əleyhissalam) hökumət sütunu möhkəmlənib fürsət ələ gətirdikdən sonra o zaman onlarla haqq əsasında rəftar olunsun.

Mö`mininlər ağası Əli (əleyhissalam) onların cavabında bir söz buyurdu ki, həqiqi cavab xütbə kimi «Nəhcül-bəlağə»-də dərc olunubdur:

Mənim hakimiyyətim altında olanlar, zülm etməyimi mənə göstəriş verirsiniz. Nə var, nə var öz ətrafıma yeni köməkçilər gətirim deyə?! And olsun Allaha, nə qədər dünya vardır, nə qədər ki, bir ulduz başqa bir ulduzun dalınca hərəkət edir bu işi görməyəcəyəm. Əgər öz malım olsaydı, onu bərabər surətdə bölərdim qalmış ola bu mala ki, Allah malıdır.

Belə bəxşiş bağışlayanı dünyada qaldırıb nicat günündə aşağı çəkir, bəndə qarşısında onu hörmətli etsə də Allaha dərgahında xar edir.

37-TƏXRİBATÇI VƏ QANLI ŞÜAR

Xəvaric Əli (əleyhissalam) ordusunun vəhdətinə və eləcə də onun möhkəmlənməsinə böyük zərbə vurmuşdular. Belə ki, onların bu zərbəsi daxili müharibənin əmələ gəlməsinə bais olmuşdur.

Nəhayət Əli (əleyhissalam) Nəhrəvan çölü müharibəsində onları məğlubiyyətə uğratdı. Bu yolunu azmışların gözəl və aldadıcı zahirləri olduğundan bu şüarın maskası altında Əli (əleyhissalam)-ı və köməkçilərini kənarlaşdıraraq özlərinin səhnəyə gəlməsini arzulayırdılar. Həzrət Əli (əleyhissalam) bir gün İraq müsəlmanlarına söhbət zamanı buyurdu:

«Ey çox olan camaat, birləşin ki, Allahın əli camaatladır və pənahəndəlikdən həzər edin.»

«La hökmə illa lillah» (hökumət yalnız Allaha məxsusdur) şüarı Xəvaric əlində bəhanə olub müsəlmanlara ziyan verdiyi halda Həzrət Əli (əleyhissalam) buyurdu:

«Agah olun! hər kim bu şüarı bir də dilinə (pozucu və parçalayıcı) gətirsə hətta əmmamənin altında olmuş olsa belə onu öldürün.»

Bir gün Xəvaricdən olan Burc ibni Mushir Taiy adlı bir şair İmam Əli (əleyhissalam) eşitsin deyə uca səslə həmin şüarı təkrar etdi: La hökmə illa lillah (hökumət Allaha məxsusdur, sənə yox).

İmam ona buyurdu: Sus! Üzün qara olsun ey dili sınıq. And olsun Allaha, haqq aşkar oldu, lazım olan vaxtda söz söyləmədin, səsin köksündə boğulmuş, guya acizlik və zəiflik başdan-başa sənin vücudunu əhatə etmişdi.

İndi isə budur, öz yonulmamış səsini cəsarətlə yüksəldibsən. Keçi buynuzu kimi peyda olub öz batil və pozucu səsini hulqumundan qaldırıbsan.

Bu minvalla Əli (əleyhissalam) bütün din şüarı altında çıxış edib dinlə müharibəyə girənlərə aldanmalarını öyrətdi, bəli, hər vaxt ən gözəl şüarımız belə əgər zalım qan içən və münafiqlərin əlində ələmə çevrilərsə nəinki həmin şüarın heç bir zərəri olmayıb, əksinə şüar deyənin qanının da qiyməti yoxdur. Lazım gəldikdə şüarı deyəni öldürmək də olar. Bir halda ki, bu şüar müsəlmanların dağılaraq inhirafına bais olacaqsa onda onun qarşısını almaq məsləhətdir. «Nəhcül-bəlağə»nin 40-cı xütbəsində qeyd olunduğu kimi İmam Əli (əleyhissalam) buyurmuşdu: Bu şüar haqq sözüdür ki, ondan batil işlər üçün istifadə edilir. Biz də deyirik: Bəli Allahın fərmanı hakim olmalıdır!!!

38-ZƏNCİ ƏMİRLƏRİN CİNAYƏTLƏRİNDƏN XƏBƏRİ

Tarixin ən böyük qan içən fasidlərindən sayılan Əli İbni Muhəmməd Vərzənini Sahibul zənc yə`ni Zəncilərin əmiri adı ilə məşhur idi. O Rey mülkünün Vərzənin adlı kəndində dünyaya gəlmiş, 255 hicri qəməri tarixində Əl-möhtədi Billahın (Abbasilərin 14-cü xəlifəsi) xilafəti zamanı üsyana qalxmışdı.»

