Cümə günü, 2024-04-19, 5:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

ŞİƏNİN MƏNASI
2013-03-29, 5:57 AM
ŞİƏNİN MƏNASI


Heç bir təəssübə yol vermədən şiə haqqında danışmaq istəsək, onları belə tərif etməliyik: Peyğəmbər (s) ailəsindən olan Əli (ə) və onun on bir övladını istəyən və onlara itaət edən islami bir məzhəb. (Bu məzhəb ardıcılları) fiqhin ibadət və ticarət məsələlərində onlara itaət edir, Peyğəmbərdən savayı heç kəsi onlardan üstün tutmurlar.
Bu, şiə haqqında qısa, eyni zamanda daha doğru bir tərifdir. Şiəyə böhtan atıb onları İslamın düşməni, Həzrət Əli (ə)-ın peyğəmbər olmasına inanması, ya Əbdullah ibni Səbaya nisbət verilməsi aşkar yalandan savayı bir şey deyildir.
Oxuduğum bir çox kitab və məqalələrdə müəlliflər şiəni kafir, dindən uzaq olan bir məzhəb kimi tanıtdırmaq istəyirlər. Lakin onların sözü töhmət və yalandır. Bu barədə onların heç bir dəlil və sübutu olmadan öz ata-babalarının sözlərini təkrar edirlər. Güclə xalqa hakim olan, Peyğəmbər ailəsini və onların hamiçilərini qətlə yetirib avara salan nasibilərin fikirlərini təbliğ edirlər.
Şiə haqqında qeyd olunan ləqəblərdən biri "Rafiziyyə–Rəvafiz” kəlməsidir. Bu sözə şiənin düşmənlərinin kitablarında tez-tez rast gəlmək olar. Sözün əsl mənası "müxaliflər” deməkdir. Oxucu ilk baxışda şiənin İslamın hökm və əsasları ilə müxalif olduğu, yaxud Peyğəmbərin risalətini inkar etiyi üçün bu adı qazanmasını düşünə bilər. Lakin həqiqət başqa cürdür.
Şiələr Peyğəmbər (s)-dən sonra Əli (ə)-ı xəlifə kimi tanıyıb onu Peyğəmbərin həqiqi canişini bilirdilər. Elə buna görə də nə Ömər və Əbu Bəkrin, nə Bəni Üməyyənin, nə də Bəni Abbasın xilafətini tanımadıqları üçün şiəyə bu adı verərək onu pis adla tanımaq istəyirdilər. Bu işin əsl səbəbkarları isə Bəni Üməyyə və Bəni Abbas ardıcıllarıdır.
Onlar bəzi hədis düzəldənlərin köməyi ilə özlərini səhabələr yanında uca tutaraq hakimiyyətlərinin Allah tərəfindən olmasını bildirib bu ayənin onların haqqında nazil olmasını dəlil gətirirdilər.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və öz hakimlərinizə itaət edin.” [Nisa, 59]
Bu ayənin bəzilərinin haqqında nazil olmasını deyərək, "əmr sahibləri” olduqları üçün itaət olunmalarını lazım bilirdilər. Onlar bəzi hədis düzəldənləri tamaha salıb bu hədisi "hər kəs bir qarış belə padşahın sözündən çıxarsa, cahiliyyət ölümü ilə (dinsiz) dünyadan gedəcəkdir” – yalandan Peyğəmbərə nisbət verərək heç bir müsəlmanın padşah sözündən çıxmaq ixtiyarı olmamasını bildirirdilər.
Elə buna görə də şiələr onlar üçün baş ağrısı olmuş və heç vaxt beyət əllərini onlara tərəf uzatmamışlar. Çünki bu əməli Peyğəmbər ailəsinin əlindən haqlarının alınması kimi qiymətləndirmişlər. Hakimlər hər zaman şiələri müxalif kimi tanıtmağa çalışaraq, onların İslamın əleyhinə oduqlarını yaymaq istəmiş və İslamı yer üzündən silmək istədiklərini bildirmişlər. Özünü elm əhli bilən bir neçə yazıçı da onlara qoşularaq bu fikri söyləmişdir.
Əgər bu aldadıcı oyun barəsində yaxşı fikirləşsək, İslamı məhv etməklə zalım padşahlarla mübarizə etmək arasında nə qədər fərq olduğu aydın olar.
