Cümə axşamı, 2024-03-28, 3:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » ÖN SÖZ

«NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ
2014-01-28, 8:59 PM

81-ƏLİ (ƏLEYHİSSALAM) PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMDƏN AYRILDIĞI ÜÇÜN QƏMGİNDİR

İmam Əli (əleyhissalam)-ın xüsusiyyətlərindən biri də budur ki, Peyğəmbərin vəfatı vaxtı onun yatağının kənarında idi və o Həzrətin başı Əli (əleyhissalam)-ın sinəsi üstündə olduğu halda müqəddəs ruhu behiştə doğru yüksəldi. Əli (əleyhissalam) Peyğəmbəri kəfənə tutdu və ona namaz qılıb torpağa tapşırdı. İmam Əli (əleyhissalam) Peyğəmbərin müqəddəs cənazəsinə qüsl verdiyi zaman bir söz buyurdu ki, onun dözülməz qəmindən və mütəəssir olmasından xəbər verirdi. Həzrət orada can yandırıcı bir mətləbə işarə edib buyurdu:

«Ey Allahın elçisi! Atam və anam sənə qurban olsun, doğrudan da ilahi hökmlər və göylərin xəbərləri sənin getməyinlə kəsildi.

Sən yeganə əziz idin və sənin vəfatın, qəmin o qədər böyükdür ki, başqa müsibətlərə baş sağlığı verir. Sən elə bir şəxssən ki, bütün camaat sənin matəmində qəmgin və kədərlidirlər.»

«Ey Allahın Rəsulu! Əgər sən bizə səbri əmr etməsəydin, eləcə də bizi nalə və dözümsüzlükdən uzaqlaşdırmasaydın sənin matəmində göz yaşlarımızın bulağı quruyana kimi ağlardıq, doğrusu, əhəmiyyətsiz şeylərdir, amma həmişəlik can yandırıcı qəm və kədərlə nə etmək olar? Ölüm inkar edilməz və çarəsiz bir həqiqətdir?.»

«Atam və anam sənə fəda olsun, bizi pərvərigarının yanında yada sal və öz xatirində saxla.»

Başqa bir yerdə isə belə buyurur: «Səbr və hövsələ yaxşıdır, amma nə sənin nə də ki, sənin ayrılığına səbrim var. Sənin ayrılığının müsibəti çox ağırdır (və) səndən qabaq və səndən sonra hər müsibət kiçikdir» Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın bu ibarə və danışıqlarından mə`lum olur ki, o Həzrət heç kəsin ayrılığında Allah elçisi səlləllahu əleyhi və alihi və səlləmin ayrılığı qədər kədərli olmamışdır. Hətta Əli (əleyhissalam) Həzrəti Zəhra (s.ə)-ın müqəddəs bədənini dəfn edərkən Peyğəmbərə xitab edib deyir:

«Sənin vəfat faciənlə qarşılaşdıqdan sonra mənə hər haqqa bir müsibət yetişsə (yenə də) kiçikdir.»

Bu sözlərlə Əli (əleyhissalam)ın Peyğəmbərə nə qədər bağlı olduğunu dərk edirik.

82-OSMANIN ƏLİ (ƏLEYHİSSALAM)-A SİFARİŞİ VƏ HƏZRƏTİN CAVABI

Osmanın öz xilafəti zamanı İslam qayda-qanunları ilə uyğun gəlməyən işlər gördü.

Buna görə də onlar yığılıb onu öz evində mühasirə etdilər və hətta bir neçə gün ona su da vermədilər. Axırda onu elə öz evindəcə öldürdülər. Mühasirədə olduğu vaxt Osman Abdullah ibni Abbas vasitəsilə Əli (əleyhissalam)-a sifariş göndərdi və o Həzrətdən Mədinədən xaric olmağını istədi ki, özünün Əli (əleyhissalam)-ın düzəltdiyi əkin yerlərindən birinə getsin, daha camaat Əli (əleyhissalam)-ın adına xilafət şüarı verməsinlər. İbni Abbas Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdı, İmam Əli (əleyhissalam) ibni Abbasa belə buyurdu:

«Ey Abbasın oğlu! Osman istəyir ki, məni su daşıyan dəvəyə çevirsin və həmişə dəvə kimi o tərəf bu tərəfə gedəm. Bundan qabaq mənim üçün sifariş göndərdi ki, Mədinədən çıxım və sonra xəbər göndərdi ki, qayıdım. İndi də səni səfir edibdir ki, Mədinədən çıxım.