O yalandan özünün bəni Haşim və İmam Səccad (əleyhissalam)-ın nəvələrindən olduğunu aşağıdakı surətdə iddia edirdi: Əli ibni Muhəmməd ibni İsa ibni Zeyd ibni Əli ibni Hüseyn.

Bu iddia bəni Haşimin qəbiləsinə bağlı olan camaatı öz ətrafına toplamaqdan ötrü idi, lakin cinayətləri onun bəni Haşimdən olmamasını sübut edir.

Əlavə olaraq müxtəlif rəvayətlərdə İmamlar onun iddasını rədd ediblər: O, cümlədən: İmam Həsən Əsgəri (əleyhissalam) bir söhbət zamanı buyurmuşdu: «Sahib Zənc» biz Əhli-beytdən deyil.»

O Xəvaricdən bir firqə olan Əzariqə əqidələrinə sadiq qalaraq öz xütbələrində «La hökmə illa lillah» şüarını dilinə gətirərək günahları şirkə səbəb bilir, qadın və uşaqların öldürülməsinə icazə vermişdi.

Onun ən yaxın köməkçiləri Zəngbar və Sudandan olduğu üçün onu Sahibul Zənnc (Zəncilərin əmiri) adlandırırdılar. O, Zəncilərə, eləcə də Sudan qaralarına əgər ona kömək etsələr hamısını azad edərək yaxşı hədiyyə və mükafat verəcəyinə söz vermişdi nəticədə bu tamahla onun ətrafına yığışıb böyük bir qoşun yaratmışdılar. O da bu zənci qoşununun köməyi sayəsində Bəsrəni fəth edərək orada 14 il 4 ay hökumətlik etdiyi vaxt zənci qoşunu yenə də qarət və işğala məşğul idi. Beləliklə Sahibul zəng Vasit, Əhvaz və s... şəhərləri öz hökuməti sayəsində birləşdirdi. Təkcə Əhvaz şəhərinin fəthində onun ordusunun təxminən 180 min olduğunu göstərmişlər.

Sahibul zənc 270-ci hicri ilində Abbasi xəlifələrinin 15-ci xəlifəsi sayılan Əl-mö`təmidu Billahın xilafəti zamanı qətlə yetirilərək başını bədənindən ayırıb Bağdada göndərdilər!

Tarixdə onun Bəsrədəki cinayətləri barədə belə yazıblar: Hicri 251-ci il şəvval ayının 17-də cümə günü Sahibul Zənc Bəsrəyə daxil olub şəhər camaatını qətlə yetirərək.

Came məscidi və onun ətrafındakı evləri yandırdı. Eləcə də tarixçi Məs`udinin yazdığına görə o, Bəsrədə 800 min nəfəri qətlə yetirmişdi. Onun fəsadı hətta hörmətli qadınların iki üç dirhəmə alınıb satılmasına belə sirayət etmişdi. Belə ki, satıcılar qadınları hərraca qoyub fəryad çəkib deyirdilər: «Bu arvad filankəsin qızıdır.» Bununla da müştəriləri bu işə cəlb edirdilər.

Mö`minlər ağası Əli (əleyhissalam) Cəməl müharibəsi vaxtı Bəsrənin böyük şəxsiyyətlərindən sayılan Əhnəf ibni Qeysi çağırıb ona belə buyurdu:

«Ey Əhnəf! Sanki mən, bir qoşunun tozsuz səs-küysüz, Nəmədən yola düşüb yeri öz addımları altında tapdamasını görürəm.

Sonra buyurdu: Vay olsun, o abad küçə və bəzənmiş evlərə ki, ölənlərə ağlayıb itginləri aramırlar. Mən dünyanın üzünü çevirib, çöhrəsini torpağa sürtmüşəm və düzgün ölçü götürməklə ona baxaraq onu öz gözlərimlə müşahidə edirəm.»

39-ÇİNGİZÇİLƏRİN HÜCUMUNDAN XƏBƏR

Monqolların cinayəti, eləcə də tatarların monqol adı altında baş vermiş dəhşətli hücumları tarixdə qan içən qoşun adı ilə məşhurdur. Çingizin əsil adı Təmuçin olmuş özü isə Yəsukay Bahadurun oğlu, monqol qəbiləsinin rəisi idi. O, 7-ci əsrin əvvəllərində yaşamışdı.

