Cümə günü, 2024-03-29, 2:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » ÖN SÖZ

«NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ
2014-01-28, 8:48 PM

21-TƏLƏSMİŞ NADAN

Həkəmeyn əhvalatından sonra Xariyyət ibni Ramid adlı bir şəxs öz qəbiləsindən 30 nəfərlə (bəni Naciyə) Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətə qarşı e`tiraz edib dedi: «And olsun Allaha, mən daha sənin yolunla getməyəcək sənin dalında namaz qılmayacağam. Elə günü sabah səndən ayrılıram.» O həmin günün sabahı qaçaraq İslam hökuməti əleyhinə qiyam etsin deyə bir neçə nəfəri də öz ətrafına yığdı. Əli (əleyhissalam) öz əyalətlərinin bütün valilərinə Xariyyət ibni Raşidi axtarmalarını tapşırdı. Bu zaman Həzrətə Xariyyət və yoldaşlarının Mədaində Əli (əleyhissalam)-ın havadarları ilə toqquşması nəticədə beş nəfər ölü verməklə Əhvaz tərəfə qaçaraq orada olan bir qrup oğru və kafirləri özlərinə qoşması, eləcə də öz yağı əməllərini davam etdirməsi xəbəri yetişdi.

Nəhayət Əli (əleyhissalam) Mə`qəl ibni Qeysi iki min nəfər döyüşçü ilə Əhvaza sarı yola saldı. Mə`qəl Hörmöz dağlarının kənarında Xariyyətin ordusu ilə vuruşaraq yetmiş nəfər bəni Naciyə 300 nəfər isə kafirlərdən cəhənnəmə vasil elədi. Qaçmağa cəhd göstərən Xariyyət isə Noman ibni Səhban tərəfindən öldürüldü Mə`qəl əsir düşən müsəlmanları azad edib 500 nəfərə yaxın qeyri müsəlmanı da özü ilə birlikdə Ərdəşir Xuvvə vilayətinə gətirdi, oradan da qələbə xəbərini məktub vasitəsilə Əli (əleyhissalam)-a çatdırdı.

Müsqələt ibni Hücəyrə Şəybani Əli (əleyhissalam) tərəfindən Ərdəmir Xuvvənin valisi tə`yin edilmişdi. Əsirlər onun hüzurunda ağlayaraq azad olunmalarını ondan xahiş etdilər.

Bir çox danışıqlardan sonra əsirləri ondan beş yüz min dirhəmə alaraq bu məbləği İmam üçün göndərməyinə daha sonra əsirləri azad edəcəyinə söz verdi. Onun İmam üçün iki yüz min dirhəm məbləğində pul göndərməyə imkanı olmadığından Şama qaçaraq Müaviyəyə qoşuldu.

Bəli, o, tələsmək və nadanlığı üzündən əks inqilabçıya çevrildi. Əgər Əli (əleyhissalam)-ın hüzuruna gəlib əhvalatı olduğu kimi o Həzrətə desəydi, İmam Əli (əleyhissalam) onu mütləq bağışlardı.

Həzrət onun barəsində belə buyurmuşdu:

Allah Müsqələnin üzünü qara eləsin, o böyük şəxsiyyətlərin əməlini qulların azad olunmasını yerinə yetirdi, lakin qul kimi də qaçdı. Hələ yaxşı işinə görə onu tə`rifləyənlərin (yə`ni qulların alınması və onların azad edilməsi) mədhi sona yetişməmişdi ki, öz qaçışı ilə özünü danlaq və məlamətə düçar etdi.

«Əgər o, qaçmayıb müqavimət göstərsəydi hər nəyi olsaydı, biz ondan qəbul edərdik və öz borcunu ödəyənə kimi onun üçün güzəşt edərdik.»

Lakin onun özü bu barədə qardaşı Nəimə belə yazmışdı: Müaviyə ilə sənin barəndə söhbət etmişəm Müaviyə sənə ehsan edib vəzifə verəcək, o, bunu mənə və`də veribdir.!

Bu məktub sənə çatan kimi Şama gəl və mənə qovuş. Doğrudan da nifrin olsun belə insanlara ki, Əli (əleyhissalam) da onlara nifrin etmişdir.