And olsun Allaha, o qədər onu müdafiə etdim ki, qorxdum məbada günahkar olam.»

Bu minvalla görürük ki, İmam Əli (əleyhissalam) İslamı və İslami birliyi qoruyub saxlamaq üçün ciddiliklə çalışır və istəmirdi ki, İslam üçün xoşa gəlməyən bir hadisə baş versin. Buna baxmayaraq sonralar o Həzrətin müxalifətləri Osmanın köynəyini onun əleyhinə bayraq edib onu Osmanın qatili adlandırdılar və Osmanın intiqamını almaq adı altında o Həzrətlə müharibəyə başladılar.

MƏKTUBLAR BÖLÜMÜ

83-SƏKSƏN DİNARLIQ EV

Şürəyh ibni Haris məşhur İslami şəxsiyyətlərdəndir. O, altmış il Kufənin qazisi olmuşdu. O, ilk dəfə Ömər ibni Xəttabın xilafəti zamanında qazi oldu ki, bu vaxt Şürəyhin təqribən qırx yaşı var idi. O, Osmanın xilafəti zamanı, eləcə də Əli (əleyhissalam)-ın icazəsinə əsasən öz qaziliyində qalırdı.

Baxmayaraq ki, Əli (əleyhissalam) bə`zi nəzəriyyələrdə onunla müxalif idi və hətta bir neçə dəfə onu Kufədən öz kəndinə (Kufənin yaxınlığındakı) ki, sakinlərinin əksəri yəhudi idilər, sürgün də etdi, amma onu qazilikdən çıxarmadı. Bə`ziləri onun ömrünü 183-il bə`ziləri də 120-ilə qədər qeyd etimşdirlər.

Şürəyh zehinli, ayıq və zirək bir şəxs idi. Onun qazilik və işləri islah etmək sahəsində qəribə səriştəsi var idi. Onun xüsusiyyətlərindən biri də saqqalının olmaması idi. Ərəblər arasında atalar sözü idi ki, deyirdilər: «Şüreyh tülküdən də zirək və hiyləgərdir.»

Bu sözün ona deyilməsinin səbəbi bundan ibarət idi ki, Şürəyh bir müddət Nəcəf-Əşrəfdə yaşayırdı və o vaxt ibadət və namaza məşğul olduğu zaman bir tülkü gəlib onun kənarında və qarşısında oynayır, beləliklə onun fikirini namazdan yayındırırdı.

Bu hadisə bir müddət təkrarlandı. Nəhayət Şürəyh adama oxşar bir heykəli düzəldib öz papağını onun başına qoydu. Ondan sonra tülkü gəlir o heykəlin kənarında oynayırdı. Bir gün Şürəyh yavaşca o tülkünün arxasından gəlib onu tutdu və camaat da bu səbəbdən dedilər: «Şürəyh tülküdən də hiyləgərdir.»

Hər halda İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: Əli (əleyhissalam) Şürəyhi qaziliyə tə`yin etdikdə onunla şərt bağladı ki, Həzrət Əli (əleyhissalam) təsdiq etmədən heç bir qərar çıxarmasın.

İndi isə qayıdaq «Nəhcül-bəlağə»də Şürəyhlə bağlı dastana. Şürəyh Əli (əleyhissalam)-ın xilafəti zamanı özü üçün 80 dinarlı bir ev aldı. Bu xəbər Əli (əleyhissalam)-a çatdırıldıqda İmam onu çağırıb buyurdu: Mənə mə`lumat verilib ki, sən 80 dinar qiymətinə ev alıb onu öz adına qəbalə etdikdən sonra hələ ona şahid də tutmusan?! Şürəyh cavabında dedi: «Düzgün mə`lumat veriblər.» İmam ona qəzəbli bir tərzdə nəzər salıb buyurdu: «Ey Şürəyh! Tezliklə bir kəs (Əzrail) sənin tərəfinə gələr ki, nə qəbzinə baxar, nə də şahid və şühudlarının imzasına diqqət yetirər, və səni ondan çıxarıb yalqız qəbir çuxuruna qoyar.»

