Şənbə günü, 2024-04-27, 4:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Həccin hökmləri (Ehramin vacib əməlləri)
2013-03-22, 2:34 AM
Həccin hökmləri (Ehramin vacib əməlləri)

Ehramın bir neçə vacib əməlləri vardır ki, onlar aşağıdakılardan ibarətdir:
1) Niyyət və qəsdi-qürbət:
Ehram bağlayan şəxs ilk növbədə qəsdi-qürbət – yəni, bu əməli Allah-taalanın göstərişi əsasında və Allah-taala üçün əncam vermək – niyyətini etməli və riyakarlıq fikrində olmamalıdır.
O, bu ehramın ümrə və yaxud həcc üçün olduğunu də aydınlaşdırmalı, habelə ümrə və həcc əməllərinin qismlərini nəzərə almalı, həmçinin, ehram halında əncam verilməsi haram olan işləri tərk etmək qərarına gəlməlidir.
Əlbəttə onun, günahları bircə-bircə zehninə gətirib onları tərk etmək barədə qərara gəlməsi üçün heç bir zərurət yoxdur və icmali tərzdə onları nəzərdən keçirməsi kifayət edir.
Həmçinin, onları dilə gətirməsi də lazım deyil, əksinə niyyətdən keçirmək bu barədə kifayət edir.
2) Niyyətdən qabaq və ya niyyətlə birgə iki ehram libası geyinmək:
Ehram bağlayan şəxs ehram üçün [İzar və Rida adlanan] iki libas geyinməlidir.
Əlbəttə bu iki libası geyinmək kişilər üçün vacib sayılır. Lakin qadınlar isə adi libaslarında da ehram bağlaya bilərlər. Bunun şərti isə qadınların libasının ehram libası şərtlərinə malik olmasından ibarətdir.
3) "Təlbiyə” demək:
"Təlbiyə” isə belədir:
«Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk».
«İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk».
«Əllahu əkbər» deyib namaza başlamaq kimi, "təlbiyə”ni də deməklə onu deyən şəxs ehram halına daxil olur.
Lal olan şəxslər "təlbiyə”ni kağız üzərindən öz qəlbində oxumalıdırlar.
Eşitməyən və danışa bilməyən şəxslər isə dodağın işarə və hərəkəti ilə "təlbiyə” deyənlər kimi əməl etməlidirlər.
Qeyri-müməyyiz uşağa imkan olan surətdə "təlbiyə”ni kəlmə-kəlmə dedizdirməli, həmçinin, uşağın vəlisi [atası və ya...] onunla birgə və yaxud onun tərəfindən "təlbiyə”ni deməlidir.
Ehram vaxtı təharətli [dəstəmazlı, qüsullu və s.] olmaq ehramın şərtlərindən deyil, əksinə fəzilətə səbəb olan bir işdir.
Ehram qüslü da, haqqında təkid olunmuş bu kimi fəzilətli işlərdən sayılır.
"Təlbiyə”ni bir dəfə demək vacib, artıq demək isə müstəhəb sayılır.
Ehram libasının şərtləri aşağıdakılardan ibarətdir:
1) "İzar” adlanan parçanı beldən dizlərin aşağısınadək örtmək;
2) "Rida” adlanan parçanı çiyinə atmaq.
Amma onun dizlərin yuxarı hissəsinədək bədəni örtüb və qabaq tərəfdən bir-birinə çatması daha yaxşıdır.
Ehtiyac olan halda ehram libasının şərtlərini qorumaq şərti ilə bu iki parçadan əlavə parçalardan da, istifadə etmək olar.
Namaz qılan şəxsin libası barədə deyilən şərtlər, ehram libasında da, şərt sayılır.
Elə buna görə də, ehram libası hətta qadınlar üçün zərurət hallarından başqa xalis ipəkdən, əti haram olan heyvanların dəri, tük və sairdən olmamalı və habelə hər növ nəcasətdən pak olmalıdır.
Ehram libası və xüsusilə "izar” bədəni göstərən parçadan olmamalı və onun ağ rəngdə və pambıq parçadan olması daha yaxşıdır.
Daha yaxşısı budur ki, ehram libasının iki tərəfini bir-birinə düyün vurmasınlar.
Həmçinin, "izar” libasının bədəndə qalması üçün ona bir ip bağlamaq və hətta adətə əsasən, "izar”ın iki tərəfini möhkəm şəkildə belə sarımaq daha yaxşıdır.
Ehram bağlayan şəxs öz "rida”sının bir və ya hər iki tərəfini çiyninə ata bilər.
Ehram libası geyinən halda pul qabını saxlayan bel qayışını vurmağın heç bir eybi yoxdur.
Ehram libası, murdar və yaxud çirkli olduqda, onu pak etmək və ya yumaq üçün bədəndən çıxarmaq, yaxud da, dəyişməyin heç bir eybi yoxdur.
Ehram halında bir neçə işi tərk etmək vacibdir və onlar aşağıdakılardan ibarətdir:
1) Səhrada yaşayan heyvanları ovlamaq və onlara əziyyət etmək və habelə işarə ilə olsa belə, bu işdə ovçuya kömək etmək;
2) Qadından və ya başqasından cinsi və şəhvət ləzzəti aparmaq;
Buna misal olaraq, bilərəkdən şəhvətamiz baxış və danışıq, başqası ilə cinsi ehtirasları həyəcanlandıran və spermanın xaric olmasına səbəb olan tərzdə oynamaq və s. bu kimi işləri qeyd etmək olar.