22-GƏLƏCƏKDƏN XƏBƏR!

Bir gün Əli (əleyhissalam) Kufə şəhərinə xitab edib buyurdu:

Ey Kufə! Səni xoşagəlməz hadisələrin ayaqları altında tapdanan və nə kimi bəla yüklərinin çiynindən asılaraq vəhşətli hadisələrlə qarşılaşacağını görürəm.

«Mən yaxşı bilirəm ki, hər məğrur zalım sənə qarşı sui-qəsd edər və nəticədə Allah onu giriftarlığa düçar edib qatil əlində qətlə yetirər.»

Bu sözlər Kufə və Nəcəf Əşrəf torpağının fəzilətini bəyan etməklə yanaşı həm də Kufənin gələcəkdə yağı tərəfindən ağır hadisə və zülmlərə mə`ruz qalacağını göstərir, lakin zalımların öz cəzalarına çatması çox çəkməyəcəkdir Əli (əleyhissalam)-ın buyurduğu kimi:

Kufəyə böyük bəla nazil oldu necə ki, Ziyad ibni Əbih və oğlu Übeydullah ibni Ziyad eləcə də Məs`əb ibni Zübeyr ilə Yəzid Mühləb və s... təki adamlar zəhərli ölüm oxlarına tuş oldular. Nümunə olaraq Ziyad ibni Əbihin Kufəyə hücum etməsini və Kufə camaatının da məscidə yığılmasını misal göstərmək olar ki, Əli (əleyhissalam)-ı təhqir etmək məqsədi ilə ora toplaşmışdılar.

Bir azdan Həzrətin gözətçisi məscidə gələrək onun xəstəliyə mübtəla olmasını e`lan edib dedi: Bu gün əmir gəlməyəcəkdir.

23-SƏFƏRBƏRLİK FƏRMANI

Zamanın çarxı hərəkətdə idi. Belə ki, 36-cı hicri ilinin şəvval ayının beşi yetişdikdə xəbər çıxdı ki, təcavüzkar Müaviyə ordu toplamağa başlamış və Əli (əleyhissalam)-ın nəzarəti altında olan ölkələrə hücum etməyi planlaşdırmışdı. İmam Əli (əleyhissalam) təcavüzkarları məğlub etməkdən ötrü silahlanmış ordu hazır etdi. Həzrət bu ordunu Nüxəylədə yerləşdirdi.

İmam Əli (əleyhissalam) Kufədən çıxdı, Nüxəylə qərargahına sarı yollanaraq orada səfərbərliyə dair çıxış etdi. Çıxışın əvvəlində Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

Agah olun! Mən öz ordumun qabaqcıllarını döyüş meydanına göndərmiş və onlara fərman vermişəm ki, Fərat çayı sahilində sonrakı əmrim onlara çatana kimi düşərgə salsınlar.

Belə səlah bilirəm ki, sudan keçib Dəclə kənarındakı müsəlmanlardan kömək istəyəm. Təki ordu bir az da möhkəmlənsin. Nəticədə isə düşmən özünün hər tərəfdən mühasirə olunduğunu görüb məğlubiyyətini hiss etsin.

Əli (əleyhissalam)-ın təchiz olunmuş ordusu Həzrətlə birlikdə Nüxəylədən Siffeynə tərəf hərəkət edərək (Sasani şahlarının paytaxtı) Mədainə yetişdilər. Müxtəlif qəsr və talar xərabələrini müşahidə etdikləri vaxt qəflətən çürümüş bir kəllə Həzrət Əli (əleyhissalam)-ın gözünə sataşdı və adamlarından birinə buyurdu:

Onu götür mənimlə gəl. Sonra Əli (əleyhissalam) Mədain qəsrinin məşhur eyvanına gəlib orada əyləşdi və bir ləyən istədi. Ləyənə bir qədər su tökdükdən sonra kəlləni gətirənə buyurdu:

Kəlləni teştin ortasına qoy. O da Həzrətin buyurduğunu yerinə yetirərək kəlləni ləyənin ortasına qoydu. Əli (əleyhissalam) cümcüməyə xitab edib buyurdu: «Ey kəllə! Səni and verirəm söylə ki, mən kiməm və sən kimsən?»