Ey Şürəyh! Olmaya başqalarının malından alıb pulunu da (qiymətini) haram yolla ələ gətirmiş olasan? Əgər belədirsə öz dünya və axirətini əldən vermisən. Bunu bil ki, əgər evi alarkən mənim yanıma gəlmiş olsaydın, sənə elə bir qəbz yazardım ki, ona əməl etməklə hətta bir dirhəmə belə meyl göstərməzdin. Yazacağım qəbzin nüsxəsi belə idi: Zəlil bu evi dünya ilə xudahafizləşməkdə olan bir şəxs edən alıbdır ki, fani olanların məhəlləsində və ölənlərin küçəsində yerləşir:

Bu mülk bir tərəfdən bəla və müsibətlərlə zəngin, digər tərəfdən isə üzü müsibətlərə doğru irəliləməkdədir, üçüncü tərəfdən nəfsani həvəslərlə başqa bir tərəfdən isə şeytanın hiyləsi ilə tamamlanır.

Bu evi arzulara aldanmış və qısa bir müddətdən sonra dünyadan köçəcək izzətdən xaric məbləğə, qənaətə və dünya zillətinə daxil olmaq üçün alıbdır. Əgər bu evdə hər cür ixtilaf və fəsad baş verərsə İran Roma və Yəmən şahlarının çürümüş cəsədlərinin öhdəsinədir. Bu müddəanın şahidi həvayi-nəfsin tabeçiliyindən çıxan, dünyapərəstlik zəncirlərindən azad olan əqlin etdiyi hökmdür.

84-ÖZ MEHVƏRİ ƏTRAFINDA QULDURLUQ EDƏNƏ ƏLİ (ƏLEYHİSSALAM)-IN KƏSKİN SİFARİŞİ

Əli (əleyhissalam)-ın xilafətinin birinci ili idi. Əş`əs ibni Qeys ki, Osman tərəfindən Azərbaycanın valisi idi öz məqamında qaldı İmam Əli (əleyhissalam) öz ətrafındakı quldurluqdan xəbərdar idi. Buna görə də katibi Übeydullah ibni Əbi Rafiə Əş`əsə aşağıdakı məktubu yazmasını əmr etdi. O 36-cı ilin Şəban ayında məktubu yazdı və o məktub Ziyad ibni Mərhəb Həmədaninin vasitəsilə Əş`əsə çatdırıldı. Orada deyilirdi:

«Hakimlik məqamı sənin su və çörəyin üçün körpüyə çevrilməsin. Bəlkə bu məqam bir əmanətdir ki, sənin boynundadır, gərək özündən yüksək olan məqama itaət edəsən! Sənin haqqın yoxdur ki, millətə qarşı rə`y istebdadı ilə rəftar edəsən. Beytül-mal da gərək layiqli yerdə tam ehtiyatla sərf edilsin. Gərək Allahın mallarını mənə tərəf göndərəsən. Ümid edirəm ki, mən sənə pis rəis olmaram.»

Bu məktubun bir hisəsi idi. Məktubu bütövlükdə oxumaq istəyənlər Ayətullah Xoyinin «Nəhcül-bəlağə»-nin şərhi kitabının 17-ci cildinin 181-ci səhifəsinə müraciət edə bilərlər. Bu kitabda gəlmişdir: Elə ki, məktub Əş`əsə çatdı ayağa qalxıb camaat arasında çıxış edib dedi:

«Ey Camaat! Əmirəl-Mö`minin Osman məni Azərbaycanın hakimi tə`yin etdi və özü dünyadan getdi. İndi camaat Əli (əleyhissalam)-la bey`ət ediblər. Biz Əli (əleyhissalam)-ın da ardınca Osmanın ardınca getdiyimiz kimi gedəcəyik.

Əş`əs mənzilinə qayıtdıqdan sonra öz yaxın əshablarını çağırıb onlara dedi: Əli (əleyhissalam)-ın məktubu məni dəhşətə salıbdır. O, Azərbaycanın mallarını tələb edir. Bilin ki, mən (tezliklə) Müaviyəyə qovuşaram.» Əshab narahat olub dedilər:

Ölüm sənin üçün bu qərara gəlməkdən daha yaxşıdır. Nədən ötrü öz şəhər və qəbilənin camaatını buraxıb özünü Şam camaatının günah bataqlığında batırırsan?!