Şiələr heç vaxt İslamın əleyhinə olmamış və eyni vaxtda zalım şahlara itaət etməmişlər. Məqsədləri yalnız haqqı haqq sahibinə qaytarmaq və ədalətli İslamı möhkəmlətmək olmuşdur. Hər halda bizim "Necə hidayət oldum”, "Düz danışanlarla birlikdə” və "Zikr əhlindən soruşun” adlı kitablarımızda olan bəhslərdən həqiqi nicat tapan müsəlmanın şiə olduğunu bildiniz. Onlar iki qiymətli və ağır əmanətə – "Quran və itrətə” malikdirlər.
Bu bəhsə insafla yanaşanlar bəzi sünnü alimlərinin də bu həqiqəti qəbul etdiklərini görərlər. İbni Mənzur "Lisanul-ərəb” kitabında şiənin mənasında deyir:
"Şiə Peyğəmbər ailəsini sevən və onların tərəfdarı olan bir qrupdur.”
Doktor Səid Əbdül-Fəttah Aşur kitabın bu hissəsinin təhqiqində belə yazır:
Şiə Peyğəmbər ailəsini sevmək mənasındadırsa, şiə olmaq istəməyən hansı müsəlmandır?
Artıq təəssüb zamanı keçmiş, azad fikir vaxtı çatmışdır. Savadlı cavanlar özləri şiə kitablarını axtarıb tapmalı və oxumalıdırlar. Onların alimləri ilə bəhs edib həqiqətə çatmalıdırlar. Belə ki, çox sözlər ilk nəzərdə gözəl və şirin olmağına baxmayaraq dəlilsiz və sübutsuz ola bilər.
Bu günkü dünyada hər bir şeyə yetişmək mümkündür. Dünyanın hər bir yerində şiə olduğu halda, yalnız düşmənləri arasında onlar barədə təhqiq aparmaq düz deyildir. Düşməndən nə gözləmək olar?
Şiə yalnız öz ardıcılları üçün olan gizli bir qrup deyildir. Onların kitabları və əqidəvi düşüncələri dünyada yayılmışdır. Mədrəsə və elm ocaqları hamının üzünə açıqdır. Alimləri həmişə hər yerdə elmi bəhslər, konfranslar keçirərək bütün müsəlmanları birliyə dəvət edirlər.
Mən inanıram ki, bu mövzu haqqında axtarış aparan insaflı müsəlmanlar həqiqətə çata bilərlər. Çünki şiələrin düşmənlərinin qərəzli təbliğləri və yalanları nəticəsində çoxlu həqiqətlərin üstünə pərdə çəkilmişdir.
Bəzi vaxt, hətta bircə şübhə və anlaşılmazlığı aradan aparmaqla şiənin bir düşməninin yaxın bir dosta çevrilməsi mümkündür.
Burada şamlı bir kişinin əhvalatı yadıma düşür. Bəni Üməyyənin təbliğatı onu aldatmışdı. İslamın əziz Peyğəmbəri (s)-nin ziyarətinə Mədinəyə gələn bu kişinin gözü ətrafına çoxlu adamlar yığılmış bir atlıya sataşdı. Yanındakılar hamı ona xidmət göstərirdilər.
Şamlı kişi təəccübə gəldi. Belə bir zamanda Müaviyədən hörmətli və böyük kim ola bilər? Onun kimliyi barədə sual etdi.
Dedilər: "O, Əli ibni Əbi Talibin oğlu Həsən (ə)-dır.” Dedi: "Bu xarici (dindən çıxmış), Əbu Turabın oğludur?” Bunu dedikdən sonra İmam Həsən (ə)-a pis sözlər deməyə başladı.
İmamın dostları qılınc çəkib onu öldürmək istədikdə, imam mane oldu. Atdan düşüb ona "xoş gəldin” dedi və buyurdu:
"Ey ərəb qardaş! Elə bil, bu şəhərdə qəribsən?” Şamlı kişi dedi: Bəli, mən müsəlmanların rəhbəri Müaviyə ibni Əbi Süfyanın ardıcıllarındanam.
İmam Həsən (ə) ona bir daha "xoş gəldin” – deyib buyurdu: "Sən bu gün mənim qonağımsan.”
Şamlı əvvəlcə razı olmadı, sonra imamın təkidi qarşısında əlacsız qalıb onun evinə getməyi qəbul etdi. İmam özü ona xidmət etdi və o, üç gün imamın evində qaldı. Dördüncü gün peşmançılıq və tövbə nişanələri üzündə görünməyə başladı. Pis sözləri qarşısında imamın onunla bu cür mehriban rəftar etməsini görüb, imamdan onu bağışlamasını istədi. İmam buyurdu:
Ey ərəb qardaş! Heç Quran oxumusan?
Şamlı cavab verdi: Mən Quranı əzbər bilirəm.