Kəllə dilə gəlib belə dedi: Sən Mö`minlər ağası, Seyyidi-Övsiya və təqvalıların rəhbərisən. Mən isə Allahın kənizinin oğlu Kəsra Ənuşirəvanam Əli (əleyhissalam) ona buyurdu: İndi halın necədir?

Kəllə bir cavab söylədi ki, xülasəsi budur:

«Mən əlimin altında olanlara qarşı mehriban olsam da, ancaq Məcus dinində idim. Rəyasət və şahlığın göz qamaşdırıcıları məni iman və həqiqi dindən geri qoydu. Budur behiştdən məhrumam, cəhənnəmə giriftar olmuşam. Lakin rəiyyətlə xoşrəftar olduğuma görə cəhənnəm odundan amandayam həsrəta! Əgər mən də vaxtında iman gətirsəydim səninlə olardım, ey Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm xanədanının sərvəri və ey mö`minlərin ağası.»

Kəllənin sözləri o qədər can yandırıcı idi ki, oradakıların hamısı ucadan ağlamağa başladılar.

Ümidimiz budur ki, bu sərgüzəşti oxumaqla hələ ölüm sorağımıza gəlməmiş özümüzü Həzrət Əli (əleyhissalam)-ın həqiqi ardıcıllarından bilək. Qoy öləndən sonra «va həsrəta»mız göylərə yüksəlməsin.

24-İZZƏTLİ ÖLÜMÜN ZİLLƏTLİ ÖLÜMDƏN ÜSTÜNLÜYÜ

İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Ə`vər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.

Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi

Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Sə`sət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə e`lan etmək üçün ilk tutarlı bir dəlildir.

Sə`sə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: «Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.» Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Ə`vərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.

Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!

Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə e`lan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.

Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:

Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan nizələrinizə tuş etsinlər.

İmamın bu cəzzab və çox mə`nalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.

Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: «Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.»

Sizin vəzifəniz İslam və Qur`anı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və də`vət edəsiniz. Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.»

Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!

Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.

25-ŞÜCAƏT HƏDƏFİ

İmam Əli (əleyhissalam) öz ordusu ilə Fəratın su yolunu düşmən əlindən alıb onu dost və düşmənin istifadəsi üçün azad etdikdən sonra bir müddət müharibəni dayandırdı.

Bu dayanış ordu arasında bir zəmzəmənin yaranmasına səbəb oldu ki, niyə Əli (əleyhissalam) vuruş əmri vermir?

Bu sualın cavabını İmamdan soruşduqda Həzrət belə cavab verdi: Bu barədə əsgərlərin öz sözü nədir?

Ərz olundu: Bə`ziləri Əli (əleyhissalam) ölüm qorxusundan cihad əmri vermir, bə`ziləri isə İmamın Şam ordusu ilə müharibədə (şübhəsi) var deyə söyləyirlər. Həzrət Əli (əleyhissalam) buyurdu: Burada nə qorxu var, nə də şəkk-şübhə. Sonra mətləbin daha da aydınlaşması üçün dedi:

Müharibə hədəf üçün körpü olmalıdır, nəinki hədəf müharibəyə qurban verilsin. Daha sonra bu xütbəni buyurdu:

And olsun Allaha mənim ölümə sarı getməyimdən, yaxud ölümün mənə tərəf gəlməsindən zərrəcə qorxum yoxdur. Amma Şamlılarla müharibə etməyimdə şəkk-şübhə olduğuna gəldikdə isə and olsun Allaha ki, əgər hər gün müharibəni tə`xirə salıramsa arzum budur ki, bir qrup camaat hidayət olunsun. Bəlkə, zülmətlər içində mənim nurumu görüb inhiraflıqdan nicat tapsınlar. Bu mənim üçün müharibədən ya onların öldürülməsindən daha yaxşıdır. Burada Əli (əleyhissalam)-ın şücaət yüksəkliyində öz hədəfini xalqın necə hidayət olmasında bəyan etdiyini və şücaətlə yanaşı özünün səbr və dözümünü müşahidə edirik. Belə ki, bu barədə Həzrətin özü belə buyurur: Xeybər müharibəsində Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm mənə buyurdu:

«Əgər Allah sənin vasitənlə bir nəfəri hidayət edərsə, sənin üçün günəşin bir şeyə saçmasından daha yaxşıdır.»