Əş`əs bu sözləri eşitdikdən sonra özünə gəlib qərarını həyata keçirməkdən həya etdi. Buna görə də Kfəyə gəlib Əli (əleyhissalam)-la görüşdü və özünü Həzrətə təslim etdi.

85-ƏLİ (ƏLEYHİSSALAM)-IN MÜAVİYƏ İLƏ OLAN MACƏRASI

«Nəhcül bəlağə»-nin məktublar bölməsində təqribən on üç uzun məktub gəlibdir ki, bunlar Əli (əleyhissalam) tərəfindən Müaviyəyə göndərilmişdi. Bu məktubların çox hissəsi müharibə, beytül-mal və başqa siyasi əhəmiyyətli məsələlərə aiddir. Elə buna görə də dastan xarakteri daşımadıqlarına görə onların hamısını qeyd etmir, yalnız bir neçə nümunə ilə kifayətlənirik:

1-Ruzigarın mənim kimi İslama xidmət etməmiş və keçmiş kimi keçmişi olmayan bir adama həmtay etməsindən təəccüb edirəm və güman etmirəm ki, bu kəs belə bir iddia (İslamda qabaq olmaq barədə) etsin.

«Ey Müaviyə! Bizdən Şamı sənin ixtiyarına qoymağımızı istəmişdin. Amma bil ki, dünən sənə qadağan etdiyim bir şeyi bu gün sənin ixtiyarında qoymaram. And olsun Allha və canıma, ey Müaviyə! Bilirsən ki, mən Osmanın qanı barədə sizin hamınızdan təmizəm və bilirsən ki, mən (o vaxtlar) kənarda idim. Bir halda ki, hər cür cinayət etməyi qərara almısan mənim qorxum yoxdur.» Özünü şeytanın faydalanması üçün vasitə qərar vermə və şeytanın öz vücuduna nüfuz etməsi yollarını kəs. «Ey Müaviyə! Əməllərin barədə Allahdan qorx və cilovunu şeytanın əlindən al ki, dünyanın uçurumunda durmusan və axirət sənə yaxınlaşıbdır.»

Sübhanəllah! Nə qədər qondarma həvəslərə bağlanmısan?! O da xalqın hüququnu tapdamaq və möhkəm dəlillərə e`tinasız yanaşmağınla. «Ey Müaviyə! Dünyapərəstlər dünyasından hərislik qapısı üzünə açılmış olsun.

Sən özün Qur`an əhli olmadığın halda bizi Qur`anın hökmlərinə də`vət etdin; buna görə də sənə müsbət cavab vermədik, əksinə, Qur`ana müsbət cavab verib və onun fərmanını icra etdik. Ey Müaviyə! Bil ki, sənin, babanın, qardaşının və dayının (Ühüd müharibəsində) başlarına enən qılınc indi də mənim yanımdadır. And olsun Allaha, bilirəm ki, sən axmaq və kor qəlblisən və sənin haqqında layiqdir ki, belə deyilsin: Elə bir nərdivanla yuxarı qalxmısan ki, səni təhlükəli uçuruma doğru aparır.»

«Allah bəndəsi Əmirəl-mö`minindən Əbu Süfyan oğlu Müaviyəyə! Mən Höccəti sizə tamam etdiyim üçün sizdən bizarlıq axtardım. Yaxşı bilirsən ki, olmalı işlər qarşıya çıxdı və bu sərgüzəştin uzun başı vardır. Keçmişdən keç. İndi sənin vəzifən Şamda olan camaatdan mənim tərəfimdən bey`ət almaq daha sonra bir dəstə silahdaşlarınla mənim tərəfimə tələsib təslim olmaqdır.»