Həmçinin, özü və yaxud başqası üçün evlənmək əqdi oxumaq və hətta bu kimi məclislərə getmək və ya kəbin üçün şahid olmaq da, bu qəbildəndir.
3) Özünü bəzəmək;
Buna misal olaraq, gözə sürmə çəkmək, bəzək əşyalarından istifadə etmək, ətir və bu kimi şeylərdən istifadə etmək və onları iyləmək kimi işləri qeyd etmək olar.
4) Özünü bəzəmək üçün güzgüyə baxmaq;
Amma sürücünün sürücülük ehtiyacı üçün maşının güzgüsünə baxması və ya dəstəmaz üzvlərində olan maneəni aradan aparmaq və yaxud da, müalicə və sair bu kimi işlər üçün güzgüyə baxmağın eybi yoxdur.
Bilmədən özünü bəzəmək üçün güzgüyə baxan şəxs isə, dərhal "təlbiyə” deməlidir.
5) Kişinin tikilmiş libas geyinməsi;
Tikilmiş libas dedikdə, bədəni örtən və düyməsi olan köynək, şalvar və bu kimi geyimlər nəzərdə tutulur.
Lakin pul qabını saxlayan bel qayışı və ya ayaqqabının tikili olmasının heç bir eybi yoxdur.
6) Qadının əlcək taxması və üzünə niqab örtməsi;
7) Kişi üçün ayağın üstünü örtən ayaqqabı və ya corab geyinmək;
8) Kişi üçün başı örtmək və ya başı suya salmaq;
Kişi ehram halında bu işi səhvən əncam verdikdə, yenidən "təlbiyə” deməli, bilərəkdən əncam verdikdə isə, [yoxsula] 750 qram miqdarında fidyə [yemək] verməlidir.
9) Kişinin hərəkət zamanı kölgə altına getməsi;
Buna misal olaraq üstüörtülü maşına minmək və ya çətrdən istifadə etməyi qeyd etmək olar.
Lakin körpü və ya bazarın altından keçərkən insanın üzərinə düşən kölgələrin heç bir eybi yoxdur.
Kölgə altına getməkdən məqsəd, kölgəli bir şeyin altında durmaq və o şeyin insanın başı üzərində olmasından ibarətdir.
Lakin onun kənarında olan və günəşin qabağını alan kölgələrdə dayanmaq və yaxud hərəkət etməyin heç bir eybi yoxdur. Həmçinin, əl vasitəsilə günəş şüasına mane olmağın da, heç bir eybi yoxdur.
İstər günəş şüası, istər yağış, istər soyuq, istərsə də, istidən kölgə altına getmək yalnız gün ərzində caiz deyil, gecə çağı isə onun heç bir eybi yoxdur.
Gün ərzi və bir ehram halında bu işi bir neçə dəfə gördükdə, bir qoyunu fidyə [təam] verməlidir.
10) Hicamət [qan aldırmaq] və qan axmasına səbəb olan diş çəkdirmək;
Həmçinin, bədəni qanın xaric olmasına səbəb olan tərzdə cızmaq da bu hökmdədir.
11) Zərurət hallarından başqa özü ilə silah gəzdirmək;
12) Hərəmdə bitən otu qırmaq;
Amma ehram halında olan şəxsin özü ilə birgə olan heyvan, otdan yesə, bunun heç bir eybi yoxdur.
Hərəmdə bitən ətirli otlar və yaxud meyvələri dərməyin isə eybi yoxdur. Əlbəttə, bu hökm ehram halına deyil, əksinə hərəmə aid olan bir məsələdir.
13) Özünün yaxud ehram halında olmayan başqasının başı və ya bədənində olan tükü qoparmaq və ya qırxmaq;
Habelə dırnaq tutmaq da bu qəbildəndir.
Bu işin bilmədən və ya səhvən əncam verilməsinin heç bir eybi yoxdur. Lakin onu bilərəkdən əncam verdikdə, bir qoyunu kəffarə vermək lazımdır.
14) Cidal [çəkişmə], füsuq [söyüş] və habelə Allah-taala və Onun Peyğəmbəri (səlləllahu əleyhi və Alihi və səlləm)-ə yalan qoşmaq;
"Cidal” sözündən məqsəd, istər yalan, istərsə də doğru tərzdə bir haqqı sübut etmək və yaxud müəyyən bir sözü inkar etmək üçün – hətta tərcüməsi olsa belə, Allaha and içmək və "yox vallah”, "hə vallah” kimi sözləri işlətməkdən ibarətdir.
"Füsuq” dedikdə, başqasına söyüş vermək və pis sözləri dilə gətirmək nəzərdə tutulur.
Həmçinin, Allah-taala, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və Alihi və səlləm) və Əhli-beyt (əleyhimus-salam)-a yalan qoşmaq və ümumiyyətlə, yalan danışmaq, ehram halında tərk ediləsi vacib sayılan işlərdəndir.
Bunlardan birini əncam verən şəxs isə dərhal istiğfar etməlidir.
Category: Həcc | Added by: Ənfal
Views: 798 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]