Digər rəvayətdə gəlibdir ki, Siffeyn müharibəsi cəbhəsində İmam Əli (əleyhissalam) zireh geymədən meydana atıldıqda oğlu İmam Həsən (əleyhissalam) atasına ərz etdi: Bu cür ehtiyatsızlıq müharibə qanunlarının əleyhinədir.

İmam buyurdu:

«Oğlum, atanın qorxusu yoxdur ki, özü ölümə varid olsun, ya ölüm gəlib onu tapsın.» Yenə də Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından və xilafət söhbəti ortaya atıldıqdan sonra buyumuşdu:

Əgər söz danışsam (və haqqımı tələb etsəm) deyərlər rəyasət hərisidir. Yox, əgər sussam, ölümdən qorxur deyəcəklər. And olsun Allaha Əbu Talib oğlunun ölümə olan həvəsi süd əmər uşağın ana döşünə olan istəyindən daha artıqdır.

26-NÜMUNƏVİ PEYĞƏMBƏR SƏHABƏSİ

Bəsrə şəhəri Həzrət Əli (əleyhissalam)-ın xilafəti altında olan İslami ölkələrin həssas vilayətlərindən biri hesab olunurdu. Belə ki, strateji baxımdan müxtəlif şəhərlərin mərkəzlə olan qarşılıqlı əlaqə korpusu hesab olunurdu. Öz ədalət sərhədlərinin genişləndirilməsinə çalışan Müaviyə bu dəfə Abdullah ibni Hüzərmi bir dəstə adamla Bəsrəni işğal etməyə yolladı. O vaxt Ziyad ibni Übeydə Əli (əleyhissalam)-ın Bəsrədəki valisi gəlib özünün cürbə-cür fırıldaqları ilə adamları aldatdı.

Yavaş-yavaş işi o yerə çatdırdı ki, Bəsrə camaatınnın çoxu onunla bey`ət edib Müaviyənin havadarı oldular.

Ə`yun ibni Səbiy`ə adlı bir şəxs öz arzusu ilə İmam Əli (əleyhissalam)-dan Bəsrəyə getməsinə və orada olan ibni Hüzrəminin qoşununu darmadağın etməsinə icazə istədi.

Həzrət ona icazə verdikdən sonra Ə`yun Bəsrəyə gəldi, lakin müxalif qüvvələr onu güdərək bir gecə onu yatmış yerdə öz yatağındanca öldürdülər.

Ziyad məktub vasitəsilə Əli (əleyhissalam)-a mə`lumat verib ondan ibni Hüzərminin şərrinin qarşısını almaq üçün Cariyət ibni Qudaməni Bəsrəyə göndərməsini xahiş etdi. Cariyə şücaətli qorxmaz bir şəxs idi, eləcə də camaat içində böyük nüfuz sahibi idi. İmam Əli (əleyhissalam) öz ordusunun səfərbərliyi ilə əlaqədar aşağıdakı məzmunda bir çıxış etdi ki, həmin çıxışın xülasəsi budur:

Biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hüzurunda elə ixlasla fədakarlıq göstərirdik ki, hətta bu yolda öz ata, övlad, qardaş və əmilərimizi belə qurban verməyə hazır idik. Günbəgün də Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin bərabərində iman və itaətsizlik artmaqda idi. Hər dəqiqə bu yolda daha da sabit qədəm olurduq, bə`zən biz düşmənə, bə`zən də düşmən bizə qalib gəlirdi.

«Allah bizim ixlas və düzlüyümüzü gördükdə zilləti düşmənlərimizə nazil edib bizi qalib etdi. Belə ki, ölkələrdə İslam genişlənib möhkəmləndi.»

İmam Əli (əleyhissalam) bu sözü ilə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm əshabının fədakarlığını nümunə və ülgü kimi tanıtdı. Çıxışının sonunda isə laqeyd və süst olanları qəflət yuxusundan oyatmaq üçün belə buyurdu: «And olsun öz canıma, əgər biz düşmənlə vuruşmaqda sizin təki olsaydıq nə din əsası möhkəmlənər, nə də din ağacından bir budaq göyərərdi.»