86-QƏTİ SİFARİŞ

Curəyr ibni Abdullah Bəcəli Əli (əleyhissalam)-ın yaxşı və şücaətli yoldaşlarından idi ki, hələ əvvəllər Osman tərəfindən hakim tə`yin edilmişdi. Həzrət Əli (əleyhissalam) öz xilafəti vaxtı onu yerində saxladı və o camaatdan Əli (əleyhissalam) rəhbərliyi üçün bey`ət aldı. Curəyr bundan əlavə İmam Əli (əleyhissalam)-a belə bir təklif etdi: «Şam camaatının əksəriyyətinin mənim qəbiləmdən olmalarını nəzərə alaraq məni Şama e`zam et ki, onlardan sənin üçün bey`ət alım.»

İmam bu təklifi qəbul edib onu Şama göndərdi. Curəyr Şama daxil olduqdan sonra çıxış etdi və camaatı Əli (əleyhissalam)-ın rəhbərliyini qəbul etməyə də`vət etdi. Amma Müaviyə bu işdən hələ də vaz keçir, vaxt tələf edir və möhlət istəyirdi.

Curəyr hadisəni olduğu kimi Əli (əleyhissalam)-a çatdırdı. İmam Əli (əleyhissalam) Curəyrin cavabında belə yazdı:

«Məktubum sənə çatdıqdan sonra Müaviyəni qəti hökmə təklif et ki, öz rə`yini söyləsin və (əgər gördün baş dolandırır) onu müharibə ilə təslim olmaq arasında azad qoy. Əgər müharibəni seçdi onunla müharibə e`lan et və əgər təslim oldu ondan bey`ət al, vəssəlam.»

Nəhayət Curəyr Müaviyədən mə`yus olub Kufəyə sarı qayıtdı.

87-MALİK ƏŞTƏR–SƏRKƏRDƏLƏRİN SƏRKƏRDƏSİ

İmam Əli (əleyhissalam) bir qoşunu iki nəfərin Ziyad ibni Nəzr, və Şürəyh ibni Haninin sərkərdəliyi altında Müaviyə ordusu ilə vuruşmaqdan ötrü cəbhəyə yollayaraq onlara İslam ordusunun qorunması və düşmənin xəbərsiz olması haqda müxtəlif üsullar öyrətdi.

Sonra Malik Əştəri onların ardınca göndərib əvvəldəki iki sərkərdəyə belə sifariş etdi.

Malik İbni Haris Əştəri sizin və onların əmiri etdim, onun əmr və göstərişlərinə qulaq asıb icra edin. Onu özünüzün zireh və qalxanınız edin. O elə bir şəxsdir ki, güman etmirəm süstlük göstərib büdrəsin.

İmam Əli (əleyhissalam) başqa bir məsələdə Misir camaatına olan sifarişində Malik Əştərin şə`nində belə deyir:

Allahın bəndələrindən (Malik Əştər) birini sizə sarı göndərdim ki, müharibənin qorxulu vaxtı onu yuxu tutmur, düşməndən qorxmur və cinayətkarlara qarşı odun şö`ləsindən də yandırıcıdır. O, Malik ibni Haris qəbiləsindəndir. Sözünü eşidib fərmanını itaət edin.

«Çünki, Malik Əştər Allah qılınclarından biridir. Elə bir qılınc ki, itilikdən kütlüyə qayıtmır və zərbəsi tə`sirsiz olmur. Əgər o müharibə üçün hərəkət əmri verərsə hərəkət edin, yox əgər dayanmaq əmri verərsə dayanın. Onun gördüyü hər bir iş mənim gördüyüm işdir.

Mən belə bir şəxsiyyəti yollamaqda sizləri seçdim. Bundan ötrü ki, sizlərə nəsihət edib yolu və çarəni sizə göstərsin, eləcə də düşmənlərinizə qarşı kəskin və barışmaz olsun.»

Budur Malik Əştərin Əli (əleyhissalam)-ın yanındakı parlaq siması Doğrudan da təəccüblüdür. Görəsən İmamlardan başqa elə bir şəxs tanıyırsınız ki, Mə`sum İmam bu qədər ona arxayın olmuş ola?...