Monqollar uzaq şərqdə Çin sərhəddinə yaxın Təmğac dağlarında yaşayırdılar. Onlarla İslam ölkələri arasında fasilə altı aydan artıq (o zamanın miqyasına görə) çəkirdi. Monqolların ilk hücumu Türküstana oldu. Xarəzmşah Türküstanı onlara tabe etməyə məcbur oldu. Monqollar yavaş-yavaş bütün Türküstan ərazisini işğal edərək hücumlarını Türküstan sərhədlərindən qıraqlara kimi genişləndirdilər.

Amansız qarət və qətllərə başlayan monqollar 616-cı ildə Xorasan torpağına hücum edərək qadın və uşaqlara belə rəhm etmədilər. Eləcə də İranın sair şəhərlərinə də həmlə etdilər. Onlar heç bir qətl və cinayət törətməkdən çəkinmirdilər.

Həzrət Əli (əleyhissalam) Sahibül Zəncin Hücumundan xəbər tutduqda (qabaqkı dastanda quyd olundu) buyurdu:

«Sanki sifətləri çəkiclə döyülmüş insanları görürəm ki, ipək paltarlar geyib cins atlar üstündə gəzərlər.

Onlar üçün qan tökmək o qədər adiləşmişdir ki, hətta ölü cəsədlərin üstündən belə sərbəst keçirlər. Onların qaçanları əsir olanlardan azdır.»

Şərif Rəzi deyir: İmam Əli (əleyhissalam)-ın verdiyi bu qeybi xəbəri biz öz zamanımızda gözlərimizlə müşahidə etdik. Bu xəbərlə onun baş verməsi arasında təqribən 900 il zaman fasiləsi mövcuddur. Müsəlmanlar İslamın əvvəlindən öz dövrümüzə kimi belə bir hadisənin baş verəcəyinin intizarında idilər. Nəhayət bu vaqeə bizim əsrimizdə baş verdi. Belə ki, uzaq Şərqdən monqol gözətçiləri İraq Şam torpaqlarına, eləcə də Xorasan və İranın sair şəhərlərinə hücum edərək misli görünməmiş vəhşiliklər törətdilər.

Çingizin əxlaqi xüsusiyyətlərindən biri aşağıdakı mövzuda qeyd olunubdur. O əmisi oğlunu öz ordusuna komandir tə`yin edib ona var qüvvəsi ilə öz hücumunu davam etdirməsini əmr etdi. O da həyat yoldaşı ilə xudahafizləşsin deyə arvadının xeyməsinə getdi. Bu xəbər Çingizə yetdikdə o saat öz əmisi oğlunu komandanlıqdan xaric edib onun yerinə başqasını tə`yin etdi və dedi:

«Bir adam ki, arvad onu əməl sür`ətindən az da olmuş olsa saxlayacaq komandanlığa layiq deyil.»

40-ƏLİ (ƏLEYHİSSALAM) PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMİN XÜSUSİ ŞAGİRDİ

Əli (əleyhissalam) bundan sonra gələcək təhlükəli hadisələrə də işarə etdikdə Həzrətə belə ərz oldu. «Ey İmam, qeybdənmi xəbər verirsən?!»

İmam gülümsəyib buyurdu:

«Ey Kəlbi qardaş, bu qeyb elmi deyil, bəlkə elə bir əhatəli elmdir ki, onu sahibindən (Peyğəmbər) öyrənmişəm.» Sonra buyurdu: Qeyb elmi, eləcə də qiyamət gününün elmi barədə «Loğman» surəsinin 34-cü ayəsində buyurmuşdu:

«Şübhəsiz qiyamət günündən xəbər vermə elmi Allaha aiddir və o Allahdır ki, yağışı göndərir, ana bətnində olandan agahdır və heç kəs sabah nə olacağını və hansı torpaqda öləcəyini bilmir.»

Bu sözlə demək istəyirdi ki, Allahın ən dəqiq işlərə belə (ayədə göstərilən beş cür işlər) agahlığı vardır ki, sizin o işlərdən xəbəriniz belə yoxdur.

Allah bütün cüz`i xüsusiyyətləri bilir, lakin Allahdan başqa bu cüz`iyyatı (incəlikləri) bilən yoxdur. Sonra buyurdu:

«Bundan əlavə (beş növ) elmi Allah öz Peyğəmbərinə öyrətmişdir ki, o da məni həmin elmlərdən hali edibdir. Mənim üçün dua edibdir ki, Allah onu mənim qəlbimdə yerləşdirərək ə`za və əndamımı başdan-başa onunla bürüsün.»

Category: XÜTBƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]