27-GƏLƏCƏKDƏN XƏBƏR VƏ İFŞA

İmam Əli (əleyhissalam) xalqın diqqətini doğru rəhbərliyə cəlb edib fasid rəhbərlərdən uzaqlaşdırmaq üçün bə`zi vaxtlar gələcəkdən belə xəbər verirdi. Bir gün belə xəbərlərin birində buyurdu:

Bilin ki, məndən sonra tezliklə açıq boğaz və yekə qarın bir kəs sizə rəhbər olacaqdır ki, əlinə hər nə düşərsə hərisliklə udacaq və tapılmayanların dalınca adam saldırıb onları öldürəcəkdir.

Baxmayaraq ki, sizdə bu qüdrət və himmətin mümkün olmasını bilirəm.

Sonra buyurdu: Agah olun ki, tezliklə bu şəxs sizi mənə qarşı bizar və əleyhimə pis danışmağa vadar edəcəkdir. Pisliyimə danışmağı məcburi surətdə sizlərə vadar etdikdə sizə icazə verirəm. Çünki məhz bu pisliyimə danışıqlar mənim məqamımın daha yüksəlişinə və dərəcələrimin daha da artmasına səbəb olar. Sizlərə isə onun ölüm caynağından nicat verər. Ancaq bizarlığa gəldikdə isə heç vaxt məndən bizarlıq axtarmayın, çünki mən tövhid fitrəti ilə doğulmuş, iman və mühacirətdə isə hamıdan irəlidə getmişəm.

Amma bu açıq boğaz və yekə qarın kimdir deyə sual etsəniz çox nəzərə çarpır ki, «Müaviyə olsun.»

Ona görə ki, bu saydığım nişanələrin, ən çoxu onda görünübdür. Belə ki, «Nəhcül-bəlağə»nin əksər şərhçiləri də bu fikirdədirlər. Əgər Ziyad ibni Əbih, Həccac ibni Yusif, Müğəyrət ibni Şö`bə və s.. kimi adamlar da Müaviyə təki rəftar etsəydilər Müaviyənin dalınca getmək idi. Bilin ki, bid`ətin əsasını qoyan elə Müaviyə özü olubdur. Rəvayətə gəldikdə isə Müaviyə nə qədər yesəydi yenə yorulmurdu. O deyirdi:

«Xörək gətirin, doymadım.» Bu barədə İbni Əbil Hədid yazır. Bir çox rəvayətlərdə belə gəlib ki:

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Müaviyənin yanına adam göndərib onu çağırdıqda dedilər ki, Müaviyə yeməklə məşğuldur. İkinci dəfə də həmin cavabı verdikdə Həzrət onu belə nifrin etdi:

«İlahi, onun qarnını heç doyurma.» Cahizdən nəql olub ki, bəni Üməyyədən bir çoxları Müaviyəyə dedilər: «Sən öz arzuna çatdın, indi bəsdir, daha Əli (əleyhissalam)-ı söyüb pisliyinə danışmaqdan əl çək, Müaviyə isə onların cavabında belə dedi:

«And olsun Allaha, yox, heç vaxt! Gərəkdir ki, uşaqlar bu xasiyyətlə tərbiyə tapıb yaşlılar da bu xasiyyətlə qocalsınlar.»

Bu xəbər Əli (əleyhissalam)-ın qeybi xəbərlərindən biri idi. Bu cür xəbərlərdən çox olubdur.

Müaviyənin Hücr ibni Ədi və yaxın adamları ilə olan macərası və oğlu Yezid (ibni Ziyadın) oğlunun nümayəndəsi Meysəm Təmmar və Həccac ibni Səqəfinin Qənbərə, Kumeyl və Səid ibni Cubəyr və s... əhvalatı idi.

