Şənbə günü, 2024-12-21, 3:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Həccin hökmləri
2013-03-22, 2:26 AM
Həccin hökmləri


Həcc əməli müqəddəs İslam şəriətində olan əhəmiyyətli hökmlərdən biri olub, onu bilərəkdən və heç bir üzrlü səbəb olmadan tərk etmək küfr ilə bərabər sayılmışdır. Allah-taala Qurani-Kərimdə buyurur:"Onun yoluna [ərzaq, minik və sağlamlıq baxımından] gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu [bu borcu] inkar edərsə, [özünə zülm etmiş olar]. Əlbəttə, Allah aləmlərə [heç kəsə] möhtac deyildir!” Bu ayədə həcci tərk etmək, küfr sözü ilə bəyan olunmuşdur. Bu sözdən məqsəd budur ki, şəri üzrü olmadan və imkanı olan halda həcc əməlini tərk edən şəxs, həqiqətdə, Allah-taalanın ən böyük vacib əməllərindən birinə qarşı etinasızlıq göstərmişdir. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və Alihi və səlləm) də öz hədislərinin birində öz ümmətindən imkanı olan halda həcc əməlini tərk edən şəxsi, kağır adlandırmışdır. Həzrət İmam Sadiq [əleyhis-səlam]-ın belə buyurduğu nəql olunmuşdur: «Həcc əməlini heç bir üzrlü səbəb olmadan tərk edən şəxs yəhudi və ya məsihi halında ölsün [və vəfat etsin]». Həccə əməli "istitaət” halında vacib olur və "istitaət” dedikdə, [Məkkəyə gedən] yolun açıq olması və [bu səfər üçün] maddi imkanın olması nəzərdə tutulur. Amma bir şəxsin həccə getməsi onun özü və yaxud ailəsi üçün maddi çətinlik yaradarsa, [belə olan halda o şəxsə həcc əməli vacib deyildir]. Bir şəxsin həcc səfəri üçün lazım olan xərcini ayrı bir şəxs heç bir minnət qoymadan öhdəsinə götürərsə, o şəxsə həcc əməli vacib sayılır. Əgər bir şəxsi həkim, ruhani, xadim, aşbaz və sair bu kimi ünvanlarla həccə aparsalar və o şəxsin həcc əməllərini əncam verməsi üçün vaxtı olsa və həcc əməlləri onun vəzifəsi üçün mane olmasa, belə olan halda, həcc əməlini əncam vermək o şəxsə vacib sayılır. Əgər bir şəxs özünü çətinliklə "Miqat”a çatdırıb və ondan sonra və habelə qayıdış üçün çətinliyi olmasa, həcc əməlini əncam vermək ona vacib sayılır. Yaşayış xərci [xüms, zəkat və sair bu kimi] şəri yollarla ödənən şəxs və habelə xərci ata, ana, qardaş və ya başqa vasitə ilə verilən şəxs bu yoldan heç bir çətinlik və minnət olmadan həcc səfəri xərcini əldə etsə, həcc əməli o şəxsə vacib sayılır. Məsələ 6: Bir şəxs həcc səfəri üçün borc alsa, amma onu sonradan qaytarmağın heç bir çətinliyi olmasa, belə olan halda, həcc əməli ona vacib sayılır. Borcunu hər hansı bir dəlilə əsasən, ödəmədən həccə gedən borclu şəxsin həcc əməli düzgündür. Amma borcunu qaytarmağı təxirə saldığı üçün günaha düşmüşdür. İnsanın öhdəsində olan [xüms, zəkat və bu kimi] şəri pullar da, elə bu hökmdədir. Həcc əməli üçün istitaəti [qüdrət və imkanı] olan şəxs müəyyən bir üzr və ya hər hansı bir səbəbə görə həccə getməyib və beləliklə də, qocalıq və yaxud şiddətli xəstəlik nəticəsində həccə getməkdən aciz qaldıqda, onun başqa bir şəxsi özü tərəfindən həccə göndərməsi vacib sayılır. Həcc üçün istitaəti [qüdrət və imkanı] olan bir şəxs həccə getmədən vəfat edərsə, onun qoyduğu maldan [mirasdan] götürüb bir şəxsi niyabət adı ilə həccə göndərmək lazımdır. Niyabət halında əncam verilən həcc "Miqat”dan da, kifayət edir və vəfat etmiş şəxsin varisləri arasında kiçik uşaq və ya uşaqlar varsa, "Miqat”dan qabaq olan xərclər onların payından ödənilməməlidir. Başqası tərəfindən niyabət ünvanında həccə gedən [naib] şəxs, təkcə niyyət vaxtında başqası tərəfindən həcc əməlini yerinə yetirməsini qəsd [və niyyət] etməlidir. Başqası tərəfindən niyabət ünvanında həccə gedən [naib] şəxs öz vəzifəsi əsasında həcc əməllərini əncam verməlidir. Məsələn, "naib” kişi, onu həccə göndərən "mənubun ənh” isə qadındırsa, naib, həcc əməllərini kişilərin vəzifəsi əsasında əncam verməlidir. Və ya "naib” qadın, "mənubun ənh” isə kişidirsə, naib, həcc əməllərini qadınların vəzifəsi və hökmləri əsasında əncam verməlidir. Həmçinin, naib həcc əməllərini müctehidlərin nəzəri bir-biri ilə uyğun gəlmədikdə, öz mərcəi-təqlidinin [təqlid etdiyi müctehidin] fətvası əsasında əncam verməlidir. Naib [başqası tərəfindən həccə gedən şəxs] imkanı olan halda, boynunda olan vacib həcci yerinə yetirmədən başqasının naibi olarsa, əncam verdiyi niyabət həcci düzgün sayılır. Amma belə olan halda, naib günaha batmışdır. Diri bir şəxs tərəfindən həcc əməli üçün naib olmaq, yalnız o şəxsin həccə getməkdən acizliyi halında düzgün sayılır. Müstəhəb sayılan həcclərdə isə o şəxsin [mənubun ənh]-in aciz olması şərt deyildir. Naib [başqası tərəfindən həccə gedən şəxs] həcc mərasimi əsnasında kəffarəyə səbəb olan bir işi əncam verərsə, o işin kəffarəsini öz malından verməsi onun özünə vacib sayılır. Vacib olan həccdə yalnız bir nəfər tərəfindən naib olmaq caizdir. Müstəhəb həccdə isə, bir neçə nəfər tərəfindən naib olmağın heç bir eybi yoxdur. Vacib həccdə bir ildə bir neçə nəfər bir nəfər tərəfindən naib ola bilərlər. Naib [istər vacib, istərsə də müstəhəb həcc əməlində] özü üçün müstəhəb "təvaf” edə bilər. Həmçinin, [niyabət] həccini qurtardıqdan sonra özü və yaxud başqası üçün "müfrədə ümrə” əməlini də, əncam verə bilər.
Category: Həcc | Added by: Ənfal
Views: 855 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]