İmam Həsən (ə) buyurdu: Allahın hər cür çirkinliyi onlardan uzaq etdiyi və pak qərar verdiyi ailə bilirsənmi kimlərdir?
Şamlı kişi: "Bəli, Əbu Süfyan övladları və Müaviyənin ailəsidir!” Orada olanlar təəccüb etdilər.
İmam Həsən (ə) gülümsəyib buyurdu:
"Mən Həsən ibni Əliyəm. Atam Allah Peyğəmbərinin əmisi oğludur. Anam Fatimeyi-Zəhra dünya xanımlarının xanımıdır. Babam Allah Peyğəmbəri və bütün peyğəmbərlərin sərvəridir. Əmim şəhidlər ağası Həmzə, digər bir əmim isə Cəfər Təyyardır. Biz həmin o ailəyik ki, Allah bizi pak etmiş və bizi istəməyi bütün müsəlmanlara vacib etmişdir. Biz o kəslərik ki, Allah və mələklər bizə salam göndərir və müsəlmanlara əmr olunmuşdur ki, bizə salam göndərsinlər. Mən və qardaşım behişt cavanlarının ağasıyıq.”
İmam Həsən (ə) Əhli-beytin fəzilətlərini sayaraq həqiqəti onun üçün aşkar etdi. Şamlı həqiqəti başa düşüb ağladı. İmamın əlindən, üzündən öpərək üzr istəyib dedi:
"Allaha and olsun! Mədinəyə gələndə sizi özümün ən böyük düşmənim bilirdim. İndi isə qayıtdığım zaman sizi hamıdan çox sevirəm. Sizi istəyib sevməklə Allaha yaxınlaşmaq istəyirəm.”
İmam Həsən (ə) öz səhabələrinə buyurdu: "Siz bu günahsız kişini öldürmək istəyirdiniz. O kişi əgər haqqı tanısaydı, onunla düşmənçilik etməzdi. Şam əhalisinin çoxusu onun kimidir, haqqa yetişsələr ona itaət edərlər.” Sonra bu ayəni oxudu:
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ
"Yaxşı və pis bir deyildir, pisliyə yaxşılıqla cavab ver. Belə ki, səninlə onun arasında olan düşmənçilik dostluğa çevrilsin.” [Fusillet,34]
Bəli, bu bir şeydir ki, çoxlu insanlar ondan xəbərsizdir. Elə buna görə də çoxu həqiqətlə düşmənçilik edirlər. Pərdələr aradan götürüldüyü zaman həqiqəti dərk edib tövbə və bağışlanmağa üz tuturlar. Bu, hər bir kəsin vəzifəsidir. Necə ki, deyirlər: Haqqa tərəf qayıtmaq böyük fəzilətdir.
Bədbəxtlik burasındadır ki, bəziləri haqqı görüb onu tamam vücudları ilə hiss etmələrinə baxmayaraq, durmadan onunla mübarizə edir, öz alçaq, dünyəvi istəklərinə çatmaq istəyirlər. Bu insanlar o kəslərdir ki, Allah onların haqqında buyurmuşdur:
وَسَوَاء عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ
"Onları istər qorxut, istərsə də qorxutma, iman gətirməzlər.” [Yasin, 10]
Belə adamlar üçün vaxt ayırıb zəhmət çəkmək faydasızdır. Biz bütün vaxtımızı haqqı axtaran və insaflı olan adamlara sərf etməliyik. Allah onların haqqında buyurur:
إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَن بِالْغَيْبِ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
"Sən yalnız o kəsləri qorxuda bilərsən ki, dediyinə itaət etsinlər və xəlvətdə Allahdan qorxsunlar. Ona bağışlanmaq və böyük hədiyyə müjdəsi ver.” [Yasin,11]
Bu gün bütün agah olan şiələr öz vaxt, mal və sərvətlərini bunun üçün sərf etməlidirlər ki, haqq-həqiqət bütün İslam ümmətinə çatdırılsın. Haqq olan Əhli-beyt imamları, yalnız şiələrin deyil, bütün müsəlmanların hidayət çırağıdır.
Əhli-beyt imamları müsəlmanlara, məxsusən əhli-sünnət alimlərinə tanınmamış qalarlarsa, onların məsuliyyəti bizim öhdəmizədir. Eləcə də Allahın möhkəm dini Həzrət Mühəmməd (s)-in gətirdiyi əziz İsalama insanların yol tapa bilməməsinin məsuliyyəti sizin – bütün müsəlmanların boynunadır.

Müəllif: Məhəmməd Ticani Səmavi (Tunisi)

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 903 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]