28-NƏHRƏVAN XƏVARİCLƏRİ İLƏ ŞİDDƏTLİ MÜHARİBƏ

Onlar mane olub düşmən dəyirmanına su tökdülər. Bu din oğruları, şüarı ilə Əli (əleyhissalam)-ı müşrik adlandırdılar. İmam bu işin qeyri hərbi yolla bitib tamam olmasına nə qədər sə`y göstərdisə də heç bir fayda vermədi. Onlar isə Həzrətlə olan müxalifətlərini davam etdirməkdə idilər. Belə ki, dörd min nəfərə yaxın xəvaric Abdullah ibni Vəhəb ilə bey`ət edib Mədainə sarı irəliləyib Əli (əleyhissalam)-ın qoşun komandiri Abdullah ibni Xəbbabi şəhadətə yetirdilər və onu şəhid etdikdən sonra hamilə olan arvadının qarnını yardılar. Beləliklə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər.

Bu vaxt Əli (əleyhissalam)-da öz ordusu ilə Nəhrəvan torpağına gələrək Xəvaric qoşununun bərabərində durdu. Həzrətin nəsihətləri o kor ürək sahiblərinə əsla əsər etmədi. Üç dəfə Əli (əleyhissalam)-ın ordusunu nizə yağışına basdılar. Hər dəfə Həzrətin əshabı Əli (əleyhissalam)-dan onlara qarşı döyüş icazəsi istədilərsə də Həzrət bu icazəni vermədi. Axırda onlar Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən birini öldürdükdə Həzrət Əli (əleyhissalam) buyurdu: «Allahu Əkbər, indi bunlarla müharibə etmək olar.»

Xəvaric biabır surətdə məğlub oldu. Onlardan yalnız 9 nəfəri sağ qalaraq qaçdı. Əli (əleyhissalam)-ın ordusundan 9 nəfər şəhadətə yetişdi. Xəvaric əhvalatına «Nəhcül-bəlağə»nin müxtəlif xütbələrində o cümlədən 58, 59, 60 və 122 və s... xütbələrində işarə olunmuşdur. Bu rabitədə baş vermiş daha iki hadisə də maraqlıdır.

Əli (əleyhissalam) Xəvariclə müharibəyə hazır olduqda əshabdan o Həzrətə belə dedilər:

Xəvaric qoşunu Nəhrəvan körpüsündən keçdi. İmam isə onların cavabında belə buyurdu:

Onların qətligahı bu tərəfdə çay qırağındadır. And olsun Allaha ki, Xəvaricdən hətta on nəfərdən belə sağ qalmayacaq sizdən isə hətta on nəfər də ölməyəcək.

Əli (əleyhissalam) qabacadan xəbər verdiyi kimi də oldu, 9 nəfərdən başqa Xəvaricdən bir nəfər də olsun sağ qalmadı və bu 9 nəfər də qaçaraq müxtəlif şəhərlərdə pərakəndə düşdülər. Bu da İmam Əli (əleyhissalam)-ın qeybi xəbərlərindəndir ki, həm şiə, həm də sünnü tarixçiləri bunu öz kitablarında qeyd etmişlər. Dəfələrlə İmam Əli (əleyhissalam)-ı ölüm ilə hədələməklərinə baxmayaraq o Həzrət zərrə qədər də olmuş olsa onlardan çəkinməmişdi.

Qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) bu təhdidlərin cavabında buyurmuşdu:

«Allah mənim imanım və din qalxanımı poladdan düzəldibdir (vəhşətim yoxdur). Ömrümün son günü çatsa o gündə nə nizə xəta edər, nə də yara sağalar.»

Bu mətləbdən başa düşürük ki, İmam Əli (əleyhissalam) özü bilə-bilə bu din oğruları və nadan şəxslər olan Xəvariclərin önündə duraraq onların təhdidlərindən heç vaxt qorxmadı.

Öz polad iradəsi ilə Allaha müxlisanə təvəkkül edərək öz yolunu başa vurdu. Beləliklə, o Həzrət öz sadiq adamlarına şəhamət və dilavərlik dərsi öyrədib xəbərdarlıq etdi ki, hər vaxt din maskası altında din əsasına zərbə vuranları görsəniz onlara aman verməyin.