88-İBNİ ABBASA ŞİDDƏTLİ XƏBƏRDARLIQ

Əli (əleyhissalam)-ın əshabı arasında Abdullah ibni Abbas fiqh və İslam elmləri həmçinin tədbir baxımından nümuəvi bir kəs idi. Cəməl müharibəsindən sonra Bəsrə, coğrafi-mövqeyi cəhətindən həssas mərkəzlərdən biri idi. Digər tərəfdən də arada böyük müharibənin baş verməsi və adamları hər iki tərəfin qalmış qohum əqrəbalarının orada sakin olmaları Bəsrəni qorxulu və kol altında olan oda bənzədirdi.

Buna görə də bu şəhərin ayıq və tədbirli bir hakimə ehtiyacı var idi.

İmam Əli (əleyhissalam) bu xüsusiyyətləri nəzərə almaqla Abdullah ibni Abbası (öz əmisi oğlu) Bəsrənin hakimi tə`yin etdi və bir müddətdən sonra bu «xəbərdar edici» təşkilatı ona göndərdi.

Ey Abbasın oğlu! Bil ki, Bəsrə (indi) şeytan məkanı və fitnə toxumu səpilmiş bir yerdir. Buna görə də diqqət et ki, Bəsrə camaatı ilə rəftarın ehsan və məhəbbət əsasında olsun. Onları onlarda olan hökumət qorxusundan çıxar ki, əmniyyət və sakitlik hiss etsinlər. Mənə Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin xəbəri çatıbdır. Bil ki bu qəbilə qədim zamanlardan bəri igid kişilər sahibi olmuşdur. Əgər onlardan biri gedərsə digəri onun yerini tutur. Onların cahiliyyət və İslam dövründəki döyüş məharəti və qəhrəmanlıqlarını, həmçinin bizimlə olan qohumluqlarını nəzərə al. Əgər biz onlarla açıq və kin küdurətlə rəftar etsək, sileyi-rəhim etmək əqrabalıq rabitəsi rəvayətini tapdalamış olar və nəticədə Allah bizdən haqq-hesab istər.

Ey Abbasın oğlu! Müdara et! Çalış ki, mənim sənə qarşı olan gümanım davam etsin və sənin barəndə olan fikirim dəyişməsin.

89-HAKİMİN KİTAB ƏHLİNƏ YANAŞMA RƏFTARI

Əli (əleyhissalam)-ın xilafəti zamanı fars və Bəhreyn camaatı (çoxu) atəşpərəst idilər.

İmam Əli (əleyhissalam) Ömər ibni Əbi Sələməni həmin məntəqənin hakimi təyin etdi. Hakimin həmin yerdə yaşayan müşriklərlə olan rəftarı düzgün deyildi, belə ki, o onları təhqir edir və onlara kobud rəftarla yanaşırdı.

O məntqənin əkinçiləri Əli (əleyhissalam)-ın yanına gəlib öz hakimlərindən ona şikayət etdilər. İmam Əli (əleyhissalam) Ömər ibni Sələmə üçün bir məktub yolladı. O məktubda belə yazılmışdı: «Sənin əmrin altında olan əkinçilər dözülməz təhqir və onlara qarşı daşürək olmağından şikayət etmişlər. Onlar bizim razılığımıza əsasən İslam hökumətinin pənahında yaşayırlar. Buna görə də onlarla yumşaqlıqla rəftar et və onlara mülayim siyasət yolu seçməklə yanaş.»

90-BEYTÜL-MALI TALAYANLARA CİDDİ XƏBƏRDARLIQ

Cəməl müharibəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin valisi tə`yin etdi. O Ziyad ibni Əbihi Bəsrədəki canişini tə`yin edib Əhvaz və fars tərəfinə yollandı. Əli (əleyhissalam)-ın qasidləri o Həzrətə Ziyad ibni Əbihin beytül-mala və xalqın mallarına xəyanət etməsini, həmçinin özü üçün ondan artıq istifadə etməsini xəbər verdilər. İmam ciddi, təkan verici bir məktubla ona belə yazdı:

«Allaha and içirəm ki, əgər müsəlmanların beytül-malına az ya çox xəyanət etməyin xəbəri mənə çatarsa və İslam qanunları əleyhinə onları bağışlamış olarsansa, işini yoxsul olana kimi çətinləşdirərəm. O, qədər çətinləşdirərəm ki, qoy arxan cərimə yükü altında əyilsin və zəlil olasan.»

Category: ÖN SÖZ | Added by: Ənfal
Views: 549 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]