Şənbə günü, 2024-12-21, 6:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » Ə

Ə
2012-11-22, 6:42 AM

 "Əqdi-daim" nə deməkdir?

"Əqdi-daim" – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədi ilə qurulan evlənmə əlaqəsi.

"Əhd" nə deməkdir?

"Əhd" – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək.

 "Ədalət" nə deməkdir?

"Ədalət" – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələk.

"Əcr" nə deməkdir?

"Əcr" - "Savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində ALLAH-təala ona əcr (savab) verir.

"Əyyubun səbri" nə deməkdir?

"Əyyubun səbri" - Allah-təala öz peyğəmbəri barədə buyurur: Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən." ("Ənbiya" surəsi, ayə 83.)
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: "Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur."
Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis bu böyük insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların "axı nə günah etmisən ki, belə bəlaya düşmüsən" kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Beləcə, "Əyyub səbri" zərbi-məsələ çevrildi.

"Ərzəlil-umur" nə deməkdir?

"Ərzəlil-umur" - "Ərzəlil-umur" deməklə, Qurani-kərimdə ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. Onun biliyi, qarşıya çıxan işlərdə tədbiri eynən uşağı xatırladır. Uşaq kimi xırda bir məsələyə görə narahat olur, bir anda həm sevinir, həm hövsələdən çıxır. Hətta hərəkətləri də uşaq hərəkətlərinə bənzəyir. Hansı ki, uşaqdan heç nə gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar yoxdur. Uşaqla qoca arasındakı fərqlərdən biri budur ki, uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün sərmayəsini əldən vermişdir. Bütün bu xüsusiyyətləri nəzərə alanda uşağa nisbətən qocanın halı daha acınacaqlı görünür.
Bəzi rəvayətlərdə "ərzəlil-umur" yüz yaşdan yuxarıya aid edilir. ("Təfsiri Nurus-səqəleyn", 3-cü cild, səh. 472.)
Bu deyilənlər bütün qocalaramı aiddir? Ətrafımıza diqqətlə nəzər salsaq görərik ki, bu hala ömrünü elmi mübahisələrdə keçirmiş alimlər arasında çox az təsadüf olunur. Amma belə bir halın Quranda xatırladılması düşünən insanlar üçün ciddi bir xəbərdarlıqdır. Ömrümüzün belə bir dövrünün çətinliklərindən Allaha pənah aparaq.

 "Əqiqə" nə deməkdir?

"Əqiqə" - Yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır. Həddi-büluğa qədər əqiqə edilməmiş insan müstəhəbdir ki, özü özü üçün əqiqə etsin. Hətta insan diri olduğu vaxt əqiqə edilməmişsə müstəhəbdir ki, ölümdən sonra onun üçün əqiqə edilsin. Əqiqə qoyun, inək və ya dəvə ola bilər. Əqiqə heyvanın dörddən birini uşağı tutmuş mamaya vermək müstəhəbdir. Əqiqə edilmiş heyvanın əti on mömin bəndə arasında bölünsə yaxşı olar.

 "Əqd" nə deməkdir?

"Əqd" – Bağlılıq, evlənmə bağlılığı.

"Əcəl" nə deməkdir?

"Əcəl" - "Ənam" surəsinin 2-ci ayəsində buyurulur: "Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma - məlum bir əcəl də vardır."
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma - məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.

"Əzlam" nə deməkdir?

"Əzlam" - İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

Ədn – Ədəm, Cənnətin adlarından biri.


Əl-Hicr – Hicr, Səmud camaatının yaşadığı Məkkə ilə Təbuk arasında yerləşən yer adıdır


Əl-Kövsər – bolluq çayı, suyu süddən ləzzətli və baldan şirin olan Cənnət çayı. Onun ətirli rayihəsi müşkün xoş iyindən də gözəldir. Onun ətrafında dəvə boynuna oxşayan uzun boyunlu gözəl quşlar uçuşur.


əl-Lat – Taifdə yerləşdirilmiş və sakif qəbiləsinin ilahiləşdirdiyi ərəb bütpərəstlərinin ən məşhur bütlərindən biridir. O – ağ qaya üzərində tikilmiş və örtüklə örtülmüş və ətrafına çəpər çəkilmiş məbəddir. Bu bütün (büt) xidmətçiləri var idi. Əl-Muğira ibn Şöbə və Əbu Sufyan ibn Hərb Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmri ilə bu bütü dağıdıb yandır­dılar. Sonralar həmin yerdə məscid tikdilər.


əl-Mədinə – Səudiyyə Ərəbistanında şəhər. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məscidi orada yerləşir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələri məhz bu şəhərə hicrət (köç) etmişlər. İslamdan əvvəlki zamanlarda şəhər Yəsrib adlanardı.


əl-Məqam əl-Mahmud – Məhşər (toplanış) günü yarış meydanı ola­caq tərifəlayiq bir yerdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) orada bütün bəşəriyyət üçün şəfaətçi olacaq və Allahdan xahiş edəcək ki, insanlara öz yerlərindən tərpənməyə icazə versin.


əl-Mərvə – Məscidulhəramın şərq hissəsində yerləşən iki təpədən birinin adıdır. Zəvvarlar onların arasında mərasim qaçışı yerinə yetirirlər.


əl-Məscid əl-Əqsa – Qüdsdə yerləşən və zəvvarların ziyarət etməsinə icazə verilən üçüncü ziyarətgahdır. Bu məsciddə namaz qılarkən qazanılan savab, Məkkədəki Məscid və Mədinədəki Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Məscidi istisna olmaq­la, başqa məscidlərdə beş yüz dəfə namaz qılanın savabına bərabərdir.


əl-Məscid əl-Həram – Məkkədə Kəbənin yerləşdiyi Məscidulhəram məscidi. Bir sıra xəbərlərə görə onda qılınan namazın savabı digər məscidlərdə qılınan yüz min namazın savabına bərabərdir.


əl-Məscid əl-Nəbəvi – Mədinədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məscididir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə hicrət edən kimi onun tikintisinə başlanmışdır. Onda qılınan namazın savabı, Məkkədəki Məscidulhəram və Qüdsdəki əl-Əksa məscidləri istisna olmaqla, başqa məscidlərdə qılınan min namazın sayına bərabərdir.


əl-Məşərülhəram – Müzdəlifə vahəsində yerləşən və mühafisə olunan yerdir. Orada sübh namazını qıldıqdan sonra zəvvarlar Allahı zikr edirlər.


Əl-Uzza – bütpərəst ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən ən məşhur bütlərindən biridir.


Ənsar – İslamı qəbul etmiş və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sədaqətli silahdaşları olmuş Mədinə sakinləri. Onlar Məkkədən və başqa şəhərlərdən gələn mühacirləri evlərinə qəbul edərək, onları zəruri əşyalarla təmin edirdilər.


Ərafat – Məkkədən 25 km aralıda yerləşən vahə. Zül-hiccə ayının doqquzuncu günü zəvvarlar orada qalırlar.

Ərəfə – zül-hiccə ayının doqquzuncu günü zəvvarların bir hissəsi həcc mərasimi ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlmanlar oruc tuturlar.


Əs-Səfa – Məscidülhəramın şərq hissəsində yerləşmiş iki təpəlik­dən biri. Zəvvarlar onların arasında ənənəvi qaçış keçirirlər.


Ət-Taif – Məkkənin yaxınlığında yerləşən şəhərdir.


Əykə – Misirdən səksən keçid uzaqlıqda yerləşən yerin adı idi. Orada Şüeyb Peyğəmbərin (ə.) xalqı yaşayırdı. O, bu adını ərazisində çoxsaylı qalın meşəliklər və kolluqlar olduğuna görə almışdı.

Category: Ə | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]