29-MÜHARİBƏDƏN QAÇMAQ

Artıq Siffeyn müharibəsinin alovları şö`lələnmişdi. Bu müharibənin başlanğıcında ya Ləylətül-Həririn bərk soyuq bir gecəsində Əli (əleyhissalam) öz köməkçilərinə şur-əngiz bir xütbə buyurdu. Bu xütbədə müharibə qanunları səfərbərlik və ruhiyyə tapılması üçün lazım olan amillərdən söhbət açıldı:

«Bilin ki, indi cihadda Allah qarşısında Allah elçisinin əmisi oğlu ilə birsiniz. Düşmənə qarşı durmadan amansız həmlələr edin. Qaçmaqdan həya edib utanın. Çünki bu iş (fərarilik) gələcək üçün rüsvayçılıq, qiyamət günündə isə cəhənnəm oduna səbəb olar. (Xütbənin sonunda bu ayəni («Muhəmməd» surəsinin 35-ci ayəsini) oxudu:

«Bilin ki, siz üstünsünüz və Allah sizinlədir və əməl mükafatınızdan heç bir şey əksilməz.» Bu tərtiblə Əli (əleyhissalam) öz ardıcıllarını tarix boyu cinayətkarlarla müharibəyə də`vət etdi. Müharibədən qaçmağı isə insan ətəyindəki həya, ar ləkəsi kimi bildirib axirətdə isə yanar od sandı.

30-DƏLİLLƏRİN RƏDD EDİLMƏSİ

Allah elçisinin vəfatından sonra bir qrup adam bə`zilərinin təhriki sayəsində Peyğəmbərin yerinə canişin tə`yin etməkdən ötrü Səqifeyi bəni Saidədə yığışdı. Bu zaman Əli (əleyhissalam) evdə idi, Səqifə xəbərlərini eşitdikdə yaxın adamlarından soruşdu o Ənsar (Mədinə müsəlmanları) nə dedilər? Ərz olundu: Onlar dedilər: Həm bizim, həm də sizin aranızdan (Mühacirlər) bir nəfər əmir seçilsin. İmam Əli (əleyhissalam) buyurdu: Niyə ənsarın təklifi müqabilində bu mətləbə qarşı bir tədbir tökmədiniz? Məgər eşitməmişdinizmi ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onların ehtiramı barədə buyurub: Ənsarın yaxşıları ilə yaxşı rəftar edin, onların arasındakı pis adamları isə bağışlayın.

Dedilər: Biz bu sözlə ənsarı necə məhkum edəydik?! Buyurdu:

«Əgər hökumət və əmirlik Ənsarın arasında olsaydı onların mühacirlərə tövsiyə və sifarişinin mə`nası olmazdı.» Çünki, camaat arasında bu bir qaydadır ki, keçmiş rəisin sifarişini təzə rəisə edərlər. Buna görə də Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm mühacirlər arasında hakimin olmasını müsəlləm fərz edibdir. Sonra buyurdu: Qüreyşin fikri bu barədə nə idi? Ərz olundu: Onlar dedilər: «Biz risalət ağacındanıq.»

Çünki, Qüreyş tayfası və Peğəmbər səlləllahu əleyhi və alihi və səlləm ikisi bir qohum olub əsilləri bir nəfərə Nəzr ibni Kənanə qayıdır. Buna görə də dəlil gətirdilər ki, biz nəsəb və nəsl baxımından Peğəmbərə səlləllahu əleyhi və alihi və səlləm yaxın olduğumuz üçün əmir də bizim aramızdan seçilməlidir.

Həzrət Əli (əleyhissalam) buyurdu:

«Ağacı dəlil göstərib meyvəsini korladılar.»

Yə`ni ağacdan hədəf onun meyvəsidir, mühacirlər və Qüreyşlilər, ağacın meyvəsi mən olduğum halda məni unutmuşlar. Ağaca təkyə edib dəlil gətirirlər.

Meyvəyə nəzər salmayan bir şəxs külli qaydada gərək ağacın özünə də diqqət yetirməsin.

Bu tərtiblə İmam Əli (əleyhissalam) hər iki qrupun dəlillərini (Ənsar və mühacirlər) rədd edib üstünlüyünü sübuta yetirdi.

Category: ÖN SÖZ | Added by: Ənfal
Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]