Şənbə günü, 2024-12-21, 8:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Fitrə zəkatı
2013-06-03, 2:14 PM
Fitrə zəkatı

Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.

Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.

Məsələ 1694: İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir.

Məsələ 1695: Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər.

Məsələ 1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün dəvət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.

Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.

Məsələ 1698: Fəqir bir şəxsin yalnız 1 sa (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.

Məsələ 1699: Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir.

Məsələ 1700: Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir.

Məsələ 1701: Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. Lakin, əgər ona vacib olan şəxs ödəməsə, vacib ehtiyata əsasən, bacarırsa özü versin.

Məsələ 1702: İnsanın zəkat fitrəsi başqasına vacib olduğu halda özü onu ödəsə, üzərindən götürülməz. Əgər qarşı tərəfin icazəsi ilə baş tutsa, istisnadır.

Məsələ 1703: Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir.

Məsələ 1704: Seyid olan şəxs qeyri-seyiddən zəkat ala bilməz.

Məsələ 1705: Ana və yaxud dayədən süd əmən körpənin fitrəsi, ana və yaxud dayənin xərclərini ödəyən şəxsin öhdəsindədir. Əgər körpənin şəxsi malından xərclərini götürürlərsə, onun fitrəsi nə özünə və nə də özgəsinə vacib deyil.

Məsələ 1706: Əgər bir şəxs ailəsinin xərclərini haram maldan verirsə, onların fitrəsini halal maldan verməsi vacibdir.

Məsələ 1707: Əgər insan bir kəsi əcir edib, xərclərini verməsini (bir xidmətçi kimi) şərt etsə, onun fitrəsini verməlidir. Lakin verdiyi xərclər fəhlələrin əmək haqlarının bir hissəsi sayılarsa, onların fitrəsi iş sahibinə vacib deyil. Habelə, mehmanxana və ona oxşar yerlərdə çalışan fəhlələr adət üzrə yeməklərini orada yeyir və bu, həqiqətdə, onların məvaciblərindən sayıldığı üçü, işçilərin fitrəsi iş sahibinə deyil, özlərinə vacibdir.

Məsələ 1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.

Məsələ 1709: Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər.

Fitrə zəkatının istifadə olunduğu yerlər

Məsələ 1710: Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar.

Məsələ 1711: Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.

Fitrə zəkatının hökmləri

Məsələ 1712: Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sadan (təqribən 3 kq.) az verilməsin.

Məsələ 1713: Əgər bir sanın yerinə, bir sa adi ərzağın qiyməti qədər olan yarım sa yaxşı mal verilsə kifayat deyil.
 Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.

Məsələ 1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sanın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.

Məsələ 1715: Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.

Məsələ 1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması məlum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.

Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi məlum deyil.

Fitrə zəkatının müxtəlif məsələləri

Məsələ 1718: Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.

Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.

Məsələ 1720: Fitrə zəkatında insanın şəxsən yediyi yemək meyar götürülür. (Həmin) şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər.

Məsələ 1721: Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir "mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin meyarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.

Məsələ 1722: Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.

Məsələ 1723: Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur.

Məsələ 1724: Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. (Məsələn) bəziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər.

Məsələ 1725: Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər.

Məsələ 1726: Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu və yaxud hər bir müstəhəqq üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir.

Məsələ 1727: Əgər fitrə zəkatının verilməsi vacib olan vaxtda fitrə verməyə və yaxud kənara qoymasa, ehtiyata əsasən, sonradan "ma fiz-zimmə”- əda və qəza qəsdi etmədən fitrəni verməlidir.

Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.
Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.

Məsələ 1730: Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur.

Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.

Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.
Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 886 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-08-08 5:40 AM) [Daxil et]
ALLAH  RAZİ  OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]