Cümə axşamı, 2019-08-22, 9:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

ABDULLAH İBNİ SӘBA
2013-03-29, 6:11 AM
ABDULLAH İBNİ SӘBA

Bə’zi qərəzli alimlər iddia edirlər ki, şiə məzhəbi üçüncü xəlifə Osman ibni Әfvanın dövründə Abdullah ibni Səba adlı bir şəxs tərəfindən yaradılmışdır.
Әslən yəhudi olan Abdullah ibni Səba müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr öz əqidələrində onun fikir və ètiqadına tabe olmuşlar.
Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.
Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır.
Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır.
Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin "Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir:
"Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.
Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:
"Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”
İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir:
«Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»
Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik.
Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?!
Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.
Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər.
Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.
«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).
Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.
Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.
Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.
Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.
«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».

Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.



Mətləb Baqir
Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 387 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]