Main » Files » İslam » Cəfəri məktəbinin əsasları |
Bir içim su
2013-06-03, 2:30 PM | |
Bir içim su.. Həyatda ən dəyərsiz sayılan nemət. Düşünürəm ki, yəni indi buna ehtiyacı olan varmı?! Bir içim su.. Ən çox israf edilən nemət. Bu mənim bir içim suya verdiyim dəyər idi. Həyatlarına dəfələrlə nəzər saldığım, ibrət götürməyə çalışdığım, özümü onların tərəfdarı adlandırdığım Peyğəmbər (s) ailəsinin bir içim suya nəzəri çaşdırdı məni. Baxdım ki, Kərbəlada o bir içim su Əbəlfəzlin qollarını kəsib, Səkinəni "su, su” deyə-deyə qoyub, Ruqəyyanı gözü yolda əmisinin müntəziri edib. Fərat neçə içim su ilə var olarkən, Əbəlfəzlin dodağı bir içim suya dəyməyib. Səkinənin suya həsrətli baxışlarını o bir içim su, əmisinin şəhadətiylə yaşa boğub. Ruqəyyanı isə.... balaca ovuclarını su ilə doldurub atasının yerdə yatan bədəninə yaxınlaşdırıb susuz dodaqları arasından "ata, al iç, su...” sözlərini süzdürüb. Bir içim suya həsrət qalan Kərbəla Həmin bir içim su Kərbəla varisi Səccadın (ə) su ilə yanan halda, gözlərini yaşlı, dodaqlarını susuz qoyub. Hər dəfə o suya baxanda Kərbəlanın suya həsrətini xatırlayırdı. Kərbəla körpələrinin ciyər yanğısı, əmisinin yerə düşən qolları, atasının susuz boğazı Onu qəhərə boğurdu. Qarşısındakı bir içim suya göz yaşlarını qatırdı. Susuz dodaqlarına həsrət kəlmələrini gətirirdi. O boyda Kərbəla yükünü daşıyırdı o bir içim su.. Zaman ötdü. İndi İmam Zamanın (ə.f) həsrətindəyəm. Sən demə mən özümü həsrətində olan zənn edirmişəm. Dilimdə "Ya İmam Zaman” deyərək içimdə kimin intizarında olduğunu anlamamışam. Ətrafa baxıb, İmam axtararkən İmamın bir içim su qədər Onun intizarında olanı axtardığını bilməmişəm. Bir içim su. Sənin nə qədər dəyərin var imiş ey dəyərsiz zənn etdiyim.. Sən içində imaməti daşıyarkən, Kərbəla nalələrini, İmam Səccadın (ə) göz yaşlarını, İmam Zamanın (ə.f) intizarını özündə həbs edərkən.. mən səni heç düşünmədən sərf etmişəm. Bu qəsavət bağlamış qəlbin yarasını içinə həbs etdiklərinlə qanadarsanmi?! Göz yaşına həsrət qalmış gözləri yaşardarsanmı?! Qəlbimə İmam Zamanı (ə.f) gözləyən bir içim suyun həsrəti qədər intizar bəxş edərsənmi?! | |
Views: 846 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |